» » Qida mədəniyyətinə yiyələnməmək zəhərlənməyə səbəb olur

Qida mədəniyyətinə yiyələnməmək zəhərlənməyə səbəb olur

Yay fəsli yaxınlaşdıqca qida zəhərlənmələri ilə əlaqədar xəstəxanalara edilən müraciətlərin sayı artır. Havanın temperaturunun yüksəlməsi, bəzi qida məhsullarının saxlanma şəraitinə düzgün əməl edilməməsi, həmçinin qidalanma zamanı bir sıra qaydaların gözlənilməməsi zəhərlənmə hallarının artmasına səbəb olur.
Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: "Zəhərlənmələrin səbəbinin 70 faizini düzgün qidalanma mədəniyyətinə yiyələnməmək təşkil edir. Təcrübə göstərir ki, qaraciyər, öd yolları və mədə- bağırsaq xəstəliyi olanların suşi, dönər, hamburger və digər fastfud yeməkləri, energetik içkilər qəbul etməsi ocağın üstünə benzin tökülməsini xatırladır. Həmin xəstələrin ketçup, qızardılmış, tomatlı sousda hazırlanmış xörəklərlə qidalanması da fəsadlar verir. Həm də hər şeyi qida zəhərlənməsinin ayağına yazmaq olmaz. Deyək ki, dörd nəfərlik ailədə iki nəfər yeməkdən zəhərlənibsə, onu qida zəhərlənməsi halı kimi qəbul etmək olar, lakin on üzvü olan ailədə bir nəfərin yeməkdən zəhərlənməsi səbəbi başqa yerdə axtarmağa məcbur edir. Belə halda xəstədə qusma, ürəkbulanma kimi halların baş verməsi həzm sistemi orqanlarında olan problemlərin baş qaldırması ilə əlaqədar olur”.
Botulizm halları barədə danışan həkim bunları söyləyib: "Konservləşdirlmiş ət və ət məhsulları, hisə verilmiş balıq və balıq məhsulları, konservləşdirilmiş müxtəlif tərəvəzlərlə qidalanma nəticəsində baş verən zəhərlənmələr botulizm hesab olunur. Bu il fevralın əvvəlindən Səhiyyə Nazirliyinin əmrinə əsasən botulizm xəstələri digər yoluxucu xəstəliklər şöbəsində qəbul edilir və müalicə alırlar. Orta ağır gedişli botulizm xəstələri bizim şöbəyə, ağır gedişli xəstələr yoluxucu reanimasiya bölməsinə qəbul olunur və orada müvafiq müalicələr alandan sonra vəziyyətində stabilləşmə yaranandan sonra yenidən bizim şöbədə müalicələrini davam etdirirlər”.
G.Babayeva söhbətinə davam edərək deyib: "Müxtəlif qida zəhərlənmələri, hətta bəzən ağlasığmaz zəhərlənmələrlə əlaqədar müraciətlər də daxil olur. Məsələn, bu yaxınlarda bizə qatıqdan zəhərlənən xəstə müraciət etmişdi, halbuki əksər hallarda qatıqdan zəhərlənməyə qarşı istifadə olunur. Məsələ burasındadır ki, evdə bir neçə gün qalıb kif atmış qatıqdan qida kimi istifadə olunması zəhərlənmə vermişdi. Vaxtı keçmiş lavaşdan istifadə edilməsinin də zəhərlənməyə səbəb olduğunun şahidi olmuşam.
Meyvə-tərəvəz, müxtəlif ət və toyuq məhsulları, ev şəraitində duza qoyulmuş turşu və şorabalar daha çox zəhərlənmələrə səbəb olur. Çiyələk və qarpızla zəhərlənmə halları da üstünlük təşkil edir”.
Bəzi qonaqlıq və el şənliklərində baş verən zəhərlənmələrlə əlaqədar danışarkən həkim deyib: "Obrazlı olaraq mədəni bir akvariuma bənzətsək və zəngin süfrədə olan müxtəlif salat və qəlyənaltıların, isti xörəklərin hərəsindən bir qaşıq qoysaq, onun da üstünə şirniyyat, dondurma və qazlaşdırılmış içkilər əlavə edib çalxalasaq, onda hansı mənzərə alınar? Bu cür qidalanmadan sonra qusmamaq, yediyini qaytarmamaq çox çətin məsələdir”.
Mənşəyi və hansı şəraitdə hazırlandığı bilinməyən ərzaqların da zəhərlənməyə səbəb ola biləcəyi barədə danışarkən şöbə müdiri söyləyib: "Kolbasa, süd və süd məhsulları, kremli şirniyyatlar alarkən istehlakçılar həmin məhsulların keyfiyyətinə, saxlanma müddətinə fikir verməlidirlər. Axı bu cür məhsulların saxlanma müddəti ən yaxşı halda iki-üç gündən artıq deyil. Sutkalarla mağaza vitrinlərində və piştaxtada qalan həmin məhsullar da böyük təhlükə mənbəyi rolu oynaya bilər”.
G. Babayeva daha sonra deyib: "Qida qəbulundan yarım saatdan altı saata qədər olan müddətdə mədə bulanması, qusma, başağrısı, qarın nahiyəsində ağrılar zəhərlənmənin ilkin əlamətləri hesab olunur. Yaxşı olar ki, bir banka qaynanmış su vaxtaşırı olaraq stəkanla qəbul edilsin və bu yolla qəbul edilən qidanın geri qayıtmağına nail olunsun. Bundan sonra 5-7 gün pəhriz saxlamaq, yağlı, qızarmış, duzlu, istiotlu xörəklərdən, kofe və şirniyyatlar qəbul etməkdən uzaq olmaq lazımdır. İlkin müddətdə narahatlıqlar sovuşmasa mütləq həkim çağırmaq lazımdır”.
Həkim-infeksionist bu ilin dörd ayında baş verən zəhərlənmə statistikasını da xatırladıb: "Dörd ayda 13 botulizm, 56 zəhərlənmə hadisəsi ilə əlaqədar müraciət daxil olub və xəstələrin hamısı sağalaraq evə buraxılıb”.

Qida mədəniyyətinə yiyələnməmək zəhərlənməyə səbəb olur

Mənbə:http://azertag.az/xeber/Qida_medeniyyetine_yiyelenmemek_zeherlenmeye_sebeb_olur

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz