» » Hansı məhsullar dəyişdirilmir,yaxud qaytarılmır

Hansı məhsullar dəyişdirilmir,yaxud qaytarılmır

Hansı məhsullar dəyişdirilmir,yaxud qaytarılmır

Qanun başqa şey deyir, mağaza sahibləri isə öz bildiklərini edirlər

"Alınan mallar geri qaytarılmır". Yəqin bir çox mağazaların divarlarından bu sözlərin yazıldığı kağızın asıldığını görmüsünüz. Bu da o deməkdir ki, alınan mal tələblərə cavab verməsə də, evə aparandan sonra malın yararsız olduğu məlum olsa da, hədiyyə etdiyin adamın ölçüsünə və zövqünə uyğun gəlməsə də, qaytara bilməzsən. Təəssüflər olsun ki, ölkəmizdəki dünyada məşhur brendlərin satıldığı mağazalarda da malı qaytarmaq mümkün deyil. Baxmayaraq ki, brend mağazaların divarlarında bu cür sözlər yazılmır. Dünən MANGO, Rodi Mood, Pull and Bear, LC Waikiki və digər markaların satıldığı mağazalara müraciət edərək mal aldığımızı və onu qaytarmaq istədiyimizi dedik. Bunun mümkünsüz olduğunu bildirdilər. Amma malı dəyişməyi təklif etdilər. Amma burada da ortaya "əmma" çıxdı. Məlum oldu ki, endirimə düşən malları dəyişmək də mümkünsüzdür.

Qanun nə deyir?


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, bütün hallarda, əgər istehlakçının tələblərinə uyğun gəlməyibsə, mal qaytarıla və dəyişdirilə bilər. Çünki istehlakçıya bu haqqı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun verir: "Qanunda bildirilir ki, əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində qaytarıla və ya dəyişdirilə bilə. Belə ki, istehlakçının bəyəndiyi başqa mal varsa, dəyişdirilə bilər, yoxdursa, istehlakçı malı qaytara bilər".

Qeyd edək ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsinin 1-ci bəndində deyilir ki, "lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər".

Sözügedən qanunun 15-ci maddəsinin 2-ci bəndində isə malı qaytarmaqla bağlıdır: "Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir".
Sözügedən maddədən göründüyü kimi, satışda istehlakçıya uyğun mal olmadıqda, onu qaytarmaq mümkündür.

Kassa qəbzi ləğv edilə bilər

E.Hüseynovun sözlərinə görə, bəzən satıcılar qəbzin artıq kassaya vurulduğunu və malın buna görə qaytarılmasının mümkünsüz olduğunu deyirlər: "Amma istənilən kassa qəbzini ləğv etmək mümkündür".

E.Hüseynov onu da bildirdi ki, başqası üçün alınan hədiyyəni, heç bir qüsurunun olmadığına baxmayaraq, hədiyyə aldığın adam bəyənməsə, yenə də istehlakçının malı dəyişmək və qaytarmaq haqqı var: "Çünki mal istehlakçının tələbatını ödəməyib".

Nəyi dəyişmək və qaytarmaq olmaz?

Amma bir sıra mallar var ki, onlar geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Bu malların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bura qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr), parfümer-kosmetika malları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları, diş fırçaları, daraqlar, biqudilər və s., uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadə olunmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.

Hansı məhsullar dəyişdirilmir,yaxud qaytarılmır

 

E.Hüseynov gigiyenik malların dəyişdiriliməsinin, yaxud qaytarılmasının mümkünsüz olduğunun başa düşüldüyünü, amma qızıl və qızıl məmulatlarının bu siyahıya salınmasını başa düşmədiyini dedi: "Nədənsə qızıl əşyaları da geri qaytarılmayan mallar sırasındadır. Hazırda biz iş aparırıq ki, həmin mallar da geri qaytarılan mallar siyahısına daxil olsun".

Alıcıya dəyən mənəvi ziyana görə kompensasiya

AİB sədri onu da qeyd etdi ki, bəzən istehlakçıya vurduğu mənəvi ziyana görə mağaza sahibi ona kompensasiya ödəməlidir: "Bəzən satışda normalara uyğun olmayan mal çıxarılır və istehlakçı bunu alıb aparandan sonra qüsuru aşkar edir. bu halda mağaza sahibi tərəfindən alıcıya vurulan ziyana görə ona kompensasiya ödənməlidir. Amma təəssüflər olsun ki, şahidi olduğumuz məhkəmələrin heç birində belə hallarda heç vaxt proses alıcının xeyrinə başa çatmayıb. Çünki Azərbaycan məhkəmələri buna hazır deyil. Baxmayaraq ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 26-cı maddəsinə yazılıb ki, istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Hətta istehlakçılar hüquqlarının pozulması barədə məhkəmədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər".

AİB sədri onu da dedi ki, böyük həcmli mallar qüsurlu olması səbəbiylə qaytarılarkən, malın qaytarılması üçün çəkilən yol xərcini də satış obyekti ödəməlidir.

E.Hüseynovun sözlərinə görə, dünyada bütün zamanlarda istehlakçıların hüquqları ilə bağlı problem olub: "Çünki biznes qurumları heç vaxt istehlakçıların gözünün açılmasını istəmirlər. Bir neçə il öncə istehlakçıların maarifləndirilməsi üçün televiziya verilişi hazırlamaq üçün qrant aldıq. Verilişin yayımlanması üçün bir sıra telekanala müraciət etdik, amma onlar biznes qurumları ilə əlaqədə olduğu üçün belə bir verilişin yayımlanmasına razılıq vermədilər".

Malı qaytarmayana 1500 manat cərimə

İstehlakçıların qarşılaşdıqları problemlərdən biri də brend mağazalarda mal alarkən çekin üzərində 14 gün ərzində malın dəyişdirilə biləcəyi ilə bağlı informasiyanın yazılmamasıdır. Bu da o deməkdir ki, malı qaytarmaq olmaz. Amma "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 16-cı maddəsində qeyd edilir ki, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir.

E.Hüseynov bildirdi ki, əgər mağazada qanunla nəzərdə tutulmuş qaydalara uyğun olaraq mal qaytarılmırsa, mağaza sahibinin 1500 manata qədər cərimələnməsi nəzərdə tutulur.

Alıcı hara müraciət etsin?

AİB sədri, istehlakçılar yuxarıda sadaladığımız problemlərlə qarşılaşarsa, onlara müraciət edə biləcəyini dedi: "Heç bir təmənnasız istehlakçılara kömək edirik. Sadəcə 012-441 28 33 nömrəli telefona zəng edib şikayətlərini bildirsinlər".

Bundan başqa, aldanan istehlakçılar respublikanın istənilən yerindən satasionar və mobil telefonlardan İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə də müraciət edə bilərlər. Mərkəz iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Qeyd edək ki, hökumətin istehlakçılarla bağlı sahədə siyasətini İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir. İndiyədək sözügedən problemlə bağlı istehlakçıların İqtisadi İnkişaf nazirliyinə müraciət etdiyini və cəzalandırılan satış obyektlərinin olub olmadığını öyrənmək üçün İİN-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən suallarımızı gün ərzində cavablandıra bilmədilər. Suallarımızı sabah (8 yanvar) cavablandırmağın mümkün olduğunu dedilər. 

Hansı məhsullar dəyişdirilmir,yaxud qaytarılmır
 
Kaspi.az
 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz