» » Bu dünyanın ölümü var min cürə

Bu dünyanın ölümü var min cürə

 
 

Bu dünyanın ölümü var min cürə

 

 Bir gözəl şairimizin vəfatı xəbərini indicə oxudum: Şamxal Rüstəm.

Şəxsən tanımasam da ədəbi imzasını çoxdan  tanıyırdım.  Özündən çox ədəbi imzası tanınan şair  əsl şairdir.

 Şamxal müəllim   bizim qaynar tələbəlik illərimizdə gəlib ədəbiyyata – keçən əsrin 80-ci illərində.  Filoloji fakültədə oxuduğumuzdan  qəzet, jurnal əlimizə keçəndə ilx baxdığımız sərbəst səhifə olardı , görək şeir varmı?  Şamxal Rüstəm imzasına da belə rast gəlmişik və imzalar içində bu imzaya qarşı həssaslığımız hər aman olub. "Görüş” adlı şeirini    xüsusi bir şövqlə söyləməkdən doymamışam:

 

Yaman damıb ürəyimə, ay gözəl,

Vallah deyən xatalıdı bu görüş.

Arzuları, gümanları yanıldan,

Yüz xatirə sadalıdı bu görüş.

 

Hisslər yenə hara çəkir xəyalı,

Ötən günlər bu xəyaldan  həyalı.

Dünya laldı, yollar laldı,  biz lalıq,

Suallıdı, nidalıdı bu görüş.

 

 Biz ki yarımadıq bu eşq sarıdan,

Eşqimizin yarı zülmət, yarı dan.

Qurban olum, bəlkə dönək yarıdan,

Bir az qanlı-qadalıdı bu görüş.

 

 Şamxal Rüstəmin taleyi  müəyyən   məqamlarda gözəl  sənətkarımız Bəhram Nəsibovun da taleyinə oxşardır. Ömürləri də qısa oldu... Amma Bəhram müəllimin də, Şamxal Rüstəmin də  yaradıcılığına    böyük   rəğbət  hiss edilməkdədir.

Hər ikisinə Allah rəhmət etsin.


 Şamxal Rüstəmdən nümunələr


Bircə bilsəydim

Adını anmadığım babamın, nənəminmi,
Oduna yanmadığım qonşu qız Sənəminmi…
Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi,
Bircə biləydim məni kimin qarğışı tutdu.


Yetməmişəm çətində çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.
Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı tutdu.


Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,
Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Siz məni heç nəyə tələsdirməyin


Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Dünyada heç nədən gileylənmərəm,
Dünyaya gəlişim ağ günə düşüb-
Siz məni heç nəyə tələsdirməyin.


Vaxtında boşalar hər dolan bulud,
Şimşəklər nə bilər çaxmaqdan özgə.
İnsan sevincinə gecikmək olar,
İnsan harayına çatmaqdan özgə-
Siz məni heç nəyə tələsdirməyin.

Hələ nə yazmışam, hələ nəyim var.
Dağ yüklü bir ömrün enişindəyəm,
Hələ zirvələrlə döyüşməyim var-
Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Taledən hərəyə bir pay düşəndə,
Mənim də gecikmək baxtıma düşüb-
Siz məni heç nəyə tələsdirməyin.

Bu dünyanın ölümü var min cürə

Durnaların qatarında gözüm var,
Ürəyimdə neçə qatar söüm var.
Bu dünyada mənim bircə üzüm var,
Ha varaqla, ha soraqla, ha sına.

Dünya bənzər bir qalacıq bürcünə,
Sığınmışam bir balaca küncünə.
Bu dünyanın ölümü var min cürə,
Mən görəsən tuş olacam hansına.

Niyə qopdu tufan

Niyə qopdu tufan, niyə yağdı qar,
O, gələsiydi.
Niyə gözlərini sıxdı buludlar,
O, gələsiydi.

Gecikdi, yollara qar yağıbdı, qar,
Tənhayam, soyuğam, buzam, ay gecəm.
Gözləri yol çəkən de, necə yatar,
Bir şirin nağıl tək uzan, ay gecəm.

Sevəni qorxutmaz nə qar, nə yağış,
Sevirsə, deməli, boranda gələr.
Gözlərəm, dözərəm, səhərə yaxın,
Hicran ürəyimi sıxanda gələr.

Yollarda, izlərdə tufan var, hələ
Demək gəlişinə güman var, hələ.
Güman var hələ!

Ulduzdan od yanıb yanır asiman,
Göydə ay doğub.
Qapımı döydülər, odur ya tufan,
Deyəsən odur.

O tay da uzaqdı, bu tay da uzaq

Nə adla minmişdik bu qayığa biz,
Niyə düşünmədik bir azca qabaq.
Yenə dəli olub bu dəli dəniz-
O tay da uzaqdı, bu tay da uzaq!

Gedirik – gözlərdə yaş gilə – gilə,
Dönürük – arxada hər dalğa bir dağ.
Bəs, indi üz tutaq hansı sahliə?
O tay da uzaqdı, bu tay da uzaq!

Onsuz da yetişməz nə səda, nə ün,
Dostlara bir haray məktubu yazaq:
Amandır, biz gələn yerə gəlməyin,
O tay da uzaqdı, bu tay da uzaq!
 

Bu dünyanın ölümü var min cürə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz