» » “Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı”, amma....

“Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı”, amma....

 “Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı”, amma....

Mətbuatdan  bildiyiniz kimi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və  Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsinə iştirakçıların seçilməsi mərhələsinə  start verilib. Amma  son günlərdə sosial şəbəkələrdə yeni muğam müsabiqəsinin münsiflər heyəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Muğam sənəti” kafedrasının müdiri, Xalq artisti, professor Canəli Əkbərov arasında yaranan qarşıdurma  bir dinləyici, muğam və  mahnılarımızın  təəssübkeşi kimi  məni də narahat edir.  Çünki  bu sənətkarların hər biri musiqi mədəniyyətimiz üçün əvəzedilməz şxsiyyətlərdir, canlı korifeylərdir. Narahat  edən bir səbəb də budur ki, biz bir tərəfdən  mənəvi sərvətlərimizi  yaradan  nəsillər  arasında varislik yaratmağa can atır,  muğam bağçasına "körpə şitillər basdırır”, bir tərəfdən isə 50-60 il  bu bağçanı   " bir-birindən  dadlı, şirin meyvələri ilə barlı-bəhərli edən qocaman bir ağacı” baltalayırıq.

"Baltalayan da, baltananan da” münsif, xalq artisti.

Əsas mübahisə tərəfləri arasında emosiyalar yüksələn xətt üzrə getməsə də, bəzən ayrı-ayrı saytlarda ara-sıra birtərəfli yazılar gedir və çox təəssüf ki, belə yazılarda jurnalistikanın tərəfsizlik prinsipi unudulur, bəzən də jurnalistlər özləri dolayısı ilə hadisələrin ocaq yerindəki odu körükləməyə səy edirlər. Bəzi sosial şəbəkələr   auditoriya qazanmaq naminə  bu qarşıdurmanı  şou mövzusuna çevirməkdə sanki maraqlıdırlar.
Halbuki, onları bir-birinə qarşı qoymaq olmaz, istiqaməti belə səmtləşdirmək olmaz.
Mən də sevilən bir çox sənətkarlarımızdan müsahibə götürmüşəm. Bəzən elə olub ki, bu müsahibələrin bəzilərində kimisə qıcıqlandıra biləcək, qarşıdurma yarada biləcək fikirlər də
olub. Amma mən o fikirlərin heç birini müsahibəyə əlavə etməmişəm. Heç müsahibə verən də o fikri məhz bizim kimisə "dilə-dişə salmağımız” üçün deməzdi. 
Amma  siz bu mövzuda indiyə kimi yazılanbütün yazıları  yenidən diqqətlə  oxuyub nəticəyə gəlin. Görəcəksiniz ki, bəzi jurnalistlər  özləri bilərəkdən qızışdırıcı suallar vermişlər ki,  Canəli müəllim də   sualın yaratdığı  hiss-həyacana uyğun cavab versin.
Qələm sahibinin bir müdriklik borcu olmalıdır, bu
borcu vermirlər:daxildən gələn səs  onu "pisi pis, əyrini əyri, düzü həmvar” yazmağa vadar edir. 

 Son günlər  əməkdar jurnalistimiz Ləman Əliəşrəfqızının yazısı daha belə bir yazı oldu . Fikrimə keçməmişdən öncə bildirim ki, bu müəllifin yazıları hər zaman diqqətimi çəkib, harada rastıma çıxıbsa, hökmən oxumuşam, eləcə də indi münasibət bildirəcəyim yazısını da.

 

“Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı”, amma....

Əvvəlcə, yazının sərlövhəsindən başlayaq: ”Mənsum İbrahimova "çənəsi əyri gədə", "bicokun dal ayağı" deyən adam bu ölkənin xalq artisti, mədəniyyət daşıyıcısı və qabaqda gedəni”
Ləman xanım məqaləsində iradlarına belə başlayır: "Əlibaba Məmmədova "Əlibobbi", Mənsum İbrahimova " çənəsi əyri gədə" , "bicokun dal ayağı" deyən adam bu ölkənin xalq artisti, mədəniyyət daşıyıcısı, qabaqda gedənidir. Və ən başlıcası ağsaqqalı. Özü demişkən, 14 nəvə, 14 nəticə sahibi. Bu yaşda, bu statusda olan adamın görmüşük ağzından dürr tökülər. Bunun ağzından tökülən hər nədirsə, dürr deyil. Səbəbini bilirsiz?
Cahillik. Nadanlıq. Şöhrətdən baş gicəllənmə. Allahın verdiyi səsi allahsızcasına öz adına çıxıb, onun xaricində heç bir keyfiyyətini inkişaf etdirməmək!
Əgər Canəli Əkbərov ömür boyu ifa etdiyi muğam mətnlərindən başqa bir bədii kitab vərəqi açıbsa, mütaliə edibsə adımı dəyişərəm.”
Ləman xanımın gözəl qələmi, jurnalistlik maneri var. Bu iddia heç yerinə düşməyib, xanım jurnalistimiz bir qədər "orta hədd”i keçmiş oldu.
 İddialar çox kötü oldu:"Bunun ağzından tökülən hər nədirsə, dürr deyil.”

Vətənin ən ali mükafatlarını almış, sənətin ən uca zirvəsinə qalxmış  bir şəxsə, hələ yaş ehtiramını da əlavə edək,  belə  demək olmaz, heç kimə demək olmaz. Sözü elə deyin ki, bizdən başbilənlər  demişkən,  düşmənə də "xoş” gəlsin.

Onda mən də deyəcəyəm ki, Ləman xanımın qələmindən  tökülən dürr deyil, hər nədirsə özü bilər. Ən kəskin şəkildə tənqid etmək olar, amma şəxsiyyətə qarşı hörmətsiz  ifadə işlətmək adına ziyalı deyilən kəsə, üstəlik  Qadın deyilən kəsə heç yaraşmaz.     Sənət adamlarımız özləri də  istər birbaşa, istərsə də dolayısı ilə bir-birlərinə  qarşı  arzuolunmayan mövqe nümayiş etdiriblər, amma  onlar bunu  emosional durumlarında deyiblər.

Qarşıdurmanın görünən tərəfi budur ki, adları qeyd olunan xalq artistləri münsiflər heyətinin  əvvəlki illərdə mövcud olmuş tərkibində   Canəli müəllimi münsif kimi görmək istəmədiklərini bəyan etmişlər. Şübhəsiz ki, 80 yaşında ustad sənətkarın xətrinə dəyən hörmətli xalq artistlərinin belə yekdilliyi qarşı tərəfin bir qədər də sərt cavabını şərtləndirib.

Saytlarda yer almış həmin yazılrdan birinə diqqət edək:

 

“Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı”, amma....

"Xalq artisti Mənsum İbrahimov : "Biz 5 müsabiqəni yola vermişik və hazırda 6-cı müsabiqənin seçimlərinə start verilib. Mən şəxsən Canəli Əkbərovun münsiflər heyətində təmsil olunmasını istəmirəm. Çünki o adam çox qərəzlidir və hazırkı müsiflər heyətinin hamısı ilə küsülüdür.”
Xalq artisti Səkinə İsmayılova: "Canəli Əkbərov heç zaman müsabiqədə iştirak etməyib və bundan sonrada iştirakını istəmir: Hazırkı münsiflər heyətində seçimlərdə fikirlərimiz ayrı-ayrı olsa da, sonda bir-birimizi tamamlaya bilirik. Mənə elə gəlir ki, Canəli Əkbərov bunu bizimlə etməyəcək. O adam sağlam bir iş ortaya çıxarmayacaq. Mənə elə gəlir ki, hazırkı heyətlə biz hər şeyin öhdəsindən layiqincə gələ bilirik”.
Xalq artisti Arif Babayev : "Vallah Canəli bizim düşmənimiz deyil. Amma o, bizim işimizə problem yaradır. Bu layihə Mehriban xanım Əliyevanın ərsəyə gətirdiyi proyekt olduğu üçün istəmirik ki, burada söz-söhbət olsun. Mən onu başqa müsabiqələrdə də görmüşəm və daim problem yaradır. Hazırda kollektiv onu istəmir və o cümlədən mən. Nə qədər ona dərs keçəsən? Nə qədər deyəsən ki, bu belə yox, başqa cürdür? Bunu burda demək olmaz. Bu mümkün deyil. Ona görə bu böyük bir layihə olduğu üçün istəmirik ki, burada skandal olsun. Burada işlər çox gözəl və hər şey qaydasındadır”.
Xalq artisti Əlibaba Məmmədov: " Canəli Əkbərov müsabiqəyə gələrsə, o da iştirakdan imtina edəcək. Münsif kimi Canəli Əkbərovun orada iştirakının tərəfdarı deyiləm. O iştirak edərsə, mən bundan imtina edəcəm”.

Xalq artisti Sərdar Fərəcov: (Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının katibi.Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru) " Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı. Amma müsabiqə kollektivlik sevir və burada təmsil olunan hər bir adam professionallıqdan başqa, bir -birlərinə insani münasibət bəsləyirlər. O adam mətbuatda da öz həmkarları haqqında mənfi fikirlər səsləndirir. Bu adamın dedikləri istər-istəməz ünvanına çatır və hamısı tərəfindən inciklik yaradır””

Arqumentlərə fikir verin: "Vallah Canəli bizim düşmənimiz deyil”, "Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı”...
Düşmən deyilsə, hörmətli sənətkardırsa, bəs niyə məsələ bu yerə gəlib çatıb? 

Mən feysbuk səhifəsində bir neçə gün öncə fikirlərimi demişəm, amma yenə də deməyə məcbur oldum. Canəli müəllim sənətkar çəkisinə görə məlum qarşıdurmada adları çəkilən sənətkarların heç birindən geri deyil. Əlibaba Məmmədov , Arif Babayev və Canəli Əkbərov eyni ucalıqda dayansalar da, digərlərinin hər birindən yüksəkdədir. Buradakı sənətkarların heç biri ilə nə vaxtsa qarşılaşmağım, sözüm-söhbətim, tanışlığım yoxdur. Canəli müəllimi də tanımıram. Hər biri Azərbaycan mədəniyyəti üçün dəyərli şəxslərdir.

 

“Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı”, amma....

Bilirsiniz ki, sənət adamları arasında bu cür konfliktlər çox olur. Ən pisi də odur ki, bir çox hallarda belə konfliktlərin mərkəzində, belə demək günah sayılmazsa, ustadlar , sənət fədailəri dayanırlar. İlhamə Quliyeva - Flora Kərimova, İlhamə Quliyeva - Nazpəri Dostəliyeva, Zeynəb Xanlarova – Flora Kərimova, Ramiz Novruz - Ramiz Məlik, indi də Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Sərdar Fərəcov...hamısı da xalq artistləri.

Daha nə incəsənət oldu bu? Dünyanın , bəşərin dərdlərini ovunduran incəsənət indi öz libası, ləfzi üçün xas olmayan "qaydasız döyüş” fəndlərinə üz tutur .
Bütün bu qarşıdurmalara görə mən ən çox
Mədəniyyət və Turizm  Nazirliyini , Bəstəkarlar ittifaqını, bu sənətkarların çalışdıqları elm –təhsil mərkəzlrini qınayıram. Yadınızdadırsa, nə vaxt hansı kanalı, hansı saytı açırdın , İlhamə Quliyevanın hədələri, qəzəbləri ilə qarşılaşırdın. Nazpəri xanım görünmürdü, Flora Kərimova da hərdən bəzilərini eşitməməzliyə vururdu, hərdən də bəzilərinin cavabını verirdi. Ekran-efir , internet az qala, rahatlıq, dinclik axtaran dinləyici/tamaşaçı üçün bir qeybət məkanına çevrilmişdi, müəyyən qədər bu gün də belədir.
Halbuki, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Televiziyası, Bəstəkarlar İttifaqı, Opera və Balet Teatrı, Konservatoriya, İncəsənət Unversiteti bu konfliktlərin başlanğıcında onların hər birini sağlam məcraya yönəldə bilərdi. 
Azərbaycan musiqisi bu gün özünün ən parlaq dövrünü yaşayır. Ölkəmizin Birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qayğısı və diqqəti ilə mədəniyyət
 və təhsil sahəsində böyük Proqram və layihələr həyata keçirilib.
Bütün bunlar xalq musiqisi və muğamlarımızın qorunub gələcək nəsillərə
ötürülməsi naminə edilir. 2009-cu il dekabrın 27-də Bakıda Milli Parkda ucaldılan Beynəlxalq Muğam Mərkəzi, 2005-ci ildən ardıcıl və sistemli şəkildə keçirilən "Muğam televiziya müsabiqələri” bu zəngin mənəvi irsimizin keşiyində dayanan sənət adamları kimi, bizim də hər birimiz üçün çox qürurludur. Çünki bu sərvət hamımızındır, hər birimizindir. onu qoruyub yaşadanlar  isə  bu yazıda adını çəkdiyimiz-çəkmədiyimiz sənətkarlarımızdır.

Sənət elə bir idealdır ki, onun beşiyi başında duranların arasında nifaq olmamalıdır.Onlar ideal qardaşlarıdır.

 

“Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı”, amma....

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz