» » Uşaq ədəbiyyatında uşaqların yaş səviyyələrinə uyğun olmayan məsələlərə və ya az istifadə edilən sözlərə yer verilməməlidir

Uşaq ədəbiyyatında uşaqların yaş səviyyələrinə uyğun olmayan məsələlərə və ya az istifadə edilən sözlərə yer verilməməlidir


Uşaq ədəbiyyatında uşaqların yaş səviyyələrinə uyğun olmayan  məsələlərə və ya az istifadə edilən sözlərə yer  verilməməlidir

Bədii ədəbiyyatın tarixi bəşər tarixinin yaşı qədər qədimdir. İlk insana yaşamaq üçün başının üstündə səma, Günəş, ayağının altında torpaq, su lazım olduğu kimi, söz də lazım olmuşdur. Bəlkə də 4 həyati vacib ünsür sırasında 5-ci ünsürü də əlavə etmək lazım gələrdisə, bunun əlahəzrət Söz olacağı şəksizdir.
Dünyada insandan qiymətli, insanda isə sözdən qiymətli gövhər görməyən dühalarımız belə qənaətə həyati müşahidələrinə əsasən  gəlmişdilər.
Söz ilk insanlara həyatlarını daha keyfiyyətli qura bilmələri üçün, dərindən anlaşmaq, ünsiyyət qura bilmək üçün lazım idi. Sonralar bəşər sivilizasiyası irəli gəldikcə, söz, ədəbiyyat əsl sənət nümunəsi, tərbiyə məktəbi kimi insanın kamilləşməsinə xidmət etmişdir.
Ümumi ədəbiyyatımızın tərkib hissəsi, onun spesifik bir qolu olan uşaq ədəbiyyatı bu məktəbin ibtidai sinifləridir, təlim-tərbiyənin adidən aliyə davam edən sonrakı inkişafı üçün bir vəsilədir.
Çünki uşaqlar kiçik yaşlarında həyatı, insanları, təbiəti böyüklər qədər dərk edə, həssaslıq göstərə bilmirlər. Gördükləri, eşitdikləri heç nə onlarda assosiativlik yaratmır. Bu balaca varlıqlar ali münasibətlərə hələ irəlidə hazırlanacaqlar. Dünyanın, həyatın ruhuna yaşa dolduqca uyğunlaşdırılacaqlar və ya özləri uyğunlaşacaqlar. Bax, bütün bunların müvəffəqiyyətli və etibalı həllində ədəbiyyatın rolu və faydaları əvəzsizdir.
Bu gün ümumtəhsil məktəblərinin, tərbiyənin əsas məqsədi hərtərəfli inktşaf etmiş insanlar yetişdirməkdən ibarətdir. Bu, Azərbaycan Respublikasının Təhsil Qanununun 4-cü maddəsində öz əksini tapmışdır:
- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;
- milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;
- mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Doğrudur, uşaqlar məktəbdə ayrı-ayrı  elmlər  haqqında  ilk biliklər əldə edirlər. Amma yuxarıda qeyd etdiyimiz kimi, ahəngdar və həfrtərəfli inkişaf etmiş insan şəxsiyyətinin formalaşdırılması üçün təkcə bu biliklər yetərli deyil. Həm də bu cür biliklər humanitar biliklərlə, sosial duyğularla qaynayıb-qarışmayanda, birikməyəndə məqsədə çatmaq olmur, həm də nailiyyətlər etbarlı olmur.
Tərbiyə məsələləri ilə məşğul olan  pedaqoq və psixoloqlar, ədəbiyyat və sənət adamları haqlı olaraq  mənəvi dəyərlərin inkişafında və formalaşmasında ədəbiyyatın təsir gücünə hər zaman böyük önəm vermişlər.
Artıq bu ədəbiyyatın müstəqil qolu kimi  formalaşmış  uşaq ədəbiyyatı da uşaq və yeniyetmələrin təlim-tərbiyəsində, eləcə də şəxsiyyət kimi yetişdirilməsində   eyni missiyanı daşımaqdadırlar.
Uşaq ədəbiyyatı uşaqları üçün yazılmış, onların mənəvi, psixoloji, sosial ehtiyaclarını, sevgi, arzu və istəklərini özündə ehtiva edən
ictimai məzmunlu yazı növüdür, insanşünaslıq elmi, mərifət dənizidir. Bu dənizin dərinliklərində daha dürlü xəzinələr var, oraya isə ancaq mahir üzgüçülər baş vura biləcəklər. Yəni, mütailə mədəniyyəti yüksək olanlar bu xəzinənin hansı qatına ensələr, oradan yeni bir dürr çıxaracaq. Amerikalı jurnalist Kristofer Morli obrazlı şəkildə daha təsirli ifadə etmişdir:
"Bir adama bir kitab bağışladığın zaman, ona yalnız yarım kq kağız, mürəkkəb və yapışqan vermiş olmursan, ona tamamilə yeni bir həyat vermiş olarsan. Sevgi, dostluq, yumor və gecə dənizdə dolaşan gəmilər, əgər o kitab həqiqətən mənim başa düşdüyüm mənada bir kitabsa, onun içində bütün göylər və yer var”.
Bu fikirlər bütün mütailə sevənlərə aiddir: böyüklərə böyük ampulada, məktəbəqədər və məktəbyaşlı uşaqlara da öz ampulalarında.
Mən məktəb yaşlarımda böyüklər qədər mütailə edirdim. Oxuduğum kitab yarıdan keçəndən sonra tez-tez alt cildi qaldırıb baxırdım ki, görək, qurtarmır ki. Sona yaxınlaşada həyacan keçirirdim, istəmirdim oxuduğum kitab sona çatsın, oradakı hadisələrdən ayrı düşüm.
Oxuduqlarım da bunlar idi: C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, T.Ş.Simurq, A.Şaiq, C.Cabbarlı, Q.İlkin, E.Ağayev, xarici ölkə ədəbiyyatından Hüqo, M.Tven, saysız-hesabsız nağıl, tapmaca, yanıltmac, əfsanə və s.
 
Uşaq ədəbiyyatında uşaqların yaş səviyyələrinə uyğun olmayan  məsələlərə və ya az istifadə edilən sözlərə yer  verilməməlidir
Xeyli müddət ədəbiyyat fənnini tədris etdiyimdən ədəbiyyatın uşaqların dünyasında yaratdığı təbəddülatı canlı olaraq da müşahidə etmişəm.
Ədəbiyyat uşaqların nitq mədəniyyətini inkişaf etdirir, söz ehtiyatlarını, düşüncə tərzini zənginləşdirir.
Oxuduqları əsərlərdə qarşılaşdıqları səhnələr, maraqlı situasiyalar, təzadlı səhnələr gələcəyin indiki şəxsiyyətlərində dostluq, humanizm, səmimiyyət, əmək adamlarına rəğbət; düzlüyü, doğruluğu, sadəlik və təvazökarlığı, mənəvi saflığı təqdir və təbliğ etmək; ana dilimizi, ədəbiyyatımızı, incəsənətimizi, musiqimizi sevdirmək kimi yüksək nəcib keyfiyyətlərin təməlini qoyur; dözümlülük, ən ağır dəqiqələrdə özünü itirməmək, mübarizlik, eyni zamanlarda mənfiliklərə qarşı barışmazlıq ruhunu təbliğ edir; pisi, yaxşını bir-birindən fərqləndirmək, hadisələr arasında səbəb-nəticə əlaqələrini təyin edə bilmək və s. bu kimi çox zəruri bacarıqları formalaşdırır. Məhz bu keyfiyyətlərinə görə, uşağın gələcək hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyət/vətəndaş kimi böyüməsində uşaq ədəbiyyatını əvəz edə biləcək ikinci bir vasitə yoxdur.
Biz sovet dövründə də Azərbaycan vətəndaşı idik, indiki müstəqillik dövründə də. O dövrdəki Azərbaycan hamımızın idi, indiki də hamımızındır. O Azərbaycan da bizə əziz idi, indiki müstəqil Azərbaycan da. Amma ümumilikdə götürsək, sovet dövrünün ideologiyası və bu ideologiyaya uyğun ədəbiyyatı, sənəti və sənətkarı da güclü idi.
Adicə bir nümunə deyim. 4-cü sinifdə Ana dili kitabımızda bir hekayə vardı: yaşlı bir kənd sakini(deyəsən, kolxoz sədri imiş) atla çaparaq gəlir və qəflətən atı saxlayıb yerə enir. Hamı fikirləşir ki, nə oldu ki, atı belə birdən saxladı.Sən demə, bir az öncə taxıl biçilmiş zəmidən maşınla dərz aparıblar və bu dərzdən bir buğda sünbülü yerə düşübmüş. Adamlarının diqqətini görən bu müdrik qoca deyir ki, siz müharibə illərini, aclıq illərini görməmisiniz. Bu sünbülün hər buğdasını göz bəbəyimiz kimi qədrini bilməliyik. Həyatda da nümunə,örnək vardı, ədəbiyyatda da. Amma indi bəzi "mamulya"lar evin çörək təminatını nizamlaya bilmədiyindən hər gün süfrədə çörək israfına yol verilir, belə "mamulya"lar da ya özü işə gedəndə selofan paketdə gətirib məişət tullantıları meydançasına atıb gedir, ya da elə balkondan ağacların dibinə atır. Ərazidəki məktəblərə və bağçaya gedən uşaqlar da hər gün qədirsiz olmuş bu çörək parçalarının, bəzən də lap bütöv çörəklərin yanından keçib gedir. Onda mənə bu günün ədəbiyyatından, onun ideya-bədii xüsusiyyətlərindən söz açmayın.
Sön dövrlərin acı panoramasında yer alan intiharlar, azyaşlılar arasında intim təfərrüatlara meyillik, nikahdankənar doğulan uşaqlar, küçələrə atılan yenidoğulmuşlar, dünyaya göz açan uşaqlar arasında qız uşaqlarının çəkisinin azalması, evli qadınların uşaqlarını evdə qoyub başqasına qoşulub qaçması, ərli qadınların ərinə, kişilərin qadınlarına xəyanəti və sair, və ilaxır mənəvi aşınmalardır. Bunların 5-ni 10-nu yanlış addımından çəkindirən sağlam ədəbiyyatımız, kütləvi informasiya vasitəmiz yoxdur. Hansı kütləvi informasiya vasitəsinə baş vurursan, ailəsində uğurlu olmayan kişilər, qadınlar yuxarı başdadır. Biz hədəfimiz müəyyən etməliyik. Bu hədəfi ədəbiyyat, sənət formalaşdırmalıdır. Amma belə yox. Bu gün əksər kütləvi informasiyalar, bəzi telekanallar saat əqrəbinin əksi istiqamətində işləyir.

Uşaq ədəbiyyatında uşaqların yaş səviyyələrinə uyğun olmayan  məsələlərə və ya az istifadə edilən sözlərə yer  verilməməlidir
Mən bunları yazımın ritorikasını artırmaq üçün deyil, şəxsi narahatçılığımı, təəssüratlarlımı ifadə etmək üçün deyirəm.
Bəli, yenə deyirəm, yeni əsrin ədəbiyyatını çap məsələlərini XX əsrin 70-80-ci illərinə qədər olan ədəbiyyat , kitab çapı, tərtibat və poliqrafiya keyfiyyəti, eləcə də mütailə mədəniyyəti ilə müqayisə etsək, əlbəttə ki, indi uşaqların sələfləri bəxtəvərmiş. O dövrdə kitab çapı ilə bağlı hər mərhələyə çox məsuliyyətlə yanaşırdılar: hər bir əsər cikinə-bikinə qədər incələnirdi.
Mütailə mədəniyyəti, bu məədniyyətə də uyğun oxucu auditoriyası vardı. Ədəbi ictimaiyyətin artıq çoxdan tanıyıb qəbul etdiyi bir yazıçı ilə ilk kitabını nəşr etdirən yazıçının kitabına olan münasibətlər eyni ola bilməzdi?
Dərsliklərə ancaq kifayət qədər tanınılıb-sevilən ədəbi simaların əsərlərindən nümunələr salırdılar. İstər uşaqlar üçün, istərsə də böyüklər üçün yazılmış kitablar ciddi müzakirələrdə saf-çürük edildikdən sonra nəşriyyatlara təqdim edilirdi. Yəni, hansısa təsadüfi müəlliflərin zəif əsərləri kitablar arasına buraxılıb ümumilikdə bədii ədəbiyyatın nüfuzuna xələl gətirməsinə yol verilməzdi.
İlyas Əfəndiyevin Yazıçılar Birliyinin Natəvan klubunda "Sarıköynəklə Valehin nağılı” romanının ilkin mzakirəsini xatırlayıram. Belə müzakirələrə bizim fakültəni də dəvət edirdilər.
Biz o müzakirələrdə çox böyük yazıçıların maraqlı çıxışlarını, çox ciddi diskussiyalar görərdik: "Sarıköynəklə Valehin nağılı” romanının məruzəçisi Prof.Bəkir Nəbiyev idi.
Müzakirə o qədər qızğın və maraqlı keçmişdi ki, iştirakçılar 3-4 saat stul arxasında əyləşdiklərinin fərqində deyildilər. Məncə, bu cür müzakirələr senzura deyildi: ədəbiyyatı cəmiyyətin hədəflərinə nizamlayan etalon idi. Ədəbi nümunələr həyata vəsiqə belə qazanırdı. Başqa sözlə, dərslik də, bədii əsər də çox böyük zəhmətlə hazırlandığı kimi, ciddi də sınaqlardan keçib hasil olunurdu. Amma indi nəşr olunmaq asanlaşdığı üçün dərslik, ədəbiyyat çap etdirənlər də o qədər çoxalıb. Nəticədə, keyfiyyətsiz dərsliklər, məzmunu zəif, bəzən də zərərli ədəbi əsərlər belə, məktəblərə, kitab mağazalarına yol tapıb.
Bir neçə gün öncə, kitabxanaların birindən  2-ci sinifdə oxuyan nəvəm üçün iki kitab aldım. Biri kiçik həcmli nağıllar idi, biri də haqqında danışacağım Sevinc Nuruqızının  "Qəribə kəndin nağılı" hekayəsi (Bakı,Təhsil.2009). Nəvəm birinci kitabı oxuduğu müddətdə mən də "Qəribə kəndin nağılı"nı oxudum ki,  nəvəmdən oxuduqlarını və oxuduqlarından  nə əxz etdiyini soruşa bilim. Oxudum, amma "Qəribə kəndin nağılı" hekayəsini nəvəm də oxusun deyə,  ona vermədim.
 Bir az öncə yazdığım qədər də olmasa, çox təəssüf etdim. Təəssüf etdim ki, maraqlı süjet və kompozisiya üzərində qurulmuş bu hekayə üzərində müəllif  dəmirçilik, əkinçilik etməyib.
Əvvələn, hekayənin  həcmi böyük və  dili bir qədər  ağır idi. Həm də məzmununda ciddi nöqsan kimi qəbul etdiyim digər bir neçə  basqa xətalar da yer almışdı.
Əvvəlcə, hekayəni tam olaraq diqqətinizə çatdırıram, siz də tanış olun, sonra davam edək:

 

Uşaq ədəbiyyatında uşaqların yaş səviyyələrinə uyğun olmayan  məsələlərə və ya az istifadə edilən sözlərə yer  verilməməlidir

Günlərin bir günü ev heyvanları yığışıb başladılar sagiblərindən giley etməyə. Get-gedə elə qızışdılar ki,  eşidən deyərdi,  insanlar bu yazıqlara görən niyə  belə zülm  eləyir. Öküz deyirdi:

-Sahibimiz bizi çox işlədir. Belə olmaz axı. Bütün günü yük daşı, arabaya qoşul... Ev yox, eşik yox. Bir pəyədə onbeş-iyirmi kişinin  içində yaşamaqdan bezmişəm. İstəyirəm öz evim olsun. Gözəl xanımımın südünün qaymağı da özümün olsun, qatığının ayranı da... İnək də öküzün sözünə qüvvət verdi:

-Düz deyirsən, əzizim. İnsanlar mənim də xətrimə dəyirlər. Gündə iki dəfə südümü sağırlar. Nazlı-duzlu buzovuma yığdığım südü aparıb içirlər.

"Qonşudan qalma dala” deyib at da onlara qoşuldu.:

Ayğır at istəyirlər. Amma ayğıra şərait yaratmırlar ki,  madyanın yanında başıaşağı olmasın.

 Nələr baş verdiyini anlamayan qoyun uzun kirpikli qara gözlərini döyə-döyə söruşdu:

Nə olub ey?

Qoç buynuzlarını silkələdi:

- Necə yəni, nə olub? Südümüzü sağırlar, yunumuzu qırxırlar, hələ bu bəs deyilmiş kimi, ətimizi də yeyirlər. Sən də soruşursan ki, nə olub, qoyunsan ki, qoyun! Görmürsən ki, bizi qoyun yerinə qoyurlar?!

Eşşəyin dərdi açıldı:

-  Eşşək kimi işləyirəm. Bir dəfə "sağ ol” deyən yoxdur.

 Qatır gah atası eşşəyə, gah da anası ata baxıb şikayətləndi:

Mənim qaldırdığım yükü nə heç bir eşşək, nə də at qaldıra bilməz. Atamdan, anamdan mən çox çalışıram.

Səhəri gün axşamçağı qoyun-quzu örüşdən dönəndə narazılar elə kəndin kənarındanca dönüb  üzüaşağı getdilər.  Qabaqda gedən buynuzlu təkə uzun saqqalını tərpədə-tərpədə:

Gəlin bu tərəfə. İllərlə insanlarla yaşayıb hər şeyi görüb-götürmüşük. Bağ salmağı bilirik,  ev tikməyi də çoxdan öyrənmişik..Allaha şükür, özümüzün yunumuz südümüz, pendirimiz. Yamyaşıl çöllərin otu, səmanın günəşi, çayların şərbət kimi suyu...İnsanlarınbizə ehtiyacı var.Bizim onlara yox...

 Dağın dalında yamyaşıl bir tala vardı. Heyvanlar elə bu talada  qeyri-adi, tərsi-düzü , girişi-şıxışı bilinməyən bir kənd saldılar. Kənardan baxan bir ağıllı olsaydı, evlərin bünövrəsiz tikildiyini, qapı –pəncərənin  əyri  , eyvanın tərs qoyulduğunu o saat görərdi. Amma heyvanlar buna əhəmiyyət vermirdilər. Kəndin ilk evi  kəl ilə camış cütlüyünün, son evi isə öküzlə inəyin oldu. Arada digər evlər, poçt, uşaq bağçası, məktəb və  mağazalar yerləşdi.

Kənd doğrudan da, qəribə idi. Bu qəribəlik bəzən  heyvanlara kömək də edirdi. Gecələrin birində kəndə buyurub mehmanada gecələyən canavar ot-əncər yeməkdən doymayıb, quruldayan qarnını ətlə doyurmaq fikrinə düşdü. Qaçmaq asan olsun deyə, kənddən çıxan yolun üstündə yaşayan  öküzgilə baş çəkməyi qərara aldı. Ayağını ilk pilləkənə qoyub   bir göz qırpımında  son pilləkənədək qalxdı. İçəri girməyi ilə iki mərtəbə hündürlükdən öküzün evinin damına  düşməyi bir oldu .

Beli-başı elə əzildi ki, dünya başına fırlandı.

Yerindən  qalxa bilməyən  canavar damdan ağzının suyu axa-axa ana inəyin qolları arasına yatmış buzovu seyr eylədi. Öküzün yanındakı erkək dana da  iştahaçan idi. Hələ nazlı-duzlu, xanım-xatın düyəni demirəm. Canavar səhərədək gah səmada ulduzları saydı, gah da hasarın rəngbərəng taxtalarını. Yazıq canavar , axı o, haradan biləydi ki,  öküz tikdiyi evin pilləkəni  damından çox yuxarıdaymış.

 Bir dəfə gecələrin birində körpə oğlaq ovuna çıxmış çaqqal da, təxminən oxşar hadisə ilə qarşılaşdı. Başıaşağı tikilmiş aynabəndin tərs qoyulmuş pəncərəsindən keçib düz təkəgilin evinin ortasına düşdü. Otaq dairəvi idi. Çaqqalı görən erkək təkə buynuzlarını ona tuşladı. Qucağında əmdiyi süddən ağzı köpüklənən oğlağı tutmuş xanımı keçi qorxudan  divarboyu qaçmağa başladı. Çaqqal da onun dalınca. Divarboyu qaçanlar arasında qonşu təkənin üç-dörd aylıq çəpişi və bir xeyli ondan böyük dıbırı da var idi .

İlk sıradan çıxan çaqqal oldu. Çünki dairə boyu qaçmağa adət edləmədiyindən başı gicəlləndi, ürəyi bulandı. Tappıltı ilə yerə yıxıldı və bir də yerindən qalxmadı.

Bu qəribə kənddə belə hadisələr çox olurdu. Hələ ova çıxanda  tərsinə qoyulmuş qapıdan yuvalanmış ayını, tərs navalçanın gubbultusundan qulaqları batan tülkünü, üzü küləyə qoyulmuş bacanın tüstüsündən boğulan porsuğu demirəm. Çətin idi. Qəribə kəndin sakinlərinə illərlə birgə yaşadıqları  insanlardan ayrı düşmək çox çətin idi. Bu çətinliyi nəinki böyüklər, hətta kiçiklər də hiss etmişdilər.

Qoyunun səkkizaylıq qıvrımsaç oğlu toğlu durmadan üyüdüb tökərdi:

-  Anacan, niyə yunun bir belə uzanıb? Sənə isti deyil? Anası gözlərində gilələnən yaş  damcılarını silib deyərdi:

-  Kim qırxsın? İnsan hər şeyə fikir verırdi. İldə iki dəfə yunumuzu qırxıb,  bu ağır yükdən bizi azad eləyərdi. Sonra toğlu ağlına gələn nöbəti sualı verərdi:

- Otağımız da üçküncdür, tüstümüz də evin içinə dolur...

Bax bu yerdə qoç hislənərdi:

- Dur, dur, tez elə, dərsini oxu. Sən qoyun oğlu qoyunun  bilmədiyi o qədər sual var ki,  hansına cavab verək?!

Sonra üzünü qoyuna tutub deyərdi:

- Gözünün yaşını axıtma. Quzunu yedirtmək vaxtıdır. Elə qonşu eşşəkgildə də vəziyyət təxminən  belə idi. Eşşəyin böyük oğlu sıpa  balaca oğlu qoduğu başa salmağa çalışırdı:

-Əslində, biz insanla yaşamalıyıyıq. Çünki bizi çoxdan əhliləşdiriblər. Amma biz tək yaşamağa üstünlük vermişik. Ona görə də navalçamız tərsinədir. Və yağış yağanda damcılar ona dəyib  ətrafa səpələnir. Ona görə də evimiz rütubətlidir. Çünki yağış  navalça ilə axıb arxa tökülmür.

Qoduq sıpanın dediyindən heç nə anlamırdı. O, heç "navalça”nın nə demək olduğunu belə bilmirdi. Qara gözlərini döyürdü. Qardaşı sözünə davam edirdi:

- Ona görə də atamız əsəbidir.

Düz  söz nə deyəsən?! İnsanla yaşayanda  ata eşşəyin yalnız  bir dərdi olurdu: "Görəsən, yük ağır olacaq, yoxsa yüngül?!”İndi min dərdi var. Yağış damcıları niyə navalçaya dəyib kənara sıçrayır, niyə otaq rütubətlidir?! Qışda odun, odub, ot, saman ehtiyatı varmı? Arpa olmasa, balalarını qışdan çıxarda biləcəkmi?

 Sıpa isə elə hey danışırdı:

- Məktəbin yanındakı yekə ev bvar ey...

Qoduq deyirdi:

- Var...

Sıpa sözünə davam edirdi:

- O evdə yaşayan köşək var ha...

- Var.

- Bilmədiyin şeyi danışma. Sən məktəbə getmirsən.Yekə evi görməmisən.Orada yaşayan köşəyi tanımırsan. Köşək dəvə ilə nərin qızıdır. Dünən köşək deyirdi ki, atamın yadından çıxıb evimizə qapı qoymayıb. Evə zirzəmidəki oyuqdan girib-çıxırıq. Oyuğa sürtülməkdən anam mayanın hürgücü  yastılanıb. Hürgücsüz də dəvə olar?

Qoduq sual verdi:

- Bəs, qapısız ev olar?

Sıpa  cavab verdi:

- Olmaz. Amma ev tikiləndə nər bunu bilməyib. Köşək deyir ki, valideynləri bədbəxtdir.

Bax burasını qoduq anlamırdı. Qoduq "xoşbəxt” və "bədbəxt” olmağın  nə olduğunu başa düşmürdü. Amma qapısız ev olmadığını artıq anlamışdı.

 Belə söhbətlər, demək olar ki, bütün ailələrdə gedirdi.... Və günlərin bir günü  sinəsi ağ dayça dadlı yonca yeyeə-yeyə uzağa gedib azmış, anası madyanı itirmişdi. Dayça ətrafına baxdı. Atası ayğır da yox idi. Körpə bacısı qulun da. Dayçanın sonuncu dəfə ağızdolusu qırpdığı yoncanı belə qırpmağa həvəsi olmadı:

-Mən itmişəm.Yox ey, anamla, atam itib. Bacım da yoxdur.

Dayçanın gözləri doldu. Günəş batırdı. Dayça ağlamağa başladı:

-Mən itmişəm. Gecə düşür. Qorxuram. Haradansa bapbalaca bir qız çıxdı. Ağlayan dayçanı gördü. Qorxdu. Çünki o, insan görməmişdi. Geri dönüb qaçmaq istədi. Qız yaxına gəldi:

- Qaçma. Mən sənə heç nə eləmərəm. Bizim də sən boyda dayçamız var. O, məni çox sevir.

 Dayça qızın dediklərini anladı. Qız çox yaxına gəldi. Balaca əlini irəli uzatdı. Ovcunu açdı. İçində par-par parıldayan  zınqrov vardı.

- Al, bunu sənə bağışlayım. Tax boynuna. Onda itməzsən. Harda olsan,  onun səsinə anan gəlib səni tapar.

Dayça düşündü:   "İnsan xeyirxah imiş. Bəs, onda, niyə bu kəndun  heyvanları  ondan qaçıb?”

Uzaqdan kişnərti gəldi. Sonra külək qalxdı. Külək kənddəki bünövrəsiz  evləri üfürüb uçurtmağa başladı. Külək getdikcə gücləndi. Onun qolları arasında  evlər asanlıqla yerlərindən qopub göyə qalxdılar. Evsiz qalmış, çarəsiz heyvanlar üuçan evlərinin dalınca qaçırdılar. Bütün bunları qız da görürdü.  Havada uçan dəyirmi, üçbucaqlı, tərseyvanlı, qapısız, pəncərəsiz evlər  çox qəribə idi.

Qız soruşdu:

-  Bura haradır?

Dayça təşvişlı dedi:

- Heyvanların kəndidir.

Qız dayçaya sarı qaçdı. Dayça onu çox tez anladı.

Heyvanlara kömək etmək istəyirdi:

-Dayça , gedək. İnsanları çağıraq. Bu qəribə kəndin sakinlərinə kömək etsinlər...

Aradan cəmi  bir gün keçmişdi. Amma heyvanların həyatı tamam dəyişmişdi. İndi onlar əsl kənddə idilər. İtlə pişiyin atıb getmədiyi  kənddə. Özlərini güvəndə hiss edirdilər. Çünki insanın yanında idilər.

Güclü və ağıllı insanın yanında.

 

Uşaq ədəbiyyatında uşaqların yaş səviyyələrinə uyğun olmayan  məsələlərə və ya az istifadə edilən sözlərə yer  verilməməlidir

Bu hekayə, fikrimcə, ilkin məktəb dövrü uşaqları üçün nəzərdə tutulub, yəni,  7, 8, 9 yaşılı uşaqlar üçün.   

Adətən, bu yaşlarda oxucular qəhrəmanları uşaq olan  nağıl və hekayələri,  eləcə də  təbiət və heyvanlarla  bağlı olan kitabları  sevərlər.   Çünki onlarf təbiəti, öz ətraflarını daha dərindən tanımaq istəyirlər. Onlar hələ  xəyal qurmaq ,  müşahidə etdiklərinə və oxuduqlarına mücərrəd fikirlərə  reaksiya vermək    hissinə malik deyillər. Ona görə də bu  yaşda olan uşaqlara seçilən kitablara diqqətlə yanaşmaq lazımdır.  Elə əsərlər seçilməlidir ki,  illüstrasiyaları  bol olsun,  bu şəkillər uşağa öz fantaziyasında  duyğu və   düşüncələrində  daha yeni  obraz və səhnələr yaratmasına stimul versin.

Uşaqda gözəl, yaxşı, doğru, eləcə də pis, mənfi, yanlış     anlayışı formalaşsın, uşaq bunları  fərqləndirə, doğrunu seçə bilsin.  Ona görə də uşaqlar üçün yazılmış kitablar, onların dili çox sadə olmalıdr. Daha çox təsvirə  yox, sadə izahata  üstünlük verilməlidir.

Uşaqlar üçün yazılmış əsərlərin dili  bəlağətli, pafoslu deyil,  hər gün eşitdiyi, istifadə etdiyi sözlərə uyğun olmalıdır. Uşaqların yaş səviyyələrinə uyğun olmayan fikirlərə, söz və ifadələrə yer verilməməlidir. Əcnəbi sözlədən istifadə edilməməlidir.

Cümlələr  çox qısa  və  aydın  olmalıdır.

  Nəzər yetirdiyim bu kitabda   Seviunc xanımın   "qəribə  kənd”də baş verən sərgüzəştlər fonunda oxucularına həyatı doğru olaraq  dərk etmək, ətrafdakılarla  yaxşı münasibətlər qura bilmək; insanlara hörmət, sevgi, eləcə də kömək və  yardım etmək kimi duyğuları formalaşdırmaq niyyətlərini ortaya qoya  bilib, öz "dəcəllər”inə   həyatı tanıtmaq  səyləri ilə gələcəkdə yaradıcı fəaliyyətlərdə  olması üçün  mini infrastruktur hazırlaya bilib. Ən nəhayət,  hekayəsini tərbiyəvi sonluqla tamamlayıb: lovğalığı, yersiz təkəbbürü, özündən müştəbehliyi təvazökarlığa, səmimiyyətə, gerçək olana təslim etməklə   uşaqlara insan qüdrətinə, təfəkkürünə  inam yarada bilib, insanı  dünyada mövcud olan bütün varlıqlaradan üst səviyyəyə qalmağa nail olub.

   Bununla belə,  əsər haqqında iradlarımız da az deyil. Bu iradları  qruplaşdıraraq  oxucuların diqqətinə də  təqdim edirəm: 

 Uşaqlar üçün yazılmış əsərlərin həcmi yığcam və cümləlıərin də qısa olması  mətnin tez və daha aydın  başa düşülməsini təmin edir. Digər bir nağıl kitabında  diqqət yetirdim: " İki ayı balası"-143 söz; "Tülkü və kəklik"-183 söz; məşhur "Qoğalın nağılı"-323 söz və sair. Bu hekayə isə 1200 sözdən ibarətdir.

  Diqqət yetirdiyim nağıllardakı  cümlələrin böyük əksəriyəti ən çoxu 10-13 sözdən ibarətdir.  "Qəribə kəndin nağılı" hekayəsində isə  geniş cümlələr daha üstünlük təşkil edir. Məsələn:


***Get-gedə elə qızışdılar ki,  eşidən deyərdi,  insanlar bu yazıqlara görən niyə  belə zülm  eləyir(15 söz).

***Səhəri gün axşamçağı qoyun-quzu örüşdən dönəndə narazılar elə kəndin kənarındanca dönüb  üzüaşağı getdilər (14 söz).

***Kənardan baxan bir ağıllı olsaydı, evlərin bünövrəsiz tikildiyini, qapı –pəncərənin  əyri  , eyvanın tərs qoyulduğunu o saat görərdi (17 söz).

***Gecələrin birində kəndə buyurub mehmanada gecələyən canavar ot-əncər yeməkdən doymayıb, quruldayan qarnını ətlə doyurmaq fikrinə düşdü (16 söz).

***Qaçmaq asan olsun deyə, kənddən çıxan yolun üstündə yaşayan  öküzgilə baş çəkməyi qərara aldı(14 söz).

***Yerindən  qalxa bilməyən  canavar damdan ağzının suyu axa-axa ana inəyin qolları arasına yatmış(?Ü) buzovu seyr eylədi (17 söz).

***Yazıq canavar (???), axı o, haradan biləydi ki,  öküz tikdiyi evin pilləkəni  damından çox yuxarıdaymış(14 söz).

***Bir dəfə gecələrin birində körpə oğlaq ovuna çıxmış çaqqal da, təxminən oxşar hadisə ilə qarşılaşdı(15).

***Başıaşağı tikilmiş aynabəndin tərs qoyulmuş pəncərəsindən keçibdüz təkəgilin evinin ortasına düşdü(15 söz).

***Divarboyu qaçanlar arasında qonşu təkənin üç-dörd aylıq çəpişi və bir xeyli ondan böyük dıbırı da var idi (18 söz).

***Hələ ova çıxanda  tərsinə qoyulmuş qapıdan yuvalanmış ayını, tərs navalçanın gubbiltusundan qulaqları batan tülkünü, üzü küləyə qoyulmuş bacanın tüstüsündən boğulan porsuğu demirəm(22 söz).

 

 Müqayisə üçün nəzər saldığımız  başqa hekayə və nağılların  heç birində,  kiçik istisnalar nəzərə alınmazsa, uşaqların söz dağarcığı üçün namünasib, hədyan  söz yoxdur,  amma  tək bir hekayədə nə qədər qəliz fikir, ifadə və  hədyan söz vardır. Məsələn, "ayğır",  "madyan", "qoyun", "dişi at",  "dıbır", "sıpa",  "qoduq", "eşşəkgil", "ata eşşək","maya"  və s, həm vulqar sözlər şirinlik və məsumluqla yoğrulmuş uşaq rununa yaraşmır. Bu söz və ifadələrin əksəriyyəti heç yuxarı sinif şagirdləri üçün aydın olmayan sözlərdir.

Vulqar sözlər didaktik baxımdan ilk mütailə vərdişi formalaşdılan uşaqların leksikasına daxil edilməməlidir. Fikir verin:

 

Vulqar sözlər


***…qoyunsan ki, qoyun!

*** Görmürsən ki, bizi qoyun yerinə qoyurlar?!

*** Bax bu yerdə qoç hislənərdi:

-  Dur, dur, tez elə, dərsini oxu. Sən qoyun oğlu qoyunun  bilmədiyi o qədər sual var ki,  hansına cavab verək?!

*** Qatır gah atası eşşəyə, gah da anası ata baxdı.


 Ən narahatedici məqam isə  hekayədə kiçikyaşlı uşaqlarda  cinsəl təəssüratlar oyada biləcək  cümlə və sözlərin yer almasıdırş Məsələn:


***   Bir pəyədə onbeş-iyirmi kişinin  içində (??)yaşamaqdan bezmişəm.

***    Ayğır at istəyirlər. Amma ayğıra şərait yaratmırlar ki,  madyanın yanında başıaşağı olmasın.

 ***Köşək dəvə ilə nərin qızıdır.

***… dişi at,  kəl ilə camış cütlüyünün, öküzlə inəyin

 

  Balaca oxucular üçün  hər fikri, hər sözü  belə, yüz dəfə ölçüb-biçib işlətmək lazımdır.  Məsələn, hekayədə belə cümlə var: "Gözəl xanımımın südünün qaymağı da özümün olsun, qatığının ayranı da...”  Məgər  heyvanlar öz məhsullarını yeyirlər?

 Və yaxud: " Eşşək kimi işləyirəm. Bir dəfə "sağ ol” deyən yoxdur”. Məgər  eşşək adam kimi işləməlidir?  Uşaq adi sözlərin mənasını hələ yeni-yeni qavramağa başladığı  vaxtda   frazeoloji ifadəni anlaya bilməz axı.

 Hekayədə bir neçə  məqamda ziddiyyətli fikirlər də yer almışdır. Hekayənin məzmununa görə  getdikcə xudpəsəndləşən heyvanlar artıq insanları bəyənmir, sərbəst yaşamaq istəyirlər. Onlar özlərinə ayrıc bir  məmləkət yaradırlar, infrastruktur quryrlar: məktəb, xəstəxana, mehmanxana və s tikirlər. Sitat: "Gecələrin birində kəndə buyurub mehmanada gecələyən canavar  ot-əncər  yeməkdən doymayıb, quruldayan qarnını ətlə doyurmaq fikrinə düşdü. ”  Bir yaşayış məskənində mehmanxananın olması təbiidir , amma  vəhşi heyvanların orada yer ala bilməsi necə ola bilər? Ayının  orda nə işi var, yırtıcılar dəstəsinə mənsub olan porsuğun da həmçinin.  Haradandlr bu tolerantlıq?

  Ehtiyatlılıqda "İlanın ağına da lənət, qarasına da” fəlsəfəsi ilə  addım atılan bir  məmləkətdə "qonaqlar”, "qəriblər” üçün  inşa edilmiş mehmanxanaların  qapılarını  vəhşi , yırtıcı heyvanlara taybatay açmaq ermənilərə  Azərbaycanın ən gözəl  guşələrində  yer vermək humanizminə  bənzəyir.

   Hekayədə  bir çox  söz və ifadələr də vardır ki, ciddi redaktə olsaydı, təshih ediləcəkdi. Məsələn, "Düz deyirsən, əzizim” cümləsini "Doğru deyirsən, əzizim” kimi yazmaq daha dəqiq olardı. "Qoç buynuzlarını silkələdi” yox, "Qoç buynuzlarını əsdirdi”yazmaq lazım idi.

"Nazlı-duzlu buzovuma yığdığım südü aparıb içirlər” cümləsini də "Nazlı-duzlu buzovuma topldığım südü sağıb içirlər” kimi  ifadə etmək olardı.

"Yamyaşıl çöllərin otu,  səmanın günəşi, çayların şərbət kimi suyu...”  cümləsində cümlə üzvlərinin sıralanması  qaydası pozulmuşdur: yamyaşıl olan elə otun özüdür.

"Ayağını ilk pilləkənə qoyub,   bir göz qırpımında  son pilləkənədək qalxdı” cümləsində isə  "pilləkən” yox, "pillə"  yazılmalıdır: " Ayağını pilləkənin ilk pilləsinə qoyub  son pilləsinədək qalxdı” kimi".


Uşaq ədəbiyyatında uşaqların yaş səviyyələrinə uyğun olmayan  məsələlərə və ya az istifadə edilən sözlərə yer  verilməməlidir

P.S:  Hekayəni oxuyandan sonra   onun çap olunduğu "Təhsil" nəşriyyatına baş çəkib,  kitabların  necə hazırlanması, çapa  qədər hansı mərhələdən keçməsi ilə  tanış olmaq istədim. Bu məqsədlə nəşriyyatın  Nərimanov rayonunda yerləşən binasına getdim. Kimsə məni qəbul etmək istəmirdi, təkidli xahişimdən sonra qəbul etsələr də, maraqlanmaq istədiklərimə cavab  tapa bilmədim.  Bir qədər ancaq kitab çapı, onun təbliği, paylanması, satışı barədə danışa bildil. Mətləbə gələndə söhbət yenə ümumi məsələlərə  yönəlirdi. Binadan ayrılarkən nəşriyyatının   girəcəyindəki şüar şəklində asılmış deviz - " Pis yazışı yoxdur, pis naşir var" fikrini oxuyub, təəccüb etdim ki,  bəs  cəmi 16 səhifə olan bir hekayədə bu qədər ciddi səhvlər   nəzərdən necə qaçıb?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz