» » Təmizləyici ovsun (III yazı)

Təmizləyici ovsun (III yazı)

 
Təmizləyici obsunun, əsasən aşağıdakı növləri vardır:

 Odla təmizləmə

Odun təmizləyici ovsun qüvvəsi onun hər şeyi məhv etmə gücündən doğmuşdur. İbtidai insan bu təcrübəni ruhları məhv etməyə  qarşı yönəltmək stəmişdir. Odla bağlı ovsun ayinlərinin  başqa bir əsası da onun  işıq yaratmasıdır. İşıq qaranlığa qarşı,  başqa sözlə, qaranlıqdan doğan ruhlara qarşı qoyulur.

Odun məhvedici qüvvəsindən  müalicə ovsununda da istifadə edilir.

Odla təmizlənmənin ən geniş yayılmış ayini axır çərşənbə günü  tonqal üstündən atlanaraq  ovsun nəğməsi oxumaqdır:

Ağırlığım-uğurluğum odlara, 
Yazda məndə hoppanmayan yadlara. 
Ağırlığım od olsun, 
Odda yanan yad olsun. 
Yaddan yad olar, 
Qohumdan dad olar. 
Qohum-qohumdur 
Yamanı da canımdır. 
Aydan arı camalam, 
Sudan duru camalam. 
Alovdan atlanmaq gərək, 
Cəfaya qatlanmaq gərək, 
Oddan aman olmaz 
Yaddan qanan olmaz. 
Ağırlığım-uğurluğum odlara, 
Yazda mənlə hoppanmayan yadlara. 

Dədəm gəlsin, saz gəlsin, 
Oymağımıza yaz gəlsin. 
Qoşqu deyib heyləsin, 
Bahar söyü söyləsin. 
Bahara avaz gərək, 
Avaza yaz gərək. 
Taxılsın saza novruzgülü, 
Kəsilsin yamanın dili. 
Anlamazı dədəm andırsın, 
Doğru yolu qandırsın, 
Ağ saqqalım işıqdır, 
Bahara yaraşıqdır. 
Ağırlığım-uğurluğum odlara 
Yazda mənlə hoppanmayan yadlara.

Təmizləyici ovsun  (III yazı)

  Su ilə təmizləmə

Xalqımız hər zaman  suyu təmizləyici, pakedici  həyat mənbəyi kimi qəbul etmişdir. Yeni doğilmuş uşaq birinci, üçüncü, onuncu, qırxıncı gün yuyulur. Bəzən uşağı qalmayan ailənin övladı  çirkli saxlanılır və belə hesab edilir ki,  şər ruhlar, guya, çirkli bədənə təsir edə bilmirlər.
Bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş şəxsin  paltarı axar suya buraxılarmış ki, ailənin digər üzvü də həmin qəzaya tuş gəlməsin.
Səfər uğurlu olsun deyə, gedənin arxasınca bir parç su atırlar. Bu adət, çox güman ki,  su ilə bağlı qədim ayinlərin bir elementidir.
Meyidin yuyulmsı da təmizləyici ovsun ayinidir.
 
Davamı var...

Mənbə: S.Məmmədov;”Kirpi piyi, yarğız iyi, mərcimək” (türkəçarələr) ; Bakı-1994

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz