» » Bəzi atalar sözlərimiz haqqında

Bəzi atalar sözlərimiz haqqında

 

Bəzi atalar sözlərimiz haqqında

 

Atalar sözləri və məsələlər  şifahi xalq ədəbiyyatının  digər  növlərindən forma və təsir dairələrinə görə daha seçilirlər. Az sözlə  dərin, yığcam   və sərrast mənalar ifadə etmək atalar sözlərinin başlıca xüsusiyyətləridir. Atalar sözlərində söylənilən fikirlər həcmcə kiçik olsalar da, uzun zamanların müşahidələrinə rəğmən yaranan qənaətlərdir. Bu sözlər və onların ehtiva etdiyi fikirlər yeniyetmə gəncin, məktəblnin dilindən  söylənərsə yenə,   müdriklərin sözü olduğu dərhal  hiss edilir.Çünki atalar bu sözü elə ustalıqla işlənib, elə ustalıqla ölçülüb-biçilib ki, istənilən nümunəsini eşidib mahiyyətini qəbul etməyə başlayanda   sanki  elə həmin an  beynimizdə bu fikrin, sözlərin  atalar sözü olduğu  heç bir əlavə izahsız, şərhsiz  diqqətə gəlir. "Bu günün işini sabaha qoyma”, "Əldən qalan əlli il qalar”  və s bu kimi atalar  sözləri öz daşıdıqlrı məzmunu  əsrlərin o tayından  günümüzə qədər gətirib çıxarmışlar və  bundan sonra da  bu  qənaət  belə hasil olacaq.  Bu ata sözlərinini ehtiva etdiyi, onu doğuran  səbəb, şərait indi də  olur,  var.   Amma, şəxsən, mən inanmıram ki,  kimsə haqqında  söhbət gedən atalar sözünü  öz ətraflarında və ya içində olduqları zamana, işə aid etsinlər.Onlar iş ləng getdiyindən danışa bilərlər, işin tez qurtaılmalı olduğunun   vacibliyii xatırlada bilərlər.   Amma  atalar sözündəki fikri  həmin ana  bağlaya bilməzlər. Əgər onlar  hələ hər hansı bir işi indi görürlərsə, hardan bilərlər ki, bu iş  əlli il qalacaq. Bu mənada, atalar sözləri  ağbirçək nənələrimizin, ixtiyar qocaların zaman-zaman müşahidə etdikləri, ümumiləşdirdikləri, gələcək üçün  yaratdıqları həyat dərsliyidir. Onlar  bir insan oğlunun  həyat yolunu bizdən əvvəl   yaşayıb, görüb  və doğrunu seçib, hasil olunan qənaəti  etalon kimi gələcək nəsillərə -  varislərə ötürüblər. 

Müasir olan kimsə   mənalı söz deyə bilər, amma  bu sözlər atalar sözü  formatında olmayacaq. Çünki atalar sözündəki  fikrin, ideyanın  5-10 nəfərin yox, bütün insanlığın həyati problem olması  şərtdir. Bu problemin, meylin  müəyyən zaman və məkanda  dövr  edib, incələnməsi və nəhayət, ölçüyə  çevrilə bilməsi lazımdır.

 İndiyə qədər növcud olan dövrün  insanlıq həyatı üçün hər şey artıq incələnib.  Yeni atalar sözlərinin yaranması üçün yeni zaman, yeni  yaşam tərzi və zaman lazımdır. Fəqət,  söz xəzinəmizdəki incilər  o qədər qiymətlidirlər ki, hər zaman dəyərlərini saxlayacaq; insanların həyat yolunu, beynini, təfəkkürünü işıqlandıracaqdır.

Bəzən  müxtəlif kütləvi informaiya vasitələrində atalar sözlərimiz  haqqında, onu  yaradan  ulularımız haqqında  yanlış fikirlər, hətt bəzən hədyanlar da söylənilir.

Bizim  atalar sözləri və məsələlərimizin hamısı hikmətlidir, müdrikanə deyilmiş həyat həqiqətləridir. Onları ayrı-ayrı fərdlər deyil, xalq yaradır: xalq isə səhv etmir.

Folklorumuza az- çox bələd olan və sevən şəxs kimi deməliyəm ki, mən oxuduğum, bildiyim folklor nümunələrində heç vaxt nöqsan görməmişəm. 
Bir çoxları "qüsurlu atalar sözlərinə" "İgidlik ondur, doqquzu qaçmaq” , "Anasına bax, qızını al”, "Qızını döyməyən, dizinə döyər”, "Qoz ağacı, qız ağacı”, " Ağanın malı gedər, nökərin canı”, "Ağa deyir "sür dərəyə”, "sür”, "Palaza bürün, el ilə sürün”, "Qarın qardaşdan irəlidir”, "Allahsız yerdə otur, böyüksüz yerdə yox” kimi misalları nümunə gətirirlər. Bu nümunələr haqqında söz deməmişdən əvvəl qeyd edim ki, təqdim edilən atalar sözlərinin bəziləri ilkin formasında yox, təhrif edilmiş formada işlədilmişdir. 
Məsələn, "İgidlik ondur, doqquzu qaçmaq” kimi atalar sözünə indiyə kimi heç yerdə rast gəlməmişəm. "İgidin hünəri döyüşdə bilinər” söyləyən atalar qaçmağı heç vaxt igidlik hesab etməyiblər. Hansı bir qəhrəmanımız var ki, döyüş günü meydandan qaçsın? Əslində, bu atalar sözümüzün düzgün forması belədir: "Igidlik ondur: biri qüvvət, doqquzu fənd” . 

"Anasına bax qızını al”- Bu atalar sözünün əsli belədir:


Anasına bax, qızını al, 

Qırağına bax, bezini al.


Belə hikmətli atalar sözünü necə mənasız adlandırmaq olar? Buradakı fikir anasına baxmaqla qızın da zahiri görkəmi haqqında təsəvvürə sahib olmaq kimi başa düşülməməlidir. İstifadəçi yoldaşlarımızdan birinin dediyi kimi, keçmişdə qızseçimi daha çox valideynlərin məsləhətləri ilə olurdu. Valideynlər isə bir-birlərini yaxşı tanıdıqlarına, bir-birlərinin xeyir- şərlərində qaynayıb-qarışmaqlarından bilirdilər ki, filan evin qadını ailəcanlıdır, təsərrüfatcıldır, namuslu-qeyrətlidir. Atalarımız həyati müşahidələrinə əsasən bu qənaətə gəlmişdilər ki, "analı qızın işi görünər, anasız qızın dişi” və onlar yəqin idilər ki, belə anaların qızları da belə olacaq.
"Qızını döyməyən, dizinə döyər” - Belə atalar sözümüz var. İş burasındadır ki, burada döymək fiziki cəza kimi nəzəfdə tutulmamışdır. "Qılınc yarası sağalar, söz yarası sağalmaz” kimi atalar sözlərimiz sübut edir ki,söz, fikir insan mənəviyyatına güclü şəkildə təsir edə bilir. Yəni istər qızını, istərsə də oğlunu nəzarətsiz buraxan, günahlarını tənbeh etməyən valideynlər sonradan övladlarının törədəçəyi daha böyük qüsurlara görə dizlərinə döyürlər. Bu, gecikmiiş etiraf deməkdir, peşmançılığın bir formasıdır. 

"Qoz ağacı, qız ağacı”- Bu atalar sözümüz tam formasında belədir:

 

-Qoz ağacı, qız ağacı,Hər gələn bir daş atar.

 

Qoz ağacı gövdəli və hündür olur. Bəzi ağaclar kimi onun da meyvələrini əl uzadıb və ya budağını əyib yığmaq olmur. Odur ki, qozun dibində durub yerdən onun budaqlarına doğru "salbey” ( 1 m – 1,2 m uzunluğında barmaq yoğınluğunda ağac parçası; üz qabığını da soyurlar ki, sürüşkən olsun, ilişib yuxarıda qalmasın ) atırlar. Daş da atırlar, amma daşın dəydiyi sahəyə nisbətən "salbey” daha əhatəli zərbə sahəsi yaradır, daha çox meyvə tökülür. Hər atılan "salbey” hədəfə dəymir və ya hər "salbey” atan qoz sala bilmir. Atalarımız da qız olan ailəni, evi qoz ağacına bənzətmişdir. Elə bir ailə olmaz ki, qızını bir neçə ailə istəməmiş olsun. Amma kimin qisməti imiş ona nəsib olur. 
" Ağanın malı gedər, nökərin canı”- Müəyyən məqamla bağlı deyilmiş atalar sözüdür. Məsələn, xan, bəy dövründə bir bəy öz pəiyyətini tarlasında işlədir, taxıl əkdirir. Amma son nəticədə quraqlıq olur, taxıla çəyirtkə daraşır, nəticədə ələ heç nə gəlmir. Bəyin itirdiyi istismarla topladığı mal-mülkün bir damlasıdır, onu da "şallağa tutub” rəiiyətindən yenə çıxardacaq. Əsas zərbə isə kəndliyə, nökərə dəyəcək. Bəy ona heç nə verməyərək qapısından qovacaq, ilboyu ağasının tarlasını alın təri ilə suvarıb-becərmiş kəndli isə həm də canını itirmiş olacaqdır. Burada onu da demək lazımdır ki, atalar sözlərinin böyük əksəriyyəti bütün dövrlər üçün xarakterikdir. Müəyyən hissəsi isə müəyyən dövrdə müəyyən məqamla bağlı deyildiyi üçün günümüz üçün xarakterik deyil. 


 Bəzi atalar sözlərimiz haqqında

Haqqında danışdığımız atalar sözü də bu qəbildəndir.
"Ağa deyir "sür dərəyə”, sür”- Bu atalar sözünün işlənmə məqamları nisbətən kiçilsə də, mahiyyətini saxlamaqdadır. Bilirsinizmi, bu məsələ idarəçiliklə bağlı məsələdir. İdarəetmədə demokratik mərkəziyyət var, aşağıdan yuxarıya doğru hamı rəhbərinin tapşırığını, sözsüz, icra etməlidir. O səhv və zərərli əmrə görə daha çox məsuliyyət daşıyır. Bu məsələyə bir lətifə ilə də yumorvari bir folklor yanaşması da göstərmək istəyirəm:
Bir gün Teymurləng Molla Nəsrəddini özü ilə nahar etməyə dəvət edir. Süfrəyə badımcan dolması gəlir. Teymur deyir ki, badımcan mənim dünyada ən çox sevdiyim yeməkdir. Molla deyir ki, mənim də. Bir az keçir, Teymur deyir ki, amma xörəyi yaxşı olmur, illərlə görməsəm, yadıma da düşməz. Molla yenə deyir ki, mənim də. 
Bir qədər də keçir. Teymur deyir ki, çox qüvvətli yeməkdir, yeyən kimi gözümə işıq gəlir. Molla Teymurun sözünə qüvvət verir ki, mən də çox rahat oluram. 
Mollanın sözü qurtarmamış Teymur aşpazı çağırır ki, badımcanı yığışdırın, bir də süfrəyə qoymayın, badımcandan zəhləm gedir.
Molla dərhal dillənir:
- Mənim də, qibleyi-aləm, badımcanı görməyə gözüm yoxdur.
Teymur deyir ki, sən necə adamsan, mən nə deyirəm, sən də onu deyirsən. Molla cavab verir ki, gərək belə də ola. Mən sənə qulluq edirəm, səndən donluq alıram, badımcana qulluq etmirəm ki….
"Palaza bürün, el ilə sürün”- Tutaq ki, başqa mühitin adamı yeni bir mühitə düşür. Həmin adam düşdüyü mühitə uyğunlaşmalıdır, səhv etsə belə. Yox, bu düz deyil, belə olmaz deyib, başqa addımı atsan, sözsüz ki, qınaq sahibi olcaqsan, " palaza bürün, el ilə sürün” sözlərini eşidəcəksən.
Müzakirələrdə iddia olunur ki, əgər ətrafın oğru, quldursa, necə onlara qovuşmaq olar? Belə yanaşma, üzr istəyirəm, sağlam deyil. Müdriklərimiz həmişə doğrunu göstəriblər, yaxşıya dəvət ediblər.

Bəzi atalar sözlərimiz haqqında

 

"Qarın qardaşdan irəlidir” –Əlbəttə, qarın qardaşdan irəli deyil. İnsan tək özünü düşünməməlidir, Çətinə düşsə də, nəfsini idarə etməyi bacarmalıdır.Bu təəssübkeşliliyi, qohum-qardaş münasibətlərini bizə atalar öyrədib. Bu atalar sözündə bir ironiya, gizli eyham var. Atalar məsəli kimi, onu da müəyyən hadisə, əhvalatla bağlı deyiləndə daha canlı səslənir. 

"Allahsız yerdə otur, böyüksüz yerdə yox”- Ən mübahisə doğuran atalar sözümüzdür. Tək burda yox, başqa yerlərdə də bu atalar sözü haqqında iradlar eşitmişəm. Mən öz fikrimi bildirəcəyəm. Elə bilirəm ki, bəziləri bu cümlənin viziual görünüşündən aqressivləşir, fikirdəki mənadan uzaqlaşırlar. Biz müsəlmanıq, dinimiz İslam dinidir. Hər birimizdə Allahımıza, Peyğəmbərimizə(ə.s) böyük sevgi və inam vardır. Allah hər yerdədir. Bunu dünya durduqca, söhbət mövzusu etmək belə günahdır. Belə olan halda, hansı müsəlman Allahsız yerdə oturur?! Bu, heç vaxt mümkün deyil, mümkün də olmayacaq. Allahımız buyurub ki, məndən sonra səcdə etməli birinci şəxs valideynlərinizdir. Deməli, atalar sözünün cövhərində də bu məna dayanır: ata haqqı inkar edə bilməyəcəyimiz bir həqiqətlə qarşılaşdırılaraq Allahımızın cızdığı səviyyəyə qədər yüksəldilir. Allahsız yerdə oturma, böyüksüz yerdə oturma….qalan yerləri nizamlamaq olar…

 

Bəzi atalar sözlərimiz haqqında

 

                                                                                          Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz