» » İntihar nədir və insanlar niyə intihar edir?

İntihar nədir və insanlar niyə intihar edir?

 

 

İntihar nədir və  insanlar niyə intihar edir?

Müasir dövrümüzdə bəşəriyyəti ən çox narahat edən problemlərdən biri də intihar hadisələridir.
Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intihar əsri” adlandırması heç də təsadüfi deyildir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-ci ilə aid məlumatlarına görə, hər il dünyada 900 minə yaxın insan öz həyatına qəsd edir, yəni, hər 100 min nəfərdən 11.4 nəfəri intihar edir. Başqa sözlə, intihar səbəbindən dünyada hər 40 saniyədə 1 adam həyatını itirir.
Təəssüf ki, ölkəmizdə baş verən intihar hadisələri də "depressiya və intihar əsri”ndən kənarda deyildir.
Müxtəlif informasiya mənbələrinə istinadən, Azərbaycanda 2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə 482, 2013-cü ildə 535, 2014-cü ildə 515 , 2016-cı ildə isə 327 intihar hadisəsi qeydə alınıb. Narahatçılıq doğuran bir hal da budur ki, baş vermiş intihar hadisələri arasında yeniyetmə və gənclər tərəfindən baş vermiş intiharlar intensivləşməkdədir. İntihara üz tutanlar, əsasən, 18-35 yaşlı yeniyetmələr və gənclərdir.
Uşaq intiharları da bu sırada nəzərdən qaçmamalıdır.
Məsələn, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə 71 uşaq, 2014-cü ildə isə 50 uşaq intihar edib.
Göründüyü kimi, cəmiyyətin təşvişləri əsassız deyil və bu intiharlar araşdırılmalı, sosioloqlar, psixoloq və pedaqoqlar, eləcə də ədədbiyyat və mətbuat adamları ümumi nəticəyə gəlməli, bu nəticələri aidiyyəti qurum və şəxslərin diqqətinə çatdırmalıdırlar. Müəssisə və təşkilatlarda, ailə və məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır.
İntihar (ərəbcə "boğazı kəsmək” ” mənasını verən انتحار sözündəndir) hadisəsi bu qərarı qəbul etmiş şəxsin hər hansı psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına qəsd etməsi kimi başa düşülür. Başqa sözlə, intihar özünə qəsd etməyə qərar vermiş şəxsin atacağı addımın ölümlə nəticələnəcəyini bilərək etdiyi hərəkətdir.
Heç elə bir insan ola bilməz ki, intihara haqq qazandırsın. İslam dininə görə də öldürmək əməli günah hesab edilir, o ki qalmışdı insanın özünü öldürməsi ola.
Amma bütün bunlara baxmayaraq, tez-tez intihar hadisələri haqqında - özlərinə qarşı təcavüzkar addım atanlar haqqında acı xəbərlər eşitməkdəyik.
İnsanlar niyə intihar edir: özlərini cəzalandırmaq üçünmü, sosial problemlərdən canlarını xilas emək üçünmü, ümidsizlikdənmi, köməksiz qaldıqlarındanmı, xəstəlikdənmi, yaxın bir adamın itkisindənmi, ailə ixtilaflarındamı, şiddətdənmi? Bu səbəblərin siyahısını yenə də artırmaq olar. Haqqında bildiyimiz, eşitdiyimiz, oxuduğumuz intihar hadisələrinin baş vermə səbəblərində bu nədənlər var.
Məşhur filosof Ziqmund Freydin fikrincə, intihar sosial mühitdəki savaş və narazılıqlarla bağlıdır və şəxsiyyətin mühitlə konfliktinin nəticəsi kimi meydana gəlir.
Bunları qəbul edirəm, sadalanan amillərin hər biri intihara əl atmış kiminsə öz həyatına son qoyması səbəbi ola bilər.
Fəqət, maraqlı olan budur ki, bu konfliktlərin əhatəsində təkcə intiharı seçmiş adamlar deyil, həm də heç vaxt bu addımı atmayacaq şəxslər də yaşayır. Bəs onda eyni bir hal niyə müxtəlif adamlara müxtəlif cürə təsir edir? Deməli, intiharı törədən səbəbləri intihar seçənin qarşılaşdığı problemlərdən daha çox, özünün psixoloji durumunda yaranan qabarma-çəkilmələrdə axtarmaq daha doğru olardı.
Maraqlı olan və məni narahat edən bir məqam da bundan ibarətdir ki, bioloji ölümün qarşısını almaq olmasa da, intihar səbəbindən baş verəcək ölümlərin qarşısını almaq olur. Elə isə intihar hadisələri üçün narahat olan bu qədər insanlar ətraflarında yaşayan, işləyən adamların intihar ərəfəsindəki qeyri-adiliklərinə (psixi pozğunluq əlamətləri, ölüm riski olan dərmanlardan kiçik dozada istifadə,ünsiyyətdən çəkinmə, özünəqapanma, cinsi həyata tam laqeydlik, sevdiyi əşyaları dost-tanışa paylama, tez-tez ölümdən söhbət etmə və s) reaksiya vermirlər? Axı davranışda müşahidə olunan bu əlamətlər intihar siqnallarıdır.
Axı intihar həm də bir kömək harayıdır. Bu harayların hamısına yetmək olmasa da, çoxsunu önləmək olardı.
Televiziyadan, informasia vasitələrindən bildiyimiz , o cümlədən ətrafda baş verən intiharlara insanlar fərqli-fərqli yanaşırlar. Bu müxtəliflikləri dərindən analiz etmək onlara qarşı maarifləndirmə işlərində çox təsirli vasitə ola bilər.
Bəzən intihar hadisəsi baş verəndən sonra intihar etmiş şəxsin məktubu və ya telefon danışığı üzə çıxır : "Özümə qəsd etməkdən başqa çarəm qalmadı”, "artıq həyat mənə mənasız gəlir” , "mən günahkar deyiləm” və s.
Dramaturq, nasir, maarif xadimi Süleyman Sani Axundovun həyatında baş vermiş bir hadisə, zənnimcə, bu məqama çox uyğundur. Həmin hadisənin məzmunu da bundan ibarətdir ki, Süleyman Sani Qori seminariyasında oxuduğu vaxt bir dəfə növbətçi olub. Onu çörək almaq üçün bazara göndərirlər. Qayıdandan sonra isə növbətçi müəllimə yalandan məlumat verirlər ki, Süleyman çöprəyi guya bazardan ucuz almış, amma burada daha baha aldığını bildirərək, bir xeyli pulu mənimsəmişdir. Gənc olsa da, doğruluğu, təmiz vicdanlı olmağı həmişə üstün tutan Süleyman nə qədər and-aman edirsə ki, bu, doğru deyil, ona inanmırlar. Üstünə yalandan atılan bu şəri yumaq üçün Süleyman özünü tapança gülləsi ilə vurur. Bundan sonra məsələ aydınlaşır və aydın olur ki, Süleyman, həqiqətən, bunu etməyib.”
Göründüyü kimi, əslində, intihar seçmiş insanların bir qismi bu addımı heç də həyatlarına son vermək məqsədilə etmirlər. Bəzən elə səbəblər ola bilər ki, özünə qəsd edən adamın həyatını itirməsi həmin səbəbə heç bir təsir göstərməyəcək də. Əksinə, əgər o, ölüb aradan çıxırsa, demək, dolayısı ilə günahkar olduğunu təsdiq etmiş olacaq.

Bu mənada intihar vasitəsinə əl atanların böyük bir qismi, əslində, ölmək üçün yox, günahsızlıqlarını sübut etmək üçün özlərinə qəsd edirlər. Bir çoxları intihara bəlkə də bağışlanması üçün, bir çoxları qarşılaşdığı haqsızlığı ədalətlə həll etdirmək üçün, bir çoxları sevilmək üçün və sair səbəblərdən üz tuturlar. Hamısı başa düşüləndir, həyati səbəblərdir. Bu səbəblərdə az-çox məsuliyyəti olan qurum və vəzifəli şəxslərin , eləcə də valideynlərlə bərabər, məsələn, binanın , körpünün üstünə çıxıb atılmaq istəyən şəxsi hadisə yerində izləyən adi insanların da həssaslığı lazımdır. Vəzifəli şəxslərin tabeçiliyində olan insanlara diqqətli olması lazımdır, fərdi yanaşması lazımdır. İntihar hadisələri ilə qarşılaşan insanlara gəldikdə isə, onlar "təhlükəli tamaşa”nı izləməlimi, dərhal uzaqlaşmalı, orada qalacaqsa, nə etməli, necə addım atmalı ki, intiharın baş verməməsi üçün kömək edə bilsin. Bax, bu barədə psixoloqların, Fövqəladə Hallar Nazirliyinin xüsusi risk qruplarında çalışan əməkdaşların fikirlərinə ehtiyac vardır.
Yuxarıda qeyd etdiyimiz kimi, digər bütün hallarda davranışlarında qeyri-adi əlamətlər, hərəkətlər, söhbətlər müşahidə olunan kəslər üçün ətrafında olan, onunla ünsiyyətdə olan insanların dəstək olması lazımdır. Belə əlamətlər müşahidə olunan şəxslər üçün aşağıdakı addımlar atılmalıdır:

1. Depressiya intihar riskini artıran faktordur, həm də əsas. Odur ki, ailədə kimdəsə depressiya əlamətləri müşahidə olunarsa, mütləq müalicə edilməlidir. Əgər işdə, təhsil müəssisələrində belə şəxslər varsa, yaxınlarının diqqətinə çatdırmaq lazımdır.
2. Depressiya əlamətləri müşahidə olunan adamı müalicə olunana qədər yalnız buraxmaq olmaz.
3. Depressiya əlamətləri olan şəxslərin bir iş ilə məşğul olmasını təmin etmək faydalı olar.
4. Belə şəxslərin ünsiyyət imkanları fəallaşdırılmalıdır: sosial şəbəkələr, gəzunti və s. formada yoldaşlıq əlaqələri yaradılmalıdır.
5. Belə şəxslərə verilən sözlər mütləq yerinə yetirilməli, onun insanlara, həyta itən ümidləri yenilənməlidir.
6.Əgər o, ailəlidirsə ailə daxilində, işləyirsə, işlədiyi təşkilatlarda onun fikrinə, məsləhətlərinə əhəmiyyət verilməlidir.
7. Onların monoton bir həyat sürməkdən fəallaşdırmaq , təbiətə bağlamaq, müxtəlif fəaliyyətlərə sövq etmək lazımdır. Bu, idman, gəzinti, bağçada iş və s. formalarda ola bilər.
8. Depressiya keçirən şəxsə motivasiyaedici sözlər deyilməli, kiçik hədiyyələr alınmalı, ruhunun şənlənməsinə hail olmaq lazımdır.

 

İntihar nədir və  insanlar niyə intihar edir?


Qeyd: Yazıd  internet resurslarından   istifadə yolu ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz