» » Uşaq sağlamlığı ilə bağlı iki xəbər

Uşaq sağlamlığı ilə bağlı iki xəbər

Müəllif: Anaveusaq.az от 9-12-2016, 00:10
Səhiyyə Nazirliyinin baş pediatrı: Yeni doğulanların 2 faizində irsi xəstəliklər aşkar olunur 
Bakı, 7 dekabr, AZƏRTAC
Digər ölkələrdə olduğu kimi Azərbaycanda da yeni doğulanların təxminən 2 faizində, yəni hər 100 nəfərin ikisində irsi xəstəliklər aşkar olunur.
AZƏRTAC xəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev jurnalistlərə müsahibəsində deyib.
Perinatal diaqnostika üsulları ilə xəstəlikləri vaxtında aşkar etməyin mümkün olduğunu deyən baş pediatr qeyd edib ki, yeni doğulanlarda aşkar olunan irsi xəstəliklərin sayı 6 mindən çoxdur. Bildirib ki, insan orqanizmində elə bir sistem yoxdur ki, orada irsi, yaxud anadangəlmə inkişaf anomaliyalarına rast gəlinməsin. Ölü doğulan və düşük nəticəsində olanlarda isə bunun faizi daha çox olur. Belə ki, hər diri doğulanların 0,6 faizində xromosom anomaliyaları, ölü doğulanların 5,6 faizdən 11 faizədək, düşüklərdə isə 50-70 faiz halda bu və ya digər ağır irsi patologiyalar aşkar olunur.

Uşaq sağlamlığı ilə bağlı  iki xəbər

Mənbə: http://azertag.az/xeber/Sehiyye_Nazirliyinin_bas_pediatri_Yeni_dogulanlarin_2_faizinde_irsi_xestelikler_askar_olunur


"Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Respublika Perinatal Mərkəzi (RPM) və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) birgə təşkilatçılığı ilə "Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Uşaq sağlamlığı ilə bağlı  iki xəbər

AZƏRTAC xəbər verir ki, paytaxtın müxtəlif tibb müəssisələrində çalışan ginekoloqlar və neonatoloqların iştirakı ilə keçən konfransı giriş sözü ilə açan Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova tədbirin keçirilməsinin məqsədi barədə məlumat verib.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, SN-in baş pediatrı Nəsib Quliyev "Yenidoğulanlarda irsi anadangəlmə xəstəliklərin erkən diaqnostikasının müasir aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, tibbi texnologiyaların inkişafı nəticəsində döl ana bətnində olarkən onun hansı irsi xəstəliklərin daşıyıcısı olub-olmadığını yoxlamaq mümkün olur. Baş pediatr perinatal diaqnostika üsullarının irsi xəstəliklərin vaxtında aşkar olmasında əhəmiyyətini vurğuladı.
"Yenidoğulanlarda neonatal skrininq” barədə təqdimatla çıxış edən RMDM-in genetiki Elxan Rəsulov Azərbaycanda geniş yayılmış genetik xəstəliklərdən olan talassemiya və hemofiliyanın gələcək nəslin sağlamlığı üçün yaratdığı fəsadlar barədə danışıb. Qeyd edib ki, vaxtında aparılan diaqnostika və müalicə gələcəkdə genetik xəstəliklərin qarşısını almağa imkan verir. E.Rəsulov neonatal skrininqin körpənin gələcəyi üçün əhəmiyyəti və bu müayinənin aparılması barədə məlumat verib: "Analizin aparılması prosesi çox sadədir: uşaq doğulduqdan 3 gün sonra (10 gündən gec olmayaraq) körpənin dabanından filtrli kağıza qan nümunələri götürülür. Qan ləkəsi 10-15 dəqiqə ərzində otaq temperaturunda qurudulur, sonra qurudulan qan ləkəsi zərfin içərisində laboratoriyaya göndərilir”.
Respublika Perinatal Mərkəzinin həkim-neonatoloqu Məryəm Rzayeva RPM-də aşkarlanan genetik xəstəliklərdən, yenidoğulanlarda genetik müayinələrin aparıldığından, analara zəruri məlumatların verildiyindən danışıb. Qohum nikahları nəticəsində körpələrdə yaranan genetik xəstəliklərə diqqəti çəkən məruzəçi gələcəkdə yarana biləcək xəstəliklərin vaxtında aşkarlanması üçün müayinələrin aparılması barədə məlumat verib.
Sonda təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb.

Uşaq sağlamlığı ilə bağlı  iki xəbər

Mənbə: http://azertag.az/xeber/Yenidogulanlarda_genetik_xesteliklerin_erken_diaqnostikasinin_ehemiyyeti_movzusunda_konfrans_kechirilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz