» » Şair haqqında iki kitab

Şair haqqında iki kitab

Şair haqqında iki kitab

"Məni yaman tutub şeir havası"

İslamın ilk çağlarında Quranın ecazkar qüdrəti bütün bəşəriyyəti silkələdi, dünyanı yerindən oynatdı. Quran həqiqətlərinin mücərrəd ifadə tərzi, cəmi bəşərin yarada bilməyəcəyi bənzərsiz Tanrı kəlamlarının şərhi bəlağət elminin yaranma zərurətini doğurdu. Bu mücərrədliyi açmaq, bu qeyri-adiliyi anlamaq üçün cild-cild kitablar yazıldı, qafiyəli lüğətlər tərtib edildi.
Bütün bəşəriyyətə səslənən Ramiz Qusarçaylı poeziyasının bənzərsizliyi, sehri, füsunkarlığı ondadır ki, bu mücərrədliyin, bu qeyri-adiliyin şərhinə, təsfirinə ehtiyac yoxdur. Əslində, şair mütləq həqiqətlərə mücərrədlik libasını geyindirir:

Gəlir söz acları,
fikir acları,
Sözdən qan qoxusu, qan tamı gəlir.
Ağarır uzaqda dar ağacları
Deyən şairlərin bayramı gəlir…

Odur ki, Ramiz Qusarçaylı poeziyasındakı qeyri-adilik, mücərrədlik yalnız mənim yox, çoxlarının ürəyini ovladı, çoxlarını öz cazibəsində saxladı.

Bir yetim payına beşi boylanır,
Çadırdan çadralı kişi boylanır…

Bəlkə də "Əsrin şah beyti” kimi səslənəcək bu iki misra.
Nədənsə bu misralar daima qulağımda cingildəyir. Görəsən, nədir bu misraların qəlbimizi sıxdığı, ovsunladığı müdhiş qüvvə ? Bu misralar bizi özümüzdən əsir alıb haralara aparmır ?! Yerin dibinə salır, sərt qayalara çırpır. Görən, bu misralardan qopan şair naləsinə, fəryadına, yanğısına bənzər ikinci bir ifadə tapmaq olardımı ? Nə danışmır bu sətirlər, deyilməmiş nə qaldı ki… Bəlkə, qorxuruq tariximizi yaza bu misralar. Əslində, kimdir çadırdan boylanan,… tarixdən boylanan özümüz!
Aman Allah, nə günə qoydular bizi:
Yaman ucuzlaşıb başın qiyməti,
Torpağın qiyməti, daşın qiyməti…
… Bu millət nə günə qoydu özünü,
Nə günə qoydular gör bu milləti…
 

Şair haqqında iki kitab

 

Çadralı kişi… Düşündükcə düşün… Əri, əzil! Budur şair poeziyasındakı işgəncə!
Şair deyir ki, "ürəyimdə göyərçin südü var, körpə dərdləri bəsləyib böyütmək üçün”. Eh, körpə dərdləri nə var çəkməyə! Onları ağlımızın da ixtiyarına verə bilərik. Ürək böyük dərdlər üçündür…. Dərdin ağırını ürək çəkir:

Susur Araz, Samur hələ,
Daş çürüdür mamır hələ,
Dünya dərd-dərd damır hələ
Köksümdəki ah dağına…

Allah peyğəmbərlərinə bir kəramət verirdi ki, insanları ardınca apara bilsinlər, Şairlər də elə peyğəmbərlərdən sonra Allaha yaxın adamlardır. Bu poeziyanın bir kəraməti də ondadır ki, şair tək-tək adamların yox, bütünlüklə millətin yaxasını tutub silkələyir :

Nəfsini Arazın axarı bildi,
Dərbəndi dərdinin çıxarı bildi,
Şuşanı bazara çıxara bildi,
Bu millət, bu millət, bu millət mənim…

Şair vətən xainlərini çəkinmədən məhşər ayağına çəkir. Vətən xainlərinin üzünə vurduğu sillənin əks-sədasını eşidirsən, dar ağacına çəkdiyi satqınların kəndirini boynunda hiss edirsən və üşüməyə bilmirsən:

Oynuna fikir ver, oyun adamı,
Bəsdi oynatdığın bu xalqı, bəsdi.
Gedir namus ovu,
şərəf edamı.
Di bəsdi bu çəpik, bu çalğı bəsdi.

Təki bu misralar ibrət olsun bizlərə. Elə bizdən əvvəlkilərə də!
Millət sağlam əxlaq sahibi olan insanlardan yaranır. Millət hər şeydən üstündü şair üçün. İndi millətinin "Sağlam əxlaq sahibi” insanlarına şairin əxlaq savaşına səslədiyi nərəsinə döz görüm, necə dözürsən. Ərimədən, əzilmədən. Az da olsa vicdanın varsa, etiraf et ki, cəhənnəm xofu dolmur ürəyinə:
 

Şair haqqında iki kitab

 

Bilmirəm nə sirr var,
sirr, cibinizdə,
Allah cibinizdə, pir cibinizdə,
Yüz yetim ağlayır bir cibinizdə…
Ağalar, bağlayın ciblərinizi.

Vallah, hər əzaba dözmək olar, şairin bu tənəsindən, bu iztirabından başqa.
Məncə, heç bunlar şeir deyil, əsrin, bəşərin son nidasıdır, son hayqırtısıdır. Bəzən mənə elə gəlir ki, bu şeirlər qiyamətin qopacağı gün çalınacaq "Sur”un tükürpədici səsidir. Şair özü əbəs yerə demir ki, "Şeir mənim qiyamətimdir…”

Yeyin bu millətin başını, yeyin,
İçini, ağlını, huşunu, yeyin…
Oynadın çörəyə, qız–gəlinləri
Tökün gözlərinin yaşını, yeyin.

Bu şeirlərin işgəncəsi, əzabı qiyamət iztirabı kimidir. Əslində, bu şeirlər elə hamımızın "əməl dəftəri”dir…
Hər misrada məmləkətini ağlayır şair:

Ürək dindi ağla, söz dindi ağla,
Ağla hər misranı, hər bəndi ağla,-
Təbrizi, Şuşanı, Dərbəndi ağla…
və ya:
Düşür ayaqlara abırlı dünyam,
Hönkürür Arazlı, Samurlu dünyam…
və ya:
Dərdə bax, can dözür, qan dözür belə,
Yaralı daşları kim üzür belə,
Ağla Mehri belə, Zəngəzur belə
Bu yaz çiçəkləmə, ərik ağacım…
və ya:
Ərinməz ər sözə ərən dərəsi,
Dəyirman yerində Cünun ağlayır.
Sözün Koroğlusu,-Sabir nərəsi,
Sözün Füzulisi Məcnun,- ağlayır …
və ya:
Hələ çox günahın yeri ağ qalıb,
Hələ kef göyərdir hər sönən ocaq.
Bu günü gülənlər elə çoxalıb,
Bilmirəm, sabahı kim ağlayacaq…

Məmləkətini ağlaya-ağlaya özünü ağlayır şair. Həm də heç kəsin ağlaya bilməyəcəyi kimi… Necə ki, bu qədər qübara, qəhərə heç kəsin tab gətirməyəcəyi kimi:

Bu gecə ürəyim elə ağrıdı,
Heç kəsin ürəyi ağrımaz elə.
Bu gecə özümə elə ağladım,
Ölsəm heç anam da ağlamaz elə…

Ağla şair! Məmləkətini ağla!Çalınmış torpaqlarına, talanmış yurduna ağla! Bu tayda Şuşana, Dərbəndinə, o tayda Təbrizinə ağla! Ağla şair, adı dəyişdirilmiş torpaqlarına, elinə-obana ağla. Bu parça-parça Vətəni ağla! Çünki, məmləkətini elə sənin kimi ləzzətli ağlayan olmayacaq:

Nə şum var, nə daş ağzı,
Nə daşlığa dən ağla.
Mən ağlaya bilmirəm,
Dur, mən ölüm, sən ağla…
Yoxsa, Bəxtiyar Ərşad sənə deməzdi ki;
Ağlayaq, söz-söz ağlayaq,
Baxışaq, göz-göz ağlayaq,
Oturub diz-diz ağlayaq,
Mən Təbrizi, sən Dərbəndi…
 

Şair haqqında iki kitab

 

Ağlayaq, elə hamılıqla ağlayaq. Övliya Çələbinin öydüyü, Oruc bəy Bəyatın təkcə Azərbaycanın yox, bütün "Şərqin paytaxtı” adlandırdığı əzəmətli Təbrizi ağlayaq. Elə diz-diz, elə dizin-dizin…
Mən şairin şeirlərinə ona görə vurğunam ki, bu poeziyanın iztirabı da məhəbbət iztirabı kimidir. Elə bil bu dərdlərdən, iztirablardan ayrılmaq istəmirsən:

Eh, indi nə var ki, başdan keçməyə,
Ürəkdən keçməyə indi nə var ki…
Torpaqdan keçməyə, daşdan keçməyə,
Çörəkdən keçməyə indi nə var ki…
və ya:
Açın ağ çadırdan qara bağları,
Qara Laçınları, Qarabağları,
Yaradan utanır ac uşaqları
Ağalar, bağlayın ciblərinizi…

Ramiz Qusarçaylı yalnız iki əsrin deyil, bütün zamanların şairidir. Bu şeirlərin ruhu yaşadığımız və yaşayacağımız məkana hopur:

Ürək kəsdim, arıtdım,
Söz-söz sərib qurutdum…
Bir misranı unutdum,-
İçimdə balam öldü…
və ya:
Gec gələrəm, kənd yolları,-
Gileylənər toz dilində.
Kol dibindən qız bənövşə
Səslər məni naz dilində,

Nə xırman bir, nə dən birdi,
Döyən min-min, bədən birdi.
Mən ha deyim Vətən birdi,-
İkidi Araz dilində…

Üçü deyil, beşi deyil,
Haqdan dönən kişi deyil,
Hər oğulun işi deyil
Gəl oxuyaq saz dilində.
ya da:
Əyri əldən düşüb, düz ölən deyil,
Ölən mən özüməm,
söz ölən deyil!
İlahi, bu millət düzələn deyil?!
Ölüb bu torpağın altından keçdim…

Müəlllif: Gülarə Aydın

 

Şair haqqında iki kitab

 

"Bir çiçək səhəri"

Ramiz Qusarçaylı da yüz yaşı yarı elədi. Əlli yaş bir igidin sənət ömrüdür. Əllini haqlamaq şairlik taleyində adicə bir ad günü, adicə bir yubiley tarixi deyil. Əlli yaş şairlik istedadının yetkinlik məqamı, ədəbiyyat və əbədiyyət qarşısında hesabat anıdır.
İllər necə də tez gəlib keçir. Ötən əsrin (Əvvəllər biz "ötən əsr” XIX əsrə deyərdik. Görünür, təkcə illər yox, elə əsrlər də tez ötüb keçir.) 80-ci illərində peşəkar ədəbiyyata gələn, mətbuatda çap olunan ilk şeirlərindən bənzərsiz istedadı, orijinal düşüncə və deyim tərzi ilə ədəbi mühitin diqqətini cəlb edən, oxucu rəğbəti qazanan Ramiz Qusarçaylı seçdiyi sənət yolunun hamar olmayacağını əvvəlcədən duyaraq yazırdı:

Mən düşdüyüm yol ayrıdı,
Yoxuşludu, dolaylıdı,
Hər yan qoşma, gəraylıdı —
Dərələrin bulaq sazı
Dinir köklənə-köklənə.

Ürək fikirlə xışlanıb,
Duyğu-duyğu naxışlanıb,
Sinəmdə səpin başlanıb —
Altdan xışlana-xışlana,
Üstdən ləklənə-ləklənə.

Gənc şairin bədii fikirlə xışlanaraq poetik duyğuyla ləklənən ürəyi, bu təşbehlərdən də göründüyü kimi, ilk növbədə təbiətə bağlılıq, doğmalıq notları üzərində köklənmişdi. Amma elə həmin ilk şeirlərdən aydın görünürdü ki, Ramiz Qusarçaylı poeziyasında təbiət obrazı adət etdiyimiz ənənəvi tərənnüm obyektindən ciddi şəkildə fərqlənir. O, təbiətin gözəlliklərini sadəcə vəsf etməklə kifayətlənmir, poetik sözün vasitəsilə təbiət görüntülərinin daxili mənasını açmağa çalışırdı.

Nərgizlər məst olub öz qoxusundan,
Hər naxış üstünə yüz ilmə düşüb.
Bir arı oyanıb qış yuxusundan,
Bir gülün canına üşütmə düşüb.

Uğunur budaqda tumurcuq çatlar,
Qönçələr dartınıb qınındın çıxır.
Cücərən toxumla, uzanan otla
Torpağın ağrısı canından çıxır.

Duman bir dərənin dodaqlarında,
Bulud bir zirvənin qaşı üstədi.
Ürəyim quzeydə qalan qarın da
Qaralan rəngini yaşıl istədi.

Ənənəvi poeziya nümunələrindən fərqli olaraq, Ramiz Qusarçaylı lirik "mən”in mənəvi aləmini əks etdirmək üçün təbiət mənzərələrinin onun ovqatı ilə uyarlığından, ya da bədii kontrast yaratmaq lazımgələndə əksliyindən adi poetik priyom kimi bəhrələnmirdi, insan xarakterinin incəlikərini açmaq, insan taleyinin görünməyən guşələrinə işıq salmaq, daha geniş mənada isə, həyatın fəlsəfi mahiyyətinimənalandırmaq üçün bir ümumiləşdirmə vasitəsi kimi istifadə edirdi.
Ədəbiyyata mətbuat işçisi kimi gələn Ramiz az sonra "Elm və həyat” jurnalındakı yazı-pozu işini qoyub tikintidə daşyonan fəhlə işinə keçməli oldu. Bu "mənəvi mühacirət”in səbəbləri barədə indi söhbətaçmaq çox uzun çəkər. Təkcə onu demək istəyirəm ki, bu addım Ramizin onsuz da inadkar olan xarakterini bir az da mətinləşdirdi, poeziyasına yeni mövzular, bədii üslubuna yeni ifadə vasitələri gətirdi.
Səhv etmirəmsə, 1986-cı ilin söhbətidir, xalq şairi Bəxtiyar Vahabzadənin evində bir görüş zamanı ona həmin dövrün cavan şairlərinin şeirlərini oxuyurdum. Rəhmətlik Akif Səmədin — "Bircə qarış yolvarıymış Adəmdən Akif Səmədə” — misrası yaman tutmuşdu şairi. Bir də Ramizin "Daş” şeirini çox bəyəndi.

Hələ gücüm çatır daş qaldırmağa,
Hələ daş yonmağa çatır hövsələm.
Bir harın kefinə özüldən çıxan
O günahsız daşı yona bilmirəm.

Daş daşı gəmirir,
daş daşı yeyir —
Bu sirrin daşlaşan kökü dərində.
Daşların tozudu,
Qəm tozu deyil —
Ağarır göyərən sətirlərimdə.
 

Şair haqqında iki kitab

 

Bəxtiyar müəllim ürəyinə yatan sonuncu bənzətmənin nədən yarandığını soruşdu. Dedim, müəllif tikintidə daşyonan işləyəndə yazıb bu şeiri. Xəbər aldı ki, yenədəmi orada işləyir? Dedim, xeyr, indi onun misralarına ağ daşların yox, qara kömürün tozu hopur. Çünki Ramiz artıq "mənəvi mühacirəti” həqiqi mühacirətlə əvəz etmişdi — Donbasda kömür şaxtasında qazmaçı işləyirdi. Və həyatın bu dönəmi də onun taleyində və poeziyasında öz izini qoydu.

Əyriyə düz qoşub, düzü əymirəm,
Ürəyim boydayam,
Sözüm boydayam.
Torpağın üstündə gözə dəymirəm,
Torpağın altında özüm boydayam...

Orada yazdığı şeirlərdə Ramizin həmişə vətən ətrinin, Vətən sevgisinin simvolu kimi götürdüyü çiçək obrazı yeni bir ovqatla mənalandırılır:
Ramiz Donetskdə yaşayanda onunla hərdən məktublaşırdıq. Məktublarında məişət və gün-güzəran söhbətlərindən daha çox ədəbi mühit və cəmiyyətin həyatı ilə maraqlanırdı. Həmin illərdə başlamışQarabağ uğrunda mübarizə və milli mücadilə Ramizin zehnini və qəlbini ən çox məşğul edən mövzular idi. Qürbətdə keçən illər onun şeir politrasına yeni rəng çalarları gətirdi, poeziyasında vətənpərvərlikmotivləri, ictimai mövzular ön plana çıxmağa başladı. O vaxtacan yurduna daha çox ana torpaq, doğma təbiət kimi bağlı olan Ramiz Qusarçaylı indi onu VƏTƏN kimi, mənəvi varlıq kimi sevməyə, onun ağrı-acılarından, problemlərindən, millətinin dərd-sərindən yazmağa başladı, mübariz bir şair kimi formalaşdı.
Doxsanıncı illərin əvvəllərində vətənə döndükdən sonra ölkəmizin həyatında olduğu kimi, onun yaradıcılığında da yeni bir mərhələ başlandı — publisist ruhlu vətəndaşlıq poeziyası mərhələsi. Yerigəlmişkən, Azərbaycana qayıdandan sonra Ramiz paytaxtda yox, bölgədə — həm torpağa, təbiətə yaxın olan, həm də yamanlıqlardan qaçmağın və gizlənməyin daha çətin olduğu, hər şeyin ovuc içi kimi gözqabağında olduğu, haqq yolunda toqquşma və mübarizələrin qaçılmaz, konkret və əyani olduğu doğma Qubada yaşamaq qərarına gəldi. Orada bütün bölgənin ədəbi həyatına bir canlanma gətirmiş "Ay işığı”ədəbi birliyini yaratdı, öz kitabları ilə yanaşı yerli şairlərin almanaxlarını da nəşr etdirdi. Artıq neçə ildir ki, Yazıçılar Birliyinin Quba bölməsinə rəhbərlik edir.
Bu mərhələdə Vətən sevgisi Ramiz Qusarçaylı poeziyasının əsas qayəsidir. Amma, nə yazıqlar, həyatımızın reallığı budur ki, xəbis ürəyini Vətənə yük eləyən, torpağı özəlləşdirmək adına yurdu satışaçıxaran, Dərbəndin yolunu tanımayan, qaçqın çadırlarını arvad çadrası kimi üzünə tutan, namaz qılıb rüşvət alan, Vətəni yüz yerə bölüb şairin ürək naləsini də yüz yerə yozan "adamlar” Vətəni sevməyə qoymurlar.

Bax Araz dünyanın Şuşa rənginə,
Dərdi Vətən-Vətən düzürəm hələ.
Qarışıb payızın meşə rənginə
Sözümün rəngini gəzirəm hələ —
Vətəni sevməyə qoymurlar məni.
Şairi nə qədər yükləmək olar,
Şairi nə qədər təkləmək olar,
Bu şər qulaqları,
Şür qulaqları
Şairə nə qədər şəkləmək olar? —
Vətəni sevməyə qoymurlar məni.

Kəskin ictimai motivli şeirləri ilə təkcə təmsil etdiyi ədəbi nəslin nümayəndələri içərisində deyil, ümumən müasir poeziyamızda sözün müsbət mənasında hamıdan seçilən Ramiz Qusarçaylı söz qırmancınıntəsir gücünü artırmaq üçün bəzən hətta satira motivlərindən də istifadə etməli olur.

Yekə-yekə itlərinə uymayın,
Başdan-başa təhlükədi hər keçid.
Bu sürünü belə başsız qoymayın,
Çox sürünü qurda verib bir keçi...

Bu zaman Ramiz ədəbiyyatımızda çox rast gəlinən bir mərəzdən də yan keçməyi bacarır. Şeirlərin estetik keyfiyyətini ictimai siqlətinə qurban vermir. Məsələn, həyatın və dünyanın xeyirşər qarşıdurmasınıbədii təzadlar vasitəsilə ifadə etmək üçün şair "…və” şeirində modern ruhlu son dərəcə orijinal poetik forma tapmağa müvəffəq olmuşdur.
və bu ağ qaralar,
və qara ağlar…
və bu ağ uralar,
və qara tağlar…

və bu ağ durnalar,
və qara göylər…
və bu ağ zurnalar,
və qara züylər…

və bu ağ qoyunlar,
və qara bağlar…
və bu ağ oyunlar,
və Qarabağlar…

Bir həqiqəti etiraf etmək lazımdır ki, bu sayaq poetik forma tapıntılarına müasir poeziyamızda çox nadir hallarda rast gəlinir. Bununla belə, ağ dünyamızın üzərindəki qara ləkələr şairin mübarizə əzminisarsıda bilmir, o, dünya qəminə kinayə ilə gülür, onun qarşısından qaçmır:

Nə dərəyəm dumansız,
Nə ürəyəm gümansız,
Sən dinsiz, mən imansız...
Xoş gəlmisən, qəmciyəz.

Ramiz Qusarçaylı şəxsiyyəti və sənəti ilə vaxtında yaşayan və sözünü vaxtında deyən bir şairdir O, bir şeirində bir az hissə qapılaraq — "Vaxtında ölə bilmədim, yaman qorxuram özümdən”, — deyir.Şairin hünəri yalnız vaxtında ölmək yox, həm də vaxtında yaşamaqdır. Qardaş, sən vaxtında yaşa, qoy səni istəməyənlər qorxsunlar. Başqa bir şeirində özünü daha dəqiq xarakterizə etmisən:
Tən gələ bilmədim,
gərək gen gələm —
Sinəmi gülləyə açıq verirəm.
Mən tənbəl şairəm,
elə tənbələm —
Az yazıb çoxuna acıq verirəm.

Pislərin və pisliklərin acığına YAŞAMAQ və YARATMAQ lazımdır. Dan üzü üstünə zərli şehlər qonmuş çiçək kimi açılan səhərə, gələn günə ümidlə, inamla...

Şair haqqında iki kitab

                                                                                                                          Müəllif: İlham ABBASOV

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz