» » Ana bətnində olan dölə qan köçürülərək sağlam körpə doğulması təmin edilib

Ana bətnində olan dölə qan köçürülərək sağlam körpə doğulması təmin edilib


Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ana bətnində olan döldəki problem aradan qaldırılıb. Klinikanın Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun universitetin mətbuat xidmətinə verdiyi məlumata görə, dördüncü hamiləliyin əvvəlində xanım klinikaya müraciət edib: "Birinci hamiləlikdən sağlam qız övladı dünyaya gəlib, ikinci dəfə uşaq doğulandan sonra vəfat edib, üçüncü döl bətndə tələf olub. Xanımda həyat yoldaşı ilə qan uyğunsuzluğu problemi olduğuna görə belə hallarda adətən anaya xüsusi iynə vurulur. Görünür, ya həmin iynə vurulmayıb, ya da təsir göstərməyib”.

Universitetin Tədris Cərrahiyyə Klinikasında nəzarətdə saxlanılan xəstə hamiləliyin 24-cü həftəsində ultrasəs aparatı ilə müayinə edilərkən döldə maye yığıldığı müşahidə olunub. Həkim deyib: "Bu, dölün qan damarında parçalanmanın bir əlamətidir. İlk dəfə 24 həftəlikdə qan köçürməsi aparılıb. Alınan nümunələrdən vəziyyətin kritik olduğu göründü, dölün qan dəyəri 140-dan yüksək olmaq əvəzinə cəmi 17 idi. Vurulan qan sayəsində həmin göstərici 160-a qalxdı. Prosedur 27-ci və 32-ci həftələrdə də təkrar edildi. Məsələ burasındadır ki, sonradan vurulan qan yeni qan əmələ gətirmək qabiliyyətinə malik deyil və müəyyən vaxtdan sonra parçalanır. Nəhayət, 36-cı həftədə keysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirdik”.

Nəticədə 2,6 kiloqram çəkiyə malik sağlam övlad dünyaya gəlib. Körpə 3 gün klinikanın neanatologiya şöbəsində saxlanılandan sonra evə buraxılıb. Şöbə müdirinin verdiyi məlumata görə, bu, həmin əməliyyatın köməyi ilə sağ-salamat dünyaya gələn beşinci körpədir: "Artıq 17-ci dəfədir ki, ana bətnində olan dölə qan köçürürük. Qan köçürülməsinin özü də kiçik əməliyyat sayılır. Ananın ağrı hiss etməməsi üçün onu yatırır, sonra iynə ilə göbək ciyəsinə daxil olaraq dölün qan dəyərləri ölçülür və ona uyğun dəyərdə qan vurulur”.

Ana bətnində olan dölə qan köçürülərək sağlam körpə doğulması təmin edilib

Mənbə:https://azertag.az/xeber/Ana_betninde_olan_dole_qan_kochurulerek_saglam_korpe_dogulmasi_temin_edilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz