» » Zəlimxan Yaqubdan seçmələr

Zəlimxan Yaqubdan seçmələr


Dəli olmağıma bir addım qalıb

Bilmirəm heç nəyi, lələ, bilmirəm,
Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Getmişəm, özümə gələ bilmirəm,
Dəli olmağıma bir addım qalıb.

Ömrümün bu yaşda nağılına bax,
Nağıldı, ay Allah, nağıl, ona bax!
Ağılsız eşqimin ağılına bax,
Dəli olmağıma bir addım qalıb.

Əl açar, sevgimin əli utanmaz,
Xırmanı iş görər, vəli utanmaz.
Yiyəsi utanar, dəli utanmaz,
Dəli olmağıma bir addım qalıb.

Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.

İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb

Zəlimxan Yaqubdan seçmələr

Öldürsün

Qar yağırdı, qış günüydü 
mən olanda,
İndi məni qoy çiçəkli
yaz öldürsün.
Bir şairi dağa salsın,
daşa salsın,
Bir gözəlin canındakı 
naz öldürsün.

Donur ağac, solur yarpaq,
əsir külək,
Basılır göy, sınır qanad,
düşür lələk.
Zalımlığı yerə qoysun
zalım fələk,
Məni böyük dərdlərimlə 
az öldürsün.

Köçüm gedim əlim halal,
dilim halal,
Allahıma tez yetişsin
bu ərzi-hal.
Aşıq gəlsin, əli qızıl,
söhbəti bal,
Son nəfəsdə qoy məni bir
saz öldürsün.

Zəlimxan Yaqubdan seçmələr 

Mən olsam da, olmasam da

Dünya hər gün tikiləcək,
söküləcək,
Dəniz hər gün qabaracaq,
çəkiləcək,
Bu dünyada mən olsam da,
olmasam da.

Göylər hər gün ələk kimi
ələnəcək,
Torpaq hər gün bərəkətə 
bələnəcək,
Bu dünyada mən olsam da,
olmasam da.

Günəş hər gün paylayacaq
öz nurunu,
Dağ tutacaq şaxlığını, 
qürurunu,
Bu dünyada mən olsam da,
olmasam da.

Çətinləri qoy çevrilsin,
asand olsun,
Bu dünyanın hər bir işi 
avand olsun,
Bu dünyada mən olsam da,
olmasam da.

Zəlimxan Yaqubdan seçmələr

Böl görüm

'Bəxtim, mənə yar ol', deyib çağlaram, 
Yar olmasa de bəxtiyar ol görüm. 
Gələcəyə ümidimi bağlaram, 
Bir an sonra nə olacaq, bil, görüm.

Yaz ayları çağıldayan selmisən? 
Bu dünyanı oyuncaqmı bilmisən? 
Həyat səni güldürəndə gülmüsən, 
Hünərin var, ağladanda gül görüm.

Dünyamızı yasa, toya bölmüşük, 
Sevdamızı oda, suya bölmüşük, 
Ömrümüzü günə, aya bölmüşük, 
Min arzuya, min diləyə böl görüm.

Zəlimxan Yaqubdan seçmələr

Gözəllər

Gözəllər də buz bulaqlar kimidi,
Öpüldükcə gözəlləşir, durulur.
Vurulanlar elə-belə vurulmur,
Bir könüldən min könülə vurulur.

Gözəllər də göy yaylaqlar kimidi,
Çəməni var, çiçəyi var, ətri var.
Sevənlərin ürəyində, ruhunda,
Sevilənin dağlar boyda xətri var.

Gözəllər də gül dodaqlar kimidi,
Ləzzəti var, nəğməsi var, sözü var.
Yer üzünə neçə insan gəlibsə,
Hamısının dodaqlarda gözü var.

Gözəllər də gur ocaqlar kimidi,
İstisi var, işığı var, odu var.
Ürəkləri, könülləri isidən,
Damaqlardan heç getməyən dadı var.

Gözəllər də oyuncaqlar kimidi,
Aldanan var, aldadan var, atan var.
Gözəlliyin qiymətini bilməyib,
Dünyasını beş qəpiyə satan var.

Zəlimxan Yaqubdan seçmələr 

Öldürsün

Qar yağırdı, qış günüydü mən olanda,
İndi məni qoy çiçəkli yaz öldürsün.
Bir şairi dağa salsın, daşa salsın,
Bir gözəlin canındakı naz öldürsün.

Donur ağac, solur yarpaq,əsir külək,
Basılır göy, sınır qanad, düşür lələk.
Zalımlığı yerə qoysun zalım fələk,
Məni böyük dərdlərimlə az öldürsün.

Köçüm gedim əlim halal, dilim halal,
Allahıma tez yetişsin bu ərzi-hal.
Aşıq gəlsin, əli qızıl, söhbəti bal,
Son nəfəsdə qoy məni bir saz öldürsün.

Zəlimxan Yaqubdan seçmələr

Biz niyə sevməyək bir-birimizi? 

Yer göyü, dağ dağı, daş daşı sevdi,
Qaş gözə vuruldu, göz qaşı sevdi.
Tanrı naxış vurdu nəqqaşı sevdi,
Biz niyə sevməyək bir birimizi?

Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir birimizi

Ömür göz qırpımı fürsət azdırsa,
Uçub əlimizdən gedən yazdırsa,
Könül son nəfəsdə sınan sazdırsa,
Biz niyə sevməyək bir birimizi?

Ulduzlar sayrışıb göz vurur aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir birimizi?

Gül şehdən güc alır mamar qayadan,
Köz oddan qızarır çiçək həyadan.
Süzülüb gəlirsə kökdən mayadan,
Biz niyə sevməyək bir birimizi?

Ömrün həm sevinci həm ahı varsa,
Pərvanə yanğısı şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir birimizi?

Yağış çiçəklərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi.
Biz niyə sevməyək bir birimizi,
Biz niyə sevməyək bir birimizi?

Zəlimxan Yaqubdan seçmələr

Çox gözəl

Gördüyümüz nəyi varsa dünyanın,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Yeri varsa, göyü varsa dünyanın,
Çox gözəldi, çox gözəldi, çox gözəl.

Al işığı ulduzundan, Ayından,
Tut mayanı çeşməsindən, çayından.
Doymaq olmur baharından, yayından,
Çox gözəldi, çox gözəldi, çox gözəl.

Yaylağa bax aşağıdan yuxarı,
Bu yarıdı, bu gülüdü, bu xarı.
Şeir oxuyur dağ çayının axarı,
Çox gözəldi, çox gözəldi, çox gözəl.

İnsan onu görmədi də, gördü də,
Yaraşıqdı dörd fəslin dördü də.
Sevinci də, möhnəti də, dərdi də,
Çox gözəldi, çox gözəldi, çox gözəl.

Eldən-elə, evdən-evə hay oldu,
Sevgi gərdi, yurddan yurda pay oldu.
Oğlan sevdi, qız bəyəndi, toy oldu,
Çox gözəldi, çox gözəldi, çox gözəl.

Uca durdu ucaların ucası,
Min illərlə tüstüləndi bacası.
Qoca dünya qocaların qocası,
Çox gözəldi, çox gözəldi, çox gözəl.

Gözümüzdə gözəlliyin möhrü var,
Sirr içində min bir sirri, sehri var.
Axşamın da, sabahın da mehri var,
Çox gözəldi, çox gözəldi, çox gözəl.
Zəlimxan Yaqubdan seçmələr
Su

Dünyada nə qədər dağ çayları var,
Hamısı süzülüb canımdan çıxsa
Yenə də yanğımı söndürə bilməz. 
Dünyanın nə qədər bulaqları var,

Üzümdən süzülsə, gözümdən axsa
Yenə atəşimi söndürə bilməz.
Dünyanın nə qədər dənizləri var,
Yığılıb qəlbimdə bir ümman olsa,

Canımda birləşib canhacan olsa,
Yenə də ağrımı söndürə bilməz.
Olsa da qarşımda min cürə ruzu,
Yenə də ürəyim su istəyir, su.
                                              Zəlimxan Yaqubdan seçmələr
Şərin dünya

Bulağı sərin dünya –
Min il ömrüm olaydı,
Sularından içəydim.
Dərələrə hay salıb,
Çaylarından keçəydim.

Neməti şirin dünya –
Şirin nemətlərini
Hey daddıqca dadaydım.
Ömrün-günün vaxtını,
Çəkəydim, uzadaydım.

Söhbəti dərin dünya –
Dərin söhbətlərinə
Tez-tez qulaq asaydım.
Nə yaratdın, nə qurdun,
Hamısını balam tək,
Öz bağrıma basaydım.

Heyf o sərinliyə,
Heyf o şirinliyə,
Heyf o dərinliyə.
Ömür azdı, vaxt qısa,
Toydan çox həyat bizi,
Yasa çağırır, yasa! 
                                           Zəlimxan Yaqubdan seçmələr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz