» » Londonda Y.Bertelsin ilk dəfə ingilis dilinə tərcümə edilən “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı keçirilib

Londonda Y.Bertelsin ilk dəfə ingilis dilinə tərcümə edilən “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı keçirilib

Müəllif: Vüsal от 9-06-2017, 00:05

Londonda Y.Bertelsin ilk dəfə ingilis dilinə tərcümə edilən “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı keçirilib

İyunun 5-də Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində (www.rbkc.gov.uk/subsites/museums/leightonhousemuseum1.aspx) Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) şərqşünas-alim Yevgeni Bertelsin (1890-1957) "Böyük Azərbaycan şairi Nizami” ("The Great Azerbaijani Poet, Nizami”) kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilib. Qərbdə böyük nüfuza malik olan məşhur şərqşünas alim, professor Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami” kitabı ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxıb. Həmin vaxtdan etibarən kitab nəinki ingilis dilində, ümumiyyətlə, təkrar nəşr olunmayıb. Bertelsin bu əsəri Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, irsinə, akademik nüfuzuna, eləcə də milli maraqlarına böyük töhfədir. Kitabda Nizami Gəncəvinin həyat və yaradıcılığı araşdırılır, onun yalnız şair yox, dünya şöhrətli filosof, mütəfəkkir olduğu bildirilir. Kitab bir daha sübut edir ki, Nizami Gəncəvinin əsərləri 900 ildən sonra da aktuallığını itirməyib.
Lakin indiyədək kitabın ingilis dilində tərcüməsi olmadığından əcnəbi alimlər bu əsərdə yer alan məlumatları əldə etməkdən məhrum olublar. Məhz Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu akademik elmi əsərin dünya elm adamlarının ixtiyarına verilməsi mümkün olub. Kitab üçün illüstrasiyaların orijinalları dünyanın ən qədim kitabxanalarından götürülüb və kitab keyfiyyətli şəkildə Britaniyanın "Gilgamesh” nəşriyyat evində (http://www.gilgamesh-publishing.co.uk/index.html) çap edilib. Şərqşünas-nizamişünas alim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Y.E.Bertelsin əsərinin ingilis dilinə edilən akademik tərcüməsi Oksford Universiteti ilə yanaşı, Avropanın aparıcı kitabxanalarına paylanılacaq.
Lord Leytonun rəsm və heykəltəraşlıq əsərləri ilə bəzədilmiş, Birləşmiş Krallıqda XIX əsrin ən möhtəşəm binalarından hesab edilən bu məkanda keçirilən tədbirdə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin rəhbəri akademik Nərgiz Paşayeva və Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, kitabın redaktoru Edmund Herziq ilə yanaşı, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, dilçi alim, Milli Məclisin deputatı Nizami Cəfərov, Oksford Universitetinin İnkişaf Departamentinin rəhbəri xanım Liesl Elder və həmin qurumun rəhbərinin müavini Antoni Qrin, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, ərəb dili üzrə mütəxəssis Julia Bray, ABŞ-ın Tulane Universitetinin professoru Elia Brankaforte, Kembric Universitetinin doktoru Razia Sultanova, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi Julian Faultless, Britaniya Kitabxanasının (British Library) türk kolleksiyaları üzrə rəhbəri Maykl Erdmann, "Gilgamesh” nəşriyyat evinin rəhbəri Maks Skott, Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Birləşmiş Krallığın elmi akademik dairələrinin üzvləri, tələbələr, Londonda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər.

Londonda Y.Bertelsin ilk dəfə ingilis dilinə tərcümə edilən “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı keçirilib

Mənbə:http://azertag.az/xeber/Londonda_YBertelsin_ilk_defe_ingilis_diline_tercume_edile
_Boyuk_Azerbaycan_sairi_Nizami_kitabinin_teqdimati_kechirilib-1068786

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz