» » Maksim Qorkinin ölümü

Maksim Qorkinin ölümü

Maksim Qorkinin ölümü

"Burada təbabətin günahı yoxdur..." Yazıçını həyatının son aylarında müalicə edən həkimlər - Levin və Pletnev belə deyirdilər. Bir neçə ildən sonra "sağ trotskiçi blokun" üzərində məhkəmə qurulanda onlar müttəhim kimi məsuliyyətə cəlb edildilər. Prosesdə hər ikisi "etiraf" etdi ki, müalicəni qəsdən düzgün aparmayıblar, əlaltıları olan tibb bacıları xəstəyə sutkada 40-a qədər kamfra iynəsi vurublar. İşin mahiyyəti barədə heç bir yerdə vahid rəy yoxdur. Tarixçi L.Fleyşlan yazır: "Qorkinin öldürülməsi faktı tamam dəqiqləşdirilib". Tanınmış şair V.Xodaseviç Qorkinini əcəli ilə vəfat etdiyini yazır.
Qorkinin ögey oğlu Zinoviy Peşkov Fransada parlaq hərbi və diplomatik karyera edə bildi. Bu isə əlbəttə ki, onun SSRİ-də yaşayan qohum-qardaşları üçün yaxşı deyildi. Qorki Zinoviyə məktub yazanda narahatçılığını, qorxusunu ikibaşlı sözlərlə ört-basdır etməyə çalışırdı. Özü də məktublarını xarici ölkələrlə tez-tez gedən şair Mixail Kolsov, ya da etibar etdiyi adamlarla göndərərdi, poçta inanmırdı. Lui Araqonun Parisdəki arxivində saxlanılan xatirələrini oxuyanda biz Maksim Qorkinin doğrudan da, qorxub çəkinməsi barədə məlumat alırıq. Məsələ bundadır ki, Qorkinin teleqram və məktublarının bir dənə də olsun, bu arxivdə əsli yoxdur. Bəzi tədqiqatçıların fərziyyəsinə görə, Qorki öz gündəliklərini də Fransadakı dostlarına göndərmək istəyib. Amma məktubları kimi, Qorkinin gündəliyi də izsiz-tozsuz yox olub. M.Qorki Araqona, Trioleyə məktublar yazaraq təkidlə onları vacib bir söhbət üçün SSRİ-yə dəvət edirdi. Vacib nə ola bilərdi? Məktubları alanlar başa düşürdülər ki, Qorki kağıza, poçta etibar eləmir, o nə isə demək istəyir. Elə buna görə də, Elza Triole və Lui Araqon SSRİ-yə yola düşdülər. Onların marşrutu London və Leninqraddan keçirdi... Yazıçılar Leninqradda bir müddət Mayakovskinin keçmiş məşuqəsi Lili Brikin yanında qonaq qaldılar. Onların ləngiməsi, tələsməmələri şübhəli idi, axı, M.Qorki yenə də ağır xəstələnmişdi. Lui Araqon elə bil qəsdən vaxtı uzadaraq yola düşmürdü... Nəhayət, qonaqlar

Maksim Qorkinin ölümü

qatara mindilər və Qorkinin vəfat etdiyi gün paytaxta çatdılar. Rəsmi surətdə elan olundu ki, iyun ayının birində Qorki adi qripə tutulmuş, sonra isə xəstəlik fəsadını göstərməyə başlamışdır. Yazıçının səhhəti barədə bülletenlər "İzvestiya", "Pravda" qəzetlərinin birinci səhifələrində dərc olunurdu. Lap böyük yazıçı da olsa belə, hər halda dövlətin əsas qəzetlərində bülletenin verilməsi görünməmiş hadisə idi. Sanki oxucuları əvvəlcədən pis xəbər üçün hazırlayırdılar, halbuki bunun üçün heç bir əsas yox idi. M.Qorkinin səhhətində iki dəfə yaxşılaşma baş vermişdi. Birinci dəfə iyunun 8-də Stalin, Molotov, Voroşilov xəstəyə baş çəkirlər. O günlərdə "Kolxoznik" jurnalı yazırdı: "Qorki sözün tam mənasında tabutdan qalxdı..." ikinci dəfə, iyunun 14-dən 16-dək xəstənin halı yaxşılaşdı. Şahidlərin ifadələrinə görə, Qorki yataqdan qalxaraq deyib: "Uzanmağım yetər! Mən işləməli, məktublara cavab verməliyəm!" O üzünü qırxıb özünü səliqəyə salandan sonra yazı masasının arxasına keçdi...
Sonrakı iki gündə nələrin baş verməsi barədə məlumat yoxdur. Amma fakt budur ki, Qorkinin vəziyyəti birdən-birə pisləşib və o, iyunun 18-də səhər saat 11.10-da keçinmişdi.
1938-ci ildə "sağ trotskiçi blokun" məhkəməsi başlayanda "xalq düşmənlərinin" cərgəsində həkim Pletnev də oturmuşdu. Böyük proletar yazıçısını düzgün müalicə etmədiyinə görə, ona 25 il həbs cəzası kəsildi. Onu Vorkuta konslagerinə göndərdilər... 1948-ci ildə Pletnev orada cəza çəkən alman kommunisti V.Nermandla görüşür. Onlar bəzən görüşər, söhbət edər, arabir Qorkinin ölümündən də danışırlarmış. V.Nermand azadlığa çıxdıqdan sonra xatirələrində bu barədə ətraflı yazıb. Onun yazdıqlarından öyrənirik ki, Qorki Stalinin ona hədiyyə kimi gətirdiyi konfetləri yeyəndən sonra ağır vəziyyətə düşüb. Hamı bilir ki, o illərdə Xalq Daxili İşlər Komissarı işləmiş Henrix Yaqodanın müxtəlif güclü zəhərlər hazırlayan laboratoriyası olub.
Onu da demək lazımdır ki, Qorkinin meyiti yarılarkən, tərtib edilmiş protokolda bir kəlmə də olsun zəhərlənmə əlamətlərindən yazılmayıb. Fransa müqavimət hərəkatının iştirakçısı M.Brounun gündəliklərində qəribə məlumat var. O Daxili İşlər Komissarlığının sabiq kapitanı A.Novikovla söhbətini belə qələmə alıb: "Mən ona dedim ki, meyit yarılarkən, mərhuma zəhərin verilib-verilməməsini müəyyən etmək çətin deyil. Novikov ancaq əlini yellətdi, sən heç nə başa düşmürsən, meyitin yarılması aktı Qorki hələ ölməmişdən əvvəl yazılmışdı".

Maksim Qorkinin ölümü

Son dəfə olaraq, Qorkini sağ-salamat görmüş bir qadının dediklərini burada verməsək, hadisələr barədə təsəvvürlərimiz natamam olar. Bu qadının adı Mura Zakrevskvaya- Budberqdir. O, M.Qorki ilə nə az-nə çox düz, 12 il yaşayıb, onun yeddi ilini xaricdə birgə keçiriblər. M.Qorki bu qadını çox sevirdi... Yazıçı özünün ən böyük əsəri "Klim Samqinin həyatı" romanını ona həsr edib. Mura demək olar ki, yazıçının bütün sirlərini bilirdi, bütün sənədlərə, arxivə əli çatırdı. Faciə onda idi ki, Mura VÇK ilə sıx əməkdaşlıq edirdi və yazıçının elə bir sirri yox idi ki, hökumət ondan xəbər tutmasın. Bu qadın uzun illər yaşadı və 1974-cü ildə vəfat etdi. Ondan çoxlu kağız-kuğuz, gündəliklər, şəkillər qalmışdı. Amma bu kağız qalaqları Qorkinin ölümünün sirrini açmağa kömək etmədi, çünki Mura bütün şəxsi arxivini yandırmışdı.
Əgər Qorkini Stalinin göstərişi əsasında öldürülməsi ehtimalını qəbul etsək, onda belə sual yaranır: "Yazçının ölümünü yaxınlaşdırmaq nəyə lazım idi?" Qorki canla-başla "xalqların rəhbərinin" bütün siyasətini, 1930-cu ildə keçirilmiş "Prompartiya" məhkəmə prosesini, insanların "Yenidən tərbiyə edilməsi üçün icbari əməyin tətbiq edilməsini" dəstəkləyir və müdafiə edirdi. Unutmaq lazım deyil ki, Volqa-Baltik kanal sistemi yaradılarkən katorqa işlərinə on minlərlə məhbus cəlb edilmişdi, orada insanlar milçək kimi qırılırdı. Qorki isə dəhşətə bəraət qazandıranlardan biri idi, onun elə bir "aforizmi" yox idi ki, çekistlərin əlində silaha dönməsin. Digər tərəfdən də, "partiya tapşırığına" baxmayaraq, Qorki Stalinin tərcümeyi-halını yazmadı. Halbuki bunun üçün ona hər cür material verilmişdi. Yazıçı rəhbərin sözündən çıxmışdı, belə şeyləri də bağışlamırdılar. Qorki Dostayevskinin bəzi əsərlərinin çap olunmasını istəyir, repressiyaya məruz qalmış ziyalılara kömək əlini uzatmağı da unutmurdu. Yazıçının ötkəmliyi ona baha başa gəldi, onun müalicə üçün İtaliyaya getməsinə mane olub, Romen Rollan ilə yazışmalarına senzura qoydular, indi onun bütün yazışmaları ciddi nəzarət altında idi. Məktubların birində onun əsl fəryadı eşidilir: "Mühasirəyə alıblar... Dörd tərəfimi tutublar... Nə irəli, nə də geri getmək mümkün deyil! Mən belə şeylərə öyrəşməmişəm!" Kirovun qətli hakimiyyətin ziyalılarla, bolşevik müxalifəti ilə dil tapmaq cəhdlərinə son qoydu. Zinoviyev, Kamenev üzərindəki proseslər, siyasi məhbuslar və əski bolşeviklər cəmiyyətlərinin ləğvi, kütləvi qətliamlar, on minlərlə insanın sürgünü Qorkinin dərdlərini artırmaya bilməzdi.

Maksim Qorkinin ölümü

Romen Rollan gündəliyində vurğulayırdı ki, Qorkinin qeyri-təbii, vaxtsız vəfatı onun qərb dünyasındakı böyük nüfuzu ilə bağlı idi. Yazıçının müasirləri də bu fikirlə şərikdirlər. Hətta A.Vışınski kimi "ittihamçı" nitqində etiraf etdi ki, "Xalq düşmənləri Qorkinin fəal siyasi işlə məşğul olmasına ancaq onu öldürməklə mane ola bilərdilər". Yazıçının vəfatından sonra onun bütün yaxınlarına, əməkdaşlarına divan tutuldu. Qorki ilə Romen rollanın yazışmalarını xüsusi nəzarət altında saxlayan Q.Stetski adlı bir subyekt yazıçının ədəbi irsi komissiyasının sədri təyin edildi. Bütün tədqiqatçıların fikrincə bu Qorkinin "ikinci ölümü" idi.

Maksim Qorkinin ölümü

(Material filoloq M.Yerşovundur, mənim tərəfimdən sərbəst tərcümə edilib).

P.S. Son illərdə işıq üzü görmüş məxfi arxiv sənədlərini öyrənəndə adam dəhşətə gəlir. 70 il ərzində bizlərə az qala imam övladı kimi təlqin edilmiş "görkəmli", "dahi", "mübariz", "humanist" subyektlər heç demə elə rəzalətlərə yol veriblər ki, adam bunların hamısını öyrənəndə özünü itirir. Moskvanın mərkəzində məşhur bir kapitalistdən zorla alınmış qəşəng bir sarayda yaşayan Qorki az aşın duzu deyildi. Stalinin, Henrix Yaqodanın elə bir repressiya aktı olmayıb ki, onu Qorki müdafiə etməsin. "Düşmən təslim olmayanda, onu məhv edərlər!" - bu bədnam, bişərəf "aforizmi" məhz Qorki ortalığa atmışdı. Rusiyada qan su yerinə axanda, yüz minlərlə insan acından öləndə, M.Qorki Avropanın ən bahalı kurortlarında kefə baxırdı. Çox işlər var ki, adam sadəcə, utandığından heç nə demir.

Mənbə:http://gundelik-baku.com/index.php?newsid=3092#.VWXuFs_tmko

Qeyd: Firuz Həçimovun tərcüməsində.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz