» » Qəbələ dünyanın mürəbbə paytaxtıdır

Qəbələ dünyanın mürəbbə paytaxtıdır


AZƏRTAC-ın xəbər verdiyi kimi, avqustun 26-da Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Festival zamanı əslində əhəmiyyəti bir o qədər də qabardılmayan mühüm bir hadisə baş verib: Qəbələyə Beynəlxalq mürəbbə paytaxtı rəsmi statusu verilib. Ümumdünya Kulinariya Təşkilatının prezidenti Tomas Gugler bu festivalı inkişaf etdirmək üçün hər cür səy göstərən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə müvafiq sertifikat təqdim edib. Bu mühüm sənəd beynəlxalq tədbirlərin qüsursuz təşkilində Qəbələnin xidmətlərini təsdiq edir və beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin təbliği üçün geniş imkanlar açır. Hər il dünyanın müxtəlif yerlərindən Qəbələyə təşrif gətirən qonaqlar qeyri-adi mürəbbə növləri nümayiş etdirməklə bərabər, xalqımızın kulinariya ənənələri ilə tanışlıqdan əldə etdikləri unudulmaz təəssüratları özləri ilə aparırlar.

Ekzotika paradı

Builki Mürəbbə Festivalı özünəməxsus rekord müəyyən edib: festivalda dünyanın 25 ölkəsindən, habelə Azərbaycanın 45 şəhər və regionundan 3500-dən çox mürəbbə növü təqdim edilib! Münsiflər heyəti kulinariya sahəsində adlı-sanlı beynəlxalq ekspertlərdən, bu və ya digər ölkənin ən yaxşı aşpazlarından ibarət olub. Tədbirin rəsmi hissəsində müsabiqə keçirilib: münsiflər heyəti müxtəlif nominasiyalarda ən yaxşı mürəbbə növlərini seçərək mükafatlandırıb. Peşəkar münsiflərin mühakiməsinə verilən mürəbbələrin sayı nəzərə alınsa, bu il münsiflər heyətinin üzvlərinin işi həqiqətən çox olub. Özü də ənənəvi mürəbbə növləri, məsələn, çiyələk, ərik, gavalı, böyürtkən, heyva, albalı və digər geniş yayılmış meyvələrin mürəbbələri ilə yanaşı, doğrudan da ekzotik olan elə mürəbbələr təqdim edilib ki, hətta ən təcrübəli kulinarlar belə onları ilk dəfə dadıblar.

Məsələn, Rusiyanın Perm diyarından gəlmiş kulinarlar festivalın qonaqlarını və iştirakçılarını sarı böyürtkən və küknar qozaları mürəbbələri ilə mat qoyublar. "Parma” Kulinarlar Assosiasiyasının prezidenti Aleksey Petrovun sözlərinə görə, Rusiyanın şimal bölgələrinin bataqlıq zonalarında bitən sarı böyürtkən, yaxud "şahanə giləmeyvə” 5-6 ildən bir bar verir. Builki məhsul isə bol olub. A.Petrov deyib: "Moruğu xatırladan bu giləmeyvəni qiymətli edən cəhət budur ki, özü şirə buraxır və mürəbbə bişirəndə ona şəkər tozu əlavə etməyə ehtiyac qalmır: sarı böyürtkən mürəbbəsini gil qabın içərisində öz şirəsində rus sobasında bişirirlər. Ekzotikliyinə görə ondan heç də geri qalmayan qoza mürəbbəsinə gəldikdə isə onu yazda yığılan təzə küknar qozalarını qaraqınıx şirəsində bişirməklə hazırlayırlar. Müalicəvi olan bu mürəbbə soyuqdəymənin dərmanıdır”. Bir qədər qabağa gedərək deyim ki, Perm diyarının stendində təqdim edilən məhsullar nominasiyaların birində Qəbələ festivalının qızıl medalını qazanıb.

İrandan gətirilmiş ekzotik mürəbbələr də böyük maraqla qarşılanıb. Qonşu ölkənin kulinarları münsiflər heyətinə kartof, pomidor və badımcandan hazırlanmış qeyri-adi mürəbbələr təqdim ediblər.

"Qafqaz Karvansaray” otelinin qarşısındakı meydanda çeşidbəçeşid mürəbbələrin düzüldüyü cərgələr arasında gəzişən qonaqlar müxtəlif ölkələrdən olan kulinarların fantaziyalarına heyran qaldıqlarını gizlətməyiblər. Razılaşın ki, bibər, zəncəfil, nanə, zəncirotu, balqabaq tumu, rozmarin, çuğundur və digər qeyri-adi inqrediyentlərdən hazırlanmış mürəbbələrə hər gün təsadüf edilmir. Hətta münsiflər heyətinin üzvləri mürəbbə növlərinin çoxunu qiymətləndirməkdən boyun qaçırıblar, çünki onları müqayisə etmək üçün başqa örnəklər olmayıb. Məsələn, Malayziyanın stendində daha çox karkade və Məkkə gülü kimi tanınan rozella çiçəklərindən mürəbbə təqdim edilib. Məkkə gülü çayını çoxumuz içmişik, amma sən demə, ondan mürəbbə də hazırlanır.

Kulinariya dialoqu


Yeri gəlmişkən, Azərbaycanın mürəbbə ustaları da öz məharətləri ilə festivalın qonaqlarını təəccübləndirə biliblər. Qəbələdə olan hər kəs, yəqin ki, yol kənarında müxtəlif şoraba və mürəbbə dolu qabların qalaqlandığı bazarları görüb. Belə bazarlarda qeyri-adi mürəbbələr də satılır. Qəbələ stendində onların bəziləri, məsələn, pomidor, yemişan, habelə akasiya çiçəklərindən mürəbbələr təqdim edilmişdi. Akasiya çiçəklərindən olan mürəbbənin dadına baxdıq, bizə adi qızılgül mürəbbəsinin dadını xatırlatdı. Bircə qızılgülün ətri çatışmırdı. Ancaq bu növ mürəbbələri dad xüsusiyyətlərinə görə deyil, müalicəvi keyfiyyətlərinə görə dəyərləndirirlər. Məsələn, yemişan mürəbbəsi qan təzyiqini azaldır, akasiya çiçəklərindən mürəbbə isə ürək üçün şəfalıdır.

Adət etdiyimiz meyvələrdən böyük məharətlə bişirilmiş mürəbbələr əcnəbi qonaqlarda böyük təəssürat doğurub. Məsələn, Xorvatiya Usta Aşpazlar Assosiasiyasının başçısı Erix Qlavitsanın sözlərinə görə, Azərbaycan stendlərinin çoxunda təqdim edilən qarpız mürəbbəsi onun çox xoşuna gəlib. Peşəkar münsiflər heyəti Şabran rayonunun stendində nümayiş etdirilən bəkməzdə bişirilmiş tut mürəbbəsini, Mingəçevirdən gətirilmiş böyürtkən mürəbbəsini, Bakı kulinarlarının hazırladıqları qızılgül mürəbbəsini və Azərbaycan üçün ənənəvi olan digər mürəbbə növlərini yüksək qiymətləndirib və onları qızıl medallara layiq görüb.

Təşkilatçılar qonaqların və iştirakçıların asudə vaxtının da qeydinə qalıblar. Festivalın keçirildiyi meydanda bütün gün Azərbaycan xalq musiqisi səslənib, bədii özfəaliyyət kollektivlərinin çıxışları olub. Naharda və şam yeməyində qonaqlara milli mətbəximizin yeməkləri təqdim edilib.

Tədbirin rəsmi hissəsinin ertəsi günü əcnəbi qonaqlar üçün Qəbələnin məşhur görməli yerlərinə unudulmaz ekskursiya təşkil edilib. Meşələrlə örtülmüş təpələrin, Tufandağın möhtəşəm mənzərələrinin əhatəsində yerləşən Nohurgölün misilsiz gözəlliyi, hər daşı Qafqaz Albaniyası tarixinin şahidi olan Qəbələ Dövlət Tarixi-Bədii Qoruğunun qədim eksponatlarının əzəməti tur iştirakçılarını heyran qoyub.

"Parma” Kulinarlar Assosiasiyasının prezidenti Aleksey Petrov AZƏRTAC-ın müxbiri ilə söhbətində etiraf edib ki, onu ən çox təsirləndirən Azərbaycan xalqının qonaqpərvərliyi olub. O deyib: ”Bu, mənim Azərbaycana ilk səfərimdir, təəssüratlarım çox zəngindir. Komandamız xaricdə ixtisaslaşdırılmış tədbirlərin çoxunda iştirak edib, amma heç yerdə təşkilatçıların və yerli sakinlərin bu cür diqqət və qayğısını görməmişik. Qəbələdə Mürəbbə Festivalını çox gözəl təşkil etdiyinə, xüsusi diqqətə və səmimi münasibətə görə Azərbaycan hökumətinə təşəkkür etmək istəyirəm. Biz bunu yüksək qiymətləndiririk”.

Tədbirin təşkilatçılarından biri - Azərbaycan Milli Kulinariya Mərkəzinin direktorunun müavini Ceyran Əsgərova çox düzgün qeyd edib ki, Mürəbbə Festivalı sadəcə kulinariya yarışması deyildir, həm də mədəniyyətlərarası dialoq məkanıdır. Festivalın müsabiqə proqramında müxtəlif ölkələrin mətbəximizə qətiyyən xas olmayan mürəbbə növləri təqdim edilmişdi. Eyni zamanda, yerli kulinarlarımız regionumuz və mətbəximiz üçün ənənəvi olan çoxsaylı mürəbbə növlərini əcnəbi qonaqlara nümayiş etdiriblər. Yəni biz bölgədən bölgəyə seçilən və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən Azərbaycan mətbəxinin zənginliyini dünyanın ən adlı-sanlı kulinarlarına böyük fəxrlə təqdim edə bildik. Odur ki, mən bu festivalın əsas məqsədini Azərbaycan tarixinin, mədəniyyətinin və ənənələrinin zəngin olduğunu bütün dünyaya növbəti dəfə bəyan etmək imkanı adlandırardım və hesab edirəm ki, biz buna bir daha nail olduq.

Son söz yerinə

Üzərində Azərbaycan mətbəxinin məşhur yeməkləri – yarpaq, pomidor, badımcan və bibər dolmaları, plov və piti təsvir olunmuş dörd milli markanın təqdimatı V Qəbələ Beynəlxalq Mürəbbə Festivalının daha bir əlamətdar hadisəsi olub. Tədbir zamanı bu markaları, yeri gəlmişkən, Azərbaycana ilk dəfə səfər edən Ümumdünya Kulinariya Təşkilatının prezidenti Tomas Gugler şəxsən imzalayıb. İndi bu markalar dünyanın hər yerindən filatelistlərin kolleksiyaları üçün arzuedilən nümunə olacaq.

Qəbələ dünyanın mürəbbə paytaxtıdır

 

Qəbələ dünyanın mürəbbə paytaxtıdır

 

Qəbələ dünyanın mürəbbə paytaxtıdır

 

Qəbələ dünyanın mürəbbə paytaxtıdır

 

Qəbələ dünyanın mürəbbə paytaxtıdır

 

Qəbələ dünyanın mürəbbə paytaxtıdır

 

Qəbələ dünyanın mürəbbə paytaxtıdır

 

Qəbələ dünyanın mürəbbə paytaxtıdır

 

Mənbə:http://azertag.az/xeber/Qebele_dunyanin_murebbe_paytaxtidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz