» » Lirik şair - Ələkbər Ziyatay

Lirik şair - Ələkbər Ziyatay

 
Lirik şair - Ələkbər ZiyatayLirik şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov) 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937-1940). Qiyabi pedaqoji institutda baş müəllim (1940-1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941-1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940-1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948). Sonra Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1950-1959), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri (1959-1968) işləmişdir. 1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxmışdır.
Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla təltif olunmuşdur.
1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir.

Doğma dilim


Doğma dilim, sən ki, varsan dünyada,
Mən də varam söyləməyə haqlıyam.
Dost dillərə min hörmətim olsa da,
Öz dilimə - min könüldən bağlıyam!
*****
Qürbətdə də eşidəndə bu dili,
Hiss edirəm özümü öz elimdə.
Mahnıları uzaq-yaxın ellərin,
Doğmalaşır səsləndikcə dilimdə.
*****
Bu doğma dil ürəyi gen xalqımın,
Kainata baxışıdır, sözüdür.
Bir can desən, min can deyən xalqımın,
Ruhundakı incəliyin özüdür.
*****
Müqəddəsdir bu dilin hər kəlməsi!
Öz dilidir çünki, ulu Qorqudun.
Hər sözündə bir ozanın nəfəsi,
Hər sözündə dağ gücü var Fərhadın.
*****
Çöllərimdə əsən mehin, küləyin,
Elə bil ki, sədasıdır bu sözlər.
Dağlarımda bitən gülün, çiçəyin,
Sanki nazı, ədasıdır bu sözlər.
*****
Şəlaləmin, iti axan çayımın,
Hay səsidir, qıy səsidir bu sözlər.
Sevincimin, kədərimin, toyumun,
Saz səsidir, ney səsidir bu sözlər.
*****
"Mən insanam, Allah mənəm” söyləyən,
Nəsiminin gür səsi var bu dildə.
Neçə taxtı yerlə yeksan eyləyən,
Koroğlunun "vur” səsi var bu dildə.
*****
Sevsəm əgər anam sevən dili mən,
Üzeyirlər bəstələyər laylamı.
Xalqımızı azadlığa səsləyən,
Nərimanın gülər arzu-məramı.
*****
Dönük çıxsam məsləkinə, dilinə,
Torpaq altda rahat yatmaz əcdadım.
Düşsəm əgər bu nankorluq yoluna,
Tarix boyu qınar məni övladım..
*****
Doğma dilim, sən ki varsan dünyada,
Mən də varam söyləməyə haqlıyam.
Dost dillərə - min hörmətim olsa da,
Öz dilimə - min könüldən bağlıyam!

Özümün olsun

Yüz cür bar götürsə yad öz bağından,
Könül zərrə qədər pay ummaz ondan.
Təki öz qapımda əkdiyim fidan,
Yetirdiyi nübar - özümün olsun.
*****
Vardır bu dünyada elə bucaqlar,
Hər ötən yolçunu yolundan saxlar.
Cənnət olmasa da, bu doğma dağlar,
Bu geniş obalar - özümün olsun.
*****
Çox nəhəng bəstəkar yetirmiş zaman,
Pərəstiş etsəm də onlara hər an,
Dilərəm yurdumda hər saz, hər kaman,
Çaldığı havalar - özümün olsun.
*****
Gözüm yox özgələr yaratdığında,
Hər quş bir cür ötür öz budağında,
Sənət sarayının, söz otağında,
Qoyduğüm yadigar - özümün olsun.
*****
Onunçün səngəri etdim ki, məskən,
Nə dosta, nə yada əl açmayım mən.
Sadə geyinsə də yar özgələrdən,
Geyindiyi paltar - özümün olsun.
*****
Qanlı köynəyimi etdim ki bayraq,
Düşmən bu torpağa basmasın ayaq.
Ölərsəm , cismimi qucsun bu torpaq.
Sığındığım məzar - özümün olsun.

Mən rəssam olsam

Mən Bəhruz xəyallı bir rəssam olsam,
Göyərçin əlini çəkərdim sənin.
Alnının üstünə bulud tək enən,
O siyah telini çəkərdim sənin.
*****
İlham pərisini çək desəydilər,
Zöhrə ulduzunu çək desəydilər,
Günəşin özünü çək desəydilər ,
Günəş camalını çəkərdim sənin.
*****
O cür rəssam olsam, ey Ziyatay, mən,
Gözümün önündən bir an getməyən,
Heyif ki, vəslinə əlim yetməyən,
Ürkək xəyalını çəkərdim sənin...

Hirs gələr...Hirs gedər...

Özün getdin, intizarın qaldı, yar!
Məhəbbətin yoxsa gözə gəldi, yar?!
Tanışların bəlkə bizə gəldi, yar,
De nə deyim, məni sənsiz görəndə?
*****
Deyimmi, yar əhdini,
andını pozdu getdi?
Əllərini əlimdən,
hirs ilə üzdü getdi?
Özün yaxşı bilirsən,
Sən ki, yaxşı bilirsən:
Hirs gələr - göz qızarar!
Hirs gedər - üz qızarar!
*****
Evimizdən bir çıxardıq hər səhər,
Yadlar baxıb deyərdi: "Cüt bəxtəvər!”.
Eşqimizə o vaxt həsəd çəkənlər,
De, nə deyim məni sənsiz görəndə?!
*****
Deyimmi, bir kəlməyə,
Bir eşqi verdi qurban.
Deyimmi öz əhdini,
Tapdadı hirslə canan?
Sən ki, yaxşı bilirsən,
Özün yaxşı bilirsən:
Hirs gələr - göz qızarar!
Hirs gedər - üz qızarar!
*****
Bəs deyirdin ömürlükdür bu ilqar?!
Bəs deyirdin qırılmaz bu etibar?!
Bu sözlərə şahid olan qohumlar,
De, nə deyim, məni sənsiz görəndə?
*****
Deyimmi, yar əhdini
Andını pozdu getdi?
Əllərini əlimdən,
Biryolluq üzdü getdi?
Sən ki, yaxşı bilirsən,
Quzum, yaxşı bilirsən:
Hirs gələr - göz qızarar,
Hirs gedər - üz qızarar.
Əhd edib, dönük çıxan,
Həyatda tez qızarar!

Dilim-dilim ol, dilim!

Gizlicə sevdiyim, o məğrur oğlan,
Axır öz eşqini eylədi elan.
Qəlbim sevinsə də, bu etirafdan,
Qoy hələ yalvarsın, yalvarsın deyə:
Könlümü vermişəm, - dedim - özgəyə.
*****
Mənim bu sözlərimdən,
İncidi, küsdü getdi.
Gözucu baxdı, baxdı,
Qəlbimi üzdü getdi.
*****
Dedim: şirin ol, dilim,
Bir az həlim ol, həlim.
Sən ki, incitdin yarı,
*****
Rastlaşdıq, soruşdu: "Təksən? Yenə tək?
Sənsiz darıxmışam. Gəl bir az gəzək”.
Bu sözdən quş kimi çırpındı ürək,
Amma ki, qoy hələ yalvarsın deyə,
Dedim: "Nişanlıyam axı özgəyə”.
*****
Mənim bu sözlərimdən,
İncidi, küsdü, getdi.
Gözucu baxdı, baxdı,
Qəlbimi üzdü getdi.
*****
Dedim: şirin ol, dilim,
Bir az həlim ol, həlim.
Sən ki, incitdin yarı,
Dilim-dilim ol, dilim!
*****
Getdi, qayıtmadı.. kəsildi çaram,
Sinəmdə qövr etdi gün-gündən yaram.
Evlərinə getdim ona yalvaram,
Diz çökmək istədim, tutdu əlimdən ,
Dedi: "Sevgilimi yalvartmaram mən!”
*****
Qəlbimi bu sözüylə,
Yamanca kövrəltdi, yar.
Məndəki şıltaqlığı,
Bax belə tərgitdi, yar.
*****
Dedim: şirin ol, dilim,
Bir az həlim ol, dilim.
Bir də küsdürsən yarı ,
Dilim-dilim ol, dilim!

Lirik şair - Ələkbər Ziyatay

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz