» » Tanpınarın izi ilə qardaş Türkiyədə beş gün

Tanpınarın izi ilə qardaş Türkiyədə beş gün

Müəllif: Dəyanət от 28-04-2017, 18:57
Tanpınarın izi ilə qardaş Türkiyədə beş gün

Bakıdakı Yunus Əmrə İnstitutunun mədəniyyət mərkəzinin elan etdiyi "Tanpınarı kəşf edirəm” adlı esse yarışmasının beş qalibindən biri olaraq Türkiyənin 5 şəhərini - İstanbul, Yalova, Əskişəhər, Konya və Bursanı səyahət etmək şərəfinə nail oldum.
Bu unudulmaz səfərdə müsabiqənin qalibləri ilə yanaşı (Zərəngiz Mansurova, Bakı Dövlət Universitetinin (BDU) professoru Yeganə Neymətulla, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, yazıçı-publisist Təranə Vahid, BDU-nun tələbəsi Lamiyə Qurbanlı) Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım və layihənin əlaqələndiricisi yazıçı Şəhla Aslan da yer almışdılar.
Qardaş ölkə ilə ilk tanışlığımız İstanbuldan başladı. İstanbulda "Yeni qapı” adlanan məkandan gəmi ilə kiçik liman şəhəri Yalovaya gəldik. Mərmərə dənizinin sahilində yaşıllıqlar içində uyuyan miniatür bir şəhərdir Yalova. İnsanların qayğı ilə gözəlləşdirdiyi, bəzədiyi yaşıllıqlarla süslənmiş kiçik məkandır. Türkiyədə Yalova böyük Mustafa Kamal Atatürkün şəhəridir deyirlər. Bizim ilk səfərimiz dəniz sahilində yerləşən, bu böyük şəxsiyyətin vaxtilə istirahət etdiyi, indi isə xatirəsi yaşayan "Yürüyən köşk”ə oldu. Bu ifadə marağımı çəkdi. Necə, köşk yeriyə bilər? Tarixi məkanın hər addımında bir məlumat lövhəsində, turistlərin anlaması üçün bəzi izahlar yazılmışdı. Vaxtilə böyük M.K.Atatürkün istirahət etdiyi bu ərazidə ona bir ev tikmək istəyiblər. Evin ikinci mərtəbəsini inşa edərkən yaxınlıqdakı ağacın mane olacağını görürlər. Bu səbəbdən inşaatçılar ağacın budaqlarını kəsmək istəyirlər. Bunu eşidən möhtərəm Atatürk etiraz edir və budaqları kəsilməyə qoymur. İnşaatçılar evi başqa məkana köçürürlər. İndi ağac da durur, o tikilən ev də muzey kimi fəaliyyət göstərir. Bu gözəl məkandan ayrılmaq çətin olsa da, yolumuza davam etdik.
Növbəti gün Konyada bizi Nəcməddin Ərbakan Universitetinin professoru Əli Berat Alptəkin, onun yetirməsi və universitetin sosial bölümlər üzrə müdiri, dosent yardımçısı Səlcuq Peker çox mehribanlıqla qarşıladılar. Sənət və ədəbiyyatlarımızın eyni kökdən pərvaz etdiyindən ruhumuzun da, əxlaqımızın da, dünyagörüşümüzün də eyni olmasından söhbət açıldı. Konyada - dahi Mövlanə Cəlaləddin Ruminin uyuduğu ziyarətgahla tanışlıq isə bir daha bu məkanın müqəddəsliyindən xəbər verirdi. Şərqin bu böyük söz və fikir adamını yaxın uzaq məmləkətlərdən ziyarətə gələnlərin sayı yetərincə idi.
Səfər çərçivəsində Əskişəhər Valisi Azmi Çeliklə görüşümüzdə isə Azərbaycan ilə Türkiyənin qardaşlığının əbədiliyindən, dönməzliyindən söz açıldı. O, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət!” - məşhur kəlamını xatırlatdı, bizimlə xatirə şəkli çəkdirdi.
Səfərimiz zamanı Bursa şəhər Osmanqazi Bələdiyyəsində də unudulmaz, yaddaqalan görüşlər keçirdik. Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar, Kültür və Sosial İşlər müdiri Kenan Kır və onun müavini Mehmet Uzunla rəsmi görüşlərimiz oldu, qarşılıqlı müxtəlif hədiyyələr təqdim olundu.
Onların yaratdığı imkandan istifadə edib bir neçə universitetlərlə tanış olduq. Konyada Səlcuq, Nəcməddin Ərbakan Universitetləri bizi heyran etdi. Əskişəhərdə Anadolu Universitetinə Alaəddin təpəsinə, Osmanqazi türbələrinə, "Ulu çinar” köyünə getdik. 610 yaşı olan ulu çinar bizə möcüzə yaşatdı. Hündürlüyü 32 metr olan bu çinarın (bəlkə on adam əl-ələ tutsa, gövdəsini ancaq qucaqlamaq olar) kölgəsində az qala bir məhəllə yerləşir.
Qrupumuzun Türk Dünyası Vəqfinin sədri Adnan Tekşen ilə görüşü də maraqlı və qürurverici oldu. Vaxtilə A.H.Tanpınarın ilk tədqiqatçılarından olan Adnan Tekşen həm də ünlü bir qələm adamıdır. Onun Tanpınardan başqa da türk ədəbiyyatının görkəmli nümayəndələri haqqında bir çox proqram və araşdırmaları var.
Türkiyəyə düşdüyümüz andan insanların xoş münasibəti, hər cür təminatı ilə yanaşı, təbiət də bizi günəşli gündüzlərlə müşayiət edirdi.
Gəzdiyimiz yerlərin gözəlliyi, insanların doğmalığı yaddaşımızda unudulmaz izlər buraxdı. Atalar çox gözəl deyib ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Həm də deyiblər ki, göz gördü, könül sevdi. Bu 5 günlük zəngin gəzinti Türkiyəni əbədi olaraq mənə sevdirdi.

Tanpınarın izi ilə qardaş Türkiyədə beş gün

Tanpınarın izi ilə qardaş Türkiyədə beş gün

Tanpınarın izi ilə qardaş Türkiyədə beş gün

Mənbə:http://azertag.az/xeber/Tanpinarin_izi_ile_qardas_Turkiyede_bes_gun-1055354

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz