» » "Kimlər gəldi, kimlər getdi " - Zeynal Xəlil

"Kimlər gəldi, kimlər getdi " - Zeynal Xəlil

 


  Bu gün gğrkəmli  Azərbaycan şairi, dramaturq,  Azərbaycanın  Əməkdar incəsənət xadimi  Zeynal Xəlilin (Xəlilov Zeynal Rza oğlu) doğum günüdür. 
 Zeynal Xəlil 23 mart 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur.
On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S.Vurğun, M.Müşfiq, R.Rza, S.Rüstəm, M.Rahim, O.Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-ci ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şe‘rlərni və  Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poemasını(1942) yazmışdır.
"Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir.
Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və digər məşhur  yazıçılardan tərcümələr etmişdir.
"Şərəf nişanı" ordeni və  sair medallarla təltif olunmuşdur.
XX əsr Azərbaycan poeziyasının 70-ci illərə qədər davam edən ədəbi-bədii mərhələləri ilə bilavasitə bağlı olan, sürətlə inkişaf edən milli şeirimizin bir sıra forma və məzmun xüsusiyyətlərini özünün bədii sənət nümunələrində əks etdirən Z.Xəlilin ədəbi irsində xalq ədəbiyyatına, klassik irsə, ümumən ədəbi-bədii ənənələrə qayğı,diqqət,sədaqətlə yanaşı müasir həyatın aktual və qabarıq hadisələrinə, "tarix-insan-tale", milli ruh, milli zövq məsələlərinə təbii, orijinal bir münasibət olmuşdur. Buna görə də Z.Xəlilin ədəbi-bədii yaradıcılığı Azərbaycan milli poeziyasının qırx illik (30-70) inkişaf mərhələlərini öyrənmək, tədqiq etmək baxımından nümunəvi poetik mənbələrdən sayılır.
XX əsr Azərbaycan şeirində süjetli lirikanın gözəl nümunələrini yaradanlardan biri də Z.Xəlil olmuşdur. Hadisə, ıhvalat və vəziyyətlərin təbii, maraqlı obrazlarla verilməsi, fikrin, mətləbin bədii lövhələrlə çatdırılması Z.Xəlil şeirinə həzn bir romantika,təbii obrazlılıq, estetik, müasir ruh gətirmişdir.
                                         Vikipediya

"Kimlər gəldi, kimlər getdi " - Zeynal Xəlil

 

Nəğməli sətirlər

" Zeynal Xəlilin qələmi insan gözəlliyinə, təbiətə biganə deyil. O səbəbdən də şairin lirikası dildən-dilə düşür, bəstəkarların sevimli bəstələrinə çevrilir. Çünki şair vətənin taleyindən yazanda da, təbiəti vəsf edəndə də insan və gözəllik, səmimiyyət və humanizm onun misralarının əsas koloritini təşkil edir. Şairin poeziyasında məhəbbət motivi güclü təsir bağışlayır. Zeynal Xəlil məhəbbəti bölünməzdir, o hər bir şeirində öz sevgisindən söz açır, məhəbbətə olan sonsuz hörmətini bəyan edir.

Fikrimdə aylı, ulduzlu asiman var bu gecə, 
Könlümdə körpə quzu tək bir ümman var bu gecə.
Bircə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
De, neçün olmadın, ey yar, mənə həmdəm bu gecə?

Şairin məhəbbət şeirləri məzmun dolğunluğu, üslub əlvanlığı ilə insanı çəkib ülvi bir dünyaya aparır. Nəğməli misralar göyərçin qanadlıdır. Bəzən güclü bədii ifadə vasitələrinin olmadığı misraların yaratdığı dərin güclü hislər və duyğular oxucunu ovsunlaya bilir. Bu səbəbdən də şairin şeirləri bəstəkarların qəlbinin ahəngində ecazkar bir melodiyaya çevrilir. Bu şeirlərin hər biri həzin nəğmə, ürəyəyatan musiqi çələngi, sevən şair qəlbinin ritmləridir. Zeynal Xəlilin nəğmə dolu misralarında Azərbaycanın məğrur səsi, Gəncə çinarlarının xışıltısı, zərif qadın ürəyi və saf məhəbbət var.
 Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Emin Sabitoğluna məxsus "Kimlər gəldi, kimlər getdi”, "Bu gecə” mahnıları, "Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.
 
 

 Zeynal Xəlil  11 avqust 1973-cü ildə Gəncə şəhərində vəfat etmişdir.


"Kimlər gəldi, kimlər getdi " - Zeynal Xəlil

Müəllif: L.Azəri
 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz