» » “Bəxtiyar”ın Ağabalası yad olunub

“Bəxtiyar”ın Ağabalası yad olunub

“Bəxtiyar”ın Ağabalası yad olunub

Oktyabrın 27-də Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, Xalq Artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə qonalar əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar.
Tədbirdə Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova çıxış edərək unudulmaz aktyorun yaradıcılıq dünyasından danışıb. Aktyorun sənət dünyasının özünəməxsusluğundan söz açan muzeyin direktoru görkəmli aktyoru əsl sənətkar kimi xarakterizə edib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev sənətkarın sənət fəaliyyəti ilə yanaşı, milli kinomuzun inkişafındakı xidmətləri haqqında danışıb. O deyib ki, A.Gəraybəyli teatrda, eyni zamanda, kino sahəsində çoxsaylı obrazları ilə tamaşaçıların qəlbini fəth edib.
Vurğulanıb ki, 1897-ci ildə Şamaxıda bəy ailəsində dünyaya gələn sənətkar səhnədə və ekranda 100-dən artıq obrazlar qalereyası yaradıb.
1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan unudulmaz sənətkar ”Müfəttiş”, "Nişanlı qız”, "Əliqulu evlənir”, "Ölülər”, "Aydın”, "Yurdsuz insanlar”, "Od gəlini”, "Fərhad və Şirin”, "Ovod” və digər səhnə əsərlərində bir-birindən fərqli rollarda çıxış edib. İlk dəfə filmə 1924-cü ildə çəkilən A.Gəraybəyli "Qız qalası”nda həkim obrazını mükəmməl tərzdə oynayıb. 1928-ci ildə "Hacı Qara” filmində Əsgər bəy rolunda çıxış edib. 1937-ci ildə "Dəcəl dəstə” uşaq filmində ata, 1947-ci ildə "Fətəli xan” tarixi–bioqrafik filmində İran sərdarı rollarını ifa edən aktyorun "Bəxtiyar” filmindəki Ağabala obrazı onun kino yaradıcılığında xüsusi yer tutur. "O olmasın, bu olsun” kinokomediyasındakı Rüstəm bəy surəti aktyorun teatr və kinoda yaratdığı ən müvəffəqiyyətli işlərindən hesab edilir.
A.Gəraybəyli müxtəlif vaxtlarda "Qızmar günəş altında” filmində Sərdarov, "Leyli və Məcnun”da İbn Xalid, "Yaşamaq gözəldir, qardaşım”da Dayı, "Poçt qutusu”nda Bəy, "Ulduzlar sönmür”də Jandarm, "Bizim küçənin oğlanları”nda Rüstəm kişi, "Mən nəğmə qoşuram” və "Musiqi müəllimi” filmlərində epizodik rollarda çıxış edib.
İstər teatrda, istərsə də kinoda bu böyük sənətkarın yaratdığı yüzlərlə surət, onun tükənməz zəhmətinin, gərgin əməyinin bəhrəsidir.
Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə, Xalq Artisti Hacı İsmayılov, teatrşünas Aydın Talıbzadə aktyorun sənət dünyasından bəhs edərək onun xidmətlərini xüsusi qeyd ediblər. Bildirilib ki, A.Gəraybəyli hər zaman insani keyfiyyəti ilə yaradıcılığı vəhdət təşkil edən sənət adamı kimi tanınıb, sevilib.
Sonra aktyorun ailəsi adından nəvəsi Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə, xüsusən ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

“Bəxtiyar”ın Ağabalası yad olunub

Mənbə:https://azertag.az/xeber/Bextiyarin_Agabalasi_yad_olunub-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz