» » “Aktda göstərilmişdi ki, o, ayaqlarını soyuq vurması nəticəsində ürək zəifliyindən həyatını itirib”

“Aktda göstərilmişdi ki, o, ayaqlarını soyuq vurması nəticəsində ürək zəifliyindən həyatını itirib”

 
Həmid Cəfərov 1938-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin
filologiya fakültəsini, Bakı şəhər Partiya Məktəbini və Sov.İKP MK-nın Siyasi-İctimai “Aktda göstərilmişdi ki, o, ayaqlarını soyuq vurması nəticəsində ürək zəifliyindən həyatını itirib”Akademiyasını bitirib. Səksəninci illərdə Naxçıvan Vilayət Partiya Komitəsində katib vəzifəsində çalışıb. 1983-cü ildən Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Hazırda təqaüddədir. Həmid müəllim H.Cavidin nəşinin Vətənə gətirilməsi və onun haqqında əldə etdiyi sənədlər əsasında irihəcmli kitab üzərində işləyir. Onun əyləşdiyi otaq isə H.Cavidin ev-muzeyini xatırladır. Cavid haqqında yazılmış çoxsayli kitablar, məqalələrin dərc olunduğu jurnallar, qəzetlər, sənət adamlarının Həmid müəllimə ünvanladığı məktublar, ürək sözləri, ona həsr etdikləri şeirlər, müxtəlif illərdə arxivlərdən topladığı şəkillər, bir çox surəti çıxarılmış sənədlər əsasında son dərəcə nəfis şəkildə tərtib etdiyi albomlar və qovluqlar otagına gələnlərin diqqətini cəlb edir.
 Böyük şairin  məzarının Uzaq Sibirdən doğma yurduna gətirilməsi işinə rəhbərlik edib."Mədəniyyət" qəzetindəntəqdimedəcəyimiz yazı  Həmid müəllimin xatirələri əsasında qələmə alınmışdır.
 
  "Ana və Uşaq"
 
“Aktda göstərilmişdi ki, o, ayaqlarını soyuq vurması nəticəsində ürək zəifliyindən həyatını itirib”Oktyabr ayı Cavidlər ayıdır: 1882-ci il oktyabrın 24-də böyük şair Hüseyn Cavid dünyaya gəlib; 1919-cu il oktyabrın 22-də şairin oğlu, bəstəkar Ərtoğrul Cavid anadan olub; 2 oktyabr 1923-cü ildə şairin qızı Turan Cavid doğulub. 1982-ci ilin oktyabrında isə Hüseyn Cavidin nəşi bir vaxtlar sürgün olunduğu və dəfn edildiyi uzaq Sibirdən Azərbaycana gətirilib.
Cavidin nəşinin Sibirdən vətənə gətirilməsinə məsul şəxslərdən biri, 1980-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi işləmiş, indi istefada olan 77 yaşlı daxili xidmət polkovniki Həmid Cəfərov respublikanın rəhbəri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi Heydər Əliyevin şəxsi təşəbbüsü və köməyi sayəsində bu işin həyata keçirilməsi ilə bağlı xatirələrini bizimlə bölüşdü.
1981-ci ildə Azərbaycan KP MK böyük şair, dramaturq Hüseyn Cavidin 100 illiyi bağlı qərar qəbul etmişdi. Yubileylə əlaqədar müxtəlif tədbirlər keçirildi. Cavidin Naxçıvandakı ev-muzeyi bərpa edildi, şairin adına poeziya evi yaradıldı.
Cavidin nəşinin vətənə gətirilməsi ideyası qabaqlar iki dəfə qaldırılmışdı. İlk dəfə 1950-ci illərdə Xalq artisti Mustafa Mərdanov, ikinci dəfə ədəbiyyatşünas, professor Abbas Zamanov bu məsələni qaldırmışdı.
* * *
Caviddən son məktub 1941-ci ilin mayında Maqadandan gəldiyindən burada elə bilirdilər ki, o, Maqadanda dünyasını dəyişib. Bu faktı dəqiqləşdirmək istəyirdim. Vəzifəmlə bağlı keçmiş SSRİ məkanındakı rəsmi şəxslərlə görüşlərim olurdu. Maqadan Partiya Komitəsinin katibi Kiselyovla tanış oldum. O, mənə dedi ki, bizə rəsmi məktubla müraciət edin, cavab verək. Məktub yazdıq. 12 may 1982-ci ildə cavab gəldi ki, həqiqətən Hüseyn Cavid 1939-cu ildə Maqadan həbsxanasına gətirilmiş, 1941-ci ilin mayına qədər burada saxlanılmış, 1941-ci ilin oktyabr ayında isə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindəki əlillər evinə göndərilmişdir.
* * *
Bu dəfə məktubla İrkutsk Vilayəti Daxili İşlər İdarəsinə müraciət etdik. Oradan Cavidin 13133 nömrəli şəxsi işini mənə göndərdilər. Həmin şəxsi işdə Cavidin nə vaxt dünyadan köçdüyü, hansı qəbirdə basdırıldığı göstərilmişdi.
1982-ci ilin sentyabrında mən Cavidin şəxsi işini o vaxt Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi işləyən Kamran Rəhimovun vasitəsilə respublikanın rəhbəri Heydər Əliyevə çatdırılmasına nail oldum. Heydər Əliyev sənədlərlə tanış olduqdan sonra Cavidin nəşinin vətənə gətirilməsinə qərar verildi.

* * *
2 oktyabr 1982-ci ildə respublikanın rəhbəri Heydər Əliyev Naxçıvana gəlmişdi. Axşam bizimlə görüşdü. O, "41 il keçir, çətin ki, o yerlərdə nəsə qala. Amma heç olmasa, o yerlərdən bir ovuc torpaq gətirmək lazımdır”, - dedi. Sonra zəhmətkeşlərlə görüşdə də o, bu haqda danışdı. Naxçıvanda bu xəbər böyük rəğbətlə qarşılandı.
Oktyabrın 12-də Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi H.Cavidin 100 illiyi ilə bağlı şairin məzarının vətəninə köçürülməsi barədə qərar qəbul etdi. Bu işi həyata keçirmək isə mənə tapşırıldı. Doğrusu, bu iş məni həm sevindirdi, həm də qorxutdu. Ona görə qorxurdum ki, işdir, birdən alınmadı, bəs onda neyləyərəm? Şübhələri qovub inamla işə başladım.
Naxçıvan MSSR daxili işlər nazirinin müavini işləyən Telman Əliyev mənə zəng etdi. Dedim ki, belə bir vəziyyət yaranıb, yoldaşlıq edərsənmi? O, düşünmədən getməyə razılıq verdi. Bir az sonra SSRİ xalq deputatı Zakir Nəsirov yanıma gəldi. O, Fransaya səfərə hazırlaşırdı. Bildirdim ki, Fransa qaçmır, gəl, mənimlə Sibirə - Hüseyn Cavidin nəşini gətirməyə gedək. O da razı oldu. Üçümüz birlikdə Kamran Rəhimovun qəbuluna gedib səfərə hazır olduğumuzu bildirdik.

* * *
Oktyabrın 19-da İrkutskda vilayət rəhbərləri ilə görüşdük. Vilayətin başçısı dedi ki, mən on ildən artıqdır burada işləyirəm, ancaq Tayşet rayonunun Şevçenko kəndinə getməmişəm. Sizin ora getməyinizə təminat verə bilmərəm. O, gördü ki, biz inadkarlıq edirik, sonda getməyimizə razılıq verdi. Mən ondan xahiş etdim ki, bizə bir ekspert-kriminalist, bir fotoqraf, bir də o vaxt əlillər evində işləyənlərdən kim sağ qalıbsa onlardan birini versin. Belə də etdilər.

* * *
Oktyabrın 20-də Tayşet rayonuna gəlib çatdıq. Burada o vaxt Şevçenko kəndindəki əlillər evində işləmiş çoxlu adam tapdıq. Onlar orada doğrudan da belə bir qəbiristanlığın olduğunu bildirdilər. Rayon rəhbərliyi ilə qərara gəldik ki, Tayşet şəhərində bir məktəb və küçəyə Cavidin adı verilsin. Yubiley tədbirlərinə partiya komitəsinin birinci katibi Oleq Qortunov, məktəbin direktoru və həmin küçədə yaşayan Darafey Traydakalo da dəvət edilmişdi.

“Aktda göstərilmişdi ki, o, ayaqlarını soyuq vurması nəticəsində ürək zəifliyindən həyatını itirib”


Oktyabrın 21-də Tayşet Rayon İcraiyyə Komitəsinin 141 saylı qərarı qəbul olundu. Qərarda deyilirdi ki, 5 dekabr 1941-ci ildə vəfat etmiş H.Cavidin dəfn olunduğu 59 saylı qəbirdən çıxardılıb aparılması üçün Naxçıvan PK-nın katibi Həmid Cəfərova icazə verilsin. Belə bir qərarı aldıqdan sonra 50 nəfərdən ibarət heyət maşınlara əyləşib, 10 nəfər silahlı əsgərin müşayiətilə 70 km yol getdikdən sonra Şevçenko kəndinə çatdıq. Bizim aramızda burada yaşayan azərbaycanlılardan da var idi. İki saat axtarışdan sonra 59 saylı məzar tapıldı. Rayon prokuroru Yelena Yakovlyevna çağırdı ki, gəlin, məzarı tapdım. Hamımız məzarın üstünə toplaşdıq. Mən qəbirin başında diz çöküb ağladım. Qəbrin tapılması haqda akt tərtib etdikdən sonra prokuror onun açılmasına icazə verdi. Qəbri qazımağa başladıq. İki metr dərinliyə çatdıqdan sonra palıd taxtasından olan tabutu gördük. Tabut demək olar, çürüməmişdi, bir-iki yerdən deşilmişdi. Cavid öləndə büküldüyü qara parça sümüklərinə yapışmışdı. Biz yenidən qəbirdə tapılanlarla bağlı akt tərtib etdik. Mən Cavidin kəllə sümüyünü əlimə götürüb alnından öpdüm. Deyirdilər, ona güllə vurublar, ancaq heç nə yox idi. Kriminalist də təsdiqlədi ki, şairə heç bir güllə dəyməyib. Aktda göstərilmişdi ki, o, ayaqlarını soyuq vurması nəticəsində ürək zəifliyindən həyatını itirib. Beləliklə, həmin gün Cavidin sümüklərini qəbirdən çıxarıb yeni tabuta qoyduq. Ardınca xatirəsini yad etmək üçün çıxışlar etdik. Yanımızda olan əsgərlər də Cavidin 100 yaşı şərəfinə yaylım atəşi açdılar. Sonra biz Tayşetə qayıtdıq.

* * *
Ayın 22-də Tayşet rayon Sanitar-Epidemioloji Stansiyası belə bir qərar çıxardı ki, yoluxucu xəstəliklə ölmədiyinə görə, Hüseyn Cavidin tabutunun üstü sink dəmirlə örtüldükdən sonra gəmi, təyyarə və qatarla vətəninə aparılmasına icazə verilsin. Tabutu ayrıca vaqonda rayon mərkəzindən vilayət mərkəzinə gətirdik, oktyabrın 24-də gördüyümüz işi vilayət rəhbərliyinə danışdıqdan sonra onlara minnətdarlığımızı bildirib Moskvaya yola düşdük.

* * *
Ayın 25-də Moskvaya çataçatda təyyarədə ikən stüardessa salona gəlib "Cəfərov kimdir?” - deyə soruşdu. Dedim ki, mənəm. O, bildirdi ki, bir teleqram almışıq, deyirlər ki, siz gətirdiyiniz yükü Bakıya aparmalısınız. Bu, Heydər Əliyevin göstərişidir. Biz planlaşdırmışdıq ki, tabutu Moskvadan İrəvana gətirək, aeroportda bizi adamlar qarşılasın, orada tədbir keçirdikdən sonra tabutu Şaxtaxtıya, oradan da Naxçıvana gətirək.
Axşam Moskvaya çatdıq. Azərbaycan nümayəndəliyinin binasında yerləşdik.

“Aktda göstərilmişdi ki, o, ayaqlarını soyuq vurması nəticəsində ürək zəifliyindən həyatını itirib”
Oktyabrın 26-da Bakıya çatdıq. Bizi böyük izdiham qarşıladı. Respublikanın tanınmış adamları, rəhbər şəxsləri burada idi. Böyük tədbir keçirildi, çıxışlar oldu. Tədbirdən sonra biz maşınlarla şəhərə gəldik. Cavidin tabutunu Şirvanşahlar sarayında yerləşdirdik. Axşam aydın oldu ki, bir qrup tanınmış adam Cavidin Fəxri xiyabanda dəfn olunmasını istəyir. Doğrusu, bir az pis oldum. Axı bizim məqsədimiz Cavidi öz yurduna gətirmək idi. Həm də Naxçıvanda səbirsizliklə Cavidin tabutunu gözləyirdilər.
Bir gün sonra Elmlər Akademiyası Rəyasət Heyətinin binasında bu məsələ ilə bağlı iclas keçirildi. Bir çox çıxışlardan sonra qərara alındı ki, Cavid öz doğulduğu yurdda basdırılsın. Bu qərardan sonra noyabrın 1-dək Cavidin tabutu Şirvanşahlar sarayında saxlandı, insanlar onunla vidalaşdılar.

* * *

Noyabrın 2-də respublikanın rəhbəri Heydər Əliyev büro üzvləri ilə birlikdə Cavidlə vidalaşmağa gəldi. Sonra biz Naxçıvana yola düşdük. Orada da böyük izdiham bizi qarşıladı. Naxçıvanda da tədbir keçirdik. Sonra Cavidin tabutunu doğulduğu evə gətirdik. Bir gecə burada qaldı.

* * *
Noyabrın 3-də tabut C.Məmmədquluzadə adına Naxçıvan Dram Teatrında yerləşdirildi. Əhali dəstə-dəstə Cavidlə vidalaşmağa gəlirdi. Həmin gün saat 3-4 arası biz şairin nəşini doğulduğu həyətdə, sevdiyi tut ağacının yanında dəfn etdik. Düz 41 ildən sonra böyük Cavidimiz doğma vətəninə qayıtdı, doğulduğu həyətdə özünə əbədi məkan tapdı.
* * *
Özümü Cavidin mənəvi övladı sayıram. Cavidi çox sevdiyimdən yaxın dostlardan, qohumlardan xahiş etdim ki, kimin ailəsində uşaq dünyaya gəlsə, adını Cavid, Müşkinaz, Ərtoğrul, Turan qoysun. İndi yurdumuzda bu adlarla neçə-neçə şəxs böyüyür.

“Aktda göstərilmişdi ki, o, ayaqlarını soyuq vurması nəticəsində ürək zəifliyindən həyatını itirib” 

  

S.Soltanlı
Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 12.
Mənbə:http://anl.az

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz