» » 11 avqust Zeynal Xəlilin Xatirə günüdür

11 avqust Zeynal Xəlilin Xatirə günüdür


 

 

11 avqust Zeynal Xəlilin Xatirə günüdür 

11 avqust Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair və dramaturq Xəlilov Zeynal Rza oğlunun Xatirə günüdür. Xəlil Rza 23 mart 1914-cü ildə Gəncə şəhərində anadan olmuşdur.
On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S.Vurğun, M.Müşfiq, R.Rza, S.Rüstəm, M.Rahim, O.Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-ci ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şe‘rlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır.
"Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir.
Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və başqa sənətkarların əsərlərindən tərcümələr etmişdir.
"Şərəf nişanı" ordeni vəbir çox digər medallarla təltif olunmuşdur.
11 avqust 1973-cü ildə vəfat etmişdir.

Yaradıcılığı

XX əsr Azərbaycan poeziyasının 70-ci illərə qədər davam edən ədəbi-bədii mərhələləri ilə bilavasitə bağlı olan, sürətlə inkişaf edən milli şeirimizin bir sıra forma və məzmun xüsusiyyətlərini özünün bədii sənət nümunələrində əks etdirən Z.Xəlilin ədəbi irsində xalq ədəbiyyatına, klassik irsə, ümumən ədəbi-bədii ənənələrə qayğı,diqqət,sədaqətlə yanaşı müasir həyatın aktual və qabarıq hadisələrinə, "tarix-insan-tale", milli ruh, milli zövq məsələlərinə təbii, orijinal bir münasibət olmuşdur. Buna görə də Z.Xəlilin ədəbi-bədii yaradıcılığı Azərbaycan milli poeziyasının qırx illik (30-70) inkişaf mərhələlərini öyrınmık, tədqiq etmək baxımından nümunəvi poetik mənbələrdən sayılır.
XX əsr Azərbaycan şeirində süjetli lirikanın gözəl nümunələrini yaradanlardan biri də Z.Xəlil olmuşdur. Hadisə, ıhvalat və vəziyyətlərin təbii, maraqlı obrazlarla verilməsi, fikrin, mətləbin bədii lövhələrlə çatdırılması Z.Xəlil şeirinə həzn bir romantika, təbii obrazlılıq, estetik,müasir ruh gətirmişdir.
 
Zeynal Xəlil - Bu gecə

Füzulini anarkən
Fikrimdə aylı, ulduzlu,
Asiman var, bu gecə!
Könlümdə körpə quzu tək
Bir umman var, bu gecə!
Həmdəmim - sıldırım dağlar,
Buludlardır, bu gecə!
Qonağım qırmızı güllər,
Göy otlardır bu gecə!
Şimşəyə çaxma desəm mən,
İnan çaxmaz, bu gecə!
Araza axma desəm mən,
Bil ki, axmaz, bu gecə!
Bircə sən yoxsan, əzizim,
Bilir aləm, bu gecə!
De, neçin olmadın, ey yar,
Mənə həmdəm, bu gecə!

1964

Kimlər gəldi, kimlər getdi 

Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz,
Bu dünyadan, bu dünyadan.
Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu ruzigar,
Hünər göstər, bir şey apar
Bu dünyadan, bu dünyadan.
Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı.
Bir gün köçər öz karvanı
Bu dünyadan, bu dünyadan...

1942

Ay işığında

Mən səni gördüm
ay işığında
Könlümü verdim
ay işığında
Tez gəldi hicran,
Ayrıldıq haman,
ay işığında.
Qov bu möhnəti,
Dağıt zülməti
ay işığında.
Bil ki, axmaz bu gecə!
Yenə gəl bizə,
Duraq üz-üzə,
ay işığında.

1955
 

11 avqust Zeynal Xəlilin Xatirə günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz