» » Günəş imperiyası, nökər casuslar, diri Tanrının süqutu...

Günəş imperiyası, nökər casuslar, diri Tanrının süqutu...

Günəş imperiyası, nökər casuslar, diri Tanrının süqutu...

...Eramızın XII əsrində Titikaka gölünün sahillərində, bu ərazilərdə hələ 2 min il əvvəldən mövcud olan əkinçi sivilizasiyasının ərazisində ali hökmdarı İnka olan bir xalq peyda oldu. Hökmdar paytaxtını dəniz səviyyəsindən 3416 metr yüksəklikdə saldığı Kusko şəhərinə köçürüb, öz nüfuzunu nəhəng ərazilərə yaydı. XV əsrin cəmi otuz ili ərzində İnklərin məmləkəti yüz dəfələrlə genişlənmişdi və müasir Ekvador, Peru, Boliviya, Çili, Argentina, Kolumbiya kimi dövlətlərin torpaqlarını əhatə edən bir imperiya idi. Özünün ən güclü dövründə İnk imperiyası yer üzünün ən böyük dövlətlərindən idi və əhalisinin sayı 8-15 milyon nəfər təşkil edirdi.
***

İnk dövlətini indiki Peru ərazisində XI-XIII əcrlərdə yaşamış keçua qəbiləsi yaradıb. Bu qəbilə daha sonralar müxtəlif hindu qəbilələrinin ittifaqı əsasında yaradılmış dövlətin hakim təbəqəsini təşkil edib. İnklərin Tauantinsuyyu adlanan (keçua hindularının dilində "tauantinsiyyu” – "dünyanın dörd tərəfi” deməkdir) dövlətinin yaranması o qədər də qədim dövrə təsadüf etmir. Bu dövlətin tarixi 1438-ci ildən başlanır. İnklər digər hindu qəbilələrindən bac alır, qul əməyindən geniş istifadə edirdilər; döyüşdə əsir götürülmüş qullara yanakona deyirdilər. Maraqlıdır ki, Roma imperiyasında yaranmış, sonradan Azərbaycan da daxil olmaqla, bütün Avropa, Mərkəzi Asiya dövlətlərinə yayılmış biyar üsulundan Tauantinsuyyuda da geniş istifadə olunurdu. Bütün hindu qəbilələrinin sıravi nümayəndələri ildə bir neçə ay mərkəzi dövlətin torpaqlarında işləyirdilər. Torpaq dövlət başçısına – Ali İnkaya məxsus idi. Onun hakimiyyəti sakral bir halə altında idi, ilk mifik hökmdar – Manqo Kapaka isə Günəşin oğlu kimi sitayiş olunurdu. İnklər irriqasiya sistemlərindən istifadə edir, hərbi, dini və inzibati məqsədlər üçün obyektlər inşa edirdilər. Qəribədir ki, İnk dövlətinin ümumi mədəni səviyyəsinin yüksək olmasına baxmayaraq, onların yazı üsulu ən ibtidai kipu (keçua dilində "düyün”) idi.

İnklərin ordu quruculuğu

Tayantinsuyyu ordusu iki hissəyə ayrılırdı. Birincisi, imperiyanın hərbi elitası idi və Ali İnkanın şəxsi ordusunu təşkil edən seçmə əsgərlərdən təşkil olunurdu. İkinci, əsas heyət isə hərbi əməliyyatlar, yürüşlər ərəfəsində yığılırdı. Hərbi mükəlləfiyyət kişi cinsindən olan 25-50 yaş arası bütün əhaliyə aid idi. Ordu qəsb edilmiş yeni torpaqlarda yaşayanlar hesabına genişlənirdi. Bu minvalla, ink ordusunun sayı on mindən yüz minədək dəyişirdi.

Sıravi əsgərlərə "auka runa” deyirdilər. Onlar hərbi təlimə hələ uşaq yaşlarında başlayır, silahla davranmaq, əlbəyaxa döyüş öyrənirdilər. 18 yaşından sonra gənc döyüşçülər təcrübəlilərinin yanında silahdaşıyan kimi xidmət edir, hərb işində istedadlarını nümayiş etdirəndən sonra isə əsl döyüşçüyə çevrilirdilər.

İmperiyanın ordusu romalıların koqortası və legionları kimi bölünürdü. Bu, ink ordusuna qeyri-mütəşəkkil rəqiblər qarşısında böyük üstünlük verirdi. Orduda sərt intizam vardı - hər bir yanlışlıq, intizamsızlıq yerindəcə ölümlə cəzalandırılırdı. Qoşun hissələrinin ruh yüksəkliyini təmin edən xüsusi musiqiçi dəstələri vardı; onlar da əsas döyüşçülərlə birgə hücuma keçirdilər; geri çəkilmək musiqiçilərə də qadağan idi. Döyüşlərin taleyini çox vaxt elə musiqi həll edirdi – ekzotik görünüşü olan, insan əzalarından, dərisindən düzəlmiş, əcaib səslər çıxaran alətlərin gurultusu düşmən sıralarına vəlvələ salırdı.

İnk ordusunun döyüş və kəşfiyyat taktikaları

İnklər müxtəlif şəraitlərdə döyüş aparmaq üçün zəruri olan taktikalara tam yiyələnmişdilər. Onlar bircə müdafiə olunmağı bacarmırdılar: Tauantinsuyyunun bütün tarixi torpaqların genişləndirilməsinə, var-dövlət qəsb etməyə yönəlmiş müharibələrdən ibarətdir. Məhz elə ona görə də, hücum və mühasirə sənəti; hücum silahları və döyüş taktikası məhz bu istiqamətdə inkişaf edirdi.

Bütün dövlətlər kimi, İnk imperiyası da, yaxşı tənzimlənmiş xüsusi xidmət – kəşfiyyat və əks-kəşfiyyat orqanları olmadan yaşaya bilməzdi.

Ali İnkaya yaxın əyanlar arasında həmin xidmətlərin rəhbəri xüsusi yer tuturdu. Onu "Tauantinsuyyun əsas xəbərçi və casusu” adlandırırdılar. Başqa, çox məsul bir vəzifə də dövlət nəzarətini müasir prokurorlar kimi həyata keçirən Tokrikoka – "Hər şeyi görən adam” idi. O, heç bir icra və məhkəmə hakimiyyətinə malik deyildi və yeganə vəzifəsi qanun pozuntusunu aşkar edib, onu Ali İnkaya məruzə etmək idi. Cinayətkarın yaxalanması və həbsinə isə "canini tutan İnka nökəri” cavabdeh idi. Bu iki şəxs – Tokrikoka və "İnk nökəri” çox güman ki, əks-kəşfiyyatı təmsil edirdilər. "İnklərin baş xəbərçisi və casusu” geniş agentura şəbəkəsinə malik idi. Onun casus və xəfiyyələri həm ölkə ərazisində, həm də onun sərhədlərindən kənarda fəaliyyət göstərirdilər. Agentlər özlərini adətən, tacir, günəmuzd fəhlə, dilənçi kimi qələmə verirdilər və kimsənin diqqətini çəkmədən, lazım olan məlumatları toplayıb, rəhbərlərinə ötürürdülər. Bu minvalla, qonşularının ərazisində baş verənlər barədə Ali İnkanın xüsusi xidmət orqanlarının müfəssəl məlumatı olurdu.

İşğalçı müharibələrinə hazırlıq zamanı geniş kəşfiyyat tədbirləri həyata keçirilirdi. Bu əməliyyatlarda qoşun yeridiləcək dövlətin təbii şəraiti, sərvəti, müqavimət imkanları barədə müfəssəl məlumat əldə edilməmiş, son qərar verilmirdi. Belə əməliyyatlardan biri barədə İnka Qarsilaso de la Veqa (Inca Garcilaso de la Vega) özünün "İnklər barədə həqiqi şərhlər” ("Comentarios reales de los incas”) əsərində yazır.

Haşiyə. Həmin parçanı oxucularımıza təqdim etməmiş, bir-iki kəlmə müəllif barədə söyləmək yerinə düşərdi. Onun atası don Sebastyan de la Veqa Perunun cənub-şərq əyaləti olan Kusko əyalətinin qubernatoru və ali hakimi olub. Qarsilaso de la Veqanın anası isə XI İnk hökmdarı Uayna Kapakın qardaşı qızı Nyusta idi; odur ki, müəllif özü tarixə bəlli olan "ilk latınamerikalı” sayılır.

Beləliklə, müəllif yazırdı: "İnka Yupanki başqa torpağı da işğal etmək fikrinə düşdü. Bu torpaqlar Çirivana idi. Çirivana And dağlarında, Çarkadan şərqdə yerləşirdi. O zamanlar bu ərazi barədə məlumat olmadığından, hökmdar ora kəşfiyyatçılar göndərir. Onlar ehtiyatla davranaraq, Çirivana, onun sakinləri, imkanları barədə bütün məlumatları toplamalı, bu səfər üçün lazım ola biləcək hər şey barədə tövsiyələr verməli idilər. Casuslar əmrə riayət edərək, yola düşürlər, qayıdandan sonra isə danışırlar ki, o torpaqlar böyük qoşunla əməliyyat aparmaq üçün heç əlverişli deyil – Çirivana keçilməz dağlardan, bataqlıqlardan ibarətdir və əkinçilik üçün əlverişli olan münbit torpaqları yoxdur”.

Bu kimsəsiz torpaqları ələ keçirəndən sonra Yupanki bütün həyatının amalını gerçəkləşdirmək fikrinə düşür və çox zəngin sərvətlərə malik Çili krallığını ələ keçirmək üçün tədbirlər görməyə başlayır. "Öz kral sarayında idarəçilik və ədliyyə işlərini layiqincə həyata keçirmək üçün təcrübəli nazirlər qoyur, Çili istiqamətində sonuncu əyalət olan Atakamayadək irəliləyib, oranı ələ keçirir. Qısa bir zamanda Atakamanı öz imperiyasına daxil edib, məskunlaşdırır ki, Çili ilə müharibəsini daha yaxın məsafədən qızışdırıb, ölkəni işğal edə bilsin; zira Atakamadan sonra arada böyük bir səhra vardı və onu bir yürüşlə keçməmiş, məqsədə çatmaq olmazdı...”

Ali İnka yenə "öz çaparlarını və casuslarını göndərir ki, səhradan ötsünlər, Çili yollarının özünəməxsus çətinliklərini araşdırıb, ən əlverişli yolu tapsın və qoşun başçıları yürüşdə bu çətinlikləri nəzərə ala bilsin. Kəşfiyyatçılar da inklərdən idi, çünki hökmdar belə mühüm tapşırıqları yalnız öz nəslindən olanlara verirdi... Kəşfiyyatçılara xüsusi bələdçilər və çaparlar ayrılır”.

Bələdçi kimi, Atakama və Tukmidən olan, əvvəllər Çili barədə məlumatları ink çaparlarına ötürən hinduları seçirlər. Çaparlar isə bu sahədə çoxdan fəaliyyət göstərən çaskilər idi.

Haşiyə: İnk imperiyasında çaskilər bir məntəqədən digərinə xəbər çatdıran adamlara deyilirdi. Tauantinsuyyuda xüsusi mülki poçt yox idi. "Çaski xidməti” adlanan qurumda birləşən çaparlar gördüyü işlərdən asılı olaraq, iki dəstəyə ayrılırdı: çuro-çaski və atun-çaski. Birincilər, adi göndərişlərin ünvanına çatdırılması ilə məşğul idilər. Atun-çaskilər isə Ali İnkə xidmət göstərirdilər və onların işi çox ağır idi. Hinduların minik üçün sürətli vasitəsi olmadığından çaparlar müəyyən məsafəyə var qüvvələri ilə qaçmalı olurdular. Strateji yollar üzərində hər 2-5 kilometrdən, bir dənə xüsusi post – çukla qoyulurdu. Beləcə, məlumatları bir-birinə ötürən çaskilər xəbəri sürətlə çatdırmağa müvəffəq olurdular. Çaparlar cəmiyyətdə çox hörmətli şəxslər sayılırdı, lakin nadir hallarda ahıl yaşlarına çata bilirdilər. Onların böyük əksəriyyəti ya gənc yaşlarında vaxtsız ölür, ya da, xəbəri ləng çatdırdığına görə ayaqları kəsilərək şikəst edilirdilər. Çaskilərin işlədiyi əsas yol Kito və Kusko şəhərləri arasında idi; yolun bir ucu da Çiliyədək uzanırdı. Yolun uzunluğu, gedib-qayıtmaq nəzərə alınsa, 2500 kilometr təşkil edirdi. Çaskilərin gündəlik yürüşü isə 500 kilometr idi. Beləliklə, xəbər və cavab cəmi beş günə mənzil başına çatdırılırdı.

Fövqəladə vəziyyətlərdə isə inkalar gündüzlər tüstü, gecələr tonqallardan istifadə edirdilər. Bu yolla ən zəruri xəbərlər imperiyanın bir başından digərinə bir neçə saata yetişirdi.

"Və kəşfiyyatçılar yola çıxdı; onlar yollarda böyük çətinliklərdən keçdilər, səhralarda çoxlu çalışdılar, lazım olan yerlərdə xüsusi işarələr qoydular ki, geriyə dönəndə, azmasınlar və onların ardınca gələnlər də yolu tapa bilsin”.

De la Veqa sonra yazır ki, kəşfiyyatçılara kömək edən çaparlar isə qarışqa kimi sürətlə irəli-geri gedib xəbər aparır; qayıdanda özlərilə ərzaq gətirirdilər. Elə ki, kəşfiyyatçılar kifayət qədər məlumat ötürdülər, Yupanki döyüşçülərini yürüşə hazırladı.

Maraqlıdır ki, yürüş ərəfəsində inklər gəldikləri barədə düşmənlərini həmişə qabaqcadan xəbərdar edirdilər. Görəsən, bu, nəcib cəngavərliyin təzahürü idi, yoxsa tamam başqa səbəb vardı? Yəqin ki, burda cəngavərlik axtarmağa dəyməz. İnklərin bu hərəkətində özəl bir məntiq vardı. Güclü düşmənin gəldiyini eşidənlər çox vaxt ya onlara qoşulur, ya da ev-eşiyini atıb, şəhər qalasında gizlənərək, canlarını qurtarırdı. İnklərə də elə bu lazım idi. Onlar boş qalmış yaşayış məskənlərini ələ keçirib, düşmən qalasının uzunmüddətli mühasirəsinə başlayırdılar. Tələsən yeri yox idi, qala, gec-tez, təslim olacaqdı. Sıx mühasirə həm də gələcəkdə yerli əhalinin partizan müharibəsi apara bilməməsi üçün idi.

Onlar kiməsə müharibə elan edəndə də maraqlı davranır, üç-dörd dəfə səfir heyəti göndərirdilər. Təbii ki, səfirlər də kəşfiyyat vəzifələrini icra edir, toplanmış məlumatları dəqiqləşdirir, düşmənin müdafiəyə necə hazırlaşdığını aydınlaşdır, onun zəif və güclü tərəflərini öyrənirdilər. "Diplomatlar”, eyni zamanda, yerli əhali arasında agent şəbəkəsi yaratmaq üzərində işləyirdilər. Onlar həm də düşmən ərazisində kənd təsərrüfatı məhsullarının nə vaxt yetişdiyini dəqiq müəyyənləşdirir, hücumu məhsul yığımından əvvələ salırdılar ki, düşmən ərzaq – qarğıdalı, kartof tədarükü görməmişdən mühasirəyə düşsün.

Günəş İmperiyasının məhvi

1532-ci ildə ispan konkistadorlarının başında Fransisko Pisarra İnka hökmdarı Sapa-İnkanın sarayına gəldi. Buna qədər o, artıq ispan kralı V Karl tərəfindən bu torpaqların qubernatoru təyin olunmuşdu və əlində Günəşə sitayiş edən bütpərəst xalqın könüllü olaraq, xristianlığı qəbul etməsinə şərait yaratmağı tapşıran sərəncam vardı.

Pisarranın dəstəsindəki rahib İnka hökmdarına xristianlığın mahiyyətini izah etdi və qan tökməmək üçün yeni dinə gəlmələrinin vacibliyini söylədi. Sapa-İnka isə ona xəfif bir təbəssümlə cavab verdi: "Deyirsən ki, sənin Tanrın ölümü könüllü qəbul edib, bizimki isə hələ də yaşayır; dirini qoyub, ölüyə necə inana bilərəm?” Və qüruba enən al-qırmızı Günəşə işarə etdi...

Salnaməçilər yazır ki, bu sözlərdən sonra hökmdar rahibin ona verdiyi dua kitabını ayaqlarının altına atır. Rahib isə üzünü Pisarroya tutub, deyir: "Bu hərəkətdən sonra onların qanı halaldır. Bütün günahlarınızı bəribaşdan bağışlayıram”.

Az sonra dəhşətli qırğın başlanır. Sapa-İnka tonqalda yandırılır, döyüşkən xalqın böyük bir hissəsi qılıncdan keçirilir. İnka xalqı daha 40 il yaşasa da, onların üsyana qalxan sonuncu hökmdarı Tupak Amaru 1572-ci ildə tutulur, Kuskoya gətirilir və şəhər meydanında boynu vurulur.

Bu, qədim bir sivilizasiyanın həyatındakı son anlar idi...

Günəş imperiyası, nökər casuslar, diri Tanrının süqutu...

Müəllif: İlqar Əlfi
Mənbə: https://news.lent.az/news/315853

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz