» » Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər ( II yazı)

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər ( II yazı)

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər ( II yazı)
Fizioloqların tədqiqatlarına görə, sinir sistemi funksiyalarının intensiv inkişafı dövründə onun yorulması, uşağın ümumi inkişafına mənfi təsir göstərir. Oyanma prosesinin üstünlüyü orqanizmdə enerjinin həddindən artıq sərf edilməsinə və sinir sisteminin zəifləməsinə səbəb olur.
Müşahidələr göstərir ki, ibtidai sinif şagirdlərinin diqqəti davamsızdır. Ona görə də dördüncü dərsdə şagirdlərin diqqətinin yayınma müddəti artır, effektliyi azalır. Bunları nəzərə alaraq kiçik yaşlı məktəblilərin dərs cədvəlində dərslərin növbələşməsindəki rəngarəngliyi daha çox nəzərə almaq və həm də yorğun saatlarda asan fənləri (fiziki tərbiyə, texnologiya, musiqi və s.) cədvələ salmaq məqsədəmüvafiqdir. Orta məktəb yaşlı şagirdlərin yaş dövrünün bəzi dəyişikliklərini də diqqətə çatdırmağı məqsədəuyğun sayırıq. Məlumdur ki, orta məktəb yaşı keçid yaşı sayılır. Hansı ki, bu yaşda orqanizm yetkinlik prosesində olur.
Mərkəzi sinir sisteminin funksional inkişafı əhəmiyyətli dərəcədə artır. Yeniyetməlik dövründə ürəyin inkişafı damarlara nisbətən daha sürətli olur. Bu da şagirdlərdə əzginlik, baş ağrısı, süstlük və tez yorulma hisslərini əmələ gətirir.
11-15 yaşlarında döş qəfəsi və tənəffüs üzvləri ümumi bədənin inkişafından geri qaldığı üçün bu yaşda şagirdlər əsəbi olurlar. Ona görə ki, bədən hüceyrələri və toxumaları lazımınca oksigenlə təchiz oluna bilmir. Yeniyetməlik dövründə məktəblilər qəhrəmanların həyatını öyrənməyə, texnikaya, romantikaya, macəra və səyahətə aid ədəbiyyata böyük maraqlı olurlar. Bu yaşlarda yadda saxlama prosesi məntiqi və iradi məna kəsb edir. Dilin qanunauyğunluqlarına daha şüurlu şəkildə yiyələnir, beləliklə də, onun şifahi və yazılı nitqi zənginləşir.
Bu xüsusiyyətlərinə görə orta yaşlı şagirdlərin cədvəlində dərslərin düzülüşü kiçik yaşlılardan fərqlənməlidir. Belə ki, çətin fənləri IV dərsə, orta çətinlikli fənləri V-VI saatlarda salmaq olar.
Böyük yaşlı şagirdlərin (15yaşla 17-18 yaş arası) əsas xüsusiyyətləri onların kiçik və orta yaşlı şagirdlərə nisbətən fiziki və zehni cəhətdən yetişmələri ilə xarakterizə edilmələrindədir.
Böyük məktəb yaşlı şagirdlər təlimin ictimai mənasını dərk edirlər. Onlar təbiət və cəmiyyətdəki hadisələrin nəzəri əsasları, elmi izahları ilə maraqlanır, insanlar arasındakı münasibətləri təhlil etməyə çalışırlar. Nəticə çıxarmağa çox meyil edirlər.
Böyük məktəb yaşlı şagirdlərə ədəbiyyat, xüsusilə bədii ədəbiyyatın mütaliəsi qüvvətli təsir göstərir. Müxtəlif elmlər üzrə olan kəşflər, onların texnika və istehsalatda tətbiqi ilə dərindən maraqlanırlar.
Böyük yaşlı şagirdlərin bu xüsusiyyətlərinə görə onlarda dialektik baxışların formalaşması üçün fənlərarası əlaqənin cədvəldə nəzərə alınmasına (dərslərin düzülüşünə) diqqət yetirmək vacib tələblərdəndir. Psixoloqlar da şagirdlərin təfəkkür fəaliyyətinin məqsədəyönəldilmiş inkişafı üçün fənlərarası əlaqəyə böyük əhəmiyyət verirlər.
Dərsdə fənlərarası əlaqə yaradıldıqda şagirdlərin biliyi genişlənir, onlarda dərketmə prosesi sürətlənir. Belə ki, şagirdlər materiya və onun formalarının vəhdəti qanununu yalnız materiyanın fiziki şəkildən kimyəvi şəklə, kimyəvidən fiziki və hər ikisinin bioloji şəklə çevrilməsi prosesini əlaqəli misallarla açılması şərti ilə, biliklərin elmi sistemini dərindən mənimsəyə bilərlər.
Biologiya, fizika və kimya dərslərində həmçinin coğrafiya və tarixin tədrisi zamanı şagirdlərə təbiətin müxtəlif qarşılıqlı əlaqələrinin öyrədilməsi- kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə çevrilməsi, əksliklərin vəhdəti və mübarizəsi, inkarın inkarı kimi qanunların şüurlu surətdə mənimsənilməsinə ilk zəmin yaradır.
Fənlərarası əlaqənin, biliklərin elmi sisteminin yaradılmasına kömək etməsini nəzərə alaraq, eyni gündə cədvəldə coğrafiya və tarix olduqda coğrafiyanı əvvələ, kimya və fizika olduqda isə fizikanı əvvələ salmaq faydalıdır.
Yaş dövrünün bu xüsusiyyətlərinə görə orta və böyük yaşlı şagirdlərin cədvəlində dərslərin düzülüşü kiçik yaşlılardan fərqlənməlidir.
Tədris planındakı fənlərin mənimsənilməsində bu və ya digər analizatorların daha çox iştirakı ilə əlaqədar fənləri 4 qrupa bölmək olar:

1. Mənimsətmək üçün daha çox düşünmək, mühakimə yürütmək, başqa sözlə, daha çox əqli əməliyyatdan istifadə tələb edən fənlər – riyaziyyat, fizika, kimya;
2. Əqli əməliyyatdan istifadə etməklə bərabər görmə üzvlərinnin iştirakı daha çox tələb edilən fənlər – Azərbaycan dili, xairic dil;
3. Dinlənilməsi daha çox tələb edilən, yaxud da eşitmə üzvlərinin iştirakını daha çox tələb edilən fənlər – ədəbiyyat, tarix, coğrafiya, konstitusiya, biologiya;
4. Tədrisində əsas yeri bilavasitə praktik hərəkətlərə çox yer verilən fənlər – rəsm, musiqi, texnologiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı.
Tibb elmi üzrə aparılmış tədqiqatlar sübut etmişdir ki, tədris planında elə fənlər vardır ki, həmin fəndən sonra iş qabiliyyəti aşağı düşür, sürətlə dəqiqlik azalır.
 
Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər ( II yazı)

Digər fəndə isə həmin göstəricilər o qədər də kəskin şəkildə aşağı düşmür. Beləliklə, fənləri çətinliyə görə üç qrupa bölmək olar:

1. Çətin fənlər
2. Ortaçətinlikli fənlər
3. Asan fənlər.

 

Müxtəlif fənlər üzrə dərslərdən sonra şagirdlər üzərində aparılmış tibbi tədqiqatların nəticələrinin təhlili və təcrübə göstərir ki, fənlər bəzən öz spesifik çətinliyinə, yaş və sinfə görə bu və ya digər qrupa keçə bilərlər. Məsələn, bu mövqedən yanaşsaq, I sinifdə təsviri incəsənət və musiqi ilə V sinifdə keçirilən həmin fənləri eyni qrupa aid etmək düzgün olmaz. I sinifdə həmin fənlər şagirdin yaşına görə orta çətinlikli fənn sayılmalı, IV, V, VI siniflərdə isə asan fənn sayılmalıdır.
Eləcə də texnologiya öz məzmununa görə I-IV siniflərdə asan fənn sayılmalı, yuxarı siniflərdə isə texnika ilə əlaqədar olduğundan həmin fənnə asan fənn kimi baxmaq olmaz, cünki bu fənni öyrənmək üçün şagird zehni əməkdən də ( fizika və kimyaya aid nəzəri məlumatlardan da) istifadə etməlidir. Ona görə də bu fənn yuxarı siniflərdə orta çətinlikli fənn kimi götürülməlidir. Bəzi fənlər vardır ki, bu fənlərin tədrisindən sonra iş qabiliyyəti aşağı düşür.
Məsələn, V sinifdə tarix fənninin tədrisindən sonra şagirdin iş qabiliyyəti aşağı düşür.
Məktəb təcrübəsinə əsasən belə qənaətə gəlmək olar ki, həftənin I –V günləri qeyri-məhsuldar günlərdir. Məktəbşünaslıqda qeyd edilir: həftənin axırında şagirdlər çox yorulduğundan çətin fənləri həftənin axırıncı gününə salmaq məsləhət görülmür. Çətin fənləri dərs gününün II və III saatlarına, orta çətinlikli fənləri I, III, IV, V saatlara, asan fənləri isə VI saata salmaq məsləhət görülür.

Tədris fənlərində tarixi-filoloji xarakterli fənlər xüsusi yer tutur. Məsələn, Azərbaycan dili fənni ana dili kimi şagirdə yaxındır. Bu dil vasitəsilə uşaq başqa adamlarla ünsiyyətdə olur, bununla ətraf mühiti izah edir. Bu xüsusiyyətlərinə görə ana dili uşaqların daxili marağına səbəb olur. Müəyyən dərəcədə də yorğunluq az olur.
Hansı ki, bu keyfiyyətlər ədəbiyyat və tarixə də aiddir, bunlar da materialın konkretliyinə görə, süjetliliyinə görə, dərin emosionallığına, həyati lazımlılğına görə mənimsəməni asanlaşdırır və oxuyanların yorğunluq dərəcəsinə təsir edir, yəni yorğunluğun dərəcəsini azaldır. Müxtəlif yorğunluq yaradan dərslərin növbələşməsi zehni əməyin keyfiyyətini artırır.
Mənbələrdə göstərilir ki, şagirdlərin cavablarına və metodik ədəbiyyatdan aldığımız məlumatlara görə aşağıda qeyd etdiyimiz fənləri müvafiq olaraq çətin və asan fənlərə ayırmaq olar:

V sinifdə "çətin” fənn: xarici dil, riyaziyyat, tarix
VI sinifdə "çətin” fənn: xarici dil, riyaziyyat, fizika
VII sinifdə "çətin” fənn: xarici dil, riyaziyyat, fizika, kimya
VIII sinifdə "çətin” fənn: riyaziyyat, fizika, kimya və biologiya
IX sinifdə "çətin” fənn: riyaziyyat, fizika
X sinifdə "çətin” fənn: riyaziyyat, fizika, kimya
XI sinifdə "çətin” fənn: riyaziyyat, fizika, kimya

Ev tapşırıqlarına görə "çətin” fənlər VIII-XI siniflərdə ədəbiyyat və tarixdir.
Bəzi pedaqoji araşdırmalarda riyaziyyat, ana dili, xarici dil, fizika, kimya kimi fənlərin çətin olduğu qeyd olunur.
İbtidai siniflərdə çətin fənn Azərbaycan dili, riyaziyyat və xarici dil hesab olunur.

Zehni gərginlik dərəcəsinə görə həftənin günlərini 2 qrupa ayırmaq olar:

1. Əlverişli
2. Əlverişsiz.

I-V günlər qeyd etdiyimiz kimi əlverişsiz günlər hesab olunur. II,III,IV günlər isə fənləri mənimsətmək üçün əlverişli günlərdir.
Zehni gərginlik dərəcəsinə görə, həftənin günlərinə səmərəli və səmərəsiz paylanması baxımından tədris fənlərini 2 qrupa bölmək olar. Məsələn, I gün gərgin zehni zəhmət tələb edən dərsləri çox vermək fənnin mənimsənilməsinin səmərəsizliyinə gətirib çıxara bilər. Həftənin orta günlərində dəqiq və humanitar fənləri növbəli vermək fənni səmərəli şəkildə mənimsəməyə imkan verər.
Deməli, fənlərin qruplaşdırılması və növbələşdirilməsi siniflər üzrə müəyyən edilmir və ya siniflər üzrə müəyyən edilmə əsaslandırılmır.
Gigiyena elmində də şərti olaraq fənləri aşağıdakı kimi bölmək məsləhət görülür: əvvəlcə daha çətin, sonra nisbətən yüngül fənlərin yerləşdirilməsi: a) xarici dil və riyaziyyat, b) fizika və kimya, c) tarix, coğrafiya, d) ana dili, ədəbiyyat, e) fiziki tərbiyə, texnologiya, rəsmxətt, təsviri incəsənət, musiqi və oxu.
Nəzərə almaq lazımdır ki, fiziki tərbiyə dərslərində əsasən fiziki işdən istifadə olunur. Halbuki o biri fənlərdə (riyaziyyat, ana dili və s.) isə əsas zehni əməkdən istifadə edilir.
Hər hansı əşya və hadisəni növlərə, qruplara ayırdıqda müəyyən konkret əlamətlərə, müəyyən ölçüyə əsaslanmaq lazımdır. Eləcə də fənlər şagirdin fənni mənimsəməsi üçün sərf etdiyi düşünmə qabiliyyətinin çox və ya azlığının miqdarına görə bir-birindən fərqlənirlər.
Aydındır ki, bütün biliklər əqli əməliyyat vasitəsilə mənimsənilir. Elə fənlər vardır ki, şagirdin həm fənləri mənimsəməsi üçün daha gərgin şəkildə əqli əməliyyata müraciət etməsi, düşünüb mühakimə aparması lazımdır, digərinin mənimsəməsi üçün də əqli əməliyyat aparması müəyyən dərəcədə vacibdir, lakin gərgin şəkildə yox.
Araşdırmalarımızdan belə məlum oldu ki,dünya təcrübəsinə əsasən dərs cədvəlinin tərtibində bal sistemi mövcuddur. Belə ki, ballar fənlərin zehni gərginlik dərəcəsinə əsasən təyin olunur. Fikrimizi aşağıdakı şəkildə reallaşdıra bilərik. Tədris fənlərinin çətinlik dərəcəsinə görə sıralanması (10 ballı sistemlə).

 

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər ( II yazı)

 

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Fənlərin ballar üzrə bu cür göstərilməsi həm ibtidai təhsil, həm də ümumi təhsil üçün nəzərdə tutula bilər. Hazırda dünya təhsil sistemində dərs cədvəlinin ballar əsasında elektron cədvəllərlə tərtibi qaydaları mövcuddur. Elmi mənbələrə və qabaqcıl dünya təcrübəsinə istinadən qeyd etdiklərimiz aşağıdakı təklifləri söyləməyə imkan verir:

1.Zehni gərginlik dərəcəsinə görə tədris günlərinin məhsuldar və qeyri məhsuldar günlərə ayrılmasını ibtidai siniflərə şamil etməmək olar.Belə ki, yuxarı sinif şagirdlərində təfəkkür sözlü-məntiqi və mücərrəd xarakterdə olur, analitik təfəkkür güclü inkişaf etməyə başlayır.
Ona görə də onlar I gün istirahətdən qayıdarkən hələ də o təsirdə olur, V gün isə beyində belə bir stereotip formalaşır ki, artıq yorulmuşam, istirahət lazımdır.Kiçik məktəb yaşı dövründə isə uşaqlarda əyani-əməli və obrazlı təfəkkür güclü olur, həmşinin emosional-iradi sfera davranışlarında üstünlük təşkil edir. Onlar üçün gözəl, cəlbedici, müasir texnologiyalar əsasında təşkil olunmuş dərslər həftənin istənilən günündə kiçik məktəblini özünə cəlb edə bilər.
2.Xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün xüsusi tədris planı nəzərə alınmaqla , eləcə də fərdi xüsusiyyətlərindən, özlərinin və valideynlərinin( qanuni nümayəndələrin) sağlamlıq vəziyyəti nəzərə alınmaqla yorğunluğun qarşısını almaq üçün həftə ərzində işgüzarlığı optimal səviyyədə saxlamaq üçün həftənin ortalarında (bir qayda olaraq çərşənbə günü) sadələşdirilmiş tədris gününün müəyyənləşdirilməsi yaxşı olardı.
3. Hazırda ümumtəhsil məktəblərimizin demək olar ki, əksəriyyətində dərslər bir növbəlidir. Ona görə də yenə də məktəbin tədris rejiminə uyğun olaraq dərslərarası tənəffüsləri (dərs müddətinə toxunmamaq şərtilə) uzatmaq olar.
 

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər ( II yazı)

 

İntiqam Cəbrayılov, pedaqogika üzrə elmlər doktoru, professor
Pərişan Həsənova, pedaqogika üzrə fəlsəfə doktoru

Mənbə:http://aztehsil.com/ttudm/1145-mumthsil-mktblrind-drs-cdvlinin-trtibin-veriln-tlblr.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz