» » Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların əksəriyyəti sinir sistemi xəstələridir

Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların əksəriyyəti sinir sistemi xəstələridir

Müəllif: Anaveusaq.az от 1-02-2017, 00:10

Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların əksəriyyəti sinir sistemi xəstələridir

Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində (UBMM) müalicə alan uşaqların 40 faizi sinir sistemi xəstəliyi, 30 faizi dayaq-hərəkət sistemi patologiyası, 20 faizi yuxarı və aşağı tənəffüs sistemi xəstəlikləri, 10 faizi isə digər müxtəlif patologiya diaqnozu ilə bura müraciət edir. Onların müalicəsində müasir fizioterapiya cihazları, kostyum terapiya, süni duzlaq şaxtası, su terapiyası və digər üsullar geniş istifadə edilir.
Bunu UBMM-nin baş həkimi, tibb elmlər namizədi Cəmilə Talıbova AZƏRTAC-a müsahibəsində deyib.
"Əgər əvvəllər bizim Mərkəzə əsasən 3 yaşından yuxarı uşaqları gətirirdilərsə, indi buraya yüksək səviyyəli müalicə üçün hətta 10 günlük körpələri gətirirlər”, - deyə C.Talıbova əlavə edib.
C.Talıbova 1982-ci ildə Bakı şəhəri 132 saylı məktəbi qızıl medalla bitirib. Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub və universiteti fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə UBMM-də otolarinqoloq kimi işə başlayıb. 2014-cü ildə Mərkəzin baş həkimi vəzifəsinə təyin olunub.
Mərkəz Prezident İlham Əliyevin Sərəncamı ilə 2014-cü ildə əsaslı təmir olunub və Səhiyyə Nazirliyi tərəfindən müasir reabilitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin edilib. Burada bərpa-müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyətdədir.
C.Talıbova bildirib ki, UBMM-də bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi xəstələr sahə poliklinikaları tərəfindən göndərilirlər. Burada uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Mərkəzdə hər bir xəstəyə fərdi yanaşma və çox mərhələli müalicə əsas prinsiplər sırasındadır. Mərkəzə gələn hər bir xəstə üçün onun yaşı, xəstəliyin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla, il ərzində 3-6 mərhələdə fərdi reabilitasiya kursu tərtib olunur.
Baş həkimin sözlərinə görə, Mərkəzdə valideynlərlə də iş aparılır, onlara xəstə uşağın sağlamlığının bərpasına məsuliyyət hissi aşılanır, onların bu prosesdə aktiv iştirakına səy göstərilir. UBMM-də sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, onların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da çox önəm verilir. Bundan əlavə, Mərkəzdə Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Uşaq Paralimpiya Komitəsinin dəstəyi ilə boçço oyunu üzrə dərnək təşkil edilib.
Qazax rayonun İkinci Şıxlı kəndinin sakini 10 yaşlı Nuranə Hüseynova pleksid və skolioz diaqnozu ilə UBMM-də masaj və digər prosedurlara gələnlər sırasındandır. Onun anası Fidan Musayeva yüksək səviyyəli müalicə və həkim personalından tam razı olduğunu ifadə edib. Bildirib ki, qızı anadangəlmə pleksiddən əziyyət çəkir. Bu xəstəliyin fonunda skolioz əmələ gəlib. Mərkəzdə Nuranəyə göstərilən ilk prosedurdan sonra xəstəliyində sağalmaya doğru irəliləyiş müşahidə edib. O, iki aydan bir 10 günlük müalicə üçün Bakıya gəlir. Mərkəzdə müalicəvi idman kursları da yüksək profilli mütəxəssislər tərəfindən aparılır.
Üç yaşlı Fuad Mürşüdlü anası Leyla Bağırova ilə mütəmadi olaraq Mərkəzdəki inqalyasiya prosedurlarına gəlirlər və buradakı personalın və müayinənin keyfiyyəti ilə razı olduqlarını bildiriblər.
C.Talıbova qeyd edib ki, Mərkəzdə mütəmadi olaraq Bakı poliklinikalarında fəaliyyət göstərən pediatr və nevropatoloqlar üçün "Əlilliyin erkən aşkarlanması və müalicəsi” adlı təlimlər təşkil olunur. "Düşünürəm ki, məktəblilərə ilkin tibb bilikləri öyrədilməlidir. Uşaqların bizim Mərkəzə ekskursiyalar təşkil olunsa, buradakı şəraitlə yaxından tanış ola bilərlər. Sağlam uşaqlar imkanları məhdud yaşıdları ilə ünsiyyət qurmalıdırlar. Onların mənəvi dəstəyə ehtiyacları var. Gələcəkdə yetkin yaşa çatdıqda belə insanlara kömək əlini uzatmaqdan çəkinməsinlər. Bütün kollektiv ilə çalışırıq ki, imkanları məhdud uşaqlara, onların valideynlərinə əlimizdən gələn dəstəyi göstərək. Bizim Mərkəzin qapıları xəstə uşaqların üzünə daim açıqdır”, - deyə C.Talıbova əlavə edib.

Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların əksəriyyəti sinir sistemi xəstələridir

 

Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların əksəriyyəti sinir sistemi xəstələridir

 

Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların əksəriyyəti sinir sistemi xəstələridir

 

Mənbə:http://azertag.az/xeber/Usaq_Berpa_Mualice_Merkezinde_mualice_alan_usaqlarin_ekseriyyeti_sinir_sistemi_xesteleridir-1031268

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.