» » “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

Dekabrın 21-də Bakıda "İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin (Azərbaycan, rus və ingilis dillərində) təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, bu ekran əsəri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Tədbirdə "Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq sənədli filmin əsas məqsədidir.

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sənədli film barədə fikirlərini bölüşüb. Əli Həsənov bildirib ki, bu gün təqdimatında iştirak etdiyimiz film ciddi bir layihədir. Lakin bu, mühüm layihə olsa da, yetərli deyil. Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, onların daha aydın açıqcaları olmalıdır, onlarla bağlı bukletlər hazırlanmalıdır, turistlər arasında yayılmalıdır ki, qoy onlar ermənilərin Azərbaycan tarixini necə məhv etdiyini bilsinlər. Xaricə gedən diplomatlarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz bu filmin dünyada yayılmasında iştirak etməlidir.
Prezidentin köməkçisi qeyd edib ki, adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, eləcə də xalqımıza qarşı soyqırımı törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır.
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus qeyri-maddi, mədəni tarixi abidələr məhv edilir. Bu vəhşiliklər daha əvvəllər İrəvanda, sonra Zəngəzur, Göyçə, Verdibasar və s. tarixi ərazilərdə baş verib. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə heç bir şəhər İrəvan qədər talan edilməyib. Yüzlərlə tarixi abidə məhv edilib. Qalan bir-iki abidə isə başqa millətlərə mənsubiyyəti ilə nümayiş etdirilir.
Nazir vurğulayıb ki, bu gün təqdim edilən film elmi araşdırmaların geniş kütləyə çatdırılmasının uğurlu vasitədir.

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

Mənbə: http://azertag.az/xeber/Irevan___gizledilmis_heqiqetler_senedli_filminin_teqdimati_olub

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz