» » Yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır

Yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır

Müəllif: Anaveusaq.az от 6-12-2018, 10:00
Yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması  qadağandır

Azərbaycanda da yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır və
buna görə İnzibati Xətalar Məcəlləsində 100 manata qədər cərimə nəzərdə tutulur. Dövlət bununla bağlı bir sıra digər addımlar da atmaqdadır. Amma qanundakı qadağalara baxmayaraq, siqaretin istər qutu, istərsə də ədədlə azyaşlı və yeniyetmələrə satışı xoşagəlməz faktı kimi davam etməkdədir.
Son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən Bakıda ardıcıl reydlər keçirilmişdir. Bu tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan 20-yə yaxın obyekt sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.
Valideynlərin, ictimaiyyətin, xüsusilə ticarət şəbəkələrində çalışan şəxslərin bu qanuna məsuliyyətlə yanaşması, cavabdehlik hiss etməsi daha səmərəli ola bilər. Onlar problemin sosial məsuliyyətini korporativ maraqlardan üstün tutmalıdırlar. Ticarətlə məşğul olan şəxslər bilməlidirlər ki, bu gün yeniyetmələrə siqaret və spirtli içkilərin satışından gəlir kimi əldə etdikləri hər manat sabah cəmiyyəti milyonlarla manat geri salacaqdır.
Bildiyimiz kimi, 8 iyun 2001-ci ildə "Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilmişdir.
Bu Qanun Azərbaycan Respublikasında tütünün və tütün məmulatının istehsalı,ticarəti, idxalı, ixracı və istehlakı ilə bağlı münasibətləri tənzimləyir və keyfiyyətinin idarə edilməsinin hüquqi əsaslarını müəyyən edir.
Məsələnin əhəmiyyətini nəzərə alaraq, Qanunun mövzumuzla əlaqəli bəzi maddələrini aşağıda oxucularımıza təqdim edirik:

M a d d ə 1 3 . Tütün məmulatı qutularının tərtibatı

13.3. İstehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun
üstündə nikotinin və tütün qatranının miqdarı, habelə məhsulun istehsal olunduğu
tarix və onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi
göstərilməlidir.

M a d d ə 1 5 . Tütünün və tütün məmulatının ticarəti

15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur:
15.3.4. tütün məmulatının qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda;
15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda;
15.3.7. avtomatlar vasitəsilə satıldıqda;
15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda.
15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ vardır.
15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.
15.6. Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır.

M a d d ə 2 0 . Tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması

20.1. Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:
20.1.1. kütləvi informasiya vasitələrində çap olunmuş və ya elan verilmiş kupon sahiblərinə güzəştlərin tətbiq edilməsi;
20.1.2. tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;
20.1.3. tütün məmulatının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;
20.1.4. tütün məmulatının satışı və istehlakı ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi.
20.2. Tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər.

M a d d ə 2 1 . Tütün məmulatının istehlakına dair məhdudiyyətlər

21.1. Azərbaycan Respublikasında aşağıda göstərilən yerlərdə siqaret çəkmək
qadağandır:
21.1.1. tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə
idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;
21.1.2. inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində;
21.1.3. yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;
21.1.4. uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində.
21.2. Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır.
21.3. Müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
21.4. Tədris müəssisələri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə tədris proqramlarına tütün məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə mövzular daxil etməlidirlər.

Yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması  qadağandır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz