» » Qafqazın konservatoriyası

Qafqazın konservatoriyası

İstedadlar yurdu

Qafqazın konservatoriyası

 

XIX əsrin ortalarında çarizmin müstəmləkə siyasətinə zidd olaraq Azərbaycanda yeni bir mədəni həyat qaynayırdı. Qarabağda, xüsusilə Şuşada elm və ədəbi fəaliyyət artdı. Hələ Vaqif dövründən başlayaraq, Şuşa şəhəri böyük ədəbi mərkəz kimi bütün Azərbaycanda şöhrət tapmışdı.

Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, bundan əlavə mətbəə, kitabxana, "realni uçiliş”, seminariya və bir sıra mədəni-maarif müəssisələri Şuşada yaranmışdır. XIX əsrin 40-cı illərindən başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri inkişaf edirdi. Yerli teatr həvəskarları tərəfindən teatr tamaşaları göstərilirdi. Yeri gəlmişkən qeyd etməliyik ki, Qafqazın tarixində ilk dəfə teatr tamaşaları 1845-ci ildə Tiflis şəhərində göstərilmişdi.

O vaxtları ticarətdə, mədəniyyətdə Tiflislə rəqabət aparan Şuşada isə ilk teatr tamaşaları 1848-ci ildə göstərilmişdir.

1891-ci ilin yazında Şuşada şəhər varlılarından H.A.Xandəmirov tərəfindən teatr binası tikildikdən sonra şəhərdə teatr tamaşalarının sayı artmağa başlandı. Şəhər əhli bu tamaşalara böyük maraq göstərirdi.

Təsadüfi deyildir ki, böyük Şeksprin məşhur "Otello” faciəsi ilk dəfə Şuşada oynanılmışdı. 1904-cü ilin sentyabrın 1-də Xandəmirovun teatrında ilk dəfə Azərbaycan dilində "Otello” draması tamaşaya qoyuldu. Otello rolunda əsərin mütərcimi Haşım bəy Vəzirov oynamışdır.

Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq keçən əsrin 70-80-ci illərində Şuşada musiqi salonları, məclisləri, dərnəklər və musiqi məktəbləri yaranmışdı. Şuşada musiqi məktəbinin yaradıcıları Xarrat Qulu və Molla İbrahim olmuşdur. Professor Bülbül qeyd edir ki, tələbələr 13-14 yaşına kimi Molla İbrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun məktəbində musiqi dərsi keçirdilər.

Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında keçirilmişdir. Dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada "Xandəmirovun teatrı”nda keçirilən bu konsertdə məşhur sənətkarlar Cabbar Qaryağdı oğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, tarzən Sadıqcan, Məşədi Zeynal , Ata Bağdagüloğlu, aşıqlardan Abbasqulu, Nəcəfqulu və başqaları iştirak etmişdilər.

Şuşa XX əsrin əvvəllərində Qafqazın həm konservatoriyası, həm də Azərbaycanın musiqi beşiyi idi. O zaman Qafqazın harasına getsəydin orada çalıb-oxuyanın şuşalı olduğunu görərdin. Təsadüfi deyildir ki, Şuşaya həm də istedadlar məskəni deyərdilər. Bu istedadlar isə Şuşa ədəbi-musiqi məclislərinin və Qarabağ vokal məktəbinin yetirmələridir...

Qafqazın konservatoriyası

 

Şuşa şəhəri məşhur ədiblərin, şairlərin, görkəmli bəstəkarların, incə səsli xanəndələrin vətənidir. Xalq arasında yaxşı demişlər:

- Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir! Həqiqətən belədir. Cəsarətlə demək olar ki, Şuşanın Azərbaycana verdiyi istedadları heç bir şəhər verməmişdir.

Azərbaycan Respublikasının Elmlər Akademiyasının topladığı məlumata görə təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-ə qədər müəllim və sairə olmuşdur. Bu böyük ziyalı dəstəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə və burada mədəniyyəti inkişaf etdirməkdə böyük rol oynamışlar. Bu istedadların təşəbbüsü və yaxından iştirakı ilə Şuşada 10-a qədər ədəbi, elmi və ayrı-ayrı sənətləri əhatə edən məclislər yaradılmışdır. (Firidun Şuşinski. "Şuşa”. Bakı. Gənclik. 1998)

• Qasım bəy Zakir (1784-1857) – Şair, Azərbaycan ədəbiyyatında tənqidi realizmin və satirik ədəbi cərəyanın banilərindən biri.

• Xurşidbanu Natəvan (1830-1897) – XIX əsrin ən görkəmli Azərbaycan şairəsi.

• Mir Möhsün Nəvvab (1833-1918) – Şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, dülgər, kimyagər, riyaziyyatçı.

• Nəcəf bəy Vəzirov ( 1854-1926) – XIX-XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi.

• Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) – Dramaturq, nasir, rejissor, alim.

• Yusif Vəzir Çəmənzəminli (1887-1943) - Görkəmli Azərbaycan yazıçısı.

• Firidun bəy Köçərli ( 1863-1920) – Ədəbiyyatşünas və tənqidçi. "Azərbaycan türklərinin ədəbiyyatı” adlı iri həcmli əsərin müəllifi.

• Kərim bəy Mehmandarov (1854-1929) – Həkim.

• Həmidə xanım Cavanşir (1873-1955) – Azərbaycanın ilk maarifçi qadınlarından biri.

• Validə Xaspolad qızı Tutayuk (1914-1980) – Biologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü.

• Bədəl bəy Bəşir oğlu Bədəlbəyli (1875-1932) – Azərbaycanın Maarif xadimi

• Əhməd bəy Ağayev (Əhməd Ağaoğlu-Firəng Əhməd) (1869-1939) – İdeoloq, jurnalist, publisist, məşhur "Difahi” təşkilatının yaradıcısı.

• Əbdülbaqi Bülbülcan Zülalov (1841-1927) – Xanəndə.

• Cabbar Qaryağdı oğlu (1861-1941) – Xanəndə.

• İslam Əbdül oğlu Abdullayev (Segah İslam) (1876-1964) - Xanəndə.

• Qasım Abdullayev (Zabul Qasım) (1873-1927) - Xanəndə.

• Seyid Şuşinski (1889-1965) - Xanəndə.

• Bülbül (Murtuza) Rza oğlu (1897-1961) – SSRİ Xalq artisti, müğənni.

• Xan Şuşinski (1901-1979) - Xanəndə.

• Rəşid Behbudov (1915-1989) - SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, müğənni.

• Sadıq Əsədulla oğlu (Sadıqcan) (1846-1902) – Tarzən.

• Qurban Primov (1880-1965) – Tarzən.

• Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (1885-1948) – Dünya şöhrətli bəstəkar, Şərqin ilk operasının yaradıcısı.

• Fikrət Cəmil oğlu Əmirov (1922-1984) – Bəstəkar

• Niyazi Hacıbəyov (1912-1984) - SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar, dirijor.

• Mehdi Əsədulla oğlu Məmmədov (1918-1985) - SSRİ Xalq artisti, aktyor, rejissor, pedaqoq.

• Barat Həbib qızı Şəkinskaya (1914-1978) – Azərbaycan Respublikasının xalq artisti

• Lətif Hüseyn oğlu Kərimov (1906-1991) – Rəssam, Azərbaycan müasir xalça sənəti məktəbinin yaradıcısı.

• Fərəc bəy Ağayev (1811-1891) – Çar ordusunun General-leytenantı.

• Səməd bəy Mehmandarov (1856-1931) - General-leytenant, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri.

• Yaqub Allahqulu oğlu Quliyev (1900-1942) – General-mayor, Stalinqrad qəhrəmanı.

• Aslan Vəzirov Fərhad oğlu (1910-1988) – Polkovnik, Sovet İttifaqı Qəhrəmanı.

• Xəlil Məmməd oğlu Məmmədov – Sovet İttifaqı Qəhrəmanı.

• Bədəlbəyli Şəmsi Bədəl bəy oğlu (1911-1986) – Görkəmli rejissor, Azərbaycanın xalq artisti.

• Bədəlbəyli Əfrasiyab Bədəl bəy oğlu (1907-1976) – bəstəkar, dirijor, musiqişünas, librettoçu.

• Bədəlbəyli Fərhad Şəmsi oğlu (1947) – Məşhur pianoçu, Azərbaycanın xalq artisti.

• Ələsgərov Süleyman Əyyub oğlu (1924-2001) – Bəstəkar, dirijor, Azərbaycanın xalq artisti.

• Hacıbəyli Ceyhun Ədülhüseyn oğlu (1890-1862) – ADR-nın görkəmli dövlət xadimi, publisist.

• Hacıbəyov Sultan İsmayıl oğlu (1919-1974) – Bəstəkar, Azərbaycanın xalq artisti, pedaqoq.

• Hüseynov Rafiq – Tanınmış diktor, Azərbaycanın xalq artisti.

• Məhərrəmov İdris Məhəmməd oğlu – Partiya və dövlət xadimi.

• Kərimova Flora Ələkbər qızı – Müğənni, Azərbaycanın xalq artisti.

və başqaları.

Milli Qəhrəmanları

• Hüseynov Sadıq Dayandur oğlu (1961-1992)

• Qəmbərov Ramiz Bulud oğlu (1962-1992)

• Məmmədov Nizami Murad oğlu (1958-1992)

• Teymurov Rizvan Rəhman oğlu (1967-1991)

Qafqazın konservatoriyası


Mənbə: http://www.faktxeber.com/uann-tarixi-bard-bildiyimiz-v-bilmdiyimiz-mlumatlar_h496322.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.