» » İlyas Tapdıq poeziyasının ruhu

İlyas Tapdıq poeziyasının ruhu

 İlyas Tapdıq poeziyasının ruhu

Onun "Gözlər”, "Əksim və qəlbim”, "Arxalı dağlar”, "Bir ömrün şimşəyi”, "Məhəbbət yolları” və s. kimi şeir
kitabları lirik poeziyamızın layiqli nümunələrindən hesab edilir. İlyasTapdığın təkcə "Bənövşə xatirinə kol dibinə iz düşür” misrası onu ən əsl lirik şair olduğunu sübut edir.

Üzərində ağ buludlar yarılar,
Yel vuranda gülün-gülə sarılar,
Çiçəyinə nəğmə deyər arılar
Şirə çəkir çəmənlərin tər çağı,
Sinən üstə səpələnir Ər dağı!

Əgər İlyas Tapdıq yalnız bu tipli lirik şeirlər yazsaydı, yenə də ədəbiyyatımızın tarixində qala bilərdi. Lakin bu gün İlyasTapdıq haqqında düşünəndə, uşaq ədəbiyyatımızın görkəmli bir nümayəndəsinin siması qeyri-ixtiyari olaraq göz önündə canlanır.
İlyas Tapdıq 1934-cü ilin 30 noyabrında Gədəbəyin Əli İsmayıllı kəndində dünyaya göz açıb. QaraMurad kəndində orta məktəbdə oxuyarkən yazdığı şeirləri mərkəzi mətbuata yol tapmağa başladı. 19 yaşlı İlyasın "Bakının gecələri” adlı şeiri respublikanın ən böyük ədəbi mətbuatlarından biri olan "Azərbaycan” jurnalında çap olundu. İlk uğur onu həyəcanlandırdı, amma şaşdırmadı. Bunun ardınca 1955-ci ildə "Kəndimizin çobanı” adlı şeirlər kitabı nəşr olundu. Bu kitab sanki İlyas Tapdığı aydın və uğurlu ədəbi yolun yolçusu etdi. 1957-ci ildə onu Uşaqgəncnəşr adlanan böyük bir nəşriyyata redaktor vəzifəsinə dəvət etdilər. 1958-ci ildə Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundu.
1957-ci ildən 1990-cı illərə qədər uşaqlar üçün kitab çap edən nəşriyyatlarda çalışdı. Onun indiyə qədər redaktə etdiyi kitabların sayı 1000-ə yaxındır.Bu günün tanınmış yazıçılarının əksəriyyətinin kitablarına İlyas müəllim redaktorluq edib.
Görkəmli rus yazıçısı M.Prilejayeva "Detskaya literatura”jurnalında "Salam, İlyas Tapdıq” adlı məqaləsində qeyd edir ki, Azərbaycan uşaqları ona görə xöşbəxtdir ki, onların İlyas Tapdıq kimi gözəl şairləri var.
Bu gözəllik nədədir? İlyas Tapdıq hər şeydən əvvəl güclü müşahidə qabiliyyətinə malik olan bir sənətkardır. Hamının gördüyübir lövhəni İlyas Tapdıq heç kəsin görə bilməyəcəyi bir mənzərəyə çevirməyi bacarır:

Nənənin evində gəbə var,
Gəbənin üstündə dəvə var,
Dəvənin belində təpə var,
Təpənin üstündə nəvə var...

Təkcə bu bənd bitkin bir şey ola bilərdi. Lakin şair hər misranın məntiqi davamını kəşf edir.:

Nənənin evində gəbə var,
Gəbənin üstündə dəvə var”

Bu misraların məntiqi davamı kimi şeirdə oxuyuruq:

"Dəvənin yunundan toxunan gəbələr”.

 

İlyas Tapdıq poeziyasının ruhu

Yalnızbu misradan sonra uşağa aydın olur ki, dəvələri əzizləyib, şəklini gəbənin üstündə niyə çəkiblər. Çünki dəvənin yunu olmasaydı, gəbələr də toxunmazdı. Dəvələrin belindəki təpələr, həmin təpələrin üstündə oynayan nəvələrin xoşbəxtliyinin də səbəbi həmin dəvələr və gəbələri toxuyan nənələrdir.
Forma ilə məzmunun vəhdəti İlyas Tapdığın uşaq şeirl
ərininən mühüm keyfiyyətlərindən biridir. Təbiət təsvirlərinə həsr olunan şeirlərində artıq bir sözə, əlavə bir detala rast gəlmək mümkün deyil.
Şair uşaq şeirlərimizin elə mükəmməl nümunələrini
yaradıb ki, hələ çox illər onu məhəbbətlə oxuyacaq, cavan qələm sahibləri – yaradıcı şəxslər İlyas Tapdıqdan sənət üçün vacib olan çox dəyərləri əxz edəcəklər.

Lerikdə
meşəli yamac var,
Yamacda
nə qədər ağac var,
Budağı
Qaynayıb, qarışıb.

Lerik meşələrinin vəhşi, nizamsız, lakin bu ibtidailikdə bir gözəllik olduğunu bundan yaxşı təsvir etmək mümkün deyil. Lakin müəllifin fikri heç də təkcə insan ayağı dəyməyən bu meşə-lərin təsvirini vermək deyil. Budaqları bir-biri ilə qurşaq tutan bu meşədəki ölüm-dirim mübarizəsində yaşamaq və qalib gəlməküçün ağaclar öz gövdələrini bərkitmək məcburiyyəti qarşısındadırlar.
Dəmir ağacların də məhz Lerik meşələrində bitməsinin səbəbi bəlkə də elə budur.
Şair bu ağacın bərkliyini, "dəmir”liyinigöstərmək üçün yazır:

Kökünü
Torpaqda
Köstəbək gəmirdi.
Dişləri batmadı
Dedi ki,
- Bu ağac
Deyəsən,
Dəmirdi.

"Dəmir ağacı”nı bu cür yığcam və son dərəcə ciddi ifadələrlə təsvir edən şair "Püstə ağacı” şeirində ahəngi dəyişir. Püstənin özü kimi yumşaq ifadələrə keçir:

A püstə
Püstə,
Püstə,
Təpə üstə, dağ üstə,
Kökləri yarğan üstə,
Quruyar çardaq üstə
Yarpağı yarpaq üstə...
İstidir. Ay Süsənbər,
Bircə vedrə suəndər,
Bir ovuc püstə istə.

İlyas Tapdıq uşaq ədəbiyyatının sirlərinə bələd olduğu kimi uşaqların psixologiyasını da əla bilir. Lakin müəllif bu biliklərinə arxayın olub, qurama süjetlər, qeyri-inandırıcı əhvalatlar təsvir etmir.
Uşaqları müşahidə edib, onların gündəlik həyatından götü-rülmüş əhvalatları qələmə almaq İlyas Tapdıq üçün çox xarakterik iş üslubudur. Bu, şübhəsiz mühüm keyfiyyətdir.
Şair İlyas Tapdıq beləəsərlərində uşaqların başına gələn məzəli əhvalatlardan daha çox istifadə edir:

Bir əmi
götürüb qayçını
Gültəmin
Qısaldıb saçını.
Başına
aparıb əlini
Qız,
gəzir, axtarır telini,
Yerinə
bitirin saçımı!

Şair bəzən ən adi bir əhvalatdan məzmunlu əsər yaratmağa nail olur:

Buynuzları burma-burma
Vurağan qoç, məni vurma!
Qoç uşağa baxıb durdu,
Buynuzunu daşa vurdu.
Dedi: - Onda, dəcəl oğlan,
Qabağımda gəlib durma.

Cəmi altı misrada yerləşdirilən bu əhvalat nəsrlə yazılsaydı, bəlkə də bir səhifədən çox olardı. Şair burada uşağın dəcəlliyini, qoçu cırnatmaq istədiyini təsvir etmir. Onu qoçun dediyi bir misradan başa düşürük. Deməli, yığcamlıq Azərbaycan uşaq ədəbiyyatının ən başlıca meyarıdır.
İlyas Tapdıq xalq ədəbiyyatından yaradıcılıqla bəhrələnən bir söz ustasıdır. Xalqın yanıltmaclarının uşaq üçün nə qədər sevimli olduğunu hamı bilir. Çünki bu janr səslərin, sözlərin yaratdığı alliterasiyaya əsaslanır və belə əsərlər oyun xarakterli olduğuna
görə balacaların çox xoşuna gəlir. İlyas Tapdığın yaratdığı bir silsilə şeir, xalqın həmin ənənələrinə əsaslanan gözəl nümunələridir:

Keçidi
Keçdi
Keçim.
Gərək indi mən
Keçim
Keçib
Keçini
Keçim.


İlyas Tapdıq poeziyasının ruhu 

 

Ümumiyyətlə, xalqdan yaradıcı bəhrələnən İlyas Tapdığın alliterasiyaya əsaslanan "Bildirçin” şeiri uşaq poeziyamızın nadir nümunələrindəndir. Bu şeirdə "bildirçin”, "bildir”, "bildir-bildir”, "çildir” və s. kimi sözlər bir süjet ətrafında məharətlə birləşdirilib.
Şeiri oxuyan hər bir uşaq ona yenidən qayıtmaq istəyir.:

Bildir uçub bağçanı
Meşə bildi bildirçin.
Arzu çıxıb çığırdı
"Çildir, çildir” bildirçin
dedi:
Hanı quyruğun?
Mənə bildir, bildirçin.
Bəlkə pişik qoparıb
Neçə ildir, bildirçin.

İlyas Tapdığın uşaq əsərləri M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, R.Əfəndiyevlə başlayan uşaq poeziyamızın davamı kimi çox ibrətlidir. Dilinin saflığı və təmizliyi süjetlərin təbiiliyi, tərənnüm etdiyi ideyaların əhəmiyyətliliyi etibarı ilə bu əsərlər İlyas Tapdığı qələm yoldaşlarından tamamilə fərqləndirir.
Mir Cəlal, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Elçin, Məmməd Araz, Hüseyn Arif kimi Azərbaycan şairləri və yazıçıları ilə yanaşı, Sergey Mixalkov, Valentin Berestov, Mariya Prilejayeva kimi dünya şöhrətli rus yazıçıları İlyas Tapdığın sənətinə yüksək qiymət vermişlər.

İlyas Tapdıq poeziyasının ruhu

Zahid XƏLİL,
filologiya elmləri doktoru,

professor

Mənbə:http://www.clb.az/dosyalar/427.pdf

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz