» » Naxçıvanın tarixi abidələri, mədəniyyət və təhsil müəssisələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb

Naxçıvanın tarixi abidələri, mədəniyyət və təhsil müəssisələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb

Müəllif: Təsisçi от 25-03-2017, 00:05

Martın 24-də "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn bakılı məktəblilər qədim diyarın Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar.
Füsunkar təbiəti ilə diqqət çəkən Ordubad rayonu ilə tanışlıq Bakı məktəbliləri üçün xüsusilə maraqlı keçib. Əvvəlcə şagirdlər Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbə gəliblər. Bildirilib ki, 810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var. Burada şagirdlərin bilik və maraqlarına uyğun tədbirlərin keçirilməsi, onların fəal mütaliəyə cəlb olunması üçün lazımi şərait yaradılıb. Məktəbin kitabxanasında 14 minə yaxın kitab var. Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Məktəbdə 57 kompüter şagirdlərin istifadəsindədir. Elektron lövhəli siniflərdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev-muzeyi ilə tanışlıq da paytaxt məktəblilərində böyük maraq doğurub. Qeyd olunub ki, alimin ev-muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 28 fevral tarixli Sərəncamına əsasən, ölkəmizdə Yusif Məmmədəliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, görkəmli alimin Ordubaddakı ev-muzeyində yenidənqurma işləri aparılıb. Muzeyin ikimərtəbəli binası ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2 mindən çox eksponat saxlanılır. Bu eksponatlardan 370-dən çoxu ekspozisiyada nümayiş olunur.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi "Qeysəriyyə” tarixi binasına gələn məktəblilərə buradakı eksponatlar barədə məlumat verilib. Bildirilib ki, muzey XII əsr abidəsi olan "Qeysəriyyə” binasında yerləşir. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına "Qeysəriyyə” deyilirdi. "Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.
Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyində şagirdlərə məlumat verilib ki, burada onun əlyazmaları, məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər qorunur.
Sonra məktəblilər Məmməd Səid Ordubadinin ev-muzeyində olublar. Məlumat verilib ki, ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə muzeydə yenidənqurma işləri aparılıb. Bu gün muzeydə yazıçının həyatını və yaradıcılığını əks etdirən 2 minə yaxın eksponat qorunub saxlanılır.
Culfa rayonuna ekskursiya zamanı məktəblilər Gülüstan türbəsinə gəliblər. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən, rayon ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilib, abidənin orijinallığı qorunub saxlanılıb. Beləliklə, Gülüstan türbəsinə ikinci həyat verilib. Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi "Gülüstan” Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən digər tarixi abidələrin də tədqiqi, onlar haqqında tarixi materialların əldə olunması üçün səy göstərirlər.
Məktəblilərin səfər etdikləri məkanlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunan Əlincəqala tarixi abidəsi və "Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olub. Diqqətə çatdırılıb ki, Əlincəqala tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa edilib. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır.
"Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvanın tarixi abidələri, mədəniyyət və təhsil müəssisələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb.
            AZƏRTAC-ın  Naxçıvan Bürosu

Naxçıvanın tarixi abidələri, mədəniyyət və təhsil müəssisələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb

Naxçıvanın tarixi abidələri, mədəniyyət və təhsil müəssisələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb

Mənbə:http://azertag.az/xeber/Naxchivanin_tarixi_abideleri_medeniyyet_ve_tehsil_muessiseleri_ile_tanisliq_mekteblilerde_zengin_teessurat_yaradib-1045398

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz