» » Təhsilimizlə bağlı qənaətlərim: sovet dövrü təhsil sistemini necə gördük, bugünkü təhsil sistemi necədir (I yazı)

Təhsilimizlə bağlı qənaətlərim: sovet dövrü təhsil sistemini necə gördük, bugünkü təhsil sistemi necədir (I yazı)



Daha döyüşə qocalar getmir


Məktəb, dərslik mövzusunda mənim həmişə fikirlərim olub. Bunların bəzilərini ayrıca məqalə halında "Ana və Uşaq.az” saytında dərc etmişəm, bəzilərini isə müxtəlif sosial şəbəkələrdə dostlarla müzakirələr zamanı paylaşmışam. Bu yazını isə yazmağıma səbəb yaxından tanıdığım bir neçə tanışımın 65 yaşları tamam olan kimi, təqaüdə çıxarılmalarından, həm də çox adi şəkildə çıxarılmalarından təsirlənərək qələmə aldım.
İnsan 65 olmasın 70 olsun, 75 olsun, elə həyatının sonuna kimi işləyə bilməz ki. Buna onun nə hazırlığı, nə də sağlamlığı imkan verməz. Amma 65 yaş elə hesab edirəm ki, bir qədər tezdir.
Əgər sağlamlığı imkan verirsə və özü də işləmək arzusundadırsa, niyə onu 40-45 ildən sonra küsdürüb yola salaq, işləmək iqtidarında olanlar 70 yaşına kimi işləsə nə olacaq ki. Bir halda ki, onlar 5 il hər il müqavilə bağlamaqla yenə işləyə bilərlər. Ağsaçlı, ustad müəllimlərə bir vaxtlar olduğu kimi, 3 il təyinat müddəti bitən kimi, ərizəsini yazıb uzaqlaşan müəllimlər kimi baxmaq olmaz. Bu müəllimləri təqaüdə yola salanda çox təntənəli şəkildə yola salmaq lazımdır, təhsil idarələrinin həmkarlar təşkilatlarının vəsaiti hesabına xatirə hədiyyələri ilə yola salmaq lazımdır. Məktəblə əlaqələrinin üzülməməsi üçün təqaüdə çıxmış müəllimlərdən formalaşmış ictimai şuralar da yaratmaq olar. Belə müəllimlərin məktəb və ailələr arasında əlaqələrin inkişaf etdirlməsində zəngin təcürbəsi hər zaman faydalı ola bilər.Onlar məktəbdə keçirilən bütün təntənəli tədbirlərə dəvət olunmalıdır. Belə diqqət, etimad və hörmət zamanda pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərin də hafizəsində silinməz izlər buraxacaq. Gənc müəllimlər 30-40 ildən sonra bu yaşa çatanda qarşılaşacaqları hörmət və ehtirama indi sələflərinin timsalında əmin olacaq. Bu heyranlıq onları öz peşələrinə daha da yaxından bağlayacaq.
Beləliklə, bu yazıda ömrünün enerjili vaxtlrını sevib –seçdikləri müəllimlik peşəsinə həsr etmiş və 65 yaşı tamam olanda işindən, kollektivindən uzaqlaşdırmaqla incidilmiş müəllimlərdən bəhs edəcəyəm. Eyni zamanda, bir müəllim, müstəqil bir jurnalist, valideyn, bir vətəndaş olaraq təhsil sistemimizdə müşahidə etdiyim və məni narahat edən problemlərə münasibət bildirəcəyəm.
Olsun ki, ağır fiziki iş sahəlrində çalışmış və yaşları 65-ə çatmış insanlarımız qocalığın bu həddini gözləmiş olsunlar. Çünki onların alacağı təqaüd aldığı əmək haqlarının orta səviyyəsindən yuxarı olacaq. İndi onlar evlərində oturub, günlərini nəvələri ilə gəzintilərdə keçirəcək, zərərli və ağır iş şəraitində yorulmuş bədənlərini daha rahat buraxacaq, istirahətə çıxaracaqlar.
Cəmiyyətdə müəyyən mövqeləri olan vəzifə və səlahiyyət sahibləri pensiya yaşı ilə, təbii ki, razılaşmaq istəmirlər. Bir zavod direktorunun, yüksək vəzifələrdə çalışan məmurun, ədliyyə işçisinin təqaüdə göndərilməsi onlar üçün heç də sevindikləri hal ola bilməz.
Müəllimlər də belə tez təqaüdə göndərilməsini istəmirlər, baxmayaraq ki, hər zaman aşağı maaşla işləyiblər, onlara ayrılan təqaüd də ən aşağı həddədir. Keçən il şimal rayonlarımızın birində tələbə yoldaşım təqaüdə çıxdı. 48 illik əmək stajı ilə ona cəmi 359 manat təqaüd kəsilib. Ədalətlidirmi, indi adına 1 gün əmək kitabçası yazılmayan 260 manat alır. 48 il stajı olan müəllim ondan cəmi 100 manat artıq.
Bir vaxt deyirdilər ki, müəllimlərə dövlət qulluqçusu statusu verəcəklər, sonra nəsə fikirləşib, bu söhbətə bir daha qayıtmadılar. Amma müəllimləri işə imtahanla qəbul etməyi, diaqnostik qiymətləndirilməni( hələ irəlidə sertifikasiya da olacaq) elə kütləvi hala gətirdilər ki,
artıq Təhsil Nazirliyi nə etdiyinin, necə etdiyinin və yaxud nə edə bilmədiklərinin fərqində deyil, sadəcə, çıxış yolunu yaş senzi tətbiq etməkdə görüb. Yaxşı ki, mən müəllimlikdən çox-çox əvvəllər uzaqlaşmışam. İndiyə qalsaydım, 2 il bundan əvvəl ürəyim tap gətirməzdi, 5-10 il də artıq yaşamaq haqqımı vaxtından qabaq itirərdim.
Müəllim 40-45 il hər gün məktəb yollarının yolçusu olub. Məktəbə, şagirdlərinə bilik, kamal daşıyıb. Az maaşla fədakarlıq edib. Bir mağaza müdiri, İAŞƏ işçisi , kolxoz sədri, zavod direktou axşam saat 10-da, 11-də məst-xumar yatanda, müəllim əyani vəsait hazırlayıb, dəftər yoxlayıb, elmi-metodiki ədəbiyyatlara göz yetirib.
Bir dəfə nəinki Antalyaya, heç "Günəşli” sanatoriyasına istirahətə gedə bilməyib. İldə bir dəst təzə kostyum ala bilməyib. Amma səsini çıxarmayıb. Nə gücü olubsa, pərvanə kimi müəllimlik amalına sərf edib. Bu sayaq çətinlikləri olsa da, şərəfli müəllimlik adı ilə hər zaman qürur duyub, öyünüb. Axı o vaxtlar bu adla kimə oldu müraciət etməzdilər: sahibkarlara, vəzifə adamlarına "müəllim” deməzdilər. Adətən, vəzifə adamları orta yaşdan aşağı olmazdı. Çünki ağzından süd iyi gələ-gələ vəzifəyə qoymazdılar ki. Gərək komsomol, partiya təşkilatlarında bir təcrübə qaznıb püxtələşəydi sonra . Belə adamlara "dayı” deyirdilər, ya da "yoldaş sədr”, "yoldaş rəis”. İndi isə bələdiyyə sədri olub torpaq alveri ilə mışğul olan rüşvətxor məmura da müəllim deyirlər.
Son illər plansız, sistemsiz olaraq o qədər müəllim kadrları hazırlayıblar ki, bu gün müşahidə olunan sıxlıq bir az da buna görə artıb. Artıb və həm də yeni problem yaradıb. Bu qədər müəllimləri işlə təmin edə bilmirsinizsə, hər il nə üçün qəbul aparırsınız?
Axı bunları yerləşdirmək lazımdır. Yaş senzini ortaya atmaqla yeni iş yerləri yarada və gərginliyi azalda biləcəyini zənn edən Nazirlik, əksinə, daha ciddi problem yaradıb. Həyatlarını elmə, təhsilə həsr etmiş ağsaçlı, qocaman müəllimləri işlədikləri məktəblərdən, peşələrindən uzaqlaşdırıb başqa bir narazılığa rəvac veriblər . İllərlə yaşı olan bir məktəb, sinif otaqları doğma simalarını itirir, amma hansısa təhsil yetkililəri isə əvvəldə qeyd etdiyim kimi, bundan rahat olur ki, yeni vakant yerlər yaranacaq. Kadr ehtiyatlarında mövcud sıxlıq bir qədər seyrələcək. Təbii ki, kimsə ömrünün son anına kimi vəzifəsində qala bilməz. Amma bunun bir Allahlı, demokratik, hüquqi bir həll yolu olmalıdır.

Qanundursa, bu həll yolu Əliyə bir cür, Vəliyə başqa cür tətbiq edilməməlidir

Əli və Vəlinin göstəriciləri eynidir. Olsun ki, elmi, metodiki peşəkarlıqlarında müəyyən fərqlər olsun. Bunu fərqləndirmək işsən azad edilməklə deyil, başqa formalarda olmalıdır. Əlini təqaüdə çıxarıb Vəlini saxlayanda bunu bütün kollektiv görür, bilir ki, burada haqq, ədalət tərəzisinin gözü əyilib.Bunu nəinki təkcə həmin müəllimin çalışdığı kollektiv, həmçinin o məktəbin xidmət etdiyi ərazinin bütün valideynləri bilir, şagirdlər bilir. Müəllimə belə yanaşma təhsilə, məktəbə heç başucalığı gətirməz. İnsanlar hay-küy salmayacaq, məktəbin qarşısında piket təşkil etməyəcək. Amma bu qədər insanların hamısının qəlbində mütləq bir narazılıq var.
Bu gün təhsil sistemində baş verən neqtiv hallar kifayət qədər çoxdur, bunlar həm də artıq kütləviləşmiş problemlərdir.
Təhsilimiz üçün köhnə tədris metodlarından hələ tam uzaqlaşa bilməmək, yeni tədris və təlim metodlarının, fəal-interaktiv təlim texnologiyalarının, interaktiv dərsin mərhələləri və ona verilən tələblərin, kurikulumun mahiyyəti və məzmununun, innovativ pedaqoji fəaliyyətlərin ləng tətbiqi və sair bu kimi məsələlər ciddi problemlər sırasındadır.
Dərslik və dərs vəsaitləri hazırlanması sahəsində ciddi sistemsizlik var. Məktəblər, ailələr keyfiyyətsiz dərslik, dərs vəsaitləri, test topluları ilə doludur.
Repetitorluğun mövcud olması təhsili və məktəbi nüfuzdan salır, müəllimlərin ruhunu və yaradıcılıq qabiliyyətini öldürür.Çünki şagirdlər əgər repetitor yanına gedirsə, adətən, belə uşaqlar dərsə davam etmirlər, əgər edirlərsə, onlar üçün artıq dərsin necə keçilməsinin əhəmiyyəti yoxdur. Onlar müəllimə də, dərsə də laqeyd yanaşır. Çünki hansı qrupda imtahan verəcəklərsə, yalnız o qrupda imtahan verəcəyi fənlərə repetitordan öyrənməklə evdə hazırlaşırlar.
Qeyd etdiyimiz kimi, bu gün ilk peşə təhsili və orta ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Nə qədər adama rast gəlirsən ki, deyir peşə məktəbi bitirmişəm, kollec bitirmişəm, iş tapa bilmirəm.
Ali təhsil müəssisələrində təyinat sisteminin tətbiqinə ehtiyac var.Magistratura səviyyəsini bitirənlərə mütləq təyinat verilməlidir və sovet dövründəki kimi təyinat müddəti tətbiq edilməlidir. Həm də buna ciddi nəzarət qoyulmalıdır.
Biz oxuyan vaxtlar ali məktəbi bitirib azad təyinat almaq mümkün deyildi(müəyyən istisnaları çıxmaq şərtilə). Kimsə istəsəydi ki, təyinat yerinə getməsin, Bakıda qalsın, mümkün deyildi. Onda müəllim məktəblərdə işə düzələ bilməzdi, soruşacaqdılar ki, sən bu il qurtarmısan, niyə təyinat yerinə getməmisən?
Bununla belə, az-maz da olsa adamı olanlar, imkanlı adamların uşaqları sən delə, Bakıda ilişib qalırmış. İllər keçəndən sonra məlum oldu ki, filan-filan tələbələr qalıb, qeyri-pedaqoji sahələrdə çalışıb, təyinat müddəti qədər vaxt keçəndən sonra üzə çıxıb daha yaxşı yerlərə yol tapıblarmış.

  Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.