» » "Herba Flora" jurnalının 100-cü nömrəsi

"Herba Flora" jurnalının 100-cü nömrəsi

Yada düşər xatirələr…
… Aradan nə az, nə çox, 10 ilə yaxın vaxt keçib. O vaxt torpağa basdırılan fidan indi qollu-budaqlı ağac kimi bar verir. O vaxt dünyaya gələn körpə indi ibtidai sinifdə oxuyur. O vaxt məktəbə qədəm qoyan şagird indi ali məktəbə hazırlaşır.

O vaxt Akif müəllim də indikindən 10 il cavan idi. Onda Akif müəllimin 52 yaşı var idi. Onda ata idi, hələ baba olmamışdı, amma indi gül parçası kimi 5 nəvə sahibidir. Onda bu gün 100-cü sayı işıq üzü görən "Herba Flora” da hələ yox idi…

O vaxt Akif müəllim çətin bir sınaqla üz-üzə idi. Təzə nəşr olunan jurnalın media kapitanlığı ona həvalə olunmuşdu. İrəlidə çətin, ağır və məsuliyyətli bir yol uzanırdı…

Həmsöhbətimiz jurnalın ilk redaktoru Akif Əhmədovdur.

"Herba Flora" jurnalının 100-cü nömrəsi

– Bəlkə də qəribə gələ bilər, bəlkə də aradan o qədər də çox vaxt keçməyib, amma arxada qalan o illər indi mənə xeyli uzaq və əlçatmaz gəlir. Doğru deyirlər ki, keçmişimiz tarixə dönür. Nə qədər ki, o zamanı, o günləri yaşayırsan, o anın içindəsən, o qədər də fərqinə varmırsan, amma elə ki, bir göz qırpımında ötüb keçən zaman səni o vaxtdan, o andan ayırır, həmin günləri xoş bir xatirə kimi xatırlayır və təzədən yaşayırsan, – deyə Akif müəllim söhbətə körpü salır.
 
– Akif müəllim, "Herba Flora”ya gəlişinizdən başlayaq…

– O vaxt mən "Tuna” mətbəəsin-də işləyirdim və "Herba Flora” şir-kətinin rəhbərliyi ilə tanışlığım da elə oradan yaranmışdı. Şirkətdə istehsal olunan məhsulların bəzi etiket və çap məhsulları həmin mətbəədə çap edilirdi. Bir dəfə görüşlərimizin birində firma rəhbərliyi jurnal buraxmaq ideyasından danışdılar və yazı-pozu, nəşriyyat işinə az-çox bələd olduğum üçün məni işə dəvət etdilər. 2007-ci ilin axırlarında jurnal təsis olundu və mən onun ilk redaktoru kimi işə başladım.

– Nədən başladınız?

– Deyim ki, asan olmadı. Doğrudur, redaksiya üçün ayrıca otaq, kompüter, müxtəlif avadanlıqlar ayrılmışdı. Ancaq hər sahədə olduğu kimi, işə başlamaq həmişə çətindir. Necə deyərlər, sıfırdan başladıq. Nə mövzularımız, nə müəlliflərimiz var idi, nə də konkret iş planımız. Əvvəlcə firmanın rəhbərliyi, eləcə də peşəkar həkim və mütəxəssislərlə jurnalın həcmini müəyyənləşdirdik, işıqlandırılacaq mövzuları, rubrikaları müəyyənləşdirdik. İndiki kimi yadımdadır, cəmi 20 rubrikamız var idi.
Redaksiyanın ştatında məndən başqa cəmi bir işçi var idi. Təsəvvür edin ki, o da eyni vaxtda həm operator, həm də dizayn işini yerinə yetirirdi. O vaxt nə diktofon, nə fotoaparatla təchiz edilməmişdik. İnformasiya mənbələri indiki kimi gen-bol deyildi, müəlliflərimiz ümu-miyyətlə yox idi. Ona görə də işin çoxu öz üzərimə düşürdü. Bir sıra materialları özüm yazır, əsasən firmada çalışan həkimlərin yazdığı məqalələri redaktə edir və jurnal səhifəsinə yerləşdirirdik. Çox vaxt korrektor işini də özüm görməli olurdum. Bir müddət sonra tibb elmləri namizədi Cəmil Xəlilov dərman bitkiləri ilə əlaqədar rubrikanı aparmağa başladı. Uzun illər Azərbaycan Tibb Universitetində müəllimlik etmiş mərhum bioloqun bilik və təcrübəsi həmin dövrdə çox köməyimizə yetirdi. Redaksiya heyətinə cəlb olunmuş gözəl alim və mütəxəssisin faydalı məsləhətləri heç vaxt unudulan deyil…
Kompüterdə işləyə bilməməyim, informasiya texnologiyalarından xəbərsiz olmağım da üzləşdiyim çətinliklərdən biri idi. Bəzən gecələr də işləməli olurduq. Nə qədər çətin olsa da jurnalın ilk sayını həmin ilin noyabrında hazırlayıb çapa ver-dik. Bu günün gözü ilə baxanda səhvlərdən, nöqsanlardan da xali deyildi, amma başlanğıc, çəkdiyimiz zəhmətin bəhrəsi kimi təbii ki, bizi sevindirirdi.

"Herba Flora" jurnalının 100-cü nömrəsi

 


–Jurnalın ilk sayı necə qarşılandı? Yayımı, satışı…

– İlk sayın çox böyük hissəsi tibb müəssisələri və müalicə ocaqlarında təmənnasız olaraq paylanıldı. Az sonra yayım şirkətləri ilə müqavilə bağladıq. Açığını deyim ki, vaxtın çox hissəsi, məhz bu cür texniki məsələlərə gedirdi. Hətta o dərəcədə ki, bəzən yaradıcılıqla məşğul olmağa vaxt qalmırdı. Ümumiyyətlə, mətbu nəşrin yayım məsələsi redaksiyaların ən problemli işlərindən biridir və hesab edirəm ki, bu gün də qalır.
Ardıcıl nəşr edilən bir neçə saydan sonra müəyyən oxucu auditoriyası yarandı, onlardan ilk rəylər eşidilməyə başlandı. Rezonans müs-bət idi və hiss olunurdu ki, təbabətin indiyə qədər az işıqlandırılmış sahəsi kimi həm mövzu, həm də toxunduğu məsələlər etibarı ilə jurnala ehtiyac var və xeyli də maraq doğurur. Getdikcə maraq çoxalır, tədricən jurnal ətrafında müəlliflər və oxucu auditoriyası toplaşmağa başlayırdı və bu, məni sevindirirdi.

Akif müəllim, indiki "Herba Flora” ilə ovaxtki arasında nə kimi fərq hiss edirsiniz?

– Fərq, əlbəttə ki, göz önün-dədir. O vaxt biz oxucu auditoriyası cəlb etmək üçün şou-biznes nümayəndələri ilə müsahibələr dərc edir, hətta onların şəkillərini üz qabığına çıxarırdıq. Müəllif qıtlığı, ünsiyyət, informasiya kasadlığı var idi. Bəzi mövzuları tam dolğunluğu, əhatəliliyi ilə işıqlandıra bilmirdik.
Görünən kəndə nə bələdçi? İşə peşəkar münasibəti, tərtibat əlvanlığını, rəngarəng və zövqoxşayan yazıları görmək üçün jurnalı vərəqləmək kifayətdir. Məsələn, mən "Ana südü, dağ çiçəyi” rubrikasının "Nəbatat”, "Tribuna”nın "Hərarət”, "Nuş olsun!”un "Ləzzət”, "Ailə dünyası”nın "Külfət” və s. kimi daha dəqiq, düzgün və poetik düzülüşünə ilk dəfədir ki, rast gəlirəm. İlk növbədə jurnalın öz siması, obrazı var və bu, sırf spesifik elmi-kütləvi tibbi nəşrdir. Onun səhifələrində bitki dünyası, xalq təbabətinin böyük və şəfaverici gücü, qədim təbabət formaları tam dolğunluğu ilə əks olunur. Bununla belə jurnalın səhifələrində hər zövqə və tələbata uyğun materiallar da var. Mən bu gün "Herba Flora”nı ölkəmizdə çap olunan mətbu nəşrlər sırasında ən yaxşılardan biri hesab edir və onun ilk 12 sayının buraxılmasında iştirak etdiyimi üçün məmnunluq duyuram.

100-cü sayın işıq üzü görməsi sizdə hansı hisslər oyadır?

– İlk növbədə jurnalın araya-ərsəyə gəlməsində əməyi olan hər bir kəsi, redaksiyanın bütün əməkdaşlarını və oxucuları təbrik edirəm. Yubiley sayı həmişə dərc olunmur. Özümü "Herba Flora” kollektivindən ayrı hiss etmir və jurnalın bu səviyyəyə çatmasında az-çox əməyim olduğunu düşünürəm. Ona görə də 100-cü sayın çap olunmasını özümün də bayramı hesab edirəm.

Sizə isə uğurlar olsun, necə deyərlər, beləcə davam edin…
Aytən Qədirli
P.S: Hörmətli Oxucularımıza tanışlıq üçün bildirirəm ki, "Herba Flora” jurnalı eyniadlı şirkətin maarifçilik amaclı elmi-kütləvi tibb jurnalıdır.
Daha çox xalq təbabəti üsulları ilə çarə və əlaclardan bəhs etsə də, ənənəvi tibbin nailiyyətlərini, yeniliklərini insanların diqətinə çatdırır.
Jurnalda xalq təbabəti, müxtəlif xəstəliklər‚ onların müalicəsində təbii üsulların və dərman bitkilərinin istifadəsi, maraqlı reseptlər və pəhrizlər‚ dahi şəxsiyyətlərin həyatı və s. haqda məqalələr işıqlandırılır.
Jurnalın missiyası sağlamlığa xidmət etməklə yanaşı, təbiətə, onun zəngin sərvətlərinə bağlılıq yaratmaqdır. Siz burada məşhur həkimlərin aktual xəstəliklər‚ onların xalq təbabəti reseptləri ilə müalicəsi haqda tövsiyələri,
dadlı reseptlər, milli və xarici ölkə mətbəxlərinin özəllikləri haqda faydalı məlumatlarla da tanış olacaqsınız.
"Herba Flora"jurnalı, ümumiyyətlə, cəmiyyətin hər bir sosial təbəqəsinin arzu və maraqlarına cavab verən mövzulara toxunur. Odur ki, yaşından, peşəsindən asılı olmayaraq hər kəs "Herba Flora ” ilə ünsiyyət qura bilir.
Jurnal fəaliyyətə 2007-ci ildə başlayıb və onun ilk redaktoru kimi bu gün 100-cü nömrəsinin nəşr edilməsinə mən də sevinirəm. Hər zaman da sevinəcəyəm...
Ana və uşaq.az portalının oxucuları adından "Herba Flora” jurnalının ilk nömrələrində böyük fəaliyyəti olan Gülər xanımı, Lalə xanımı, eləcə də ilk müəlliflərimizi təbrik edirəm, onlara təşəkkür edirəm.
Ən böyük təbrikim isə dostum Süleyman müəllimə və onun rəhbərliyi ilə jurnalın bu səviyyəyə gəlib çatmasına zəhmət çəkən, əmək sərf edən bütün əməkdaşlaradır.
Hər zaman ucalarda.....
"Herba Flora" jurnalının 100-cü nömrəsi

"Herba Flora" jurnalının 100-cü nömrəsi

"Herba Flora" jurnalının 100-cü nömrəsi

"Herba Flora" jurnalının 100-cü nömrəsi

 

"Herba Flora" jurnalının 100-cü nömrəsi

"Herba Flora" jurnalının 100-cü nömrəsi

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz