» » Bakıda IX Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib

Bakıda IX Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib

Bakıda  IX Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib

Bakıda Beynəlxalq Muğam Mərkəzində IX Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, festival "Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə reallaşıb.
Yekun konsertindən əvvəl çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda muğam sənətinə göstərilən qayğıdan danışıb, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən beynəlxalq muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.
"Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə qeyd edib ki, Beynəlxalq Uşaq Muğam Festivalı 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır. Builki festivala Azərbaycan da daxil olmaqla, 10 ölkənin (Türkiyə, Misir, İran, Özbəkistan, Tacikistan, Tunis, Əlcəzair, Qazaxıstan, Türkmənistan) təmsilçiləri qatılıb. Festival çərçivəsində keçirilən müsabiqənin son seçim turu oktyabrın 14-də olub. Bu tura qatılan iştirakçılardan 19-u finala vəsiqə qazanıb. Hər ölkəni bir mütəxəssis də təmsil edir və o, eyni zamanda, beynəlxalq münsiflər heyətinin üzvüdür. Münsiflər heyətinin sədri Xalq Artisti, professor Ağasəlim Abdullayevdir.
Sonra iştirakçıların ifaları başlayıb. Onları B.Salahov adına "Araz” xalq çalğı alətləri ansamblı müşayiət edib. İfalar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Yekun konserti başa çatdıqdan sonra qaliblər elan edilib.
Azərbaycanlı iştirakçı Zibər Zamanova qran-priyə layiq görülüb. Birinci yeri iranlı Mehrab Serbazi və özbəkistanlı Xojamberdiyeva Lola qazanıb. İkinci yeri Azərbaycandan Nəcibə Məmmədova, Türkiyədən Şirin Muhammed Eren və Tacikistandan Qafarov Abduqaxor tutub. Üçüncü yerə qazaxıstanlı Rahimjan Sayat, türkmənistanlı Bakıyev Kabe Şhih, əlcəzairli Ould Ambrouche Ghoslene və tunisli Akmar Laabidi layiq görülüblər.
Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verilib. Altı nəfər iştirakçıya isə həvəsləndirici mükafat təqdim olunub.
Finalda iştirak edən bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Bakıda  IX Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib

Mənbə:https://azertag.az/xeber/Beynelxalq_Usaq_Mugam_Festivalinin_qalibleri_mukafatlandirilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz