» » Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub

Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub

Müəllif: Anaveusaq.az от 1-04-2017, 17:39
Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub

Aprelin 1-də Azərbaycan Texniki Universitetdə bu ali məktəbin məzunu, Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub.
Tədbirdə Ç.Qurbanovun ailəsi, Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri və tanınmış ictimai xadimlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, "ARB Media Qrup” tərəfindən lentə alınan "Çin olan yuxu” adlı ekran əsərində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Filmin çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Texniki Universitetdə və xidmət etdiyi, Tovuz rayonunda yerləşən "N” saylı hərbi hissədə aparılıb. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşçu rejissoru Dəyanət Rzayevdir.
Tədbirdə AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov, filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani filmin hazırlanmasını Milli Qəhrəmanın xatirəsinə hörmət və ehtiramın təcəssümü kimi dəyərləndiriblər. Vurğulanıb ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir.
Qeyd edilib ki, Azərbaycan ordusunun əsgəri Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.
Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.
Sonda Ç.Qurbanovun atası Salman Qurbanov tədbirin təşkilatçılarına və iştirakçılarına, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub

Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub

Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub

Mənbə:http://azertag.az/xeber/Milli_Qehreman_CHingiz_Qurbanov_haqqinda_filmin_teqdimati_olub-1047291

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz