» » Dünya Ürək Günündə ürək haqqında gözəl şeirlər

Dünya Ürək Günündə ürək haqqında gözəl şeirlər

 

 Dünya Ürək Günündə ürək haqqında gözəl şeirlər

Nəbi Xəzri - Ay ürək

Yaralar qövr edir təzədən, ürək!
Niyə könül verdin ona sən, ürək?
Sevmədi o səni, sən niyə sevdin?
Səni sevməyəni sən niyə sevdin?
♥ ♥ ♥
Eşqinə mən qurban gedim, ay ürək,
Dedim, neçə dəfə dedim, ay ürək,
Sevməyir o səni, niyə sevirsən?
Səni sevməyəni niyə sevirsən?
♥ ♥ ♥
Sözümə baxmadın, indi yan, ürək,
Yan, ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin?

Bəxtiyr Vahabzadə - Ürək 

Ürək odur daim yana, 
 Od püskürə, alovlana. 
 Od vermirsə, qəlbə, cana 
 Demək, o, heç ürək deyil. 
 O, heç mənə gərək deyil. 
♥ ♥ ♥
  Əgər ki, sevinib gülmür, 
  Döyüntüsün heç kim bilmir, 
  Çırpıntısı eşidilmir 
  Demək o, heç ürək deyil. 
  O, heç mənə gərək deyil. 
♥ ♥ ♥
  Vətəniyçün lazım gəlsə 
  Polad kimi gərilməsə, 
  Torpağına sərilməsə 
  Demək, o, heç ürək deyil. 
  O, heç mənə gərək deyil. 
♥ ♥ ♥
  Neyləyirəm o ürəyi- 
  Yox arzusu bir diləyi!? 
  Bacarmırsa o sevməyi 
  Demək, o, heç ürək deyil. 
  O, heç mənə gərək deyil! 
 
Tofiq Bayram - Qadın ürəyi 

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır, qadın ürəyi.

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

♥ ♥ ♥

Güldürsən ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, zərif duyğunun, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.
♥ ♥ ♥

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

♥ ♥ ♥

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə,

Ən şirin dərmandır qadın ürəyi.

♥ ♥ ♥

Bəzən gül tək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsədə üzdən.

Bəzən uşaq kimi ən ürəksizdən,

Məhəbbət umandır qadın ürəyi.

♥ ♥ ♥

Bir namərd əlindən zəhər içəndə,

Çürüdər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində,

Nalədir, fəğandır qadın ürəyi.

♥ ♥ ♥

Ömrə zinət vuran, səadət quran,

Sevənin qəlbini nurla dolduran.

İsməti bir nəsli göyə qaldıran,

Eşqə hökmrandır qadın ürəyi...


Kələntər Kələntərli - Mənim ürəyimin anası ölsün

Ağlım kəsən gündən qəmim ürəyim,
Sevinc deyilənə qənim ürəyim.
Çıxıb ürəklikdən mənim ürəyim
Mənim ürəyimin anası ölsün…
♥ ♥ ♥
Qalmamış dünyada diləyim çoxdan,
Kimsəyə çatmayır gileyim çoxdan.
Qana qəltan olub ürəyim çoxdan,
Mənim ürəyimin anası ölsün…
♥ ♥ ♥
Bir gün buz bağlayıb dona da bilər,
Bir gün öz oduna yana da bilər,
Bir gün kövrəklikdən sına da bilər,
Mənim ürəyimin anası ölsün.
♥ ♥ ♥
Dərdlərin dalınca dəli tək qaçır,
Özü öz başına oyunlar açır,
Çaxmaq daşı kimi qığılcım saçır,
Mənim ürəyimin anası ölsün.
♥ ♥ ♥
Gəlib yetişincə almış yaşına,
Başı min yol dəyib əhləd daşına,
Hələ də gəlməyib ağlı başına,
Mənim ürəyimin anası ölsün…

Kələntər Kələntərli Başım ürəyimlə dil tapa bilmir

Ürəyim özünə yağıdır mənim,
Ürəyim göz yaşı axıdır mənim,
Ürəyim sinəmi dağıdır mənim,
Başım ürəyimlə dil tapa bilmir.
♥ ♥ ♥
İlanı mələdən düzdən keçmişəm,
Bir kəklik səkməmiş koldan keçmişəm,
Sap keçə bilməyən gözdən keçmişəm,
Başım ürəyimlə dil tapa bilmir.
♥ ♥ ♥
Sərçilər dəysə də şəstimə hər gün,
Qəmlər yerisə də üstümə hər gün,
Ölümlər dursa da qəsdimə hər gün,
Başım ürəyimlə dil tapa bilmir.
♥ ♥ ♥
Səssiz güllələrə tuş olmuşam mən,
Qurdların cəngindən qurtulmuşam mən,
Anlamaq dərdinə tutulmuşam mən,
Başım ürəyimlə dil tapa bilmir.
♥ ♥ ♥
Yaralı aslanla dil tapa bildim,
Can alan cananla dil tapa bildim,
Sancanla, çalanla dil tapa bildim,
Başım ürəyimlə dil tapa bilmir.
♥ ♥ ♥
İndi kimdən kimə nə deyim, Allah,
Niyə ələnməyir ələyim, Allah?
Özüm də bilməyir neyləyim, Allah,
Başım ürəyimlə dil tapa bilmir.

 Dünya Ürək Günündə ürək haqqında gözəl şeirlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz