» » Bir kəndin xilaskarı...

Bir kəndin xilaskarı...

Müəllif: Esmira m от 29-10-2016, 00:42
 

Bir kəndin xilaskarı...

 

XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir - birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsinə səbəb oldu.
Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. 29 Oktyabr 1993-cü ildə Vətənimizin daha bir dilbər guşəsi düşmən əlinə keçdi.
Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin vermişdir. Artıq 1988-ci ildən başlayan müharibə alovunun tüstüsü 1990-cı ildən daha tez-tez hiss olunmağa başlamışdı. 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.
Ermənilər artıq 1990-cı ildən dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi.
Həmin sərhəd kəndlərindən biri də Ağbənd kəndi idi. Ağbənd kəndi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir.Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejnəli, Dəlləkli, Əmirxanlı, Baharlı kəndlərindən gəlmiş ailələr salmışdır. Müharibə başlanan gündən sərhəd kənd olan Ağbənd kəndinin cavanları könüllü dəstə təşkil edərək hərbçilərə kömək məqsədilə torpaqlarımızın müdafiəsinə qalxdılar. Həmin könüllü döyüşçülərdən biri də müharibə veteranı Talıbov Rövşən Mehman oğlu idi.

Bir kəndin xilaskarı...


O, vaxt 33 yaşında olan Talıbov Rövşən el-obasının qız-gəlini, körpəsi, yaşlısı düşmən əlinə keçməsin, namusumuz tapdalanmasın deyə 6 körpə övladını qoyub döyüşə yollanmışdı. Onlar son günə qədər yorulmadan öz doğma yurdlarını cüzi texnika ilə də olsa qorudular. Ermənilər isə xarici havadarların köməyi ilə mükəmməl silahlanmışdılar. Hərbçilərə 3 dəfə geri çəkilmək əmri veriləndən sonra əhali də geri çəkilməyə məcbur oldu. Lakin artıq mühasirədə olan Ağbənd kəndinin əhalisinin yalnız bir çıxış yolu var idi: Araz çayından İran ərazisinə keçmək. Əks təqdirdə ikinci Xocalı faciəsinin baş verməsi qaçılmaz olacaqdı. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəldi. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyun səviyyəsini azaltdırır.
Araz çayı üzərindəki bənddə su zəiflədikdən sonra Ağbənd əhalisi çayı keçmək üçün iri həcmli maşınlardan istifadə edir. Lakin Arazın dərin yeri olduğu üçün bütün maşınlar çayda batır. Əhali yenə çarəsiz qalır. Xilas ola bilmək üçün çayın dayaz olduğu Bartaz kənd stansiyasına getmək lazım idi. Hər tərəfdən mühasirədə olan kənd əhalisi təbii ki, piyada gedə bilməzdi. Bu zaman Ağbənd əhalisinin köməyinə Talıbov Rövşən Mehman oğlu yetişdi. O, kənddə olan teplovozu idarə edə bildiyi üçün yenə öz sinəsini düşmən gülləsinə sipər edərək kənd əhalisini Bartaz stansiyasına aparmağı özünə vətəndaşlıq, namus borcu bildi. Əvvəl kənd əhalisini, sonra isə hərbçiləri düşmən caynağından xilas etdi. Yalnız bundan sonra əhali Araz çayını keçib xilas ola bildi.
Buna görə də bütün Ağbəndlilər Rövşən Talıbova daim minnətdardırlar. O, olmasaydı yəqin ki, Ağbənd camaatı ya qırılmalı, ya əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı. 

 

 

Bir kəndin xilaskarı...

 

Taleyinə qaçqın həyatı yaşamaq yazılan Rövşən Talıbov vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyi kimi, öz valideynlik borcunu da yerinə yetirərək Vətəni üçün 6 övlad böyütmüşdür. Qayğıkeş ata Rövşən Talıbov ən çətin vəziyyətlərdə belə övladlarını təhsildən bircə gün də olsun yayındırmamışdır. Nəticədə onların altısının da ali təhsil almağına nail olmuşdur. Çox təəssüf ki, öz xalqı, eli-obası üçün canından belə keçməyi gözə almış qəhrəman oğul - Rövşən Talıbov 19 oktyabr 2013-cü ildə qəfil ürək tutmasından 53 yaşında dünyasını dəyişmişdir.Onun bu dünyadan belə vaxtsız köçməsi nəinki ailəsini, övladlarını, eləcə də düşmən əlindən xilas etdiyi kənd əhalisini dərindən sarsıtdı.Vaxtsız əcəl ona öz arzularına çatmağa imkan vermədi. Onun ən böyük arzusu doğma Ağbənd əhalisini düşmən əlindən xilas etdiyi kimi yenidən öz yurd-yuvalarına qaytarmaq idi.
Ona ölüm yaraşmasa da, bu sözləri deməyə dilim gəlməsə də, Allahdan Rövşən Talıbova rəhmət diləyir, yerinin behişt olmasını arzulayıram. İnanıram ki, tezliklə atalarının arzularını oğlanları Talıbov Barat, Talıbov Əhməd və Talıbov Ülvi gerçəkləşdirib onun ruhunu şad edəcəklər. Amin!

Bir kəndin xilaskarı...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz