» » “Poçt qutusu” hekayələr kitabı gürcü dilində nəşr olunub

“Poçt qutusu” hekayələr kitabı gürcü dilində nəşr olunub


Azərbaycan tənqidi realizminin yaradıcısı Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayələr kitabı Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə "Universal” nəşriyyatı tərəfindən gürcü dilində işıq üzü görüb.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, bu, yazıçının görkəmli tədqiqatçılarından biri olan akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin layihəsi əsasında reallaşdırılıb. İsa Həbibbəyli uzun illərdir Cəlil Məmmədquluzadənin hekayələrini dünya xalqlarının dillərində nəşr etdirir və bununla böyük klassikin əsərlərinin dünyada tanıdılmasına geniş imkan yaradır. Bu layihə əsasında Cəlil Məmmədquluzadənin hekayələri artıq Misirdə, Macarıstanda və Pakistanda nəşr edilib. Yazıçının "Poçt qutusu” hekayələr kitabının İsa Həbibbəylinin ideya müəllifliyi və "Ön söz”ü ilə Tbilisidə nəşr olunmasını ədəbi mühitdə mühüm hadisə kimi dəyərləndirmək olar. C.Məmmədquluzadənin həyatının böyük bir dövrünün Tbilisidə keçməsinə və "Poçt qutusu” hekayəsinin ilk dəfə burada "Şərqi Rus” qəzetində çap etdirilməsinə baxmayaraq, gürcü oxucuları onun hekayələri ilə tanış olmamışdı. C.Məmmədquluzadənin hekayələr kitabı bir neçə dildə işıq üzü görsə də, gürcü dilində ilk dəfədir ki, toplu halında nəşr olunur.
"Poçt qutusu” hekayəsi ilk dəfə görkəmli ədəbiyyatşünas alim Əziz Şərif tərəfindən gürcü dilinə çevrilərək 1934-cü ildə "Türk ədəbiyyatı” toplusunda özünə yer tapıb. 1968-ci ildə Tiflis Dövlət Universitetinin nəşr etdiyi, Xaqanidən tutmuş Nəbi Xəzriyə qədər Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına C.Məmmədquluzadənin yenə "Poçt qutusu” və "Saqqallı uşaq” hekayələri salınıb. "Poçt qutusu”nu Leyla Eradze, "Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya tərcümə edib. Kitaba Əziz Şərifin vaxtilə yazdığı ön sözün Cəlil Məmmədquluzadəyə aid olan hissəsi də daxil edilib. Kitabda müəyyən sözlərin izahı da verilib. Nəşrdə, həmçinin C.Məmmədquluzadənin tərcümeyi-halına, "Molla Nəsrəddin” jurnalına aid şəkillər, əsərlərinə çəkilmiş illüstrasiyalar və sair fotoşəkillər də verilib. İllüstrasiyaların əsas müəllifi məşhur alman rəssamı Oskar İvanoviç Şmerlinqdir.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor, Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratianidir. Nəşriyyat redaktorları məşhur gürcü yazıcısı Nariman Yaşağaşvili (Naro Kolxeli) və Mirzə Məmmədoğludur. Hekayələri Gürcüstan və Azərbaycan mətbuatında əsərləri çap olunan Almaz Mirzəoğlu tərcümə edib. Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayələr kitabının Tbilisidə gürcü dilində nəşr edilməsi ölkələrimiz arasında ədəbi əlaqələrin parlaq hadisəsidir.
 


“Poçt qutusu” hekayələr kitabı gürcü dilində nəşr olunub

 


 Mənbə:http://azertag.az/xeber/Pocht_qutusu_hekayeler_kitabi_gurcu_dilinde_nesr_olunub-992704

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz