» » "Alimdir gözümdə ən əziz insan..."

"Alimdir gözümdə ən əziz insan..."


"Alimdir gözümdə ən əziz insan..."

O böyük, ağıllı, ayıq hökmdar,
Öz şahlıq taxtında tutarkən qərar,
Əmr etdi, verildi belə bir fərman:
"Alimdir gözümdə ən əziz insan.
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilm".

Nizami Gəncəvi

2 gün öncə görüşmüşdük, H.Cavidin adını daşıyan parkda söhbətləşdik, çay içdik. Amma heç birimiz bilmirdik ki, Əlizadə müəllimin 8-də 60 yaşı tamam olur. 59 olsa idi, adi saymaq olardı, amma 60 illik yubileyi niyə deməyib?!
Mənim bilməyim isə jurnalımızda apardığımız "Tarixdə bu gün” rubrikasının sayəsində oldu.Növbəti təqvim gününü hazırlayanda rast gəlirəm ki, bu gün dostumuzun 60 yaşı tamam olurmuş.
Elə tələbəlik vaxtında da bu qədər təvazökar, səmimi, sadə idi. Heç biz müxtəlif tədbirlərə qatılanda Əlizadə müəllimi özümüzlə apara bilmirdik: ya kitabxanaların hansısa birinə gedərdi, ya da elə evdə mütailə ilə məşğul olardı.
Müəyyən uğurlarını bilirik, amma vikipediyadakı məlumatlar bizim hamımız üçün çox yeni və maraqlı oldu.
Çox zəngin və məhsuldar illəri əhatə edir bu 60 il,
bir qədər də dəqiqləşdirək:Onun 1976-cı ildən indiyə kimi olan müddətini - 42 ilini düşünülmüş şəkildə, həm də sistemli olaraq Ana dilinə və ədəbiyyata həsr edib. Orta məktəbdə müəllimlik edib, sonra sırf elmi axtarış və tədqiqatlara bağlanıb. Bir az obrazlı deməyə cəhd etsəm, bu ideal Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, məşhur şərqşünas Mirzə Kazım bəyin idealının bizim zəmanədə davamıdır :
"Mən özümü ədəbiyyata həsr etmək və ana dilini öyrənmək istəyənlər üçün faydalı olmaq qərarına gəlmişəm”.
Və Əlizadə müəllimin fəaliyyəti ilə, keçib gəldiyi yol ilə tanış olduqca buna bir daha əmin olursan.

Tanınmış ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor Əlizadə Bayram oğlu Əsgərli 8 may 1958-ci ildə Azərbaycan Respublikası Sabirabad bölgəsinin Cavad kəndində dünyaya gəlib.
1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1983-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb.
1980-1997-ci illərdə Sabirabad bölgəsinin Yolçubəyli, Cavad, Suqovuşan və Nizami Gəncəvi adına şəhər orta məktəblərində ixtisası üzrə müəllim və direktor müavini işləyib.
1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunun elmi katibi olub.
2002-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib.
2002-2017-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışıb. 2012-ci ildən həmin İnstitutda baş elmi işçi vəzifəsini tutub.
2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdindəki Elmi Seminarın sədri, Dissertasiya Şurasının üzvüdür.
2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
150-ə qədər elmi-nəzəri məqalənin müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və digər xarici ölkələrdə nəşr olunub.
2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) müəllim, 1999-2007-ci illərdə Bakı Qızlar Universiteti Azərbaycan ədəbiyyatı və jurnalistika kafedrasının müdiri vəzifəsində çalışıb.
2007-2014-cü illərdə Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektoru olub.
1998-ci ildən respublikanın aparıcı ali məktəblərində Azərbaycan ədəbiyyatı tarixi, tənqid və nəzəriyyəsi, habelə türk xalqları ədəbiyyatına dair mühazirələr oxuyur. 15 fənn proqramı və 2 dərs vəsaitinin müəllifidir.
2017-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimidir.
2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, 2012-ci ildə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəxri fərmanı ilə təltif edilib.
2016-cı ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatını alıb, "Rəsul Rza" mükafatına layiq görülmüşdür.

Ədəbi(elmi-nəzəri) və publisistik fəaliyyəti

1987-ci ildə "Xəlqilik meyarı ilə” adlı ilk elmi məqaləsi "Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib.
1987-ci ildə "Osman Sarıvəllinin poetikası" mövzusunda namizədlik, 2011-cu ildə "XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində milli ideal və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya üzrə elmlər doktorudur.
XX əsr Azərbaycan ədəbiyyatının aktual problemləri ilə məşğul olur. 1995-ci ildən Azərbaycan ədəbiyyatının milli-ideoloji məsələləri, türkçülük, azərbaycançılıq və istiqlalçılıq məfkurəsinin elmi-nəzəri tədqiqi istiqamətində araşdırmalar aparır. Xəlil Rza Ulutürk ədəbi irsinin ardıcıl tədqiqatçısıdır. Eyni zamanda, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Səməd Vurğun, Osman Sarıvəlli, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Bəkir Nəbiyev, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, İlyas Əfəndiyev, Söhrab Tahir, Cabir Novruz və başqaları haqqında tədqiqatların müəllifidir.
Ədəbiyyat nəzəriyyəsi sahəsində ədəbi metod, ədəbi məktəb və ədəbi cərəyanlar, heca vəzni, sərbəst şeir və ədəbi janrlar, bədii təsvir və ifadə vasitələri, habelə, ahəng və intonasiyaya aid məqalələr çap etdirib.
Ə.B.Əsgərli 1980-ci illərdən publisistika fəaliyyəti ilə məşğuldur. Respublikanın dövri mətbuatında ictimai-siyasi və ədəbi məqalələri çap olunur.
1991-1994-cü illərdə "Demokrat”, 1994-1995-ci illərdə "Yurd” qəzetlərinin təsisçisi və baş redaktoru olub. 2008-2014-cü illərdə Bakı Qızlar Universitetinin "Elmi əsərlər” jurnalının baş redaktor müavini kimi fəaliyyət göstərib.
2017-ci ildən AMEA-nın "Ədəbiyyat məcmuəsi" jurnalı redaksiya heyətinin üzvüdür.

Tərtibçi və redaktor kimi fəaliyyəti

Xəlil Rza Ulutürkün "Mənə bənzə” (2000), "Seçilmiş əsərlər” (2001), "İsgəndərnamə” (N.Gəncəvidən tərcümə) (2003), "Mən onsuz da əbədiyəm” (2003), "Ədəbi tənqid” (2003), "Müasirləri Xəlil Rza Ulutürk haqqında” (2004), "Gəl, ey səhər” (2004), "Ustadım Əkrəm Cəfər” (2005, 2017), "Seçilmiş əsərləri” 2 cilddə. I və II cildlər (2005), "Turan çələngi” (2005), "Lefertovo zindanında” (2006), "Seçilmiş əsərləri” 5 cilddə. I cild (2007), II cild (2009), III cild (2014), "Bir odlu gözləri, bir də xoş səsi” (2007), "Eşqim, vəfadarım mənim" (2007 və 2013) "Həyat, həyat deyə çırpınan könül” (2009), "Mənim Tanrım gözəllikdir”(2009), "Söhrab Tahir Azər-Azər haqqında”(2009), "Dünyaya pəncərə” (2010), Nizami Gəncəvinin "Lirika, "Sirlər xəzinəs” "Yeddi gözəl” (2011), Ağarəhim Rəhimovun "Seçilmiş əsərlər” (2009-2010) kitablarına ön söz və şərhlər yazıb, elmi redaktorluq еdib.
Dövlət Sərəncamları ilə Xəlil Rza Ulutürkün 2 və 5 cildlik seçilmiş əsərlərini nəşrə hazırlayıb.

Monoqrafiya və kitabları

"Kökün və sözün yaddaşı” (2002)
"Osman Sarıvəllinin poetikası” (2005)
"Milli ideal mücahidi” (2005)
"Sözün divanı və vətəndaş yanğısı” (2007)
"Xəlil Rza Ulutürkün poetikası” (2009), (2012)
"Sənət və şəxsiyyət” (2013)
"XX əsr Azərbaycan şeirinin poetikası” (2014)
"Xəlil Rza Ulutürk” (həyatı, fəaliyyəti və sənəti) (2015)
"Fərdi üslubun poeziyası" (2017)
"Poetik əsrlərin Bəxtiyarı" (2017)

Göründüyü kimi, bunlar adi xrnologiya deyil, zəhmətkeş bir alim ömrünün karyera yoluna, tədqiqtçılıq fəaliyyətinə bələdçilik edən illərdir.
Mənalı və öyünməli illərdir, fədakar bir alimin şərəfli həyat yoludur.
Hörmətli Əlizadə müəllim, bütün dostlarımızın adından, "Ana və Uşaq” onlayn jurnalının oxucuları adından yubileyiniz münasibəti ilə Sizi təbrik edir, can sağlığı , ədəbiyyatımız naminə zəngin fəaliyyətinizdə tükənməz enerji arzulayırıq.

"Alimdir gözümdə ən əziz insan..."

"Alimdir gözümdə ən əziz insan..."

"Alimdir gözümdə ən əziz insan..."

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz