» » Yaddan çıxmaz Nüsrət Kəsəmənli...

Yaddan çıxmaz Nüsrət Kəsəmənli...


Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...

Anama

Bu nədir...
               vaqona sükut endimi,
təkərlər susubdur, niyə dinməyir?
Ay ana, əllərin göyərçindimi
Çırpınır...
                 qatara çata bilməyir.
 
Geyindi tüstünü qatar don kimi,
Nə dedin...
             Sözün də ağzında qaldı.
Qatardan açılmış bir vaqon kimi
Vağzalda qaldın...
Sükutmu qırıldı,
                bəs bu nə səsdir?
Mən elə bildim ki yağışdır, ana!
Bir dolça su səpdin arxamca, bəsdir,
Gözünün yaşını yığışdır, ana!...
 
Çəkib nəfəsini susur çöl, bayır,
Uzanıb yolları duyğuların da.
Qatarın deyəsən, gücü çatmayır,
Qatara, qoşulub qayğıların da.
 Bu necə ayrılıq?...
                           Yoxdur səda, səs,
Təsəlli həsrəti yıxa bilməyir.
Bayaqdan yol gedir,
                                Qatar nədənsə
Hələ də vağzaldan çıxa bilməyir...
 

Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...

 

 
Küçədən toy keçir

Küçədən toy keçir bu axşam yenə,
Dodaqda təbəssüm, üzdə sevinc var.
Evlər də qol-qola, çiyin-çiyinə-
Elə bil, "Yallı”ya başlayacaqlar.
 
Rəqsdən az qalır sümüklər sına,
Bir maşın içində ikidir dünya.
Bir qoca söykənir əl ağacına,
Köksünü ötürür: "a gidi dünya...”
 
Gəlinlik duvağı bürünüb afət,
Maşının üstündə qırmızı bir şal...
Birinin yolunu kəsdin – cinayət,
Toyun qabağını kəsdin – nəmər al.
 
Varını cehizdə verən analar:
"Bərəkət evimin daşına” deyir.
Evini gəlinsiz görən analar:
"sağ əlin oğlumun başına” deyir.
 
Küçədən toy keçir, dayanır söhbət,
Hamı bu sevincin selindən içir.
Birinin evindən qız köçür, fəqət,
Birinin ömründən subaylıq köçür...

 Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...

Getmək istəyirsən
 
Getmək istəyirsən,
                            bəhanəsiz get,
Oyatma mürgülü xatirələri,
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun barı.
 
Sən dəniz qoynuna tullanmış çiçək,
Dalğalar üstünə atılacaqdır.
Saxta məhəbbətin, saxta sənədtək,
Nə vaxtsa üstündə tutulacaqdır...
 
Yollartək döşənib ayaqlarına,
Sənə yalvarımmı?...
                           Bu mümkün deyil.
Qoymaram qəlbimtək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil...
 
Demirəm, sən uca bir dağsan əyil,
Demirəm, qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə.
 
Getmək istəyirsən, 
                           nə danış nə din,
Yox ol uzaqlartək dumanda, çəndə.
Nəyimi sevmişdin,
                              deyə bilmədin,
İndisə yüz eyib görürsən məndə...
 
Getmək istəyirsən,
                            bəhanəsiz get,
Oyatma mürgülü xatirələri,
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun barı.
Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...
Etiraf
(Birinci varinat)

Qapını döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
İsti dodağımda bir öpüş izi,
əlimdə bir saçın xınası gəlib.

Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam demişəm.

Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısını özgəyə verib gəlirəm.

Bu elə duyğu ki,
Bu elə qəm ki,
Min olsa yenə də əyməzdən səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdən sənin.

Pəncərə dalından yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.

Nağıl danışırsan "Min bir gecə"dən,
Nağılın qorxulu, sehrli, qəmgin...
Mən isə sallanıb kəndir gecədən
Bir quyu dibinə enirəm hər gün.

Bilmirəm mələksən, allahsan, nəsən?
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən
Özüm öz gözümdən düşürəm, axı...
Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...
Etiraf
(İkinci variant)

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi…

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən…

Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən…

Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq…
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq –
Gözümün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi…

Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...
Ona

Yollar darlıq edir ayaqlarıma,
Ürəyim uşaqtək kövrələcəkdir,
Toxundur əlimi barmaqlarıma,
Əllərin çiçəyə çevriləcəkdir.

Məndən istəsəydin əgər eşqini,
Dünyamı bir həzin nəğmə edərdim.
Bir gün Puşkin kimi, Lermontov kimi.
Səninçün dueldə ölsəm nə dərdim.

Təsadüf qəribə işlər görürmüş,
Bir səhər bir eşqin əvvəli imiş,
Ürək sevməz dedim, demə sevirmiş,
Məhəbbət ağılda qüvvəli imiş.

Dənizəm səndədir sahilim mənim,
Bilirəm sahillər qayasız olmaz.
Çağır uşaq kimi yüyürüb gəlim
İstəsən həsrətdən nişanə qalmaz.

Od idim, gözümə sovruldu külüm,
Ömrüm niyə belə düşdü çətinə,
Keçmiş həyatımı bağışla, gülüm,
Sənə sonsuz olan məhəbbətimə.
  

Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...


 

Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...

 

 

 

 

Yaddan çıxmaz  Nüsrət Kəsəmənli...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz