» » Dövlət İmtahan Mərkəzi Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib

Dövlət İmtahan Mərkəzi Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib

Müəllif: Dəyanət от 21-01-2019, 08:09
Dövlət İmtahan Mərkəzi Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib

Dövlət İmtahan Mərkəzi (DİM) Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib. Əvvəlcə DİM-in əməkdaşları Şəki şəhərində Şəhidlər xiyabanını ziyarət ediblər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Şəki şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan dili, ingilis dili, fizika, kimya, biologiya və tarix fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları, alman və fransız dili fənləri üzrə isə elmi-metodiki seminarlar keçirilib.

Tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verib.

Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, ingilis dili fənni üzrə Könül Həsənova, fizika fənni üzrə Əlövsət Rəcəbli, kimya fənni üzrə Afiqə Batıyeva, biologiya fənni üzrə Eynulla Musayev və tarix fənni üzrə Royal Qulusoy müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan altstandartlar, onları reallaşdıran mövzular, yeni tipli qiymətləndirmə vasitələrinin formaları, məzmunu və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.

Sonuncu mərhələdə kurs iştirakçıları kalibrləmə prosesindən keçiblər. Müdavimlərə kurs keçdikləri barədə sertifikatlar veriləcək.

Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron "Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasına (marker kimi) cəlb ediləcəklər.

Seminarların əvvəlində DİM-in Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat verib və müəllimləri maraqlandıran sualları cavablandırıb. Seminarlarda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından olan alman və fransız dili müəllimləri və Şəki Şəhər Təhsil Şöbəsinin xarici dil fənləri üzrə metodisti iştirak edib.

Fransız dili fənni üzrə Azərbaycan Dillər Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çəmən Babaxanova, alman dili fənni üzrə isə Azərbaycan Dillər Universitetinin dosenti Raya Həsənova buraxılış (9 və 11 illik təhsil bazaları əsasında) imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması mümkün olan altstandartlar, proqramlar haqqında məlumat verərək, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları Çəmən Babaxanova və Raya Həsənova tərəfindən cavablandırılıb.

Mənbə:https://azertag.az/xeber/Dovlet_Imtahan_Merkezi_Seki_seherinde_hazirliq_kurslari_ve_elmi_metodiki_seminarlar_teskil_edib-1235663

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz