» » Azərbaycanda uşaqlar arasında intiharların baş vermə səbəbləri haqqında

Azərbaycanda uşaqlar arasında intiharların baş vermə səbəbləri haqqında

Azərbaycanda uşaqlar arasında intiharların baş vermə səbəbləri  haqqında


Uşaqlıqdan bu yana çox intiharlar haqqında eşitmişəm. Uşaq olsam da o illərin tarixi yadımdadır. Belə hadisələr yaddaşlardan silinmir. Blidiyim hadsələrin biri asılma, qalanları yandırma hadisəsələri olub. Özünə qəsd edənlərin biri ortayaşlı, qalanları hamısı uşaq və gənclər idi.
Təəssüf ki, intihar hadisələri bu gün də var və onlar artan xətt üzrə inkişaf etməkdədir. Hamımız günahkarıq. Faciəni hamımızın faciəsi kimi qəbul etməli və baş sındırmalıyıq: nədən baş verir bu hadisələr, daha çox hansı yaşlılar intihara cəhd edir, qadınlar və ya kişilər üzrə nisbət necədir? Azyaşlıların nə həyati problemi ola bilər ki, özünə qəsd etsin? Həyatının ən gözəl çağları olan qız balamız birdən niyə özünü assın və ya balkondan atılsın? Niyə əksər hadisələr müəyyən zonalar üzrə daha xarakterikdir və sair və ilaxır... Niyə insanlar ətrafdakılara bu qədər laqeyddir, niyə kimsə bir adamın həyatında baş verən və yaxud müşahidə etdiyi uyğunsuzlara biganəlik göstərir, niyə valideynlər uşaqlarının dostu ola bilmirlər, niyə insanlar bilmir ki, qapalı yaşamaq olmaz. Axı hər kəsin heç olmasa bir dostu olmalıdır, heç olmasa sirrini, dərdini onunla bölüşsün. Bəlkə problem həll olunacaq...
Hər intihar hadisəsində bunların hamısını fikirləşirəm və müşahidə edirəm ki, ətrafdakılar seyirçi olaraq qalmaqda davam edir. Hörmətli şəxslərin: ağsaqqalların, yazışıların, sənət adamlarının, pedaqoq, psixoloq və sosioloqların bu ətrafda maarifləndiricilik missiyasına böyük ehtiyac var.
İnsanlar da bir qədər səbirli olmalı, talelərinə sahib çıxmalı, səadətlərini çətinliklər arasında qurmağı bacarmalıdır.
10 sentyabr İntihara qarşı mübarizə günüdür. Bu fürsətdən istifadə edib mövzu ilə bağlı iki maraqlı yazını sizə təqdim edirik.

Azərbaycanda uşaqlar arasında intihar hallarının sayı artıb.

Azərbaycanda uşaqlar arasında intiharların baş vermə səbəbləri  haqqında

 

Trend-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı təhlillərə istinadən verdiyi məlumata görə, son zamanlar intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında daha çox baş verməsi narahatedici məsələlərdəndir.
Belə ki, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib.
Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intihar hallarının sayı 0,6 təşkil edir. Kişilər arasında bu göstərici 1, qadınlar arasında 0,3-dür. Azərbaycanın bu göstəriciləri postsovet ölkələri ilə müqayisədə xeyli aşağıdır.
Komitənin apardığı təhlillərdə qeyd edilir ki, 10-11 yaşlı uşaq hələ ölümlə həyatı bir-birindən tam ayıra bilmir. Onlar ölümü tam mənası ilə dərk etmədiyindən bəzən bunu sadəcə ətrafındakıların diqqətini cəlb etmək üçün edirlər. Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda birmənalı şəkildə ölümə cəhd kimi qiymətləndirilmir. 13 yaşına qədər olan uşaqlar özünəqəsdə əsasən yaxınlarını narahat etmək üçün əl atırlar. Onun üçün kimin narahat olub-olmayacağını bilmək olduqca maraqlıdır. Buna görə də mütəxəssislər uşaqlara qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağa çağırır. Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur. 14 yaşda intihara cəhdin səbəbləri dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. 16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərə dözə bilməyən və həyatının belə davam edəcəyindən qorxanlar üçün ölüm ən asan yol kimi görünür.

Azərbaycanda uşaqlar arasında intiharların baş vermə səbəbləri  haqqında

 

İntihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depresiya təşkil edir. Ümumiyyətlə isə, depresiya keçirən insanların 15 %-i intihar edir. İntiharın 41%-nin səbəbi məlum deyil, 19% cəzalanma qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6% ehtirasa, 3% pul itkisinə, 1,4% həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə baş verir.
Təhlil zamanı qeyd edilir kli, din və intihar arasında asılılıq da var. Əksər İslam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox hissəsi xristianlığa və ya induizmə tapınan ölkələrdə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir, yəni 100 min adama 17,6 intihar halı qeydə alınır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Mənbə:http://az.trend.az/news/society/2303283.html

Suisid (intihar) və onun səbəbləri

İntihar və onun səbəbləri elmi araşdırmaların, psixoloqların, eləcədə dünya ictimaiyyətinin son onilliklərdə daha çox toxulunan mövzulardan biridir. Son yarım əsrdə dünyada intihar edən insanların sayı 60% artıb. Məsələn, intihar qurbanlarının sayı müharibədə və qətl nəticəsində qurbanların ümumi sayından çoxdur. Dünyada hər 40 saniyədə bir insan intihar edir, hər il bu rəqəmdən 13 dəfə çox insan intihara cəhd edir. Hər 13 intihar cəhdindən 12-si uğursuz, biri isə ölümlə nəticələnir. Bu siyahıya düşənlərin əksəriyyəti isə 15-34 yaş arasında olan gənc insanlardır.
İntiharın qarşısının alınması məqsədi ilə yaradılmış Beynəlxalq Assosiasiya, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə ictimaiyyəti bu gündə intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə insanlarda məsuliyyət hissinin gücləndirilməsinə,bu istiqamətdə konkret tədbirlərə əl atılmasına cağırır.Məsələn, 10 sentyabr - Ümumdünya intiharın qarşısının alınması günü elan edilmişdir. ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan həyatına qəsd edir və 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hal-hazırda intiharların səviyyəsinə görə Qərbi Avropa öndə gedir. Dünyada intihar edənlərin təxminən 1% isə Azərbaycanın payına düşür.
İntihar-insanın özü-özünə etdiyi qəsd, öz həyatına son qoyması, bunun planlaşdırılması və həyata keçirməsidir. İntihar insanların özlərini cəzalandırmaq mexanizmi deyil, sadəcə problemlərdən çıxış yolu tapa bilməməyin bir ifadə formasıdır. Təəcüblü də olsa, qeyd etmək lazımdır ki, intihar edəndə insanların məqsədi özlərini öldürmək olmur. Məqsəd yalnız və yalnız problemdən uzaqlaşmaqdır.

Azərbaycanda uşaqlar arasında intiharların baş vermə səbəbləri  haqqında

İntihar-psixoloji durumla bağlı bir hadisədir, və bu halda insan bilərəkdən özünü həyatdan məhrum etmək istəyir. İntiharın psixologiyası, hər şeydən əvvəl ümidsizlik psixologiyasıdır. Ümid olduqda, insan ən təhlükəli sınaq və əziyyətlərə qatlaşır. Ümidin itirilməsi isə insanı intihara meylləndirir. İntihar edən şəxslərin 90% depressiyaya meylli insanlardır. Onların 15% intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intiharı nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir.
Müasir dövrün insanı bütün həll yollarının tükəndiyini hiss etdikdə intiharı yeganə çıxış yolu kimi görür. İntihar cəhdləri ölümlə nəticələnməsə də, onların buraxdığı bir sıra izlər həyatın qalan hissəsində ciddi problemlərə gətirib çıxarır.
İntiharın səbəblərini aşağı sosial-iqtisadi vəziyyətdə, ailə münaqişələrində, psixi pozuntularda, şiddətə meyillilikdə, düşünmə pozuntularında, spirtli içkilərdən istifadədə, narkotik maddələrdən asılılıqda və s. bu kimi problemlərdə axtarmaq lazımdır. İntiharın səbəblərini tək bir faktorla bağlamaq düzgün olmaz.
Günümüzdə intihar artıq insanın şəxsi problemi deyildir. İstisna halları nəzərə almasaq, əminliklə demək olar ki, intihar cəmiyyətin, cəmiyyətdə yaşanan mənəvi boşluğun, insanların kütləvi özgələşməsinin, biri-birlərinə diqqətsizliyinin, dayaq durmamasının problemdir. Suisidentlər obyektiv və ya subyektiv səbəblərdən daxili harmoniyasını itirmiş və disharmoniya ilə yaşaya bilməyən insanlardır. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Vaxtında göstərilən diqqət və qayğı bir insanın həyatına bərabər böyük və əhəmiyyətli bir işdir. Suisid hallarının profilaktikasını da əslində elə bundan başlamaq lazımdır. Unutmaq olmaz ki, intihar hadisələri bütün insanlara, xüsusilə də uşaqlara və yeniyetmələrə çox mənfi psixoloji təsir edir. Ümumiyyətlə, profilaktik tədbirlər bütün yaş dövrlərini əhatə etməlidir.
İntihar haqqında düşünən bir çox insan qərarsız, yəni hər iki tərəfə meylli olur. Çoxları əslində ölmək istəmir, onlar acılarının bitməsini istəyirlər. Bir dəfə intihara cəhd etmiş insana dəstək olunmalıdır ki, o, yenidən bu addıma əl atmasın. İntihar riskini artıran faktorlarla bağlı insanlarımız bilgili olmalıdırlar.
Özünü ümidsiz və köməksiz hiss edən birini gördükdə, birinin ailədən, dostlardan, sosial həyatdan kənarda durduğunu, davranışlarında dəyişiklik hiss etdikdə, depressiyaya düşdüyünü, yuxu pozuntuları, görünüşündə deyişiklik gördüyünüzdə, yazılarında, sosial şəbəkələrdəki paylaşmalarında, rəsmlərində ölüm, özünü məhv etmək mövzularına davamlı müraciət sezdikdə, bir sözlə, çarəsiz görünən bir insana rast gəldikdə, onun tezliklə intihara əl ata biləcəyini düşünün və mütləq ona kömək əlinizi uzadın.

FHN Xüsusi Riskli Xilasetmə Xidməti
Psixoloji təminat işinin təşkili bölməsi 

Azərbaycanda uşaqlar arasında intiharların baş vermə səbəbləri  haqqında

 

Mənbə:http://www.fhn.gov.az/newspaper/?type=view_news&news_id=3643

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz