» » Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir

Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir

Müəllif: Təsisçi от 24-03-2017, 00:05
Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Qarabağ bölgəsinin məktəbliləri də qoşulublar.
AZƏRTAC xəbər verir ki, martın 23-də Ağcabədi şəhərinin mərkəzi meydanında rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli və İmişli rayonlarının məktəblilərinin Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola salınması mərasimi keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Mərasimdə Ağcabədi şəhər incəsənət və musiqi məktəblərinin şagirdlərinin ifasında müxtəlif rəqs və mahnılar təqdim edilib. Tur-aksiya iştirakçıları rəqs edib, yallı gediblər.
Ağcabədi rayonundan olan qrupun rəhbəri – Ceyhun Mamedov AZƏRTAC-a müsahibəsində "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının məktəblilərin Vətənimiz Azərbaycanı daha yaxşı tanımasında, onların dünyagörüşünün artmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Məktəbliləri 4 gün ərzində çox maraqlı ekskursiyalar gözləyir. Müasir turizm infrastrukturuna malik olan Qəbələdə "Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə və Vəndam şəlaləsinə, udilərin yaşadığı Nic kəndinə ekskursiyalar şagirdlərin marağına səbəb olacaq. Şəki şəhərində Dövlət Tarix-Memarlıq Qoruğu, Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, "Marxal” müalicəvi istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər həmçinin vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Şagirdlər Zaqatalada Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında geniş məlumatlar əldə edəcəklər”.
Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Cəfər Əmirov deyib: "Tur-aksiyanın məqsədi şagirdlərin ölkəmizi daha yaxından tanımasına nail olmaqdır. Bu gün şagird dostlarımla birgə ölkəmizin bölgələrinin təbiəti, görməli yerləri ilə tanış olacağıq. Bayram günlərində belə bir aksiyanın keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin şagirdi İslam Məmmədov şagirdlərlə səfərə çıxmağın çox maraqlı olacağını bildirib: "Çox sevinirəm. Həm gəzəcəyik, əylənəcəyik, həm də dünya görüşümüzü artıracağıq. Bu səfər bizim üçün çox şey verəcək”.
Ağdam rayonundan olan məktəbli – Quzanlı qəsəbə tam orta məktəbin şagirdi Fidan Ələsgərli isə fikirlərini belə ifadə edib: "Layihə çərçivəsində biz ölkəmizin müxtəlif yerlərini gəzəcək, yaxından tanış olacağıq. Ekskursiyada iştirak etdiyimə görə çox sevinirəm. Həm də qürur hissi keçirirəm”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış avtobusla Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola düşüblər.

Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir

Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir

Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir

Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir

Mənbə:http://azertag.az/xeber/1045246

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz