» » Göbəkdüşmə

Göbəkdüşmə

 

Göbəkdüşmə

Nübar Mürsəlovanı  artıq  oxucularımız  tanıyır. Biz onun xalq təbabətinə aid  maraqlı yazılarını  bir neçə dəfə dərc etmişik.  Auditoriyamıza yeni gələnlər üçün  bildirim ki, Nübar xanım  biologiya üzrə fəlsəfə doktorudur,  folklorşünasdır, 2012-ci ildən AMEA Folklor İnstitunun doktorantıdır. Folklorun xalq təbabəti sahəsi üzrə  çox  maraqlı araşdırmaları var. Təbiət elmləri üzrə   ixtisası   alimə folklorun bu  vacib sahəsinə   təkcə nəzəzriyyəçi alim kimi deyil, həm də təbiətin, bitkilərin dilini bilən  bir tədqiqatçı  kimi yanaşmaq üstünlüyü vermişdir.

Yazıçı-publisistdir. Bir neçə elmi, publisistik kitabların müəllifidir.  

Görkəmli folklorçu alim, flilologiya elmləri doktoru, professor  Mürsəl Həkimovun qızıdır.

 Bu yazımızdan başlayaraq  Nübar xanımın "Azərbaycan xalq təbabəti: nəzəriyyə və təcrübə” kitabından  seçmələr təqdim edəcəyik. Əminik ki,  Nübar xanımın xalq təbabətimizin  çox maraqlı və əhəmiyyətli sahəsi olan profilaktik tədbirlər, bəzi psixoloji təsir yolları və  ənənəvi müalicə vasitələri  haqqında  arayıb üzə çıxardığı  məlumatlar ürəyinizcə olacaqdır.  

 

"Ana və Uşaq” 

 

 

Göbəkdüşmə 

Xalqımızın deyimləri içərisində insanların keçirdikləri hisslər, onların əhvali-ruhiyyələri və üzləşdikləri xəstəliklərlə bağlı bir çox deyimlər də qeydə alınmışdır ki, bunlardan "ürə¬yi vərəm bağlamaq”, ağlı başından çıxmaq”, oturduğu yerdə oynağa düşmək”, gözünə qara su gəlmək”, "əriyib çöpə dönmək” və başqalarını (87, 93) misal çəkmək olar. "Ürək-göbək düşmək” və " göbəyi düşmək” kimi ifadələrdə bu qəbildəndir və sonuncu deyim xalq arasında ürək-göbək düşməsi kimi bilinən xəstəlik və ya narahatlığın ifadə edilmə formasıdır və əslində göbəyin düşməsidir ki, buna "ürək-göbək düşmə” və ya "göbəkdüşmə” deyilir.
Göbəkdüşmə hər kəsin başına gələ biləcək xoşagəlməz narahatlıqlardan biridir. Bir çoxları onu bir o qədər də ciddiyə almasalar da, diqqət yetirilməsi və ciddiyə alınması lazım olan xəstəliklərdəndir. Göbək düşməsinin əsas səbəbi kimi hər hansı bir ağır cismin qaldırılması göstərilir. Amma o, ani hərəkət, istilik dəyişiklikləri, külək ya da kondisionerin təsiri¬nə məruz qalmaq nəticəsində də meydana gələ bilər. Əsas əlaməti mədədə baş qaldıran ağrılar, davamlı yeyilən yeməyin qəbulu zamanı qusma, həddən artıq halsızlıq, qızdırma və s. hesab olunur.
Göbəkdüşmənin müalicəsi zamanı qarın nahiyəsini isti saxlamaq, əzələ boşaldıcı dərmanlardan və masajdan istifadə etmək məsləhət görülür.
Müalicədə əzələ boşaldıcı dərmanların yanında isti tətbiqlər və masajın faydası çoxdur. Göbək düşməsində müalicə olaraq ümumiyyətlə ənənəvi üsullar tətbiq olunmaqdadır. Ənənəvi müalicədə stəkanatma (banka vurmaq) deyilən metoddan geniş istifadə edilir və bunun təsirli metod olduğu söylənilir. Bu zaman xəstəni arxası üstə uzadıb, göbəyinin ətrafını sabunlu su ilə masaj edir, göbəyə banka və ya stəkan qoyurlar. Bunun üçün stəkan və ya bankanın içərisi çöpə dolanmış yanar pambıqla qızdırılır və göbəyə basılır. Banka (və ya stəkan) göbəyi yerinə çəkir.
Bir başqa üsul isə budur. Xəstə kürəyi üstə yatırdılır. Göbək ətrafı, isti sabunlu su ilə ovulur. Sonra şəhadət barmağı və orta barmaq göbək dəliyinə soxulub, 3 dəfə qaytarılır. Sonra, bir ədəd çiy yumurtanın ağına, 1 qəhvə qaşığı xına qatılıb bulamaç edilir. Onu göbəyin üstünə sürtülər. 1 saat sonra bulamac təmizlənir, yeri isə sabunlu suyla yuyulur.

Göbəkdüşmə

 

Göbəkdüşməni xüsusi müalicə edən türkəçarəçi yoxdur. Daha doğrusu bu ayrıca bir türkəçarəlik növü deyildir. Bunu, baxaraq və ya hiss edərək, öyrənmək mümkündür. Ona görə də bu sənəti bilənlər, əsasən çöpçülər, sınıqçılar, həbəçilər və başqalarıdır. Ancaq həmin sənətlərin heç birini bilməyən xalq arasında ruh ölçənlər, qorxuluğu götürənlər, yaxud da sadəcə hacamatçılar və ya göbəkdüşməni bilənlər də bu xəstəliyi müalicə edirlər. Göbəkdüşmə ağır bir şey götürəndə, bir yerdən hoppananda və ya sərt hərəkət edəndə olur. Bu zaman bədənin qarın hissəsində kəsgin ağrılar baş verir və el arasında bu vəziyyətə filankəsin göbəyi düşüb deyirlər. "Elə ki uşaq güc eliyirdi və ya şələ götürürdün, bilirsən ki, göbəyi düşüb. Görürsən ki, sancı doğrayır, aparıllar göbəkçəkənin yanına. Göbəkçəkən də barmağını salır, ağır-ağır bırır-bırır, görürsən göbək atır, biyaz da bırannan sora bi dənə balaca kartofdan, soğannan qoyursan ora, möhkəm bağlayırsan. 2-3 və ya 5 saatdan sora görürsən düşdü yerinə. Hə deyirsən bala 2 saatdan sora cay iç, cörək ye. Sora aç.” (Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7 illik, Gəyəçöl kəndi, Masallı rayonu)

Göbəkdüşmə


Göbəkdüşmənin ağrıdan, sancıdan başqa əlamətləri də vardır. Sahə araşdırmalarından da göründüyü kimi ürək göbəyi düşənlərdə göbəkdüşmə götürülmədən və ya çəkilmədən narahatlıq getmir. Məsələn, Masallı şəhərində yaşayan göbəkdüşmə götürənin dediklərinə görə, "Göbəkdüşmə adamda halsızdığ, hərəkətsizdiy yaradır, başgicəllənmə verir. Elə bil ki, mədədə sallanma gedir. Ürək göbəy deyilir, o aşağı düsüb elə bil. Hə onu götürəndə məsəl, adicə əlimnən, o mənim əlimdəki hissiyyatdı. O çırpıntını harda dayandıracağımı hissiyatla bilirəm. Həmin çırpıntı dayanannan sora, o götrülmüş olur. Onu bağlıyırsan, 3 gün sora öz yerinə tam oturur. Sora o döyüntülər dayanır. Başgicəllənmə, ürəybulanma hamısı dayanır. Əlmnən göbəyin aşağı tərəfinnən asta-asta yuxarı qaldırıram onu. Axırda o belə barmağnan burulur, saxlıyıram. Yaylığnan bağlıyırsan ki, o sürüşməsin aşağı” (Gülüstan Şü-kürova, doğum tarixi 1967, təhsili orta, Masallı şəhəri).
Göbəkdüşmə sadəcə qadınlarda rastlanan xəstəlik olmayıb kişilərdə də tez-tez rastlanan bir hadisədir. Belə ki, ağır işdə işləyən kişilərdə göbəkdüşmə hadisəsi tez-tez baş verir. Ona görə də göbəkçəkənlər əsasən qadınlar olsalar da, göbəkgötürən kişilər də vardır. Belə ki, Masallı şəhərində bir çöpçünün oğlu göbəkdüşməni götürə bildiyini söylədi və barmağı ilə burub yuxarı qaldırdığı göbəyə keçmiş rus 5 qəpiyi qoyub bağladığını söylədi.
1969-ci il təvəllüdlü Gəncə sakini Cəfərova Təranə Ələkbər qızının bizə verdiyi şifahi məlumata görə, göbəkdüşmə ağır şey qaldırdıqda baş verir. Bu xəstəliyi müalicə etmək üçün xəstə arxası üstə, ayaqları bükülü vəziyyətdə uzadırılır və göbəyini qızdırmaq üçün onun üzərinə içərisində qaynar su olan ağır çaydan qoyulur. 10-15 dəqiqə çəkən bu əməliyyatdan sonra göbəkdüşmə olan qadının belinə qalın şal və ya mələfə dolayırlar. Dolağa oxlov keçirərək onu burmaqla xəs¬tənin göbəyini sıxırlar. O bir müddət bu vəziyyətdə qalır. Sonra sarığı açıb xəstənin göbəyinə 50 qəpiklik qoyub onu yaxşı-yaxşı sarıyırlar.
İnformator bildirdi ki, Azərbaycanda bu xəstəliyi ən yaxşı müalicə edən el həkimləri Şəmkir rayonunda yaşayırlar. Gürcüstanın Bolnisi rayonunda yaşayan 55 yaşlı azərbaycanlı evdar qadın Səkinə Allahverdi qızı Məmmədovanın bizə şifahi şəkildə verdiyi məlumata görə (2014-cü il) isə, Gürcüstanda yaşayan azərbaycanlılar içərisində göbəkdüşməni müalicə etməkdə usta hesab edilən bir neçə türkəçarəçinin adı el arasında çox məşhur olub. Bunlardan gürcüstanlı  soydaşlarımızdan Tbilisidə yaşayan  Minəxanım Talıb qızının və Şükufə Əli qızının, eləcə də Kəpənəkçi kəndində yaşayan Hüsniyyə nənənin adlarını çəkmək olar.  Azərbaycanda isə Şəmkir rayonunda yaşayan Səkinə xanım    bu xəstəliyi ən yaxşı müalicə edən el həkimlərinin  biri olduğu məlumdur.

Göbəkdüşmə 

Mənbə: 

 "Azərbaycan xalq təbabəti: nəzəriyyə və təcrübə”;
Bakı, Elm və təhsil, 2015; səhifə 213-215

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz