» » Əməli yazı nümunələri - Ərizə

Əməli yazı nümunələri - Ərizə

Müəllif: Esmira m от 8-10-2016, 08:54
Hər bir ölkənin, xalqın dövlətçilik əlamətlərindən biri onun siyasi, iqtisadi, mədəni fəaliyyətini nümayiş etdirən, cəmiyyətə çatdıran dildir. Dövlət qanunlarının, rəsmi göstəriş və sərəncamların, müxtəlif iş sahələrinə aid rəsmi sənədlərin vahid dildə olması mühüm siyasi şərtlərdəndir. Ölkədə vahid dilin – dövlət dilinin olması dövlət idarələrinin işini asanlaşdırır, dövlət quruculuğu və idarəçiliyində ünsiyyəti asanlaşdırır, anlaşmanı maksimum təmin edir.Dövlət dili bütün ölkə ərazisində qeyd – şərtsiz yazılı və şifahi anlaşmanı təmin edir, dövlət sənədlərinin hamısı bu dildə yazılır.
Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.”
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycan dilinin dövlət dili statusu alması ədəbi dilimizin rəsmi-işgüzar üslubunun da funksional imkanlarının genişlənməsinə şərait yaratmışdır. Bunun da nəticəsində beynəlxalq münasibətlərdə dövlətimiz bu dildə təmsil olunur, dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəsmi və ya işgüzar ünsiyyət bu dildə qurulur, sənədlər bu dildə tərtib edilir.
Dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən rəsmi-işgüzar üslub həm rəsmi sənədlərin dilini, həm də işgüzar sənədlərin dilini əhatə edir. Rəsmi və işgüzar sənədlərə əməli yazılar da deyilir. Həm rəsmi, həm də işgüzar sənədlər müəyyən standart formalarda və yığcam şəkildə verilir, hər ikisində fərdi nitq ünsürlərindən qaçılır, obrazlı ifadələr, artıq sözlər işlədilmir.
Əməli yazı nümunələri 
Dövlət və ya hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhür və s. ilə təsdiq edilən sənədlər rəsmi sənədlər adlanır. Dövlətin konstitusiyası, qanunları, qərarları, fərmanları; hökumətin sərəncamları, nazirlərin əmrləri və s.ən mühüm rəsmi sənədlərdir.
İşgüzar sənədlər isə xüsusi dövlət əhəmiyyəti daşımır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir. Afişa, annotasiya, anons, akt, arayış, bildiriş, elan, ərizə, izahat, məktub, reklam, rəy, protokol, teleqram, tərcümeyi-hal və s. işgüzar sənədlərə aiddir. İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır. Bu məqsədlə sizə işgüzar sənədlərin tərtib olunması qaydalarını təqdim edəcəyik.

Əməli yazı nümunələri - Ərizə


Ərizə


Əməli yazının ən sadə formalarından biridir. Ərizə ərəbcə "ərz” sözündən götürülmüşdür və iki mənada işlənir.
1. Müraciət etmək ," ərz etmək" mənasında işlənilir. N.B. Vəzirovun, M.F. Axundovun əsərlərində ümumiyyəltə, XIX əsrin sonlarına qədər yazılan komediyalarda ərizə müraciət mənasında işlənirdi.
2. Müasir dövrdə isə müəyyən formaya malik, rəsmi şəkildə yazılmış müraciət mənasında işlənir.
Məzmununa görə ərizənin iki növünə təsadüf edilir :
a) Şikayət xarakterli ərizələr
b) Xahiş etmək məqsədi ilə yazılan ərizələr
Ərizəyə verilən tələblər aşağıdakılardır :
1) Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır ;
2) Ərizənin məzmunu qısa , faktlar isə konkret olmalıdır ;
3) Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır ;
4) Ərizənin sonunda il, ay, gün və ərizəçinin şəxsi imzası qoyulmalıdır ;
Əməli yazı nümunələri - Ərizə
Ərizələrin məzmunu müxtəlif olsa da , forma standart olmalıdır. Ərizələr formasına görə sadə və mürəkkəb olmaqla iki cür olur. Sadə ərizədə fikir bir neçə cümlə ilə verilir, ərizənin mürəkkəb formasında isə bir sıra rəsmi sənədlərin adı çəkilir, onlara münasibət göstərilir və münasibətin icrası üçün rəhbərlikdən bu barədə sərəncam verilməsi xahiş olunur. Sadə və mürəkkəbliyindən asılı olmayaraq, ərizənin yazılış forması belədir:
1. Vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və müraciət edilən şəxsin adı və soyadı qeyd olunur.
2. Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə kimdən sualını verməklə ərizəçinin adı, soyadı göstərilir.
3. Vərəqin ortasında "Ərizə " sözü yazılır.
4. Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.
5. Ərizənin sonunda ərizəçinin adı, soyadı yazılır, imza qoyulur və onun yazılma tarixi göstərilir.
Ərizə nümunəsinə nəzər salaq :

Əməli yazı nümunələri - Ərizə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz