» » Bir inci saflığı olsa da...

Bir inci saflığı olsa da...


Səhər yuxudan oyanan kimi qəhvə və ya çay, nahar zamanı kola, ən yaxşı halda meyvə şirəsi, günortadan sonra yenə də çay dəsgahı ən sevimli içki menyusudur və bir növ ənənəyə çevrilib. Təəssüf ki, onu qəbul edənlərin çoxu kofein və qazlı içkilərin tərkibindəki şəkərin orqanizmin susuzlaşmasına səbəb olduğunu bilmir. Həmin içkilər susuzluğu yatırsa da, içilən mayenin cüzi hissəsi də hüceyrələrin daxilinə keçmir və faydalı olmur. Əslində isə orqanizm üçün ən çox faydalı olan yeganə içki sudur.
Bu barədə AZƏRTAC-ın müxbirinə təbii üsullarla müalicə həkimi Esmira Zeynalova məlumat verib. O, söhbət zamanı qeyd edib ki, orqanizmin üçdə ikisi, baş beyin neyronlarının isə 85 faizi sudan ibarətdir. Tərkibində ən az su saxlayan sümük toxuması olsa da, onun da 25 faizi sudan təşkil olunub. Qidasız 5-7 həftəyə qədər yaşamaq mümkün olduğu halda, susuz 5-7 gündən artıq qalmaq mümkün deyil.
Həkim suyun orqanizm üçün faydası barədə danışarkən deyib: "Su hüceyrələri toksinlərdən təmizləyir və immun sistemini möhkəmləndirir, orqanizmin virus, bakteriya və göbələklərlə mübarizə gücünü artırır. Bundan başqa, su qanın qatılaşması və trombozun qarşısını alaraq ürəyin, beynin işemik xəstəlikləri, miokard infarktı və insult riskini azaldır, dəri xəstəliklərinin qarşısını alır və onun sağlam görünməsini təmin edir.
Orqanizmə daxil olan suyun miqdarının azalması onun "qənaət" rejimində istifadə edilməsinə səbəb olur. Bədəndə su elə bölüşdürülür ki, onun əksər hissəsi həyati vacib orqanlara – beyin, ürək, qaraciyər, ağciyər və böyrəklərə yönəldilir, çünki həmin orqanlarda suyun azalması geridönməz dəyişikliklərə səbəb ola bilər. Lakin suyun orqanizmdə belə paylanması digər orqan və toxumaları, xüsusən də dəri, mədə-bağırsaq sistemi və oynaqların funksiyasının pozulmasına səbəb olur. Nəticədə həzmin pozulması, oynaqlarda ağrı, daha çox isə fəqərəarası qığırdaqların distrofiyası və sinirlərin sıxılması baş verir.
Bədəndə suyun azalması qanın qatılaşmasına, bu da öz növbəsində damarların daralması və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Susuzluq zamanı həzmin pozulması ağız suyu, həzm şirələri və mədə-bağırsaq traktının səthini örtən seliyin miqdarının azalması ilə əlaqədardır. Selik həm də qoruyucu funksiya yerinə yetirdiyinə görə onun azalması həzm sisteminin zədələnməsi ilə nəticələnir. Normal miqdarda su qəbulu orqanizmin hiss olunmadan cavanlaşmasına, qırışların açılmasına və dəri elastikliyinin artmasına səbəb olur.
Su qəbul edilməsi çəkini azaldır. Məsələ burasındadır ki, orqanizmdə su azalanda maddələr mübadiləsi zəifləyir və bədən hərarəti aşağı düşür. Onun yerini doldurmaq üçün piy toxumasının qalınlığı artır və kökəlmə baş verir. Həmçinin hesab olunur ki, yeməkdən əvvəl suyun içilməsi mədədə toxluq hissi yaradır və çəki itkisinə səbəb olur.
Həkim su mənbələri barədə danışarkən deyib: ”Ən yaxşı su mənbəyi təbii bulaqlardır, lakin şəhər mühitində hər kəs krandan axan sudan istifadə edir, bəziləri hətta onu xüsusi filtrlər vasitəsilə süzür. Suyun təmizlənməsi üçün istifadə olunan xlor və digər vasitələr onu çiy şəkildə içmək üçün yararsız edir. Texniki yolla təmizləmə də suyun bakteriyalardan tam azad olduğuna zəmanət vermir. Plastik qablarda satılan sular da orqanizm üçün zərərli ola bilər. Əvvəla, suyun təmizlənmə dərəcəsi şübhəlidir, ikincisi, plastik qaba doldurulduğu üçün suyun tərkibinə polivinil xlorid və bisfenol kimi maddələrin keçmə ehtimalı çoxdur və qaldıqca daha da artır.
Suyu evdə filtrasiya edib içmək daha məqsədəuyğundur və yaxşı olar ki, suyu bir qədər qələviləşdirən filtirlərdən istifadə olunsun, çünki həmin su hüceyrələrə daha asan daxil olur və toksiki maddələri asanlıqla orqanizmdən xaric edir. Qanın pH göstəricisinin 7,4 olduğunu nəzərə alsaq, hüceyrələr və toxumaarası mayenin də turşu-qələvi tarazlığının eyni olması vacibdir. Lakin bir çoxlarının yaşadığı hipodinamik həyat, qeyri-sağlam qidaların yeyilməsi və suyun az miqdarda qəbulu toxumalarda çoxlu turş məhsulların toplanmasına səbəb olur. Sağlamlıqla əlaqədar bir çox problemlərin həllini məhz qələviləşdirilmiş suların qəbulu ilə tapmaq olar.
Suyu nə vaxt və nə qədər içmək barədə məlumat verən E. Zeynalova deyib: "Yeməkdən 30 dəqiqə əvvəl içilən su mədə-bağırsaq sistemini qida qəbuluna hazırlayır. Bu, qastrit, duodenit, mədə qıcqırması, mədə, bağırsaq xoraları və qəbizlikdən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Yeməkdən 2,5 saat sonra içilən su qidanın parçalanmasına sərf olunan mayenin yerini doldurur və həzmdən sonra yaranan susuzluğu yatırır. Fiziki hərəkətlərdən və idmandan əvvəl içilən su tərləmə üçün ehtiyac olan su deposunu doldurur.
Orta hesabla gündə 1,5-2 litr filtrasiya olunmuş təmiz və qazsız su içmək tövsiyə olunur. Lakin qəbul edilən suyun miqdarı çəki, fəaliyyəti növü və iqlim şəraitindən asılı olaraq dəyişə bilər”.

Bir inci saflığı olsa da...

Mənbə:http://azertag.az/xeber/Bir_inci_safligi_olsa_da-1045118

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz