» » 2 aprel Dünya Autizm Məlumatlandırma Günüdür

2 aprel Dünya Autizm Məlumatlandırma Günüdür

Müəllif: Anaveusaq.az от 2-04-2017, 14:16

Autizm bütün dünyada olduğu kimi ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi yoxdur. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir.

Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Bu xəstəliyin irsilik dərəcəsi də çox azdır. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır.


Cəmiyyət autizmdən əziyyət çəkən insanlara münasibəti dəyişməli, o cümlədən onların stiqmatizasiyasından imtina etməli və vətəndaş hüquqlarını tanımalıdır. Bu fikirlər BMT-nin Baş katibi Antonio Quterreşin 2 aprel – Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü ilə bağlı müraciətində yer alıb.

AZƏRTAC  BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, BMT-nin Baş katibi öz müraciətində Əlil Hüquqları Konvensiyasında cəmiyyətin bütün üzvlərinin hüquq bərabərliyinin təsbit olunduğunu xatırladıb. A.Quterreşin sözlərinə görə, autizmdən əziyyət çəkən insanların özləri barədə, o cümlədən, kiminlə və harada yaşamaq, nikah bağlamaq, peşə seçmək və öz pulunu necə xərcləmək məsələlərinə dair müstəqil qərar qəbul etmələri üçün imkan yaradılmalıdır. Onlara öz hüquqlarını həyata keçirməkdə yalnız müvafiq kömək göstərmək lazımdır.


Antonio Quterriş deyib: "Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günündə biz hamımız autistlərə münasibətin dəyişməsində və onların vətəndaş kimi hüquqlarının tanınmasında öz rolumuzu oynamalıyıq. Onlar da digər insanlar kimi öz hüquqlarını tələb edə bilər və öz mənafelərinə uyğun sərbəst şəkildə mühüm qərar qəbul etmək hüququna malikdirlər”.

Bu barədə BMT-nin Əlil Hüquqları Konvensiyasında da danışılır. Bundan başqa, Konvensiyanın 12-ci maddəsində bildirilir ki, əlillər həyatın bütün sahələrində başqaları ilə birlikdə bərabər hüquqa malikdirlər.

BMT-nin Baş katibinin müraciətində deyildiyi kimi, autizmdən əziyyət çəkən insanlar müstəqil davranışa malik olarsa, ümumi gələcəyimizin qurulmasına daha çox töhfə verə bilərlər.


2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də geniş miqyasda qeyd edilir.

Hər il olduğu kimi bu il də ölkəmizdə Dünya Autizm Məlumatlandırma Günü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

2 aprel  Dünya Autizm Məlumatlandırma Günüdür

Mənbə:http://azertag.az/xeber/2_Aprel___Dunya_Autizm_Melumatlandirma_Gunudur-1047466

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz