» » İnsanları təhdid edən yeni bəla — həyəcan təbili

İnsanları təhdid edən yeni bəla — həyəcan təbili

İnsanları təhdid edən yeni bəla — həyəcan təbili

 

"İcra strukturlarının belə bir qaydanı tətbiq etməyə ixtiyarı yoxdur, problem qanunvericilik səviyyəsində həll edilməlidir"
Xalid Məmmədov, Sputnik Azərbaycan

"Spirtli və enerji içkiləri isti havalarda çox təhlükəlidir, infarkt riskini artırır". Bunu Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimov bildirib. "Hazırda siqaretlə yanaşı, insan orqanizmi yeni bir bəla ilə qarşılaşıb. Bu da müxtəlif enerji içkiləridir. Milli Məclisdən, deputatlarımızdan enerji içkilərinə aksiz tətbiq edilməsini xahiş edirik. Bu məhsulların istifadəsinin azaldılması üçün vergi artırılmalıdır" — F. İbrahimov bildirib. "Artıq ABŞ-dan enerji içkilərindən istifadə səbəbindən ölüm xəbərləri gəlməkdədir. Bizdə, enerji içkilərindən ölümcül hala düşən üç xəstəmiz olub. Onları çətinliklə həyata qaytara bildik. Ölümcül aritmiyalar olur. Gün ərzində birdən artıq enerji içkisi qəbul etdikdə problem yaranmağa başlayır. Enerji içkiləri çox asılılıq yaradır. Ona görə də, həyəcan təbilinin çalınması çox vacibdir" — o, əlavə edib. Şöbə müdirinin sözlərinə görə, müxtəlif adlar altında istehsal olunan enerji içkilərinin zərərliliyi baxımından heç birində fərq yoxdur: "Qadınlar üçün istehsal olunduğu deyilənlər də zərərlidir. Hamısı satış üçün hesablanıb. Enerji içkilərindən zərər görən xəstələr arasında qadınlar da var. Alkoqollu içkilər, siqaretlər kimi enerji içkiləri ilə bağlı reklamlar da yığışdırılmalıdır". "Bu içkilərin fantastik dərəcədə satışı mövcuddur. Bəzi insanlar hətta alkoqollu içkilərlə birlikdə içirlər. Bu məsələ ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Əgər bu şəkildə davam edərsə, gələcək aylarda ölümlərin olacağı qaçılmazdır" – həkim vurğulayıb. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 3 il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərinin standartını hazırlayıb və enerji içkilərinin satışı qadağan edilib: "Bunun özü onu göstərir ki, enerji içkiləri, xüsusən kiçik yaşlı uşaqlara məsləhət görülmür. Enerji içkisinin nə qədər təhlükəli olduğunu bilmək istəyirsinizsə, səhər çıxın Bakı bulvarına, görün ağ mərmərin üzərinə tökülmüş enerji içkisi necə qır kimi sıxlaşıb. Heç onu təmizləmək mümkün deyil". "Lakin çox təəssüflər olsun ki, enerji içkisinin istehsalçıları dünyada çox böyük maliyyə qurumlarıdır və reklamlara böyük pul ayırırlar, insanların beynini yuyurlar, uşaqlarda, gənclərdə enerji içkilərinə aludəçilik yaradırlar. Bu biznes irəliləyir" – deyə Hüseynov bildirib. Ekspertin fikrincə, istehlakçılar ayıq olmalı, belə qidaları almamalı, boykot etməlidirlər: "Həddindən çox təəccüblənirəm ki, Azərbaycanda bəzən həyata keçirilən böyük sağlamlıq yarışlarının, məsələn, velosiped yarışlarının sponsoru enerji içkisinin distribiyutorları olur. Bu, anormal bir haldır. Sağlam həyat tərzi hara, velosiped sürmək hara, enerji içkisinin sponsorluq etməyi hara? Bunlar anormal şeylərdir, gərək, sıradan çıxsın". İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında, Azərbaycanda aksiz markalarının ancaq spirtli içkilərə aid olduğunu deyib: "Vergi qanunvericiliyində ancaq spirtli içkilərə aksiz markasının tərtib olunması nəzərdə tutulub. Qanunvericilikdə dəyişiklik etmək lazımdır. Əgər enerji içkiləri ilə bağlı hər hansı bir yeni vergi növü qəbul olunacaqsa və yeni vergi növü tətbiq ediləcəksə, bununla bağlı ayrıca qanunvericilikdə dəyişikliklər edilməlidir". "Yəni, icra strukturlarının belə bir qaydanı tətbiq etməyə ixtiyarı yoxdur. Ona görə də düşünürəm ki, bu, qanunvericilik səviyyəsində həll edilməlidir" — Cəfərli qeyd edib. Onun sözlərinə görə, bununla bağlı bəzi ölkələrin təcrübəsi də mövcuddur: "Qanunvericilik səviyyəsində bu tip içkilərə yeni vergi növlərinin tətbiqi və ümumiyyətlə, qiymətlərinə müdaxilənin təsiri nəticəsində qiyməti bahalaşdıraraq, ən azından azyaşlı uşaqların əlçatanlığının azaldılmasına çalışırlar. Hətta Türkiyədə indiyədək bununla bağlı ciddi müzakirələr gedir. Ona görə də düşünürəm ki, məhz qanunvericilikdə müəyyən dəyişiklik edildikdən sonra müəyyən dərəcədə yeni vergi növlərinin tətbiqi ilə qiymətlərin bahalaşmasına nail olmaq olar".

İnsanları təhdid edən yeni bəla — həyəcan təbili

Energetik içkilərinin zərəri


Ekspertin fikrincə, qiymət çox bahalaşsa, o zaman satıcılar enerji içkilərinin adını dəyişdirə bilərlər: "Bu zaman onu şirə kimi qeydiyyatdan keçirib satmağa çalışacaqlar. Burada qanunvericiliklə yanaşı, həm vətəndaşların, həm də əlaqədar qurumların nəzarət etməsi vacibdir. Çünki enerji içkilərinin insan orqanizminə ziyanı haqqında çoxlu araşdırmalar mövcuddur. Qanunvericiliyə dəyişiklik edilsə, enerji içkilərinin reklamlarının yığışdırılması da mümkündür".

İnsanları təhdid edən yeni bəla — həyəcan təbili
 
Mənbə:http://median.az/index.php?newsid=54442&lang=Az 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz