» » Dərslik, dərs vəsaitləri və test topluları haqqında bir neçə söz

Dərslik, dərs vəsaitləri və test topluları haqqında bir neçə söz

Dərslik, dərs vəsaitləri və test topluları haqqında  bir neçə söz

Dünyanın inkişaf etmiş bütün ölkələrində maliyyə vəsaitlərinin əhəmiyyətli bir hissəsinin təhsilə ayırması heç də səbəbsiz deyil. Çünki əsrimiz elm və texnologiyalar əsridir, bu texnologiyaların dilini bilmədən heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.
Keçən əsrin sonlarında məşhur amerikalı ictimai-siyası xadim C.Cekson dövlət dinləmələrinin birində açıqladığı fikrində bildirmişdir ki, onların sənaye və ticarət sahələrində yaponlardan geridə qalmasının əsas səbəbi Amerikanın elmi-tədqiqat və təcrübi-layihə işlərinə yaponlardan az vəsait ayırmaları ilə bağlıdır. ABŞ hökumətinin "ABŞ-ın istedadlar ehtiyatı” adlı bir məruzəsində məsələnin strateji önəmi belə dəyərləndirilmişdir: " ABŞ-ın müasir dövlət kimi möhkəmlənməsi, onun iqtisadi inkişafı, hərbi gücü , eləcə də digər strateji üstünlükləri millətin əl-qolla deyil, əsasən, başla işləyən hissəsindən asılıdır.”
Bu mənada Azərbaycanda da keçən əsrin 70-ci illərindən başlayaraq iqtisadi inkişafın başla işləyən hissəsinin formalaşdırılmasına başlanılmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə bu məəsləyə xüsusi önəm verirdi. Məsələn ölkə qəzetlərindən bir statistik məlumatda bildirilir ki, "...1969-70-ci tədris ilində respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatıb, 1978-ci ildən bu proses daha intensiv xarakter alıb, respublikadan kənara hər il 800-900 tələbə göndərilməsinə nail olunub. 1969-70-ci tədris ilində ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-80-ci illərdə bu rəqəm 97.6 faizə yüksəlmişdi...
...Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənəyə əsasən həmin illərdə Azərbaycan üçün ümumilikdə 15 mindən artıq mütəxəssis hazırlanmışdı...”
Heydər Əliyev çox böyük ümidlə deyirdi: " Gərək bizim kadrlar üzə çıxsın və XXI əsrdə onlar bizim bu gördyümüz işlərin , yaratdığımız bu bünövrənin təməli üzərində ucalan və böyük bir dövlətə çevrilən Azərbaycanı irəliyə aparsınlar.”
Artıq biz XXI əsrdə yaşayırıq. Bu strategiyanı Prezident İlham Əliev də uğurla inkişaf etdirməkdədir: "Biz maddi dəyərlərimizi , iqtisadi potensialımızı insan kapitalna çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir və beləliklə, ölkənin intellektual potensialı daha da möhkəmlənir.”
Bütün bu uğurların zəmanəti məktəbə, elm və təhsillə bağlıdır. Məktəblərimiz şagirdləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmiş, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməlidir. Dərslik siyasətinin məqsədi də bu mərama xidmət etməlidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, təbii proses olaraq, əlbəttə ki, dərslik siyasəti sahəsində də bir çox yeniliklər baş verdi. Artıq 10 ildən artıqdır ki, təhsilimiz Boloniya sisteminə inteqrasiya olunmuş və dərslər kurikulum sisteminə uyğun tədris edilməkdədir. Yeni baxış, yeni sistem özü orta məktəb dərsliklərinin də bu istiqamətdə hazırlanmasını zəruri edir.
Bəs dərsliklərimizin , eləcə də digər tədris vasitələrinin elmi-metodiki səviyyəsi necədir: şagirdlər çətinlik çəkmir ki, mütəxəssilər bu dərsliklərin arxasınca "Uğur olsun” deyib su atırlarmı, valideynlər övladlarının bilik əxz etdikləri dərsliklərdən razıdırlarmı və s.
Həqiqət budur ki, biz hələ sabit dərslik sistemi yarada bilməmişik. İstər dərslik sahəsi üzrə mütəxəssislər, islər ekspertlər, istərsə də valideynlər mövcud dərsliklərdən giley edirlər. Kütləvi informasiya vasitələrini izləmək kifayətdir ki, çoxlu sayda bu mövzulu şikayətlər üzə çıxsın.
Ən çox edilən iradlar isə dərsliklərin dili ilə bağlıdır, belə dərsliklərdə akademizm çox hiss olunur, ibtidai sinif dərsliklərində elə mövzular var ki, nə dili, nə də məzmunu uşaqların anlaq səviyyəsinə uyğun deyil. Bəzən birinci sinif şagirdlərinə Azərbaycan dilindən elə mövzu salıblar ki, ona yuxarı sinif şagirdləri, təhsilini bitirmişlər, validynlər belə, cavablandırmaqda çətinlik çəkirlər.
Bir valideyn, pedaqoji ali təhsilli şəxs , həm də jurnalist kimi mən də bizim oxuduğumuz illərin dərslikləri ilə müasir dərsliklər arasındakı keyfiyyət fərqini birincinin üstünlüyü ilə hiss etməkdəyəm. 
Doğrudur, biz şagird ikən dərslik siyasəti haqqında elmi-metodiki düşüncəyə malik deyildik. Amma o illərdə müəllim kimi də fəaliyyət göstərdim. Cəmiyyət üçün bəlli olan, qəbul edilən dərslik müəllifləri vardı. Onlar bu sahədə artıq tamam mükəmməl mütəxəssislər idi: elmi-nəzəri hazırlıqları yüksək olduqları kimi, metodikaya bələd idilər, müəllim idilər və s. Bu müəlliflərinin adlarına nəzər salsanız, həmin dərsliklərlə müasir dərsliklərin sanbalını oxumadan da qəbul edəcəksiniz: Feyzulla Qasımzadə, Həmid Araslı, Ə. Dəmirçizadə, Tofiq Hacıyev, Məmmədağa Şirəliyev, Şəmistan Mikayılov, Bəkir Nəbiyev, Ağamusa Axundov, Pənah Xəlilov, Şamil Salmanov, Süleyman Əliyarov, Əziz Əfəndizadə, Nizami Xudiyev, Yəhya Kərimov, Qəzənfər Kazımov, Səlim Cəfərov, Bilal Həsənli və s.
 

Dərslik, dərs vəsaitləri və test topluları haqqında  bir neçə söz

Sovet dövründəki dərsliklər çox sadə dillə yazılırdı. Mövzular arasında bir daxili rabitə vardı. Dərslikdəki hadisə və tarixlər zamanla, dövrlə üst-üstə düşürdü.
Dərsliklərdə istifadə olunan mövzuların əks etdirdikləri bilik yükü həm elmi baxımdan, həm də mənəvi baxımdan ciddi şəkildə ölçülüb-biçilirdi. Dərsliklərdə o müəlliflərin, şair və yazıçıların əsərlərindən nümunələr salınırdı ki, əsasən, onları bütün xalq tanıyırdı. İndi elə müəlliflər var ki, mən onları tanımıram. Ola bilər ki, bu əsər nümunə verilməyə layiq olsun. Amma dərslik üçün seçilən müəlliflər hamının tanıdığı şəxsiyyətlər olsa, daha yaxşıdır.
Dərslik hazırlanmasında pərakəndəlik var, dərslik hazırlayan vahid struktur yoxdur. Orta ümumtəhsil məktəblərində , kolleç və universitetlərdə işləyən müəllimlər, elmi idarə və təşkilatlarda çalışan şəxslər, ayrı-ayrı şəxslər, bir sözlə, hər kəs ktab yaza bilər. Bəzən bu kitablar dərslik statusunda olmasa da, "vəsait” adı ilə məktəblərə, tədrisə tapacaqdır.
Bunun nəticəsində dərslik hazırlanması sahəsində pərakəndəlik davam etdiyindən gələcək üçün dərslik yaratmaq ənənəsi də formalaşdırılmır.
Məsələn, mən arzu edərdim ki, bu baza Təhsil Nazirliyində formalaşdırılsın, dərslik, dərs vəsaitləri, elmi-metodiki tövsiyələr yalnız burada hazırlansın. Kim poema, trilogiya yaza bilir yazsın, amma bilavasitə dərslik hazırlanması ilə bağlı institut formalaşdırılsın və bu işləri ancaq onlar etsin. O cümlədən test topluları da. Kitab mağazalarına, köşklərinə nəzər salsanız, bu müxtəlifliyi yəqin edəcəksiniz. Hesab edin ki, abituriyentlərin bir qismi imtahanlara keçmiş TQDK-nın, bir qismi Təhsil Nazirliyinin, bir qismi "Hədəf”in, bir qismi "Zirvə”nin, bir qismi ayrı-ayrı müəlliflərin hazırladıqları dərs vəsaitləri və test topluları ilə hazırlaşırlar, eləcə də orta məktəb şagirdləri üçün tərtib edil hazırlanan test tapşırıqları.
Bu dərs vəsaitləri və test toplularının çoxundan Təhsil nazirliyinin xəbəri olmur: müəllif yazıb, çap etdiri və birbaşa satışa çıxarır. Olmazmı ki, "Təhhsil Nazirliyi ilə razılaşdırılmışdır” qrifi olmayan test topluları və ya vəsatlərin monitorinqi aparılsın və nəşriyyatlara, məktəblərə və ictimaiyyətə bununla bağlı müraciət edilsin?
Bir çox dərs vəsaitləri və test topluları var ki, onların vəsaitin, test toplularının aid olduqları sahə üzrə görkəmli elm xadimlərinin, alimlərin adı elmi redaktor kimi verilir. Bu, sadəcə, həmin "məktəb əmtəəsi”nin insanlar tərəfindən etibarlı tanınması üçün düşünülmüş addımdır.
Dərslik hazırlanması özü çox ciddi və məsuliyyətli bir yaradıcılıq sahəsidir. Belə yaradıcılıq sahəsi ilə məşğul olanların əsas işi dərslik hazırlamaq olmalıdır, onlar pedaqoji sahədə fəaliyyətlərini əlaqələndirmək üçün müəyyən həcmdə işləyə bilərlər, amma zənn edirəm ki, əsas işi başqa sahələrdən biri olub həm də kitab yazanlar çətin ki, ortaya keyfiyyətli dərslik qoyalar.
Mənim üçün maraqlı olan bir məsələ də vəsait adı ilə dərsliklərin alternativ modelini, eləcə də test topluları yaratmaq meyilləridir.
Bizim məktəblərdə öz ixtisasını və tədris etdiyi fənnim metodikasını dərindən bilən qabaqcıl müəllimlərimiz çoxdur. Onların təcrübəsindən dərslik hazırlanmasında istifadə etmək , əlbəttə, faydalı olar. Amma fərdi qaydada belə vəsait və ya test topluları hazırlayıb satışa çıxarmaq bir qədər ölçülüb-biçilmiş, razılaşdırılmış şəkildə olmalıdır. Mağazadan hər hansı vəsait alan şagird və ya valideyn həmin vəsaitin keyfiyyəti barədə mütəxəssis fikri söyləyə bilməz. Onlar vəsait mağazada satılırsa, deməli, istifadəyə yararlıdır kimi düşünürlər. Bəzən bu vəsaitlərdə çoxlu uyğunsuzluqlar və səhvlərə də rast gəlinir. Yaxşı olar ki, bu cür vəsaitlərin hökmən təhsil nazirliyinin tövsiyəsi və razılığı ilə hazırlandığı barədə bildiriş qeyd edilsin.
Bu yaxınlarda 1-ci sinifdə oxuyan nəvəm Azərbaycan dilindən hazırlanmış belə bir test toplusundan (Müəllifi Əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Aygün Məcidova; Azərbaycan dilindən testlər, I sinif, 2016, 72 s
) həll etmək istədiyi tapşırıqda məndən kömək istədi.
Tapşırığı birlikdə icra etdik və mənə maraqlı gəldiyi üçün toplunu bütünlüklə nəzərdən keçirdim. Vəsaitlə bağlı bəzi fikir və mülahizələrimi bildirmək istəyirəm. Əvvəlcədən bildirirəm ki, müəllifin fikirlərini də dərc etməyə hazırıq.
Kitabın annotasiyasında yazılır :
"Təqdim olunan vəsait Azərbaycan dilinin qrammatikasını dərindən öyrənməyə kömək məqsədilə tərtib olunmuş, şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulmuşdur.”
Axı şagirdlər 1-ci sinifdə bu qədər zəngin dili dərindən necə öyrənə bilər? Əgər birinci sinifdə şagird Azərbaycan dilinin qrammatikasını dərindən öyrənəcəksə, onda sonrakı siniflərdə öyrəndikləri nədir? Həmin fikir " Təqdim olunan vəsait Azərbaycan dilinin qrammatikasını öyrənməyə yeni başlayan 1-ci sinif şagirdlərinə kömək məqsədilə tərtib olunmuşdur” kimi daha ifadə edilsə idi, daha doğru olardı.
Daha sonra yazılır: "Valideynlər uşaqlarının səviyyələrini yoxlaya bilər, onlarla hansı istiqamətdə işləmək üçün nöqsanlarını, zəif cəhətlərini müəyyənləşdirə bilərlər.”
Valideynlərin belə ölçmə, qiymətləndirmə keyfiyyəti yoxdur axı. Valideyn uşağın səviyyəsini etibarlı, dəqiq yoxlaya bilərsə, onda məktəbə, müəllimə nə ehtiyac? Filoloq olmayan valideyn dilin hər hansı xüsusiyyətini bilmir axı və bunu ondan necə gözləmək olar? Valideyn belə halda, sadəcə, bəzi çalışmalara yaş və həyat təcrübəsi əsasında istiqamət verə bilər.

Test 6 (10) :
Hansı sözdə 5 hərf var?
Dərslik, dərs vəsaitləri və test topluları haqqında  bir neçə söz
Əgər vəsaitdə toplanan tapşırıqlar test tapşırıqları kimi təqdim olunubsa, deməli, çoxcavablıan tapşırıqlardır, yəni, şagird tağşırığı oxuyur və bir neçə cavabdan(açardan) doğru olanı seçir. Doğru cavab (açar) isə verilmiş cavablar içərisində ən düzgün cavab olmalıdır.
Mübahisə doğuran distraktorlardan (cavab variantları) istifadə olunmamalıdır.
Yazının əvvəlində bir məsələni də diqqətə çatdırım ki, test praktikasında istifadə olunan şəkil, qrafik və sxemlər sualdan əvvəl verilməlidir.
Şəkildən görünür ki, çalışmanın doğru cavabı A bəndidir (balıq) . Amma B bəndindəki şəklə şagird çəmən və ya otluq deyəcəksə, bu da yanlış cavab deyil. Çünki çoxlu otların bitdiyi yer "otluq” və "çəmən” adlanır. Çəməndə, otluqda bir ot bitmir, təbii, otlar bitir. Elə isə otlar bitdiyi yerə "otluq”, "çəmən” deyəcək şagirdlərin olması gözləniləndir və onların cavabı doğru cavabdır. Ona görə də ziddiyyət yaradan distraktordan qaçmaq, onu ziddiyyət yaratmayacaq daha ayrı bir sözlə əvəz etmək daha uyğun olardı.

Test 14 (4): Hansı sıradakılar həm söz, həm də heca kimi oxunur?
A.rə,la, ra; B.at, ət, əl; C. tə, la, ta

Məntiqlə götürsək, yalnız B bəndində hər 3 söz çalışmanın tələbini ödəyir. Digər bəndlərdə 1 ədəd də olsa, söz yoxdur.
Test metodikasında tapşırıqda düzgün cavaba işarə edən heç nə olmamalıdır. Başqa sözlə, şərtin və düzgün cavablar arasındakı oxşarlıq düzgün cavaba işarə ola bilər, düzgün cavaba istiqamətləndirə bilər. Digər variantlarda müstəqil söz olmadığından asanlıqla B bəndini seçmək olar. Digər bəndlərə də 1, 2 söz səpələmək olardı.

Test 16(10) :
Anarla Əli analarına ətir alırlar – cümləsində ən çox hecalı söz neçə hecadan
ibarətdir?
"Çoxhecalı” sözü bitişik yazılmalıdır. Söz ayrı yazıldığından məzmunu bir qədər ağırlaşdırır.
Cümləni "Anarla Əli analarına ətir alırlar – cümləsində ən çoxhecalı söz neçə hecadan ibarətdir?” kimi qeyd etmək daha uyğun idi.

Test 29(4): Hansı sözdə son samiti dəyişdikdə yeni söz yaranmır?
A. Şar; B. şən; C. aşıq
Yuxarı sinif şagirdi bu çalışmaya çətin cavab tapa bilər və ya xeyli fikirləşməli olar. Hələ hərfləri yeni öyrət, etibarlı lüğət fondu formalaşmayan şagird 1-ci sinifdə B bəndindəki sözün son samitini dəyişdikdə yeni söz yaranmayacağını qəbul edir, amma yuxarı siniflərdə deyir ki, "şən” sözünün sonundakı samitin yerinə "b”, "r” samitləri artırmaqla "şəb”, "şər” kimi yeni sözlər yaranır.
Deməli, çalışmanın iki doğru cavabı var.

Test 36(6): Səslərin sayı hərflərin sayından çox olan söz hansıdır?
B. dahi; B. balıq; C. zəif
Həfləri, oxumağı və yazmağı yenicə öyrənmiş şagird bu hadisəni necə dərk edə bilər?

Test 39 (3): Pinti pişiyin burnuna palçıq yapışıb –cümləsində neçə p hərfi vardır?
A.2; B.3; C.4
Pişiyin burnuna palçıq yapışıb...???
Başqa nümunə seçmək olmazdımı? Heç böyüklər pişiyi pinti kimi qəbul etmir, elə isə uşaqlara pişiyi zorla pinti kimi təqdim etmək nə üçün? Heç olmasa, "tənbəl”, "yatağan” deyilsəydi, pişiyin xarakterinə uyğun gələrdi.
Böyüklər heç vaxt burnuna palçıq yapışan heyvanla rastlaşmayıblar. Palçıq heyvanın ayağına yapışa bilər.

Test 41(2): Hansı sözlər mütləq böyük hərflə yazılmalıdır?
A. mələk, günəş, ilkin
B. ağdam, ağdərə, füzuli
C. mərhəmət, etibar, səma
Bu sual da 1-ci sinif şagirdinin şüurlu olaraq dərk edə biləcəyi informasiya deyil. Şagird doğru cavabı tapmaq üçün "B” bəndini seçəcəksə, niyəsini soruşsaq, cavabı bu olacaq ki, bu sözlər xüsusi isimlərdir. Bəs "A” və "C” bəndlərindəki digər sözlər də insan adı, planet adı, jurnal və ya qəzet adı bildirirsə, onda mütləq böyük yazılmalııdr. Onda 1-ci sinif şagirdi ümumilik, xüsusilik anlayışlarını fərqləndirə biləcəklərmi? Ola da bilər ki, şagird özü də soruşsun ki, "Ağdam, Ağdərə, Füzuli” mütləq böyük yazılmalıdırsa , bəs niyə çalışmada balaca yazılıb?
Göründüyü kimi, çalışmanın şərti doğru tərtib edilməyib və hələ əlifbanı öyrənən şagird üçün bir doğru cavab üçün iki cəhəti aydın etməsi lazım gəlir: 1) Bütün xüsusi isimlər böyük hərflə yazılır; 2) Bir çox ümumi isimlər də xüsusikik məzminu ifadə edəndə böyük yazılır.
Çalışma bu şəkildə 1 sinif şagirdi üçün daha asan olardı: "Aşağıdakı sözlərdən hansılar doğru yazılmayıb?”
A. kitab, qələm, dəftər
B. ağdam, ağdərə, füzuli
C. oğlan, qız, nənə
Digər bir çalışmada isə ümumi isimləri bu qaydada önərləmək tələb olunardı.

Test 42(3): Hansı söz əşyanın adını bildirir?
A- yelpik ; B- göy; C – yatdı
Çalışmanın iki doğru cavabı vardır:
"B” bəndi də doğru cavab ola bilər. "Göy” omonimlik təşkil edərək:
- yerdən yuxarıda mavi qübbə kimi görünən səma;
- rəng ;
- simic, xəsis mənasında insanın xarakterini bildirir.

Test 46 (1): Vətənin azadlığı uğrunda xalqmız həmişə mübarizə aparıb cümləsində neçə söz var?
A.7; V.8;C.9

Bu çalışmanın heç bir düşündürmək, axtarıcılığa cəlb etmək mahiyyəti yoxdur.
Test 46 (9): Saitlərə aid olan fikir hansıdır?
A. tələffüz ediləndə uzanır
B. tələffüz ediləndə uzanmır
C. 23 sait var.
Bu çalışma da birinci sinif şagirdinin dərk edə biləcəyi informasiya deyil. Doğru cavab olaraq "A” bəndi nəzərdə tutulub.
Saitlərin təsnifində "uzun saitlər” kimi qruplaşdırılan bölgü yoxdur. Yalnız bir çox sözlərdə bəzi saitlər uzun tələffüz olunur. Həmin saitlər əksər sözlərdə həm də qısa tələffüz olunsun. "I” və "ü” saitləri isə tə'kidlə sadalanan sözlərdə və sual cümlələrində bir qədər uzun tələffüz olunur. Məsələn: sarı:, O bir şey yazı:r?, ölçü:, Sənin gözün görü:r? və s.
Bu informasiyanı isə ali məktəbə hazırlaşan şagird izah edə bilər, birinci sinif şagirdi yox.

Dərslik, dərs vəsaitləri və test topluları haqqında  bir neçə söz
Test 47(1): Tarixin yaddaşına Xocalı faciəsi yazıldı – cümləsində neçə söz var?
A.5; B.4; C.6
Test 46 (1)dəki kimi burada da, sadəcə, sözləri sayıb cavab vermək lazım gəlir.
Test 52(5): Biri vardı, biri yox idi – cümləsi nə ilə başlayır?
A.nağıl; B. mətn; C.dialoq
Çalışmanın şərti doğru qurulmayıb.
Aşağıdakılardan hansı və yaxud nə "biri vardı, biri yox idi” cümləsi ilə başlayır kimi daha doğru olardı.
Əgər şərtdəki "nə” sualının yerinə "nağıl” sözünü qoysaq, cavab belə alınacaq: "Biri vardı, biri yox idi – cümləsi nağıl ilə başlayır?” Birinci sinif şagirdi hələ cümlədə sözlərin sıralanma qanunauyğunluqlarını bilmir. O, hələ bu suala "nağıl "Biri vardı, biri yox idi – cümləsi nə ilə başlayır?” kimi cavab verə bilməz”
Aşağıdakılardan hansı və yaxud nə "biri vardı, biri yox idi” cümləsi ilə başlayır kimi daha doğru olardı. Çünki cavab variantları test çalışmalarının əsas hissəsi ilə qrammatik olaraq uzlaşmalıdır.
Bu cümlə elmi ədəbiyyatda "pişrov” və ya "nağılbaşı” adlanır. Müəyyən məqsədlər nağıl söyləyən tərəfindən nağılın əvvəlinə artırılır. Nağıl özü də mətndir. Məsələn, ən qısa nağıllardan tutmuş ən böyük nağıllar mətndən ibarətdir. Odur ki, "B” bəndi distrktor (səhv cavab variantı) olaraq doğru seçilməyib. Cavab variantları arasında dəqiq fərqlərin olmasına, xüsusilə diqqət yetirmək lazımdır.

Test 53(6):
Arı sözünün əvvəlinə müxtəlif samitlər qoşub sözlər düzəldin.
Azrbaycan dilinin xüsusi bir bölməsi də söz yaradıçılığdır. Söz yaradıcılığı leksik və qammatik üsullar əsaslanır, bunun ayrı yolu yoxdur. Məsələn, çalışmanın şərtinə uyğun olaraq "arı” sözünə "d”, "b”, "s” və s artırmaqla yeni söz yaradılmadı ki. "Darı”, "barı”, "sarı” sözləri belə yaradılmayıb ki. Bir qədər diqqətli şagird yuxarı siniflərdə, məsələn, "darı” sözünü tərkibinə görə təhlil edəndə "d+arı” kimi ifadə etsə, necə olacaq?
Hesab edirik ki, belə tapşırıqlardn ancaq yuxarı siniflrdə müəyyən ədəbi-bədii tədbirlərdə əyləncəli tapşırıq kimi istifadə etmək olar.

Test 54 (6): Xan evində toydur – cümləsini hecaya ayırıb yazın.
6-7 yaşlı uşaq nə bilir "xan” kimdir? Digər tərəfdən, xan evində onsuz da hər zaman toydur. Məşhur xalq deyiminin bir tərəfidirsə, bu fikir "Qız evində toydur, oğlan evinin xəbəri yoxdur” şəklindədir. Belədə fikir daha məntiqidir.
Ümumiyyətlə, nümunə uşaqların yaş səviyyəsinə də uyğun deyil. Vətənə, torpağa, qəhrəmanlarımıza aid cümlələrə daha çox yer vermək lazımdır.

Test 57(1):
Hansına aiddir?
- Salam, Rauf.
- Salam.
- Necəsən?
- Yaxşıyam
A. mətn; B.şeir; C. dialoq
1-ci sinif şagirdi mətn, şeir, diloq haqqında heç bir məlumata sahib deyillər. Elə isə mətnlə dialoqu necə ayırd edə bilərlər?

Test 63(4): Tapmacanın nəyi olur?
A. açması; B. sualı; C. cavabı
Test tapşırıqlarının sualı fənnin standart tələblərinə cavab verməli, müəyyən bir bitkin fikri ifadə etməlidir. Göründüyü kimi, çalışmanın sualı doğru tərtib edilməyib. Digər tərəfdən, distraktorların hər üçü doğru cavab ola bilər.
Məsələn, belə tapmaca deyək:
O nədir ki, özü burda, saqqalı orda.
(Buxan və tüstü)
Tapmacanın sualı da var, cavabı da.
Bir başqa uyğunsuzluq da udur ki, "A” və "C” distraktorları sinonimlik təşkil edir, eyni anlayışı bildirirlər.

Test 65(7):
Hecalar necə olur?
A. böyük və kiçik
B. açıq və qapalı
C. uzun və qısa
Test çalışması düzgün tərtib olunmayıb: qüsurludur. Sual, sanki, şagirdin biliyini deyil, hansısa əşyanı tanıyıb-tanımamadığını aşkar etmək üçün verilib. I sinif şagirdi üçün bu ciddilikdə dil faktını bilməsi, əlbəttə, çətindir.
Hərflər böyük və kiçik olur: heca da belə bölgü yoxdur axı və yaxud uzun və qısa hecalar əruz vəzninə xas xüsusiyyətdir: qısa hecalara saiti uzanmayan açıq hecalar, uzun hecalara isə qapalı hecalar və saiti uzanan açıq hecalar aiddir.

Birinci sinif şagirdinin biliyini belə ciddi mövzulara yox, onun dərk edə biləcəyi, cavab verə biləcəyi mövzulara çəkmək lazımdır. Şagirdin öyrənmədiyi, dərslikdə olmayan mövzulardan test çalışmalarında istifadə etmək nə dərəcədə doğrudur?

Test 67(7): Hansı sırada sual cümləsi yazılıb?
A. Bu sənin kitabındır
B. Qalib idmançılara eşq olsun
C. Baba hasarın dibindəki daşları təmizlədi.
Doğru cavab elə formalaşdırılmalıdır ki, açar kimi verilmiş cavabların içərisində ən düzgün cavabdır. Hər "A” və "C”distraktorlarının hər ikisi sual cümləsi ola bilər. 1-ci sinf şagirdi hələ sual cümlələrinin sual əvəzlikləri və ya sual intonasiyası ilə əmələ gəldiyini bilmirlər axı.
Daha münasib distraktor seçmək olardı.
C distraktori doğru tərtib edilməyib. Mənası doğru anlaşılmır. Məsələnin sual çümləsi ilə aidəyyəti olmsa da, şagirdin düzgün cümlə qura bilmək, eləcə də fikrini düzgün ifadə etmək bacarıqları hər zaman diqqətdə olmalıdır.
Cümlədən belə aydın olur ki, hasarın dibində bir neçə böyük daş var və baba bu daşların özünü təmizləyib. Amma cümlə "Baba hasarın ətrafını daşlardan təmizlədi”kimi olsa idi, fikir daha doğru ifadə edilmiş olacaqdı.

Test 68(7): Cümlənin boş yerində hansı söz olmalıdır?
Satıcı tərəzi ilə ------ kütləsini çəkirdi.
A. kreslonun; B. dəftərin; C.yeşiyin
Bu tapşırığın distraktorları da uyğun deyil. Yəni, həm "B”, həm də "C” distraktorları doğru cavab ola bilər. Distraktorlar elə seçilməlidir ki, onlarda ancaq biri doğru cavab ola bilər.

Dərslik, dərs vəsaitləri və test topluları haqqında  bir neçə söz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz