» » Təbiət şairi- bənövşə şairi

Təbiət şairi- bənövşə şairi

Təbiət şairi- bənövşə şairi

Bənövşə təbiətimizin şah əsəri, baharın, zərifliyin, kövrəkliyin rəmzidir. Bahar yurdumuza təkcə qaranquş nəğmələri ilə gəlmir ki. Novruzgülünün, nərgzin, bənövşənin al, sarı çıçəkləri də baharın elçisidr. Ətri, gözəlliyi ilə torpağımıza, bizə həyat, sevgi gətirir. Sevdiyi qızın görüşünə bənövşə aparan bir gəncin ruhunda, varlığında, üzündə-gözündə məsud bir arzu cilvələnir.
Yaz fəsli sonralar digər fəsillərlə əvəzlənsə də, bənövşə ülviyyəti ömrümüz boyu bizimlə olur. Bütün təbiət yaşıl libasını dəyişir, ağaclar çılpaq qalır, daha sonra bu harayı qışın qarı örtür, təbiət buzdan yeni libas geyir, amma içimizdəki bənövşə öz möhtəşəm gözəlliyini yaşamaqda davam edir: bayırda şaxtadır, içimizdə bənövşənin yaratdığı assosiativlik bizi can atdığımız vüsala, neçə-neçə arzuya aparır. Binayi-qədimdən belə olub.
Hələ uşaqlığımızda hər bahar gələndə uşaqlar təbiətin güllü-çiçəkli bir guşəsinə çıxıb öz uşaqlıq oyunlarımızı oynamışıq: biri də "Bənövşə bəndə düşə”. Onda nə bilirdik ki, "bəndə düşmək” nə, niyə bu oyunu qızlar olmazsa, oynamazdıq. Qeyri-ixtiyari gözümüz tutanı, könlümüz tutanı gedib seçib gəlirdik, "bəndə salırdıq”, "bənövşə gətirməyəndə də küsmürdük, incimirdik. Bəzən "xəyanət edib, lap qəsdən orda da qalırdıq”. Nə fərqi var ki, bənövşə sənin oldu və ya sən bənövşənin oldun.
Sən demə, Tanrımız bizi yaradanda bənövşəmizi də yaradıb, sevgimizi də yaradıb... Hər arzumuza, hər sevincimizə uyğun çiçək də əta eyləyib: bənövşə, nərgiz, novruzgülü, qızılgül, yasəmən, lalə...
Bənövşə haqqında saysız-hesabsız əfsanə və rəvayətlər mövcuddur .
Rəvayətə görə pərilərin yaşadığı çox qədim zamanlarda "Bladoved”adlı gözəl bir qız olub . "Bladoved” "gül qız” deməkdir. Bladoved, doğrudan da, gözəl imiş, onun həsrətini çəkməyən gənc yox imiş. Bir dəfə o, aylı gecələrin birində göldə çimmək fikrinə düşür, əl-ayaq kəsilən vaxt gəlib ehtiyatla suya girir. Təsadüfən burdan keçən bir oğlan Bladovedi görür və paltarını götürüb ağacların arxasında gizlənərək qızın gözəlliyinə tamaşa edirmiş. Bladoved şıxarkən paltarını görmür, həyacanlanır, ağlayır: indi paltarsız hara getsin. Üzünü səmaya tutub əhd edir ki, paltarını kim qaytarsa, onunla evlənməyə razılıq verəcək. Oğlan bunu eşitcək, tez ağacların arxasından çıxıb qızın paltarını özünə qaytarır. Bladoved oğlana deyir ki, sözüm sözdür, amma kiməsə mənim sirrimi açsan, mənə əl qaldırsan və bir də mənə xəyanət etsən, yenə məni əbədilik itirəcəksən. Oğlan deyilənlərlə razılaşır və qızı götürüb öz malikanəsinə gəlir. Vaxt-vədə gəlib çatanda bunlrın bir oğlu olur. Bunlar xoşbəxt yaşayırmış. Uşağın 2 yaşı olanda, necə olursa, uşaq xəstələnir və dünyasını dəyişir. Oğlan bunun səbəbini qızda görür ki, guya o, insan nəslindən olmadığı üçün balası xəstəlik tapıb.
Bladoved də o gündən otağına çəkilib göz yaşları tökürmüş. Üstündən illər keçəndən sonra onların ikinci bir uşağı doğulur, gözəl bir qız. Amma buna baxmayaraq, artıq oğlan evə gec gəlir, Bladovedlə soyuq davranırdı. Bladoved bunu xəyanət kimi qəbul edirdi.
Bir dəfə onları ziyafətə dəvət edirlər. Onsuz da gözəl olab Bladoved ən gözəl paltarını geyinib ziyafətə gedir. Ziyafətdə heç kim bu gözəllikdən saymazyana keçmir, hamı diqqətlə ona tamaşa edir. Bunu əri də görür və o, hirslənərək Bladovedin əlindən tutaraq kobudluq edir, qızı vurur. Elə həmin an Bladoved bənövşəyə çevrilir. Oğlan Bladovedin göldəki sözlərini xatırlayır, amma nə qədər peşman olub dizinə döysə də, artıq gec idi.
Belə rəvayətlər onlarladır. Müxtəlif xalqlarda bənövşəyə müxtəlif müqəddəslikdə yanaşırlar. Bəzi xalqlar bu gülü bəkarət simmvolu hesab edir, hətta bəzi xalqlarda ziffaf gecəsi bəy otağı bu güllərlə bəzədilir. Bir çox xalqlarda, məsələn, fransızlarda bənövşəni günahsızlıq simvolu kimi qəbul edirlər.
Guya Adəm Peyğəmbər cənnətdən qovulur, Yerə sürgün edilir. Seylan adasında ikən Cəbrayıl cənabları Adəm Peyğəmbərə bağışlanması barədə Adəm Peyğəmbərə xəbər yetirəndə o, sevindiyindən ağlamış, göz yaşlarından bənövşə yaranmaşdır.
Bayatı, qəzəl, qoşma, eləcə də nəsr əsərlərinin yazılması bu ülviyyətlə bağlıdır. İnsanlar bu gülə o qədər mehr salmışlar ki, istər ən duyğulu anlarında, istərsə də kədərli anlarında bənövşəni özlərinə həmdəm, dərd ortağı seçmişlər.

Dağda meşəlik, 
Gül bənövşəlik, 
Mən həmişəlik,
Bu balama qurban,

- deyən ana öz çiyərparasını bu ülviyyətin ağuşunda olmasını arzulayır.
Torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhid balamız Ülvi Bünyadzadənin :

Bahar nə şirin şeymiş, 
Ətri bənövşədəymiş. 
Ömrüm sənin eşqindi, 
Eşqin də bənövşəymiş

- misraları yaşından asılı olmayaraq, bu zərif gülün hər kəsin həmdəmi olduğunu dönə-dönə sübut edir.
Dərd üstün gələndə, düşmən güclü olanda, nahaq meydan sulayanda bir çəlimsiz, boynu, qəddi bükülmüş bu tifildən- qız bənövşədən imdad diləyirik. Çox istedadlı şair dostumuz Əjdər Yunus Rzanın əsir yurdumuzun əsir bönövşəsinə həsr etdiyi ” Niyə açdın, ay bənövşə? şeiri əsir yurdumuzda açan bənövşənin bizə, bizim də ona həsrətimizi çox həzin bir dillə ifadə etmişdir.

Bükük boynun qız isməti, 
Təkliyin tale qisməti. 
Bəxtinə düşən həsrəti, 
Bilənin ki, yoxdu sənin. 

Müjdəcisən yurdda yaza, 
Əjdər hanı, şeir yaza? 
Dəstələyib gözəl qıza, 
Verənin ki, yoxdu sənin.

Ümumiyyətəl, bənövşə ilə bağlı yazılı ədəbiyyatımızdan istənilən qədər nümunə gətirmək olar. Şah İsmayıl Xətai, Qurbani, Natəvan, Molla Cümə, S.S.Axundov, A.Şaiq, S.Vurğun, M.Dilbazi, O.Sarıvəlli, İ.Şıxlı, Gülhüseyn Hüseynoğlu, M.Yaqub, V.Aslan və digər neçə şair və nasirimiz öz yaradıcılıqlarında bənövşəyə sevə-sevə yer ayırmışlar. Bu da bir həqiqətdir ki, yazılı ədəbiyyatımızda min bir ehtiramla qələmə alınmış bənövşələrin ən təravətlisi Qurbaninin "Bənövşə”sidir:

Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq ağlın itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş?
Heyf ki, dəriblər az bənövşəni.

Təbiət şairi- bənövşə şairi

Həyat daim inkişafda, bu inkişafı irəliyə doğru aparmaqdadır. Sivilizasiyalar dəyişdikcə insanların həyatı da dəyişir. Lap başlanğıcda kaha və mağaralarda yaşayan, bir məskəndən o biri məskənə piyada, ən yaxşı halda atla, eşşəklə gedən, bədənini heyvan dərisi, yarpaqla örtən insan bu gün dəbdəbəli, rahat və isti mənzillərdə yaşayır. Təyyarə ilə bir gündə bir qitədən digər qityə gedə bilir. Zövqünə və istəyinə uyğun istədiyi məişət şəraiti, geyim əldə edə bilir. Fəqət o dövrdə olan sevgi, vüsal, ayrılıq, kədər, həsrət duyğuları heç vaxt dəyişmir, insan həmişə onlarla baş-başadır. İnsan fərəhli anında da, kədər güc gələndə də həmişə özünə həmdəm axtarır: bu dost da ola bilər, sevgili də ola bilər. Amma insanın içində elə duyğular da olur ki, bunu bəzən ən yaxın dosta da, sevgiliyə də demək olmur. Belə olanda ümidlər göydə müqəddəs saydığımız Allaha, yerdə isə gülə, çiçəyə, xəyali varlıqlara dikilir. Bənövşə də onlardan biri, bəlkə də ən birincisi. Yaranşıdan insanların möhnəti ilə yüklənən bu zərif vücud heç dikəlmir ki-dikəlmir.
Bizim ədəbi mühitin orta nəslinə mənsub olan hörmətli şairimiz Ramiz Qusarçaylı haqqında nə vaxtdandır ki, yazmaq istəyirəm. İşin çoxluğundan hələ də bu borc boynumdadır. Dostum, qardaşım gecikdiyim üçün məni bağışlayacaq. Zakir dostumuz bir neçə dəfə Ramiz müəllim haqqında dəyərli yazılar qələmə alıb və bu yazılar dövri mətbuatda öz əksini tapıb. Hesab etmişəm ki, Zakir müəllim elə mənim və mənim kimi dostların Ramiz sevgisini izhar edib. Bu yazı da həmin sevgidən bir yarpaq olsun.
Sovet dövründə ədəbiyyatı təbliğ bürosu var idi, idarə və təhsil müəssisələrdə, belə deyək də, tanınmış yazıçılarla görüş keçirilirdi. Açıq-aydın hiss olunurdu ki, sanki bir ölçü var: təbliğ olunan yazıçının titulu olmalıdır və s. Amma titulu olmayan o qədər istedadlı qələm sahibləri vardı ki, çox vaxt heç yada da düşmürdülər. O vaxtlar olduğu kimi, indi də gənc ədəbi qüvvələrin (hərçənd ki, Ramiz bəy zahirən, ruhən cavan oğlan kimi görünsə də, ədəbiyyata xidmət baxımından müəyyən bir yaradıcılıq yolu keçmiş qələm sahibidir) uçuş meydanı çox ensiz və dardır. Ən azından nəşr oluna bilmirlər, müəyyən işlər görülsə də, bu, azdır. Yazıçı təbliğ olunmursa, yazıçı nəşr olunmursa, hardan yazıçı oldu ki, adicə, mirzədir.
Adını unutmuşam müəllifin, müşahidəsini və yaşadığını belə ortaya qoyub: "Bizdə ədəbiyyat alacəhrəni dolandırmağa kifayət etmir”.
Yəni həyat, məişət problemləri ilə qalan yazıçı əslində qüdrətini də ortaya qoya bilmir. Beləcə davam edir, bu qələm sahibi də həvəskar şair və yaxud poeziya sevdalısı hüdudundan kənara çıxa bilmir.
Ramiz Qusarçaylının özünün dediyi kimi:

Yüz dəfə ölsə də şahlar, əmirlər,
Şairlər bir dəfə ölməyə güc saxlayırlar.
İndi şairləri güllələmirlər,
İndi şairləri ac saxlayırlar…

Ramiz bəy ictimai mövzuda da kifayət qədər samballı nümunələr yazıb. İncə deyib, amma yaman deyib:

Ayaq altı xalçalıqdı,
Sir-sifəti xonçalıqdı,
Deyir Quba yoncalıqdı
Bu eşşəyi kim göndərib?

Ramiz müəllim hər şeyə rəğmən yazıb, layiq olduğu qədər dərc olunmayıbsa da, usanmayıb yazıb, yazdıqları özü şeirə, sözə qiymət verməyi bacaranların yolu üstə bənövşə kimi kol dibindən boylanıb. Vitrinlərdə, kitabxana rəflərində tos basıb qalan kitablardan fərqli olaraq şeir sevdalıları bu "bənövşə”ləri görüb, ayaq salayıb, diz üstə çöküb onun qoxusunu, hərarətini ciyərlərinə çəkib.
İndi pis-yaxşı biz ixtisaslı oxucu kimi adi oxucudan bir qədər şerə, sənətə yaxın adamlarıq. Məsələn, mən həmişə hər hansı bir müəllifi yazdıqlarından sonra tanımışam və indi də belədir. Ramiz bəylə olsa-olsa, virtual yaxınlığımız var, heç bir il də olmaz. Amma şeirləri ilə özündən də çox-çox qabaqcadan tanış idik:

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !


Şagirdlərə inşa yazdıranda, özümüz hansısa bir yazı hazırlayanda bu şeirə dönə-dönə müraciət etdik….
İnanın, əziz dostlar, elə bilirdim ki, bu şeiri yazan adam kimdisə, o, adi bizim adamlardan deyil, olsun ki bizlərdən fərqlənir….

Yol üstəydik. Hardan qulağımıza bir nalə gəldi: 
Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri....

Məhəbbətin ifasında idi deyə, bir qədər də həzinləşdi. Orbitimizi itirdik yaşın bu vədəsində. İndi gəl, getdiyin yerə ağıllı-başılı get. Müəllifini tapıb biləndə ki, bunu Ramiz Qusarçaylı yazıb, artıq şəkk –şübhə qalmadı ki, kimdirsə o ya Aydan, ulduzdan gəlib, ya da vergili bir adamdır. Şeiri mahnıdan mətn şəklində köçürüb bir neçə dəfə oxuduq ciyərimiz soydu, sonra başladıq şeirə-ədəbiyyata yaxın adamlardan soraqlaşmağa ki, bu şeir kimindir? Əvvəlcə, adını öyrənə bilmədik. Öyrənə bildiyimiz bir də bu oldu ki, bu şeiri yazan bir qızı sevirmiş. Oğlan Rusiyada, qız kənddə yaşayırmış. Məktublaşırlar və hər bənövşə vaxtı qız bənövşələrdən bir neçəsin dərib zərdin içinə qoyurmuş. Neçə günə çatan məktubun içində bənövşə də quruyurmuş və şeir də bu münasibətlə yazılıb.
Mən elə bir insan düşünə bilmərəm ki, qəlbinin dərinliyində üzə çıxarmadığı hiss, duyğu olmamış olsun. Bu nədir, tanımadığın bir kəs səndən əvvəl ürəyinə elə girib ki, xəbərin olmayıb, bütün arxivləri çıxarıb üzə, faş edib aləmə. Kaş qalan 3-4 tükümü də yonmayacaq "mehriban düşmən”imin əlinə keçməsin bu yazdıqlarım.......
Beləcə, şan-şöhrətli, sərkərdəli ədəbiyyat qalırdı bir kənarda, mən Ramiz müəllimi arayırdım. Günlərin birində fasebookda rast gəldim, salam verdim "rüşvət deyil” deyə almadı...dedi, vallah, hələ burda yeniyəm, qoy bir hərəkət eləməyi öyrənim, özüm arayacam səni. Kimdir onu buraxan, özümü atdım onun məkanına.. Buradan daha BTR-lə çıxarda bilməzlər məni. Akif müəllim özü də bu məkandan çıxmayacaq...
Ramiz bəyin yaradıcılığı mövzu və janr baxımından rəngarəngdir. Təbiət şairidir qardaşımız, bənövşəni, yarpızı, növruzgülünü televiziyada, kitabda görüb yox, təbiətin qoynunda qənşərində diz çöküb, dərdin-əhvalın soruşub sonra yazıya köçürüb. Dostlarla, qonaqlarla tez-tez Qubanın füsunkar lövhələrinə tamaşaya çıxıblar. Dostlar süfrə başında, ocaq ətrafında olanda Ramiz bəy divarlarda, uçuq-söküklərdə gül-çiçək gəzib, daş altından güc-bəla boynunu qaldıran bir gül-çiçək tapdığına nurlanıb..üzü də, ürəyi də....
Mən Ramiz bəyin hər misrasını sevirəm. Birincisi, tanışlığımız qısa müddət olsa da, bir şəxsiyyət olaraq qəbul etmişəm:gözü-könlü tox adamdır. Səmimidir. Ürəyi, süfrəsi açıqdır. Milli hisləri çox güclüdür.Həssasdır, Qubanın bur gülü qəsdən daşın altına girib gizlənsə, özünə pis olar: Ramiz müəllim onsuz da onu tapacaq, lap əyilib daşın altındakı halına baxıb gülümsəyəcək. Deyəcək, bu da bir çalar...
Bəlkə Ramiz müəllimin şeirlərinin dolğun, canlı, isti olmasının əsas səbəbi elə təbiətlə, güllə-çiçəklə bu cür təmasda olmasındadır. Fasebookda paylaşdı şəkillərdən zövq alıram. Hansı bir budağın lap ucunda ilişib qalan 1-2 əzgil, yemişən, bir xurma belə onun nəzərindən qaça bilməz.

Təbiət şairi- bənövşə şairi

 

Bir dəfə anasının nəfəsi, sığalı ilə gülzara çevrilmiş ata ocağından 2-3 şəkil paylaşmışdı. Adama hərdən elə gəlir ki, həyət-bacasında, bağ-bağçasında hər cürə naz-nemət olan olan bir kəsin əziyyət çəkib gedib hansı zirvədə, hansı dərədə bir gül axtarıb, bir itburnu tapıb sevinməsinə heç dəymir. Amma Ramiz müəllim sevinir. Amma Ramiz müəllim hansı bir dağın gündüşməzinə qalxıb keçən qışdan qalıb hələ indi əriyib tükənməkdə olan qarla əlini yuyur. Üzünə baxsan, oxuyarsan ki, necə sevinir. Bilirsiniz, təbiətə, torpağa bu qədər bağlılıq kortəbii ola bilməz. Odur ki, Ramiz müəllimin istənilən şeiri ürəyinin sanki rentgendən çıxarılmış rentgenoqramasıdır. Bəlkə də rentgenoqramadan da həssasdır ürəkdən yazılmış bu misralar.
Mən Ramiz Qusarçaylını təbiət şairi hesab edirəm, bənövşə şairi hesab edirəm.. Ramiz müəllimin bütün yaradıcılığında təbiətə sevgi var, ehtiram var, qədirşünaslıq duyğusu var. Şeirin, poeziyanın texnikasına az-çox bələd olan kimsə dağımıza, daşımıza, gülümüzə, çiçəyimizə şeir həsr edə bilər. Amma bu təsvir Ramiz müəllimin təsviri ilə müqayisədə çox bəsit görünəcək.

Gör bulaq dərəyə nə dil açdırıb,
Tənha daşlara da könül açdırıb,
Həsrəti gözümdə gül-gül açdırıb,
Qönçə dodağını büzənim mənim.

Və yaxud aşağıdakı bəndə fikir verin:

Aya bax, Göydə şamdı,
Ah, nə gözəl axşamdı...
Ruhum əsdi, oxşandı
Mələk-mələk, Bənövşə.

Adi təxəyyül gücünə və ya şeir texnikası bilməklə bənövşənin bu halını ifadə etmək, inanmıram ki, mümkün olsun. İnsan var ki, hər gün qarşısına gül çıxsın. Gözünü bağlmayacaqdı ki, görüb gedib. Amma Ramiz müəllim onun bənzərsiz gözəlliyinə diqqət kəsilib, üzü gülüb, ürəyinin şadyanalığını xüsusi siqnalla gülə ötürüb. Gül kiminsə ayağı altda qalıb əzilibsə, diqqətdən, qayğıdan uzaq düşüb deyə suya həsrətdisə, Ramiz müəllim də yanıb və gül bunu da hiss edib. Bunu duya bilən, buna həssas olan bir ürəyə heç ədəbiyyat institutu qurtarmaq lazım deyil. O, gülün ərz-razdarın bizə olduğu kimi çatdıra biləcək:

Başım yüz daşa dəydi,
Bir gün ömür sürüncə,
Gözlərim kor olaydı,
Səni ağlar görüncə,
Ağla, bənövşəm, ağla.

Sanki bənövşə poetik mənin sevgilisidir, məşuqəsidir. Doğru deyirlər ki, ərlə arvadın torpağı bir yerdən götürülüb. Aralarındakı bu yaxınlıq həm zahirən, həm mənən bir-birinə bənzəyir, biri o birini tamamlayır. Odur ki, hüzünlü olsa da, bir-birləri ilə dilləşə bilirlər, həyan ola bilirlər bir-birlərinə:

Başım yüz daşa dəydi,
Bir gün ömür sürüncə,
Gözlərim kor olaydı,
Səni ağlar görüncə,
Ağla, bənövşəm, ağla.
Və yaxud:
Sevgi yolu bəyazdı,
Həsrət qardı, ayazdı,
Bizi bir eşqə yazdı
Bir cüt lələk, Bənövşə.

İlk baxıda adama elə görünə bilər ki, bu misralar hüzün doğurur. Ola bilsin. İnsanın xoşbəxt ola bilməsi üçün bəzən hüzün də lazımdır, yoxsa sevgi, vüsal adi hiss olardı ki. Həyat artıq çoxdan sübut edib ki, mütləq xoşbəxtlik yoxdur, hər bir xoşbəxtlik özündə həm də ağrı-acı daşıyır, başqa cür desək, BU ağrı-acı beynimizdə bir assosiativlik yaradır, ali şüuru oyadır. Böyük rus yazıçısı Dosteyevski bu mənada çox haqlı deyirdi ki, insana bəzən xoşbəxtliklə yanaşı, bədbəxtlik də lazımdır. Əlini qızılgül tikanları qançılr etməyən Aşiq Gülün qədrini nə bilər?
Bu mənada Ramiz müəllimin bənövşəyə həsr etdiyi şeirlərdəki hüzün, kədər insanı üzmür, dəruni məhəbbətdən təcrid etmir. Düşünməyə, sevməyə, bu sevgini qorumağa, yaşamağa, huşyar olmağa çağırır.
Ramiz müəllim, sevən adam heç vaxt qocalmır. Ən müasir tibbi diaqnostikanı belə yanılda bilir sevən ürək.
..Sevda, sevgi ürəyindən heç əskik olmasın...

Təbiət şairi- bənövşə şairi


Ramiz Qusarçaylı

Qurudub göndərmə bənövşələri

Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.

Çatmadım bu il də yaza bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.

Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla
Qurudub göndərmə bənövşələri.

Ağla, bənövşəm, ağla

Üstünə gün düşüncə
Çıxıb getdin yazımdan
Səndən sonra dünyada 
Toyum da bir, yasım da
Ağla, bənövşəm, ağla.

Başım yüz daşa dəydi,
Bir gün ömür sürüncə,
Gözlərim kor olaydı,
Səni ağlar görüncə,
Ağla, bənövşəm, ağla.

Səni dərib üzməmiş
Əlimi üzdüm, neynim.
Səndən küsmək günahdı
Özümdən küsdüm, neynim,
Ağla, bənövşəm, ağla.

Boğuldum göz yaşından,
Silə bilmədim, ağla.
Ölməyim məsləhətmiş
Ölə bilmədim, ağla,
Ağla, bənövşəm, ağla ...

A bənövşəm mənim …

O nə boylanışdı, dolmusan yenə,
A bənövşəm mənim, süsənim mənim.
Özü bu dünyanı sevdirib mənə
Özü bu dünyadan küsənim mənim.

Gör bulaq dərəyə nə dil açdırıb,
Tənha daşlara da könül açdırıb,
Həsrəti gözümdə gül-gül açdırıb
Qönçə dodağını büzənim mənim.

Gecələr rənd alır qara telindən,
Qara mənsizliyi dara telindən.
Düşüb ürəyimə yara telindən
Tel-tel ürəyimi üzənim mənim.

Dərdə də tək dözür canım, can keçib,
Qüruba enirsən danımdan keçib,
Üz-üzə gələndə yanımdan keçib,
Məni yuxularda gəzənim mənim.

Eh … bu da bir eşqin ayrı dağları,
Üşüyür kölgəsi aylı çağların.
Düzüb zülüm-zülüm ayrılıqları
Üstündə meh kimi əsənim mənim,
A bənövşəm mənim, süsənim mənim…

Bənövşə

Səndə insaf yoxuymuş,
Məndə ürək, Bənövşə.
Gəl dünyanı yarıya 
Bir də bölək, Bənövşə.

Aya bax, Göydə şamdı,
Ah, nə gözəl axşamdı...
Ruhum əsdi, oxşandı
Mələk-mələk, Bənövşə.

Sevgi yolu bəyazdı,
Həsrət qardı, ayazdı,
Bizi bir eşqə yazdı
Bir cüt lələk, Bənövşə.

Naza bax, gül yaşında,
Gül tağı var qaşında,
O sevdanın başında
Bir də ölək, Bənövşə.

Təbiət şairi- bənövşə şairi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz