» » Hansı xəstəxanalar və xidmətlər pulsuz olacaq? - İcbari Tibbi Sığortaya 2 ay qaldı

Hansı xəstəxanalar və xidmətlər pulsuz olacaq? - İcbari Tibbi Sığortaya 2 ay qaldı

Müəllif: Anaveusaq.az от 8-11-2019, 16:00
Hansı xəstəxanalar və xidmətlər pulsuz olacaq? - İcbari Tibbi Sığortaya 2 ay qaldı

Azərbaycanda 2020- ci ilin yanvarın 1-dən etibarən uzun illərdir ki, əhalinin gözlədiyi İcbari Tibbi Sığorta sistemi tətbiq edilməyə başlanılacaq. "Qafqazinfo” xəbər verir ki, bu məqsədlə yaradılan İcbari Tibbi Sığorta üzrə Agentlik 2016-cı ildən fəaliyyətə başlayıb.

2016- cı ildə tibbi sığorta pilot layihə kimi Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018- ci ildən etibarən isə Ağdaş rayonunda tətbiq edilir. 2019- cu il İTS-nin ölkə üzrə tətbiqinə hazırlıq ilidir. Hazırda bu istiqamətdə son tamamlama işləri həyata keçirilir.

Qeyd edək ki, İTS sistemi baza və xidmətlər zərfindən ibarətdir. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Bura ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti daxildir. Xidmətlər zərfinə daxil edilən xidmətlərin siyahısının hazırlanmasının hansı mərhələdə olmasına cavab olaraq Agentlikdən "Qafqazinfo”ya bildirilib ki, ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib sənədlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bu arada əlavə edək ki, 2020-ci ildən artıq İTS haqlarının toplanılmasına başlanılacaq. Xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissədən istifadə etmək üçün isə İTS haqqı ödənilməlidir.

Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər ;

peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları;

"Əmək pensiyaları haqqında” qanuna əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;

"Sosial müavinətlər haqqında” qanuna əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;

"Ünvanlı sosial yardım haqqında” qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər;

Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;

Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar,

Ancaq sığorta adları çəkilən imtiyazlı təbəqələr üçün dövlət büdcəsi hesabına ödəniləcək.


İkinci qrup isə işləyən əhalidir.

Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi işəgötürən tərəfindən, işçinin əmək haqqının aylıq 2 faizi işçi tərəfindən ödəniləcək.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üzrə də illik 120 manat müəyyən edilir.

Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

Hazırda işlərin hansı mərhələdə olması barədə "Qafqazinfo” bir neçə sualla Agentliyə sorğu göndərib.

Bütün özəl tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə qoşulması məsələsi gəlincə isə, qeyd edilib ki, 2020-ci ilin yanvar ayından başlayaraq xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstərəcək dövlət tibb müəssisələrinin siyahısı açıqlanıb. İcbari tibbi sığortanın tətbiqi prosesində əməkdaşlıq ediləcək qeyri-dövlət tibb müəssisələri ilə müqavilə imzalandıqda bu haqda məlumat Agentliyin saytında yerləşdiriləcək.

Agentliyin strateji satınalmalar üzrə strategiyası ilə bağlı suala cavab olaraq vurğulanıb ki, "Tibbi sığorta haqqında” AR Qanunun 15-3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb təchizatçıları və ya tibbi ərazi bölmələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. Sözügedən tələblər layihəsi tərəfimizdən hazırlanmış və aidiyyəti qurumlara təqdim olunmuşdur. Hazırda layihə razılaşdırılma mərhələsindədir.

İTS-yə daxil olan tibb müəssisələrinin elektronlaşdırma prosesinin nə yerdə olmasına gəlincə isə, bildirilib ki, tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, İTS-nin məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Bu günədək internetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 106 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub.

İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri etdi. Bu məqsədlə iyul ayından etibarən Agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanıldı. İlkin mərhələdə ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər həyata keçirilib. İkinci mərhələdə isə bu günədək 32 əsas tibb müəssisəsində təlimlər həyata keçirilib. Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.

Günel Türksoy
Hansı xəstəxanalar və xidmətlər pulsuz olacaq? - İcbari Tibbi Sığortaya 2 ay qaldı

Mənbə:https://qafqazinfo.az/news/detail/hansi-xestexanalar-ve-xidmetler-pulsuz-olacaq-icbari-tibbi-sigortaya-2-ay-qaldi-269039

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz