10 noyabr Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün anım günüdür
Müəllif: Dəyanət от 10-11-2016, 00:00
Mustafa Kamal Atatürk —
Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəri. O daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirmişdir. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq etmişdir. 1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra "Qazi" adını almış və ona ali marşal rütbəsi verilmişdir. Ömrünün sonuna qədər (1938) 4 dəfə Türkiyə prezidenti olmuşdur. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmamışdır.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Həyatı

1911-1912-ci illərdə baş vermiş Osmanlı-İtaliya müharibəsi zamanı Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışmışdır.
Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük ruh yüksəkliyi ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başqanlığına seçilmiş, Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.
Rəhbərlik etdiyi Türk Qurtuluş Savaşının əsas mərhələləri:
• Çukurova, Qaziantep, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921).
• I İnönü zəfəri (6-10 yanvar 1921).
• II İnönü zəfəri (23 mart-1 aprel 1921).
• Kütahya-Əskişəhər döyüşləri.
• Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)
• Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)
Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və qazi titulu vermişdir. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, türk xalqına 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.
1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideologiyası əsasları üzərində qurulmuşdur.1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.
15-20 oktyabr 1927-ci ildə Qurtuluş Savaşından və respublika qurulmasından bəhs edən Böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini söyləmişdir.
29 yanvar 1923-cü ildə Lətifə xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Səbihə Göyçən, Fikriyə, Ülkü, Nəbilə, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.
Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilmişdir.
Fransız və alman dillərini bilirdi.
10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülmüşdür.
İnqilab və islahatlar
Atatürk Türkiyəni "Müasir mədəniyyət səviyyəsinə qaldırmaq" məqsədi ilə bir çox inqilabi dəyişikliklər həyata keçirmişdir. Bunları beş əsas qrupa toplamaq olar:
Siyasi sahədə
• Monarxiyanın ləğvi (1 noyabr 1922);
• Türkiyənin respublika elan edilməsi (29 oktyabr 1923);
• Xilafətin ləğvi (3 mart 1924).
İctimai sahədə
• Beynəlxalq təqvim sisteminin və ölçü vahidlərinin tətbiqi (1925-1931).
Hüquq sahəsində
• Osmanlı məcəlləsinin ləğvi (1924-1937).
Təhsil və mədəniyyət sahəsində[
• Tədrisin birləşdirilməsi (3 mart 1924);
• Yeni türk əlifbasının qəbulu (1 noyabr 1928);
• Türk dil və tarix qurumlarının təşkili (1931-1932);
• Universitet təhsilinin nizamlanması (31 may 1933);
• İncəsənətdə yeniliklər.
İqtisadi sahədə
• Kəndlilərdən alınan onda bir vergisinin ləğvi (1925);
• Fermer fəaliyyətinin təşviqi;
• Nümunəvi fermer təsərrüfatlarının qurulması;
• Sənaye Təşviq Qanununun qəbul edilərək sənaye obyektlərinin qurulması;
• I və II İnkişaf Planlarının (1933-1938) tətbiq edilməsi, ölkədə yeni yolların salınması.
Azərbaycana münasibəti
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur" sözlərini Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən demişdir.
Bu sözlər Atatürkün Azərbaycan haqqında işlətdiyi ən məşhur fikirlərdən biridir.
Mənbə: Vikipediya
Oxşar postlar:
- Oxunub: 2 625
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Eşqimiz bir şirin sevda
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini
Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır
Yazarlar